Fərrux Sədirov: Peyvənd olunanlar arasında koronavirusa yoluxma faktına nadir hallarda rast gəlinir

Hazırda COVID-19 patogeninin "delta” variantı dünyada yeni dalğalara səbəb olur. Mütəxəssislərin ilkin rəyinə görə, "delta” ştammı klassik COVID-19 variantına görə daha sürətli yayılma və enfektogen, yəni daha çox insanı yoluxdurma qabiliyyətinə malikdir. Xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar hələ ki, yetəri qədər çalışmalar yoxdur. Ona görə də "delta” variantına yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair bir fikir ortaya qoymaq mümkün deyil. Şəxsi müşahidəmə əsasən deyə bilərəm ki, son bir neçə gün ərzində gördüyüm xəstələrdə klinik gedişat nisbətən yüngüldür. Lakin bu, sadəcə mülahizə səviyyəsindədir. Klinik araşdırma nəticəsi, rəqəmlər, statistik göstəricilər əlimizdə yoxdur. Teorik olaraq "delta” variantının daha yoluxdurucu olduğunu nəzərə alsaq, yoluxma saylarında artım ehtimalı var.
AZƏRTACxəbər verir ki, Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
"Bu günə qədər infeksion xəstəliklər zamanı, virus mənşəli epidemiyalar, pandemiyalar, endemiyalarda virusun yoluxduruculuğu, yəni mutasiyaların artması ilə öldürücülüyün azalması arasında bir əlaqə müəyyən edilə bilib. Təbii ki, burada da bəzi istisnalar var. Məsələn çiçək xəstəliyinin həm yoluxduruculuğu, həm də öldürücülüyü çox yüksək idi. Lakin, ümumilikdə, virus yaşaması üçün müxtəlif şəkildə mutasiyalar etməyə məcbur qalır. Həmin mutasiyalar zamanı ya patogenliyi, ya da virulentliyi seçir. Virulentlik yoluxdurma, patogenlik isə ağır xəstəliktörətmə qabiliyyətidir. Sadəcə bunu nəzərə almaq lazımdır ki, COVID-19 yeni virusdur. Bizim üçün yeni olduğu kimi, bədənimiz üçün də yenidir. Onun orqanizmimizə alışmasına müəyyən zaman lazımdır. Düşünürəm ki, həmin zamandan sonra COVID-19 nəticə etibarilə hər zaman gördüyümüz mövsümi qrip kimi xəstəliklərə bənzər bir xəstəlik halında qalacaq. Hazırda bir-birimizi "kəşfetmə” mərhələsindəyik. Buna görə də sıx-sıx mutasiyalar qeydə alınır”, - deyə Fərrux Sədirov bildirib.
Onun sözlərinə görə, hazırkı yoluxma saylarının artmasının əsas səbəbi məhdudiyyətlərin bir qisminin aradan qaldırılması nəticəsində təmasların da nisbətən artmasıdır. Digər səbəb "delta” ştammının klassik koronavirusa görə daha sürətlə yayılmasıdır. Üçüncü səbəb isə vaksinasiyadan keçməyənlərin sayının da kifayət qədər çox olmasıdır. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Peyvənd olunanlar arasında da yoluxma halları mövcuddur, lakin çox nadirdir. Burada digər məqam vaksinasiyadan keçənlər arasında maarifləndirmə aparılmasıdır. Hər kəs bilməlidir ki, ilk vaksin dozasından sonra qoruyuculuq yaranmır. Qoruyuculuq ikinci dozadan yalnız iki həftə keçdikdən sonra əmələ gəlir. Yəni tam vaksinasiya olunduqdan iki həftə sonra vücudumuz antitel istehsal edir. Həmin antitellər bizi 100 faiz qorumur. Belə ki, vaksinasiya yoluxmanın qarşısını 100 faiz ala bilməsə də, xəstəliyi ağırkeçirmə və ölüm halından 100 faizə yaxın qoruyur. Yoluxma hallarında artım olsa da, əvvəlki dövrlə müqayisədə hospitalizasiya və reanimasiya ehtiyacında o qədər artım müşahidə olunmur. Bu da peyvənd olunanların xəstəliyi daha yüngül keçirməsinin nəticəsidir.
F.Sədirov vətəndaşları daha diqqətli olmağa, qızıl qaydalara etinasız yanaşmamağa və pandemiya ilə mübarizədə məsuliyyətli davranmağa səsləyib.