• bazar ertəsi, 30 dekabr, 19:53
  • Baku Bakı 6°C

Fəhləlikdən başladım… Mən gənc olarkən

03.02.14 10:27 6663
Fəhləlikdən başladım… Mən gənc olarkən
Rubrikamızın ilk qonağı 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazırlanmasında iştirak etmiş millət vəkillərindən biridir. Texnika doktoru, 300-ə yaxın elmi məqalənin müəllifi, “Azərbaycan SSR əməkdar mühəndisi” Vahid Əhmədovla gənclik illəri ilə bağlı söhbət edəcəyimizi biləndə bir az tərəddüd etdik. Çünki həmişə iqtisadiyyat, sosial mövzularda danışdığımız, tünd xasiyyət insan kimi tanıdığımız Vahid Əhmədovla işdən kənar söhbətimizin o qədər də asan olmayacağını düşünürdük. Amma Vahid müəllim tələbəlik, gənclik illərindən o qədər həvəslə danışdı ki, biz də onunla birlikdə o illərə ekskurs etdik. Əvvəlcə millət vəkilinin uşaqlıq illərinə nəzər saldıq.
“Odun satıb dolanırdıq”
Ailədə 9 uşağın dördüncüsü olan V.Əhmədov 1947-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində anadan olub. İmkansız ailədə böyüyən müsahibimiz uşaqlıqda dolanışıqlarının ağır keçdiyini bildirdi:
“Atam mühasib, anam evdar qadın olub. Orta məktəbdən evə gələn kimi yeməyimizi yeyib meşəyə odun yığmağa gedirdik. Odunu satırdıq ki, ailəmizi dolandıraq. Buna görə də orta məktəbdə dəcəllik etməyə, uşaqlığımı keçirməyə vaxtım olmayıb. Həddən artıq sakit uşaq olmuşam, mübahisəni sevən insan olmadığıma görə heç vaxt dava etməmişəm. Oduna getdiyimizə görə dərslərimi ancaq axşamlar şam işığında oxuya bilirdim. Çox nadir hallarda oduna getməzdim, onda da fürsətdən istifadə edib uşaqlarla voleybol oynayırdım”.
“Tələbəlikdə işləyib evimizə pul yollayırdım”
Dərsdən sonra odun yığmağa getməsinə, dərslərini şam işığında oxumasına baxmayaraq V.Əhmədov 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirir və indiki Azərbaycan Texniki Universitetinin mühəndis-energetik ixtisası üzrə təhsil alır: “İxtisas seçimimdə ailəmin köməyi olmayıb. Sadəcə özüm qaynar zavod həyatını çox sevdiyimə görə yaxşı ki, bu ixtisası seçdim. Çünki gələcək təcrübəm üçün zavodda gördüklərim mənə çox köməklik edib. İnsanlarla təmas qurur, bir yerdə oturub-durursan, böyük-kiçik söhbətlərdən xəbərdar olursan”.
Qeyd edək ki, V.Əhmədov ikinci kursdan Şmidt (indiki Səttərxan adına – L.M.) Maşınqayırma Zavodunda fəhlə kimi işə başlayır, elə həmin dövrdən zavodun yataqxanasında qalır. Orta məktəb illərindən fərqli olaraq tələbəlik illərində pulsuzluqla bağlı problem yaşamadığını deyir: “Tələbəlik illərində hər ay maaş aldığıma görə həmişə pulum olub. Hətta ailəmə də kömək edirdim”.
“İlk maaşım 60 rubl olub”
V.Əhmədov aldığı ilk maaşı da indiki kimi xatırlayır: “Təxminən 1967-ci ilin mart ayı idi, 60 rubl aldım. Bununla ata-anama hədiyyə alıb yolladım və yataqxanadakı dostlarımla oturub bir parça çörək kəsdik”.
Orta məktəbdə dərsdən qayıdan kimi oduna gedən müsahibimiz uşaqlıq, yeniyetməlik dövrünün “dadını çıxara” bilmədiyi kimi, tələbəlik illərində də zavodda işlədiyindən tələbəliyin “dadını çıxara” bilməyib: “Günortalar zavodda işləyir, axşamlar oxuyurdum. Hətta elə olurdu ki, axşam dərsdən gəlib 3-cü növbə işə gedir və səhərə qədər işləyirdim. Bir sözlə, başımı qaşımağa vaxtım yox idi. 24 saatın hər bir saatı elə bil ki, planlaşdırılmışdı. Buna görə də tələbəlik illəri mənim üçün ağır olub. Oxuya-oxuya işləmək o qədər də asan deyildi. Təsəvvür edin, 8 saat mazutun içində, çirkli sexlərdə işləyib sonra dərsə getməlisən. Amma buna baxmayaraq oxuyub institutu bitirdim və diplom aldım”.
“Pulu cibinə basdım və nəhayət qiymət yazdı”
Millət vəkili tələbəlik illəri ilə bağlı maraqlı bir əhvalatı da bizimlə bölüşdü. Öyrəndik ki, müsahibimiz tələbəlik illərində bəzən imtahanlarda “şparqalka”da istifadə edib: “Orta məktəbi yaxşı oxuduğum üçün institutda o qədər əziyyət çəkməmişəm. Amma oxumaqla işləmək ağır olduğundan “şparqalka”dan istifadə etməmişəm desəm, yalan olar”. Hətta tələbəlik dövründə müəllimlərindən biri ilə problem yaşadığını da bildirdi: “Riyaziyyatdan dərs deyən iranlı müəllimim var idi, Müqərrəb Səmədi. Açığını deyim, o müəllim pul almadan heç kimə qiymət yazmırdı. Yadıma gəlir ki, məni çox süründürdü. Dəhlizdə heç kim olmayanda pulu cibinə basdım və nəhayət qiymət yazdı”.
“Ona aşiq oldum”
Millət vəkili bizə ilk məhəbbətindən də danışdı: “İlk məhəbbət uşaqlıq illərində olur. Onlar əsas deyil. Amma həqiqi məhəbbətimə 29 yaşımda elə Bakıda rast gəlmişəm: “O da indiki həyat yoldaşımdır. Qohumumuzun evində rastlaşdıq və elə onda da bir-birimizə aşiq olduq. Sonra nişanlandıq, evim olmadığından 2-3 il nişanlı qaldıq. 1979-cu ildə zavoddan mənə ev verdilər və biz evləndik. Bir oğlum, bir qızım var. Hər ikisi hüquqşünasdır”.
Karyerası
V.Əhmədov zavodda işləyə-işləyə aktiv fəaliyyətdə olub, partiya sıralarına qoşulub, Nizami rayonunda büro üzvü olub. Əmək fəaliyyətinə indiki Səttərxan adına maşınqayırma zavodunda fəhlə kimi başlayan müsahibimiz elə tələbəykən sex ustası, sex rəisi vəzifələrində çalışır. Hərbi xidmətini başa vurduqdan sonra yenə sözügedən zavodda sex rəisi işləyir. 30 yaşında isə Bakı Radio Zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində çalışır. Sonrakı fəaliyyətini Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis kimi davam etdirir. 36 yaşından isə əvvəlcə “Bakı fəhləsi” adına Maşınqayırma Zavodunun, sonra Keşlə Maşınqayırma Zavodunun, 1989-cu ildə isə “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru olur.
1992-ci ildə Azərbaycan respublikası baş nazirinin müavini, daha sonra birinci müavini təyin edilir. 1990-cı ildə Bakı şəhərinin Nizami rayonundan Azərbaycan SSR Ali Sovetinə, 2005 və 2010-cu illərdə 2 dəfə Qubadan Milli Məclisə üzv seçilib. Onu da qeyd edək ki, V.Əhmədov 1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb.
“Çalışmaq, çalışmaq, yenə də çalışmaq”
Müasir dövrün o vaxtdan fərqləndiyini deyən millət vəkili üzünü gənclərimizə tutaraq bildirdi ki, təhsil insana mütləq lazımdır: “Əgər həyatda özünə mövqe tutmaq, normal yaşayış şəraiti yaratmaq istəyirsənsə, mütləq təhsil almalısan. Təhsilin olmasa da, əlində mütləq gözəl bir sənətin olmalıdır. Elə bir sənətin olmalıdır ki, gələcəkdə onunla öz ailəni saxlaya, dolandıra biləsən”.
V.Əhmədov sözlərinə görə, “həyatda mövqe tutmaq, nəyəsə nail olmaq üçün təhsil almaq, hansısa sənətə yiyələnməkdən əvvəl çalışmaq, çalışmaq, yenə də çalışmaq lazımdır. Onda nəticə olacaq”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər