• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

Gənclər “Əsrin müqaviləsi” haqqında nə düşünür? - Polemika

22.09.14 11:25 2128
Gənclər “Əsrin müqaviləsi” haqqında nə düşünür? - Polemika
Bu il Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisə - “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü qeyd edilir. 20 il əvvəl, 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalanıb. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Bəs ölkənin taleyini dəyişən bu müqavilənin gənclər üçün əhəmiyyəti nədir?
“Bu müqavilə müstəqilliyimizin qarantıdır”
Elnur Hacıyev, müəllim
Elnur hesab edir ki, müqavilə Azərbaycan Respublikasının müstəqilliyinin qarantıdır. Tarix müəllimi olan həmsöhbətimizin sözlərinə görə, o, “əsrin müqaviləsi”ndən bəhs edən mövzunu tədris edərkən fərəh və qürur hissi keçirir: “Əsrin müqaviləsinin bağlanması Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək sənəddir. 1994-ü ilin sentyabrın 20-də bağlanan bu müqavilə heç də o vaxt Azərbaycan tərəfi üçün asan iş deyildi . Bu müqavilənin əleyhinə çıxan böyük qüvvələr var idi. Şimal qonşumuz Rusiya neft kimi böyük təbii sərvətin əlindən çıxmaması üçün bu müqavilənin imzalanmasını qəti şəkildə istəmirdi. Bunun üçün o zaman Azərbaycan hökumətinin rəsmilərinə rəsmi və qeyri-rəsmi təzyiqlər olurdu. Digər tərəfdən, İran SSRİ dövründə Xəzərin dibinin bölüşdürülməsi haqqında götürdüyü öhdəliyi pozmaqla müqavilənin bağlanmasının əleyhinə olduğunu açıq-aşkar göstərirdi. Konsorsiuma daxil olan ölkələr və neft şirkətləri münaqişə gedən bir ölkəyə sərmayə qoymağa ehtiyat edirdilər. Onlarla ciddi və məqsədyönlü danışıqlar öz nəticəsini verdi və 8 dövlət 11 şirkətlə 30 il müddətə nəzərdə tutulan nəhəng bir kontrakt “Əsrin müqaviləsi” imzalandı”.
Həmsöhbətimiz deyir ki, bu müqavilə nəticəsində qazandıqlarımız göz qabağındadır: “Hamıya məlumdur ki, bütün sahələrdəki müsbət inkişaf neft və neftdən gələn gəlirlər hesabına əldə edilib. Əgər bu müqavilə baş tutmasa idi, ölkəmizin imkanları məhdud olardı. Azərbaycanın beynəlxalq nüfuzu çox aşağı olar, iqtisadiyyatı bu qədər inkişaf etdirmək mümkün olmazdı”.
Müsahibimiz sonda vurğuladı ki, neft Allahın xalqımıza verdiyi sərvətdir: “Biz də neft və neftdən gələn gəlirlərimizi düzgün istiqamətə istiqamətləndirməliyik ki, Azərbaycan iqtisadiyyatı böyük və təhlükəli risklərdən sığortalansın, beynəlxalq aləmdə nüfuzunu yüksəltsin”.
“Müqavilədən sonra dərin nəfəs aldıq”
Şölə Rzayeva, müəllimə
Şölə deyir ki, Ümummilli lider Heydər Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində çox çətin dövrdə müqaviləni imzalamaqla dərin nəfəs aldıq. Həmsöhbətimizin sözlərinə görə, müqavilənin imzalanmasından sonra bugünkü neft strategiyamızın əsası qoyuldu: “Sovetlər imperiyası dağıldıqda yeni qurulmuş dövlətlərin qarşısında duran əsas məsələ birtərəfli iqtisadiyyatın və dağılmış xarici siyasətin aradan qaldırılması idi. Azərbaycanın bütün bunları çiyinlərinə götürə biləcək Heydər Əliyev kimi oğlu var idi. Onun səyi, yürütdüyü düzgün siyasət nəticəsində darda qalan anımızda dünyanın qabaqcıl dövlətləri ilə birlikdə stol arxasına keçib “əsrin müqaviləsinə” imza ata bildik. Bu, müstəqil Azərbaycanın imza atdığı ilk beynəlxalq neft anlaşması, ölkənin iqtisadi inkişafına işıq tutan strategiyanın əzəmətli səhifəsi idi. Müqavilə bütün çətinliklərə baxmayaraq, Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı və bu gunki uğurlu neft strategiyasının əsası qoyuldu”.
Şölə hesab edir ki, bu gün dünya ölkələri arasında Azərbaycanın adının ön sıralarda çəkilməsi məhz bu uğurun nəticəsidir: “Əsrin müqaviləsinin imzalanması müstəqilliyimizin əleyhdarlarını hiddətləndirdi. O dövrdə dövlət çevrilişinə edilən 5 cəhd uğursuz oldu. Düşünürəm ki, hazırda firavan yaşamağımızda, inkişaf etməyimizdə, dünya ölkələri arasında tanınmağımızda sözügedən müqavilənin rolu danılmazdır. Çünki biz bu müqavilədən sonra dirçəldik və neft, sənaye ölkəsi kimi bir addım öndə olduq”.
“Azərbaycan xalqı “Əsrin müqaviləsi”nin çörəyini yeyir”
Əli Vəliyev, jurnalist
Əli “Əsrin müqaviləsi”ni neft strategiyasının ən böyük uğuru və iqtisadi inkişafımızın təməli olaraq qiymətləndirir. Müsahibimizin sözlərinə görə, bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür: “1994-cü il sentyabrın 20-də imzalanan və tarixdə “Əsrin müqaviləsi” kimi tanınan neft müqaviləsi Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən biridir. Həmin vaxt Ermənistan-Azərbaycan münaqişəsinin qızğın dövrü idi. Bu şəraitdə heç bir şirkət Azərbaycanla müqavilə imzalamağa, ölkəmizə sərmayə qoymağa risk etmirdi. Bu müqavilə Ümummilli lider Heydər Əliyevin bilavasitə səyi ilə imzalandı. Onun uzaqgörən siyasəti nəticəsində imzalanan müqavilə ölkəmiz üçün hədsiz töhfələr verdi. Azərbaycan qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada nüfuzumuz artdı”. Müqavilənin əhəmiyyətindən danışan həmsöhbətimiz hesab edir ki, bu gün Azərbaycan xalqı “Əsrin müqaviləsi”nin çörəyini yeyir: “Əgər bu müqavilə imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadiyyatı və neft sektoru bərbad vəziyyətdə olardı. “Əsrin müqaviləsi” sözün əsl mənasında Azərbaycanı bəladan xilas etdi. O zaman ölkəmiz çətin günlər yaşadığı üçün büdcəmiz bərbad vəziyyətdə idi. Müstəqilliyimiz böyük təhlükələrlə üz-üzə dayanmışdı. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən acınacaqlı bir halda olan Azərbaycanı düşdüyü durumdan xilas etmək çox çətin idi. Bununla yanaşı, təbii sərvətlərimiz olan neft və qazdan istifadə məsələsində də milli maraqlar baxımından ehtiyatlı davranmaq gərəkirdi. Bu işin öhdəsindən Heydər Əliyev kimi uzaqgörən siyasətçi gələ bilərdi və belə də oldu. Həmin dövrdən etibarən ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Bu gün Azərbaycanın çiçəklənməsinin, gözəlləşməsinin, iqtisadiyyatının artan templə inkişaf etməsinin səbəbi bu müqavilədir. Əsrin müqaviləsinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verir, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olur”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər