Gənclər ictimai yerlərdə sevgi münasibətlərini necə tənzimləməlidir?- Diskussiya
07.04.17 11:30
5864
Son günlər mətbuatın gündəmini zəbt edən metroda
öpüşmə məsələsi ictimaiyyət arasında ajiotaja səbəb oldu. Kimisi ictimai nəqliyyatda
belə halın olmasını qınadı, digər qisim isə bunu normal hal kimi qəbul etdi.
Sosial şəbəkə istifadəçilərini iki hissəyə bölən hadisəni Bakı Slavyan
Universitetinin tələbələri ilə müzakirə etdik. Bir-birini sevən iki gənc ictimai yerlərdə bir-biri
ilə münasibətlərini necə tənzimləməlidir? Gülnarə Əliyeva düşünür ki, gənclik çılğın olmalı və
öz hərəkətləri ilə yaşlı nəsildən fərqlənməlidir.
Bu yaxınlarda metroda bir hadisənin şahidi oldum.
Bir oğlanla qız qatara mindi. Hər ikisi geyim baxımından fərqli görünüşə malik
idi. Oğlan vaqonun ortasında dayandı və başladı əlində sükan varmış kimi maşın
sürməyə. Sonra yanındakı qız da onun arxasında dayanıb "maşın” sürdü. Hər kəs
onlara baxırdı və üzlərində gülüş yaranmışdı. İnsan cəmiyyətdə özünü müəyyən qədər
sərbəst hiss etməlidir. Təbii ki, ictimai nəqliyyatda yüksək səslə danışmağa,
insanları narahat etməyə mən də pis
baxıram. Amma müəyyən qədər sərbəstlik də olmalıdır. Lakin bu sərbəstliyin
öpüşməyə qədər gedib çıxmasını qınayıram. Aygün Əlili:
Metroda gənclər bir çox fləşmoblar keçirirlər. Bu
fləşmoblar əslində insana xoş gəlir. Amma qız və oğlanın ictimai nəqliyyatda
öpüşməsi təbii ki, düzgün deyil. Mən bunu mentalitetlə əlaqələndirmirəm. İnsan
özü daxilən düşünməlidir ki, mənim ailəm var. İctimai nəqliyyatda qarşısında
yaşlı bir qadın, kişi, yaxud uşaq əyləşib və onların qarşısında bu tip hərəkətlər
düzgün deyil. Gözləməməlidir ki, kənardan kimsə buna desin ki, bu, düzgün hərəkət
deyil. Öpüşmək üçün kifayət qədər yerlər var. İctimai yerlər öpüş üçün deyil.
Aygün Kərimova:
-
Aygünün
fikirləri ilə razı deyiləm. Öpüşmək sevginin azad formasıdır. Əgər bunlar istəyirlərsə,
niyə də gizli bir yerdə öpüşməlidirlər? O ki qaldı uşaqlara, böyüklərə, indiki
uşaqlar çox müasirdirlər. Biz etməsək belə, onlar hər şeyi seriallarda görürlər.
İkinci bir tərəfdən isə bunlar xarici bir ölkədə səyahətdə olmayacaqlar? Necə
olur ki, avropalının bizim şəhərdə öpüşməyinə normal baxırıq, hətta onları
alqışlayırıq. Amma bizim özümüzünkülər öpüşəndə qınayırıq. Əgər bir şey
olacaqsa, bu, açıq-aşkar olsun, niyə də gizli olmalıdır? Öpüşmək istəyirsənsə,
həqiqətən öpüş. Səma, yer, göy hər yer sənindir. Bu, sənin hissindir. Bunu gizlətməyə
dəyməz. Lakin ictimai yerdə o halda öpüş ki, sən onu öz valideynlərinin, böyüklərinin
yanında da edə bilərsən. Evdə özümü çox ağıllı, cəmiyyətdə fərqli, sərbəst göstərim,
bu, düzgün deyil. Azad insan ruhən azad olmalıdır. Özünü həmişə azad hiss etməlidir.
Evdə də, metroda da, öpüşəndə də azad olmalıdır.
Könül Əhmədova:
-
Sərbəstliyin
yüksək dərəcəsi özbaşınalıqdır. İstənilən halda, çərçivəni qırmaq düzgün deyil.
Aygün qeyd edir ki, insan ruhən də azad olmalıdır. Yəni istədiyimiz yerdə istədiyimiz
hərəkəti edə bilərik. Amma mən düşünürəm ki, ruhumuzun azadlığı buna icazə verməz
ki, biz cəmiyyətdə bu cür hərəkətlər edək. Əgər ailəmizdə bu hərəkətlərə pis baxırıqsa,
burada artıq mental dəyərlər öz sözünü deyir. Heç vaxt razı olmarıq ki, özümüz
və ya bacımız başqa bir insanın qarşısında öpüşsün və ya yaxın münasibət
qursun. Aygün Kərimova:
-
Müasir
ailələr bunu normal qarşılayır. Belə ailədə böyüyən qızın kənarda öpüşməsi
normal qarşılanmalıdır. Çünki o elə böyüyüb. Amma bizim kimi mental ailədə
böyüyən üçün metroda öpüşmək, əlbəttə, düzgün deyil.
Sahib Gülməmmədov:
-
Aygünün
fikirləri ilə razı deyiləm. Ailə nə qədər normal olsa da, söhbət cəmiyyətdən
gedirsə, burada ictimai qınaq qaçılmazdır. Burada artıq mentalitet öz sözünü
deyir. Bir sözlə, azərbaycanlı damarımız tutur. Ana, bacı, qonşunun qeyrətini
gözləyirik. Hər nə qədər xaricdə böyüyüb Azərbaycana gəlsən də, yenə də
qonşunun fikrini düşünəcəksən. Əgər bunu dəyişmək istəyiriksə, bütün cəmiyyət dəyişməlidir. Rüfət Həşimov:
-
Mənə
görə hər kəsin öz fikri var və hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma sevgi
öpüşdən ibarət deyil. Belə böyük bir hissi biz öpüşmək qədər aciz və kiçicik
bir şeyə sığışdırırıqsa, demək, bizim sevgi haqqında fikrimiz yoxdur. Sevgi və
öpüşmək ayrı-ayrı mövzulardır. Azərbaycan sərhədləri daxilində bizim xalqın müəyyən
bir düşüncəsi var. Bu hərəkət düzgün deyil. Eləcə də ictimai yerdə. Aygün xanım
da vurğuladı ki, bu şəxslər Avropaya getməyəcəklərmi, onlar başqa ölkələrdə
olmayacaqlarımı? Xeyr, Avropada görmək
başqa bir şeydir. Öz ölkəmizdə, torpağımızda görmək tamam başqa bir şeydir.
Çünki biz bu cəmiyyətdə yaşayırıq, Avropa cəmiyyətində deyil. Avropada bunu
normal qarşılaya bilərlər. Çünki onlar bunu əzəldən norma qəbul ediblər. Amma cəmiyyətimiz
bunu heç vaxt görməyib. Çünki belə şeylər özəldir və ictimailəşdirmək doğru
deyil. Mən demirəm öpüşmək pis şeydir. Bunu yanlış anlamayın. Sadəcə, bizim cəmiyyətimizdə
bunu açıq-aşkar etmək norma deyil. On il sonra da bunu norma qəbul etməyəcəyik.
Bunlar, sadəcə, Avropanın bizə təsiridir. Biz Avropaya can atırıq. Amma heç
vaxt özümüz ola bilmirik. Biz özümüz olmağı bacara bilsək, özümüzə "kimik”
sualını verə bilsək və əslində kim olduğumuzu dərk etsək, Avropa bizdən nəsə
götürər. Azərbaycanda yazılmamış qanunlar var. Biz bunu mentalitet
adlandırırıq. Bu yazılmamış qanunlara mütləq əməl olunmalıdır. Çünki bu qanunlar bizi əxlaqsızlıqdan qoruyur. Nəyə görə kimsə öpüşəndə mən onu görməliyəm.
Avropada heç kəsin fikri heç kəsə maraqlı deyil. Buna görə də rahatlıqla istədiklərini
edirlər. Amma Azərbaycanda bu, belə deyil. Aygün Əlili: Aygün Əlilini nəinki öpüşmək, ictimai nəqliyyatda
oğlanın qızla səmimi münasibəti belə qıcıqlandırır.
-
Məni
oğlanın qızla səmimi formada dayanması qıcıqlandırır. Düşünürəm ki, həmin oğlan
qıza hörmət qoymur. Əgər hörmət qoysa, hamının içində o hərəkəti etməz. Əgər o
oğlanın fikri ciddidirsə, qızla o cür hərəkət etməz. Aygün Kərimova:
-
Öpüşməyin
sevgi ilə əlaqəsi yoxdursa, onda hər kəs toxunmadan sevsin. Xeyr, sevgilər də
müxtəlifdir. Eləsi var ki, toxunmadan sevməyi üstün tutur, eləsi var öpüşməklə,
təmasla sevgisini bildirir. Mən demirəm ki, gedin öpüşün. Amma heç kəs öpüşənlərə
mənfi reaksiya göstərə bilməz. Bəzi hərəkətlər sizi qıcıqlandıra bilər. Söhbət
tək öpüşməkdən getmir. Hər kəs azaddır. Kim istəyər öpüşər, kim istəyər öpüşməz. Ümid Məmmədov:
-
Aygün
Əlili deyir ki, metroda nəinki öpüşmək, adi bir yaxınlığa və yaxud da əl-ələ
tutmağa qıcıqlanır. Bu, əslində onu qıcıqlandırmamalıdır. Bu, gənclərin azad
düşüncəsidir. İstəyər qucaqlayar, istəyər öpüşər. İctimai yerdə öpüşmək mənim də
fikrimcə, olmaz. Hər şeyin bir həddi var. Amma məsələn, qucaqlamaq, əlindən
tutmaq, bu, normal bir şeydir. Mentalitet müəyyən vaxtda kiməsə sərf edən və
ya etməyən amildir. Bizim millət öpüşmək
görməyib. Bu səbəbdən qarşı çıxır. Düşüncələrin, fikirlərin dəyişməsi üçün müəyyən
vaxt keçməlidir. Cahid Əliyev:
-
Mənə
görə sevgi və öpüşmək məhrəm duyğularıdır. Bunu ictimaiyyətə göstərmək düzgün
deyil. İkinci bir şey bundan ibarətdir ki, biz ibtidai icma quruluşunda yaşamırıq. Hər
şey həddində olmalıdır. Sərbəstlik də, sevgi də, münasibət də... Arzu Nəsirli:
-
Lap
qədim dövrlə indiki dövr arasında əxlaqi və mənəvi dəyərlər fərqli formadadır.
Zamanla inkişaf etdikcə müəyyən dəyərlər formalaşmağa başlayır. Biz indi şərq
xalqı, qərb xalqı deyə ayırırıq. Bu xalqlardakı dəyərlər bir-birindən fərqlənir.
Öpüş məsələsində isə böyüdüyüm cəmiyyətə uyğun olaraq, bu hərəkətləri özəl
hesab edirəm və düşünürəm ki, cəmiyyətdə açıq-aydın edilə bilməz. Bunu yaşayan
insana əxlaqsız kimi baxa bilmirəm. O zaman əxlaqsız kimi baxaram ki, o, etdiklərini
sonra dansın. O zaman əxlaqsız ola bilərəm ki, bu hissi bir dəfə yaşayıram,
ikinci dəfə yaşayanda birincisini danıram. Könül Əhmədova:
-
Avropaya
meylli olsaq da, avropalaşsaq da, Azərbaycanda yaşayırıq. Elə bir cəmiyyətdə
yaşayırıq ki, hər şeyə müsbət yanaşa bilmərik. Biz ictimai qınağı nə qədər
dansaq da, bu var. Biz soyadımıza, ailəmizə və adımıza görə yaşayırıq. Buna
uyğun hərəkət etməliyik.
Aygün Kərimova:
-
Azərbaycan
mentalitetində öpüşməmək, bunu etmək olmaz deyə bir şey yoxdur. Bunu
mentalitetlə əlaqələndirmək olmaz. Ədəbiyyatımızda var idi. Koroğlu dastanının
özündə Rövşənlə Nigar necə sevişirdi? Zaur və Təhminə olsun. Yəni bizim
mentalitetimizdə eşq, məhəbbət var. Sadəcə, cəmiyyətdəki pis fikirli insanları
buna hazır deyillər.
Aygün Əlili:
Əgər oğlanın fikri ciddidirsə, yəni həmin qızla
öpüşmək xətrinə münasibət qurmursa, evlənib, evində öpüşsün. Şərt deyil ki,
mütləq sevgilinlə öpüşəsən. Əgər qız özünə hörmət qoyursa, arada məsafəni
saxlamalıdır. Natiq Mənsurov:
-
Əgər
kütləvi öpüşmək parkı yaradılsaydı, inanın ki, bu millətin yarısı ora qaçardı.
Söhbət mentalitetdən gedirsə, biz bunu mentalitetlə ölçməyi kənara qoymalıyıq.
Çünki burada mentalitetlik bir şey yoxdur. Mentalitet hər millətin özünəməxsusluğudur.
Hər bir milləti digərindən fərqləndirən xüsusiyyətdir. Bunu öpüşməklə
qarışdırmaq olmaz. Özünə hörmət qoyan şəxs bunu ictimai yerdə etməməlidir. Bu
gün cəmiyyətdə gənclər, mentaliteti itirməklə avropalaşmağı qarışdırırlar.
Mentalitet budur ki, keçmiş adət-ənənəni qoruyaraq irəli gedəsən. Belə bir söz
var; keçmişini unudanın gələcəyi olmaz.
Sən keçmişini unudub qabağa gedəcəksənsə, bu zaman sənin gələcəyin olmayacaq.
Mentalitet insanı müəyyən çərçivəyə salır və bu, bizim xeyrimizədir. Çünki həqiqətən
də ictimai qınaq, mentalitet olmasa, cəmiyyətdə çox hadisələr baş verər.
Cahid:
İndi avropalaşmaqdan danışırıq. Biz Avropanın 60-cı
illərdə keçdiyi mərhələni keçmək istəyirik. Bu, həqiqətən yanlış addımdır.
2017-ci ildə yaşayırıq. İş o yerə çatıb ki, Azərbaycan kosmosa peyk göndərir,
amma biz durub burda 17-ci əsrdən qalmış mentalitetdən danışırıq. Mentalitet
insana şəxsi azadlıq vermir. İnsan öz-özünü tərbiyə etməyi bacarırsa, bəzi
insanların buna xoşniyyətli olmadığını anlayacaq. Aygün ƏZİZ
Günel
AZADƏ