AZE | RUS | ENG |

Futbolu cüdoya qurban verən qız - Portret

Futbolu cüdoya qurban verən qız - Portret
O, Azərbaycan qadın cüdosuna yeni nəfəs gətirib

Müstəqil ölkə kimi qatıldığımız Yay Olimpiya Oyunlarının yalnız ikisində (Afina-2004 və  Rio-2016) qadınların cüdo yarışında təmsil olunmamışıq. Xanımlarımız dördilliyin əsas yarışında medal hesabını aça bilməsələr də, dünya və Avropa çempionatlarında, A kateqoriyalı turnirlərdə dəfələrlə fərqlənməyi bacarıblar. Ənənələrə rəğmən, bir ara Azərbaycan qadın cüdosunda ciddi durğunluq yaşandı. Təmsilçilərimiz nəinki DÇ və AÇ-lərdə, "Qran pri"lərdə də mükafatçılar sırasına düşə bilmirdilər. Cari tsikldə isə vəziyyət bir qədər fərqlidir. İrina Kindzerska 2017-ci ildə, altı illik aradan sonra ölkəmizə mundialın bürünc mükafatını qazandırdı. Kifayət Qasımova və Ramilə Yusubovanın uğurunu təkrarlayan ukraynalı legioner ötən müddət ərzində dəfələrlə beynəlxalq turnirlərdə fərqlənib, dünya reytinqində ilk "beşlik"də qərarlaşsa da, etiraf edək ki, bu, daha çox təsəlli xarakteri daşıyır. Gözümüz daim yerli məktəbin yetirmələrini - yeni Zülfiyyələri, Kifayətləri axtarır. Ötən həftə Antalyada baş tutan "Qran pri" yarışında, nəhayət, arzularımıza işıq ucu göründü. Braziliyalı olimpiya çempionu Sara Menezesi məğlub edərək, sözügedən turnirin bürünc mükafatını qazanan 19 yaşlı Gültac Məmmədəliyevaya Azərbaycan qadın cüdosunun yeni ulduzu desək, yanılmarıq.   "Çalış, sən də o oğlan kimi ol"   Məmmədəliyeva Gültac Mayis qızı 20 sentyabr, 1999-cu ildə Sumqayıtda anadan olub. Orta təhsilini şəhər 34 saylı məktəbdə alan Gültac, dərslərinə sadəcə, iki il diqqət ayıra bilib. Belə ki, Pekin olimpiadasında Elnur Məmmədlinin fantastik çıxışını izləyən səkkiz yaşlı qızcığaz, böyük bacı-qardaşından fərqli, idmançı olmaq qərarı verib. Anasından "qız hara, idman hara?!" cavabı alsa da, atası istəyi qarşısında yaşıl işıq yandırıb. Zamanla həyat yoldaşını da yola gətirən Mayis bəy, günün birində onu şəhərin tanınmış mütəxəssislərindən olan Zaur müəllimin yanına aparıb. Beləcə, Azərbaycan cüdosunun məşhur Rəcəblilər nəslinin nümayəndəsi ilə bu günədək davam edən birgəliyin əsası qoyulub. Zalda yeganə qız olan Gültac, 40-dək oğlanla birgə hazırlıq keçib. Heç nədə onlardan geri qalmayan Məmmədəliyeva, çalışqanlığı, qorxmazlığı ilə ilk günlərdən məşqçisinin diqqətini üzərinə çəkməyi bacarıb. Zaur müəllim deyir ki, Gültacı görən hər kəs ona heyrət edirdi: ""Jim", turnikdə dartınma sayında ona yaxın düşən yox idi. Digər tələbələrin valideynləri elə bilirdilər ki, o, oğlandır. Yanımda uşaqlarına deyirdilər ki, çalış, sən də o oğlan kimi ol. Hər halda, qız olduğunu biləndə, keçirdikləri hissi təsəvvür edirsiniz". Son vaxtlara qədər əks cinsdən olan həmkarları ilə birgə yarışlara hazırlıq keçən qəhrəmanımızın, oğlanlarla tatamidən kənarda da döyüş təcrübəsi az deyil: "Uşaqlıqda oğlanlarla tez-tez dalaşırdım. Bu günədək bir dəfə döyülmüşəm, onda da məni təkləmişdilər. Sabahı gün ayrılıqda yaxalayıb, dərslərini verdim"   Astaradan Parisədək...   Qatıldığı ilk yarışlardaca etimadı doğruldan Gültac, respublika birinciliklərində də mükafatçılar sırasında yer tutur. İlk beynəlxalq turnir təcrübəsini isə vətəndə yaşayır. 2012-ci ildə Astarada təşkil olunan Həzi Aslanov memorialında ikinci olan 13 yaşlı Məmmədəliyeva, bu arada sərbəst güləş üzrə ölkədaxili yarışda da qaliblər sırasında yer alır. 2015-ci ilin martında Antalyada baş tutan yeniyetmələrin Avropa kubokunda yalnız ilk mərhələni qalibiyyətlə başa vuran Gültacın, iyulda Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalındakı çıxışı da iki görüşdən ibarət olur. Növbəti ilin fevralında İspaniyada keçirilən Avropa kubokunda medal hesabını açan qəhrəmanımız, mayda Polşada təşkil edilən analoji yarışda mükafatın bir addımlığında dayanır. Finlandiyanın ev sahibliyi etdiyi Avropa birinciliyində isə nəticəsi yeddincilik olur. Haşiyə çıxaraq qeyd edək ki, yarışın qalibi olan dünyaca məşhur ukraynalı Dariya Bilodid (red: Ötən ilin sentyabrında Bakıda təşkil olunan mundialın qalibi olan Bilodid, tarixin ən azyaşlı dünya çempionu adına sahibdir) ən çətin görüşünün Məmmədəliyeva ilə keçdiyini demişdi. 2017-ci ilin əvvəlində birdən-birə böyüklər arasında iki mühüm yarışda sınaqdan keçirilən Gültac, Bakı "Böyük dəbilqə"sində yeddinci nəticə göstərir, Antalya "Qran pri"sində ilk görüşdəcə uduzur. Sentyabrda Sloveniyada baş tutan, oğlanlardan ibarət millimizin komanda çempionluğu ilə Azərbaycanın cüdo tarixinə qızıl hərflərlə düşən qitə birinciliyində isə üçüncü nəticə göstərir. Bundan cəmi bir həftə sonra Serbiyada keçirilən böyüklərin açıq Avropa çempionatında çıxış edən 18 yaşlı Məmmədəliyeva, yenə "bürünc"ü boynundan asır. Ardınca 23 yaşadək cüdoçuların Avropa çempionatında beşinci olan Gültac, növbəti ildə qatıldığı Avropa kuboklarında daha iki "bürünc"ü kolleksiyasına daxil edir. Üstəlik, finalda monqolustanlı legioner Buyanxişiq Purevsureni məğlub edərək, böyüklərin Azərbaycan çempionu adını qazanır. Bununla da böyüklərdən ibarət millinin heyətində möhkəmlənən 19 yaşlı cüdoçu, cari ildə "Dünya turu" seriyasından olan beş turnirdə qüvvəsini sınayıb. Yuxarıda vurğuladığımız Antalya "Qran pri"sindəki üçüncülükdən başqa, kiçik dünya çempionatı adlandırılan Paris "Böyük dəbilqə"sində nümayiş etdirdiyi performans da xüsusi qeyd edilməlidir. Təcrübəsinin azlığına rəğmən, qızımız ev sahibini və ABŞ təmsilçisini üstələməklə, 1/8 finala qədər irəliləməyi bacarmışdı.   34 pillə irəliləyiş və Avropa oyunlarına lisenziya   Antalya "Qran pri"sində London Yay Olimpiya Oyunlarının qalibi olan Sara Menezes də daxil, dörd rəqibini üstələyən Məmmədəliyeva, yalnız monqolustanlı dünya çempionu Urantsetseq Munxbatla bacara bilmədi. Üçüncülük sayəsində aktivinə 350 reytinq xalı yazdırmaqla, o, 34 pillə irəliləyişə nail olub. Nəticədə, iyunda Minskdə baş tutacaq II Avropa Oyunlarına vəsiqə qazanan qəhrəmanımız, Tokio olimpiadasına lisenziya uğrunda mübarizəyə də iddiasını ortaya qoymuş oldu.   Sissi Rayta "yox" dedi   İstedadı, idman təcrübəsi cüdo ilə yekunlaşmır. Futbol camiəsində də tanınan simadır desək, yanılmarıq. Uşaqlıqdan tatami ilə yanaşı, yaşıl meydanda da məharətini göstərən Gültac, 15 və 17 yaşadək qızlardan ibarət yığmamızın şərəfini qoruyub. Hətta bir ara bu iki növ arasında seçim qarşısında qalıb. Futbolla bağlı müxtəlif cəlbedici təkliflərə rəğmən, "olimpiya çempionu olmaq istəyirəm" deyib, sonda yapon döyüş təlimini seçib. Cüdoda qalmasında Zaur Rəcəblinin də rolu danılmazdır. Belə ki, Məmmədəliyeva, ikinci ata kimi gördüyü məşqçisini üzmək istəməyib: "10 yaşım olardı, ya olmazdı, məktəblilər arasında turnirdə çıxış edirdim. Üstəlik, komandamızda yeganə qız mən idim. Oyunları izləyən Sissi Rayt məni çox bəyəndi. Şoka düşmüşdü ki, Azərbaycanda bu yaşda belə bir istedadlı qız var. Halbuki, mən heç vaxt futbol məşqlərinə qatılmamışdım. Rayt məni milliyə çağırdı. Sonradan da özü ilə Almaniyaya aparmaq istəyirdi. Dedi ki, bütün problemlərini qarşılayacağıq. Bu barədə Zaur müəllimə danışanda, dedi ki, cüdonu qoyub, futbola getmə. Mən də onun sözünü yerə salmaq istəmədim. Bununla belə, cüdo ilə məşğul ola-ola futbol millilərimizdə də oynadım. Əsas heyətə üç yerli futbolçu düşürdü ki, onlardan biri mən idim. Məndən çox uğurlu futbolçu da olardı. Lakin son iki ildə qazandığım uğurlara baxanda, deyirəm, yaxşı ki, cüdonu qoyub, futbola getmədim. Hədəfim olimpiya çempionluğudur".   "Elə şeyləri ancaq kinolarda görmüşdüm"   Gültacın futbol karyerası barədə 17 yaşadək qızlardan ibarət yığmamızın çalışdırıcısı Siyasət Əsgərovla da danışdıq. Qəhrəmanımızın dediklərini təsdiqləyən sözügedən mütəxəssis, maraqlı xatirəsini də bölüşdü: "Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində Rusiya yığması ilə qarşılaşıb, 2-0 qalib gəldik. Bu, sensasiya idi. Təbii ki, onlar bunu heç cür həzm edə bilməzdilər. Ondan bir ay sonra Rusiyaya getdik. Mini-turnirdə yenidən qarşılaşdıq. Bizə qarşı necə aqressiv olduqları ilk dəqiqələrdən bilinirdi. Görüşün gedişində arzuolunmaz hallar yaşandı, əsəblər tarıma çəkilmişdi. İş elə gətirdi ki, onların stopperi ilə bizim əslən türkiyəli hücumçumuz arasında mübahisə yarandı. Gördüm ki, arxadan digər stopperləri də aqressiya ilə futbolçumuza doğru gedir. Vəziyyət pisləşməsin deyə, həmin mövqeyə doğru qaçmağa başladım. Çataçatda gördüm ki, üstümdən bir qaraltı keçdi. Gözünə döndüyüm Gültac necə uçub onu vurdusa... Mən elə şeyləri ancaq kinolarda görmüşdüm".   Olimpiya çempionu ilə bənzərlik   Xarici görünüşünə görə, əvvəllər London olimpiadasının qalibi, yaponiyalı Kaori Matsumotoya bənzədildiyini deyən Gültac, ilk vaxtlar məhz onu özünə kumir seçib. Sonradan isə yaponiyalını bir başqa olimpiya çempionu, kosovolu Majlinda Kelmendiyə "dəyişib". Maraqlıdır ki, o, hazırda kumiri ilə bir çəkidə çıxış edir. Bir vaxtlar ekran qarşısından izlədiyi Menezesi məğlub edən qızımız, "növbədə Kelmendidir" deyir. Sürətli döyüş tərzinə üstünlük verən Gültacın, iki "kral" fəndi var: "Tai otoşi" - önə badalaq və "Tomoe naqe" - "tapança". Yeri gəlmişkən, adı birinci qeyd olunan fəndin mahir ustalarından biri Rəcəblilər nəslinin nümayəndəsidir. Zaur Rəcəblinin qardaşı, dünya çempionatının mükafatçısı Elxan, bir çox qələbəsini məhz bu fənd sayəsində qazanıb.   Portret Portretində məqsədyönlülük, zəhmətsevərlik, dözümlülük kimi xüsusiyyətlər ön plana çıxır. Antalyada qazandığı nailiyyətlə nəzərləri üzərinə çəkən Gültac, uğurun ardını gətirib, cüdonun vətənində baş tutacaq olimpiadaya lisenziya qazanmaq gücündədir. "Lisenziyaya sahib olaramsa, niyə də medallar uğrunda mübarizə aparmayım?" deyən Məmmədəliyeva, daha heç bir rəqibdən çəkinmir: "Menezeslə görüşə çıxanda çox həyəcanlı idim. Çünki vaxtilə ona yaxınlaşıb, şəkil çəkdirməyi xahiş etmişdim. Qələbə özümə inamımı xeyli yüksəltdi. Anladım ki, hər şey öz əlimdədir". Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917