Müstəqil ölkə kimi qatıldığımız Yay Olimpiya Oyunlarının yalnız
ikisində (Afina-2004 və Rio-2016)
qadınların cüdo yarışında təmsil olunmamışıq. Xanımlarımız dördilliyin əsas
yarışında medal hesabını aça bilməsələr də, dünya və Avropa çempionatlarında, A
kateqoriyalı turnirlərdə dəfələrlə fərqlənməyi bacarıblar. Ənənələrə rəğmən,
bir ara Azərbaycan qadın cüdosunda ciddi durğunluq yaşandı. Təmsilçilərimiz
nəinki DÇ və AÇ-lərdə, "Qran pri"lərdə də mükafatçılar sırasına düşə
bilmirdilər. Cari tsikldə isə vəziyyət bir qədər fərqlidir. İrina Kindzerska
2017-ci ildə, altı illik aradan sonra ölkəmizə mundialın bürünc mükafatını
qazandırdı. Kifayət Qasımova və Ramilə Yusubovanın uğurunu təkrarlayan
ukraynalı legioner ötən müddət ərzində dəfələrlə beynəlxalq turnirlərdə
fərqlənib, dünya reytinqində ilk "beşlik"də qərarlaşsa da, etiraf
edək ki, bu, daha çox təsəlli xarakteri daşıyır. Gözümüz daim yerli məktəbin
yetirmələrini - yeni Zülfiyyələri, Kifayətləri axtarır. Ötən həftə Antalyada
baş tutan "Qran pri" yarışında, nəhayət, arzularımıza işıq ucu
göründü. Braziliyalı olimpiya çempionu Sara Menezesi məğlub edərək, sözügedən
turnirin bürünc mükafatını qazanan 19 yaşlı Gültac Məmmədəliyevaya Azərbaycan
qadın cüdosunun yeni ulduzu desək, yanılmarıq. "Çalış, sən də o oğlan
kimi ol"
Məmmədəliyeva Gültac Mayis qızı 20 sentyabr, 1999-cu ildə Sumqayıtda
anadan olub. Orta təhsilini şəhər 34 saylı məktəbdə alan Gültac, dərslərinə
sadəcə, iki il diqqət ayıra bilib. Belə ki, Pekin olimpiadasında Elnur
Məmmədlinin fantastik çıxışını izləyən səkkiz yaşlı qızcığaz, böyük
bacı-qardaşından fərqli, idmançı olmaq qərarı verib. Anasından "qız hara,
idman hara?!" cavabı alsa da, atası istəyi qarşısında yaşıl işıq yandırıb.
Zamanla həyat yoldaşını da yola gətirən Mayis bəy, günün birində onu şəhərin
tanınmış mütəxəssislərindən olan Zaur müəllimin yanına aparıb. Beləcə,
Azərbaycan cüdosunun məşhur Rəcəblilər nəslinin nümayəndəsi ilə bu günədək
davam edən birgəliyin əsası qoyulub.
Zalda yeganə qız olan Gültac, 40-dək oğlanla birgə hazırlıq keçib.
Heç nədə onlardan geri qalmayan Məmmədəliyeva, çalışqanlığı, qorxmazlığı ilə
ilk günlərdən məşqçisinin diqqətini üzərinə çəkməyi bacarıb. Zaur müəllim deyir
ki, Gültacı görən hər kəs ona heyrət edirdi: ""Jim", turnikdə
dartınma sayında ona yaxın düşən yox idi. Digər tələbələrin valideynləri elə
bilirdilər ki, o, oğlandır. Yanımda uşaqlarına deyirdilər ki, çalış, sən də o
oğlan kimi ol. Hər halda, qız olduğunu biləndə, keçirdikləri hissi təsəvvür
edirsiniz".
Son vaxtlara qədər əks cinsdən olan həmkarları ilə birgə yarışlara
hazırlıq keçən qəhrəmanımızın, oğlanlarla tatamidən kənarda da döyüş təcrübəsi
az deyil: "Uşaqlıqda oğlanlarla tez-tez dalaşırdım. Bu günədək bir dəfə
döyülmüşəm, onda da məni təkləmişdilər. Sabahı gün ayrılıqda yaxalayıb,
dərslərini verdim" Astaradan Parisədək...
Qatıldığı ilk yarışlardaca etimadı doğruldan Gültac, respublika
birinciliklərində də mükafatçılar sırasında yer tutur. İlk beynəlxalq turnir
təcrübəsini isə vətəndə yaşayır. 2012-ci ildə Astarada təşkil olunan Həzi
Aslanov memorialında ikinci olan 13 yaşlı Məmmədəliyeva, bu arada sərbəst güləş
üzrə ölkədaxili yarışda da qaliblər sırasında yer alır. 2015-ci ilin martında
Antalyada baş tutan yeniyetmələrin Avropa kubokunda yalnız ilk mərhələni
qalibiyyətlə başa vuran Gültacın, iyulda Tbilisidə keçirilən Avropa Gənclər
Olimpiya Festivalındakı çıxışı da iki görüşdən ibarət olur. Növbəti ilin
fevralında İspaniyada keçirilən Avropa kubokunda medal hesabını açan
qəhrəmanımız, mayda Polşada təşkil edilən analoji yarışda mükafatın bir
addımlığında dayanır. Finlandiyanın ev sahibliyi etdiyi Avropa birinciliyində
isə nəticəsi yeddincilik olur. Haşiyə çıxaraq qeyd edək ki, yarışın qalibi olan
dünyaca məşhur ukraynalı Dariya Bilodid (red: Ötən ilin sentyabrında Bakıda
təşkil olunan mundialın qalibi olan Bilodid, tarixin ən azyaşlı dünya çempionu
adına sahibdir) ən çətin görüşünün Məmmədəliyeva ilə keçdiyini demişdi.
2017-ci ilin əvvəlində birdən-birə böyüklər arasında iki mühüm
yarışda sınaqdan keçirilən Gültac, Bakı "Böyük dəbilqə"sində yeddinci
nəticə göstərir, Antalya "Qran pri"sində ilk görüşdəcə uduzur.
Sentyabrda Sloveniyada baş tutan, oğlanlardan ibarət millimizin komanda çempionluğu
ilə Azərbaycanın cüdo tarixinə qızıl hərflərlə düşən qitə birinciliyində isə
üçüncü nəticə göstərir. Bundan cəmi bir həftə sonra Serbiyada keçirilən
böyüklərin açıq Avropa çempionatında çıxış edən 18 yaşlı Məmmədəliyeva, yenə
"bürünc"ü boynundan asır. Ardınca 23 yaşadək cüdoçuların Avropa
çempionatında beşinci olan Gültac, növbəti ildə qatıldığı Avropa kuboklarında
daha iki "bürünc"ü kolleksiyasına daxil edir. Üstəlik, finalda
monqolustanlı legioner Buyanxişiq Purevsureni məğlub edərək, böyüklərin
Azərbaycan çempionu adını qazanır. Bununla da böyüklərdən ibarət millinin
heyətində möhkəmlənən 19 yaşlı cüdoçu, cari ildə "Dünya turu"
seriyasından olan beş turnirdə qüvvəsini sınayıb. Yuxarıda vurğuladığımız
Antalya "Qran pri"sindəki üçüncülükdən başqa, kiçik dünya çempionatı
adlandırılan Paris "Böyük dəbilqə"sində nümayiş etdirdiyi performans
da xüsusi qeyd edilməlidir. Təcrübəsinin azlığına rəğmən, qızımız ev sahibini
və ABŞ təmsilçisini üstələməklə, 1/8 finala qədər irəliləməyi bacarmışdı. 34 pillə irəliləyiş və
Avropa oyunlarına lisenziya
Antalya "Qran pri"sində London Yay Olimpiya Oyunlarının
qalibi olan Sara Menezes də daxil, dörd rəqibini üstələyən Məmmədəliyeva, yalnız
monqolustanlı dünya çempionu Urantsetseq Munxbatla bacara bilmədi. Üçüncülük
sayəsində aktivinə 350 reytinq xalı yazdırmaqla, o, 34 pillə irəliləyişə nail
olub. Nəticədə, iyunda Minskdə baş tutacaq II Avropa Oyunlarına vəsiqə qazanan
qəhrəmanımız, Tokio olimpiadasına lisenziya uğrunda mübarizəyə də iddiasını
ortaya qoymuş oldu.
Sissi Rayta "yox"
dedi
İstedadı, idman təcrübəsi cüdo ilə yekunlaşmır. Futbol camiəsində də
tanınan simadır desək, yanılmarıq. Uşaqlıqdan tatami ilə yanaşı, yaşıl meydanda
da məharətini göstərən Gültac, 15 və 17 yaşadək qızlardan ibarət yığmamızın
şərəfini qoruyub. Hətta bir ara bu iki növ arasında seçim qarşısında qalıb.
Futbolla bağlı müxtəlif cəlbedici təkliflərə rəğmən, "olimpiya çempionu
olmaq istəyirəm" deyib, sonda yapon döyüş təlimini seçib. Cüdoda
qalmasında Zaur Rəcəblinin də rolu danılmazdır. Belə ki, Məmmədəliyeva, ikinci
ata kimi gördüyü məşqçisini üzmək istəməyib: "10 yaşım olardı, ya olmazdı,
məktəblilər arasında turnirdə çıxış edirdim. Üstəlik, komandamızda yeganə qız
mən idim. Oyunları izləyən Sissi Rayt məni çox bəyəndi. Şoka düşmüşdü ki,
Azərbaycanda bu yaşda belə bir istedadlı qız var. Halbuki, mən heç vaxt futbol
məşqlərinə qatılmamışdım. Rayt məni milliyə çağırdı. Sonradan da özü ilə
Almaniyaya aparmaq istəyirdi. Dedi ki, bütün problemlərini qarşılayacağıq. Bu
barədə Zaur müəllimə danışanda, dedi ki, cüdonu qoyub, futbola getmə. Mən də
onun sözünü yerə salmaq istəmədim. Bununla belə, cüdo ilə məşğul ola-ola futbol
millilərimizdə də oynadım. Əsas heyətə üç yerli futbolçu düşürdü ki, onlardan
biri mən idim. Məndən çox uğurlu futbolçu da olardı. Lakin son iki ildə
qazandığım uğurlara baxanda, deyirəm, yaxşı ki, cüdonu qoyub, futbola getmədim.
Hədəfim olimpiya çempionluğudur".
"Elə şeyləri ancaq
kinolarda görmüşdüm"
Gültacın futbol karyerası barədə 17 yaşadək qızlardan ibarət
yığmamızın çalışdırıcısı Siyasət Əsgərovla da danışdıq. Qəhrəmanımızın
dediklərini təsdiqləyən sözügedən mütəxəssis, maraqlı xatirəsini də bölüşdü:
"Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində Rusiya yığması ilə
qarşılaşıb, 2-0 qalib gəldik. Bu, sensasiya idi. Təbii ki, onlar bunu heç cür
həzm edə bilməzdilər. Ondan bir ay sonra Rusiyaya getdik. Mini-turnirdə yenidən
qarşılaşdıq. Bizə qarşı necə aqressiv olduqları ilk dəqiqələrdən bilinirdi.
Görüşün gedişində arzuolunmaz hallar yaşandı, əsəblər tarıma çəkilmişdi. İş elə
gətirdi ki, onların stopperi ilə bizim əslən türkiyəli hücumçumuz arasında
mübahisə yarandı. Gördüm ki, arxadan digər stopperləri də aqressiya ilə
futbolçumuza doğru gedir. Vəziyyət pisləşməsin deyə, həmin mövqeyə doğru
qaçmağa başladım. Çataçatda gördüm ki, üstümdən bir qaraltı keçdi. Gözünə
döndüyüm Gültac necə uçub onu vurdusa... Mən elə şeyləri ancaq kinolarda
görmüşdüm". Olimpiya çempionu ilə
bənzərlik
Xarici görünüşünə görə, əvvəllər London olimpiadasının qalibi,
yaponiyalı Kaori Matsumotoya bənzədildiyini deyən Gültac, ilk vaxtlar məhz onu
özünə kumir seçib. Sonradan isə yaponiyalını bir başqa olimpiya çempionu,
kosovolu Majlinda Kelmendiyə "dəyişib". Maraqlıdır ki, o, hazırda
kumiri ilə bir çəkidə çıxış edir. Bir vaxtlar ekran qarşısından izlədiyi
Menezesi məğlub edən qızımız, "növbədə Kelmendidir" deyir.
Sürətli döyüş tərzinə üstünlük verən Gültacın, iki "kral"
fəndi var: "Tai otoşi" - önə badalaq və "Tomoe naqe" -
"tapança". Yeri gəlmişkən, adı birinci qeyd olunan fəndin mahir
ustalarından biri Rəcəblilər nəslinin nümayəndəsidir. Zaur Rəcəblinin qardaşı,
dünya çempionatının mükafatçısı Elxan, bir çox qələbəsini məhz bu fənd
sayəsində qazanıb. Portret Portretində məqsədyönlülük, zəhmətsevərlik, dözümlülük kimi
xüsusiyyətlər ön plana çıxır. Antalyada qazandığı nailiyyətlə nəzərləri üzərinə
çəkən Gültac, uğurun ardını gətirib, cüdonun vətənində baş tutacaq olimpiadaya
lisenziya qazanmaq gücündədir. "Lisenziyaya sahib olaramsa, niyə də
medallar uğrunda mübarizə aparmayım?" deyən Məmmədəliyeva, daha heç bir
rəqibdən çəkinmir: "Menezeslə görüşə çıxanda çox həyəcanlı idim. Çünki
vaxtilə ona yaxınlaşıb, şəkil çəkdirməyi xahiş etmişdim. Qələbə özümə inamımı xeyli
yüksəltdi. Anladım ki, hər şey öz əlimdədir". Sahib