Geyim büdcəmizi necə tənzimləyək? - Gənclərə məsləhət

Alış-veriş
etməyi çox sevirik. Təsadüfi deyil ki, yeni geyimlər, ayaqqabılar alarkən özlərini
xoşbəxt hiss edənlərin sayı az deyil. Xüsusilə, qadınların depressiyadan çıxmaq
üçün istifadə etdiyi ən yaxşı "müalicə” üsulu alış-verişdir. Təbii olaraq, bu
"ritual” bizə pulsuz başa gəlmir. Bu gün brend mallar geyinmək üçün büdcəsinin
yarıdan çoxunu xərcləyən gənclər kifayət qədərdir. Bəs necə edək? Geyim büdcəmizi
tənzimləmək mümkündürmü? Ümumiyyətlə, az pul xərcləyib istədiyimiz kimi geyinə
bilərikmi?
Modelyer-dizayner Şəlalə Maqsudova da təsdiqləyir ki, daha çox gənclər bahalı, brend
geyinməyə üstünlük verirlər. Onun sözlərinə görə, istər orta, istərsə də kasıb
təbəqədən olan gənclər geyimlərə həddindən artıq çox pul xərcləyirlər: "Mən
insanların, xüsusilə də gənclərin geyimə çox pul xərcləməsinə normal
yanaşmıram. Bu, israfçılıqdır. Brend geyimlər həddindən artıq bahadır. Əgər gənclərin
fantaziyaları yaxşıdırsa, satışda olan ucuz geyimləri gözəl, zövqlü geyimlərə
çevirə bilərlər. Mənə müraciət edənlərin əksəriyyəti gənclərdir. Onların brend
olmayan dükanlardan ucuz qiymətə aldıqları geyimlərdən, üzərilərinə gözəl bir
formada hansısa işləmələr, qatqılar qatmaqla, bahalı geyimi əldə etmək
mümkündür”.

Modelyer
deyir ki, bir geyimi 4-5 dəfə geyindikdən sonra gözdən düşür və ödədiyin pula
heyfslənirsən: "Geyimə çox pul xərcləmək düzgün deyil. Mən müasir gənclərə
fikir verirəm. Bir geyimi 4-5 dəfə geyindikdən sonra, onu qarderobun hansısa
küncünə atırlar. Halbuki, o geyimi yenidən fərqli formada yaratmaq
mümkündür. Hazırda istehsal olunan parçaların əksəriyyətində sintetika çoxdur.
Sintetika isə geyimlərin uzun ömürlü olmalarına daha çox dəlalət edir. Bu səbəbdən
alınan hər bir geyim, yararsız hala gec düşür və uzun müddət istifadə olunur. Hər
bir geyim, çox istifadə olunduqdan sonra gözdən düşsə belə, onu yeni fərqli modaya
salmaq olar. Qısa desək, köhnə geyimlərə yeni nəfəs vermək mümkündür. Belə
olduğu halda, gənclərin pulları da ciblərində qalır”.
Modelyerin
sözlərinə görə, adi ağ köynəkdən belə, göz oxşayan geyim forması yaratmaq olar:
"Bu yaxınlarda mənə bir xanım tələbə yaxınlaşdı. Sadə, ağ rəngdə köynək gətirmişdi.
Onun qarşısına gözəl rəsm əsəri çəkərək, həmin köynəyi çox gözəl vəziyyətə gətirdik.
Bahalı köynəyə oxşadı. Halbuki həddindən artıq ucuz idi. Qarderob küncündə
qalan köynək, işləmələrlə gözəl bir geyimə çevrildi”.
Aygün Əziz
