• cümə, 03 May, 01:36
  • Baku Bakı 15°C

Əzəmət və məğrurluq simvolu

20.11.15 12:29 2559
Əzəmət və məğrurluq simvolu
Qulu Xəlilov analoqu tapılmayan bir adam idi
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi Qulu Xəlilov həmişə ədəbi hadisələrin önündə gedən, cəsarətli, prinsipial,sözü ilə seçilən, bir tərəfdən tənqidin cəngavəri, digər halda ədəbiyyatımızın əsl keşikçisi idi. Ədəbiyyatın uğur və nöqsanlarını elmi şəkildə şərh edərək onun nailliyyətlərini ümumiləşdirib ədəbi tənqidin əsas ağırlığını çiynində şərəflə daşıyan Qulu Xəlilov sözün əsl mənasında böyük alim və vətənpərvər bir insan idi. Əzəmət və məğrurluq simvolu kimi qələm əhlinin pərəstiş etdiyi həyat eşqli, yaşamaq həvəsli, dərin düşüncəli, sərrast deyimli, qətiyyətli Qulu Xəlilov haqqında keçmiş zamanda düşünmək, danışmaq, xatirə söyləmək həqiqətən ağırdır. Onun yoxluğu təkçə ailəsində, dost və tanışları arasında deyil, ədəbiyyatımızda, mətbuatımızda, cəmiyyətimizdə, toplantılarımızda hiss olunur, yeri görünür.Qəribədir ki, vətəndaş alimin olumu da, ölümü də məhz payıza- noyabr ayına təsadüf edib.Və etiraf edim ki, mən Qulu Xəlilov barəsində müntəzəm yazıram. Hər dəfə də bu abzası mütləq təkrar edirəm.Əslində Qulu Xəlilov mənim çox sevdiyim müəllimim olub. Əbədi ayrılığın bu uzun illəri onu qəlbimdən çıxara bilməyib. O, bacarıqlı müəllim, xüsusilə də qeyri –adi mühazirəçi idi. Hünər və ləyaqət sahibi olan Qulu Xəlilov həm də çox sadə və təbii insan idi. Haqqı nahaqqa verməzdi. Elmi şuralarda, simpoziumlarda həmişə boğazdan yuxarı yox, ürək yanğısı ilə danışardı. Sinəsindən qopan adicə söz deyil, sanki od, alov idi. Çılğın təbiətli olsa da, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini,yerini bilən şəxs idi. Güclü yumoru var idi. Bəlkə də bu hisslərin təsiri idi ki, düçar olduğu ağır xəstəliyə də baş əymədi, hər ağrı-acını zarafata yozdu.Həyat eşqli və vüqarlı olan,gülər üzə, nurlu sifətə, məzəli, şirin nitqə malikQulu Xəlilov elə bu istəklə də “Yaşamaq istəyirəm”i yazdı və bir daha mərdliyə, dözümlülüyə, böyük iradəyə sahib durmağın insan üçün məziyyət olduğunu təsdiqlədi.
Bütün ömrü boyu Qulu Xəlilov Azərbaycan dilinin şəhdini, ətrini, ruhunu, şeiriyyətini, musiqisini, ahəngini qorumaq uğrunda mübarizə aparırdı. “Dil- mədəniyyətdir” deyirdi. Həqiqətən də ehtiyatsız deyilən bir söz, düzgün olmayan tələffüz sahibini gülüş obyektinə çevirər. Vəzifə sahibi kreslosunun müvəqqəti ağası ola bilər, dilin yox. Dildə qəbul edilmiş normalara hamı əməl etməlidir.
Qulu Xəlilovun 1964-cü ildə dilçilərə ünvanladığı“Açıq məktub”unda oxuyuruq: “Dil təkcə qrammatika qaydalarından ibarət deyil, burada geniş,rəngarəng söz ehtiyatı, nitqin ifadəliliyiniartıran, müstəqil və məcazi mənalar, obrazlılıq, minlərlə qanadlı ifadə, atalar sözləri, məsəllər, hikmətlər, aforizmlər, ümumiyyətlə, frazeoloji birləşmələr, bədii nitqin ifadə vasitələri,klassiklərimizin ədəbi-bədii dili, elmi, şifahi danışıq, məişət, nitq üsulları- hamısı birlikdə dilin mənzərəsini əks etdirir. Madam ki belədir, onda bu dili də tam, bütöv şəkildə öyrənmək lazımdır. Dilin öyrədilməsində mühüm bir cəhət- ana dilinin tərbiyə vasitəsi olması unudulmamalıdır”.
Ədəbiyyatçılarla dilçiləri obrazlı şəkildə Kür və Araz çayınabənzədən Qulu Xəlilov yazırdı:“ …hər ikisi bir nöqtədə, doğma Xəzərdə- xalqa xidmət məsələsində birləşir, paralel və qarşılıqlı fəaliyyət göstərirlər”. Professor Yusif Seyidova məxsus fikirdir: “XX əsrin ikinci yarısında ədəbi tənqid tarixində Qulu Xəlilov ən çox tanınmış, ən populyartənqidçilərimizdən biri idi. O, yaşayıb-yaratdığı illərin ədəbi prosesinə fəal müdaxilə edər, yenicə nəşr olunan hər bir bədii əsər haqqında sözünü deyərdi, əsərin uğurunu qiymətləndirər, bəyənmədiyini ciddi tənqid atəşinə tutardı. Heç bir şeyi gözləməzdi, açıq danışardı, açıq yazardı. Hər iki halda, tərifdə də, tənqiddə də coşmağı var idi. Ümumən, güclü temperamentə malik idi. Bir sıra hallarda dözümsüzlük göstərərdi. Elmi müzakirələrdə, dissertasiya müdafiələrində bir yerdə çox olmuşuq. Ədəbiyyatşünaslıq üzrə dissertasiya müdafiələrində olduğu kimi, dilçiliyə aid dissertasiya müdafiələrində də çıxış edər, bəzən dözməyib dissertantın və ya başqa çıxış edənlərin sözlərini kəsər, onların ifadə, cümlə yanlışlıqlarını nəzərlərinə çatdırardı. Terminbazlıqdan heç xoşlanmazdı, hər bir məfhumu ana dilində ifafə etməyi, sadə, aydın, anlaşıqlı danışmağı və yazmağı tələb edərdi, özü də həmin qaydada danışar və yazardı”.
Qulu müəllimin qələm əhlindən birinci tələbi ana dilinə məsuliyyətlə yanaşmaq idi. Bu münasibəti hər kəsin öz daxili aləmi və mənəviyyatı ilə əlaqələndirirdi. Dilə münasibəti Vətən sevgisi ilə qoşa tutan bu cəfakeş alim hər kəsin öz ana dilində mükəmməl və səlis danışmağını, yazmağını əsas şərtlərdən hesab edirdi. Müxtəlif yazıçıların dil və üslub məsələlərilə bağlı tez-tez öz rəylərini yazardı. O dövrdə ədəbi tənqid öz taxtında idi və hər bir şair, yazıçı ona edilən iraddan ibrət götürərdi. Qulu Xəlilov üslüb rəngarəngliyini bədii əsərin məziyyəti sayırdı.Hər bir müəllifin söz sənətindən, onun zəngin xəzinəsindən necə istifadə etməsini yazıçının, yaxud da şairin, jurnalistin istedadı və bədii təfəkkürü ilə bağlayırdı. Qulu müəllimə görə, hər bir yazıçını məhz onun dili və yazı üslubu mütləq fərqləndirməlidir. Hər bir sənətkarın söz sənətindən, onun zəngin xəzinəsindən məharətlə istifadə etməsini vacib sayırdı: “Sənətkarın qüdrəti, gücü də ən çox onun söz fatehliyində, ədəbiyyatın əsas materialı olan dildən necə istifadə etməsindədir. Bircə anlıq Azərbaycan romanını rəngarəng və müxtəlif ətirli, çiçəkli bir gülüstana oxşatsaq, burada hər yazıçının öz dəsti -xətti, ətri, qoxusu olduğunu aydın görmək olar. Bu gülüstanda C.Məmmədquluzadə yığcam, canlı, koloritli və xəlqi üslubu ilə, N.Nərimanov, Z.Marağayi kimi sənətkarlar mütəfəkkiranə lirik-epik və bir qədər də publistik-romantik təsvirlərilə, S.M.Qənizadə yanıqlı realist-sentimental yazı tərzilə, İ.Müsabəyov, A. Divanbəyoğlu, A.Yusifzadə, B.Cabbarzadə lirik-hissi və bəzən də sırf sentimental lövhələrilə, M.S.Ordubadi realist və macəra xarakterli zəngin əhvalatları, hadisələri şirin, cazibədar və maraqlı təkkiyəsilə seçilir, yadda qalır…”Süleyman Rəhimovun dil və üslubu barədə qələmə aldığı məqalədə unudulmaz ədibi“xalq dilinə tam hakim yazıçı” adlandıraraqgörün onun yaradıcılığını neçə şərh edirdi: “ O, dilin sonsuz ifadə vasitələrindən, xalq misallarından, onun zənginliklərindən bacarıqla istifadə edir. Bu dil üçün birinci və əsas məziyyət xəlqilik və zənginlikdir. Azərbaycan ədəbiyyatı tarixində heç bir sənətkarımızın dili onun əsərlərindəki qədər rəngarəng, əlvan, zəngin ifadə vasitələrinə, lüğət tərkibinə malik olmamışdır. Onun üslubu ədəbi-bədii dil normalarının çərçivəsini vurub kənara çıxır… Bu didə klassik ədəbiyyatımızın ən yaxşı ənənələri yaşayır”. Qulu Xəlilov deyirdi ki, yazıçının dili obrazlı olmalıdır, amma bu obrazlılıq mütləq xalq dilinə, xalq hikmətinə, onun bədii təfəkkürünə bağlanmalıdır.
Qulu Xəlilovun 1984- cü ildə Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim”kitabı haqqında yazdığı məqalədən bir abzası olduğu kimi oxucuların diqqətinə çatdırıram: “Şair “Tərcüməçim” adlı mənalı şeirində deyir ki, mənim dünyamın üfüqlərini siyasi xəritələrdə axtarmayın. Çünki mənim torpağım orada bütöv göstərilməyib. Orada kağız üzərində ona damğa vurub ayırıblar.
Mənim taleyimə kağız biganə,
Mən bu bölgülərə üsyan səsiyəm.
Mən öz istəyimlə,sözüm, ruhumla
Yurdumun bölünməz xəritəsiyəm.
Bölünməzlik, vahidlik ən çox dildə, xalqın mənəvi-ruhi dünyasının ifadəsində üzə çıxır. Çünki dilin daxili damarları, qanunauyğunluqları o tayli, bu taylı bilmir. Xalqı gah ora, gah da bura bağlayıb bölən adamlara şair etiraz edir. Torpağı, daşı, suyu oyadıb ayağa qaldırmağa çalışır, “başına dönüm Vətən torpağının”, “ körpüsü qırılan qəmli Arazım”, “ qurbanı olduğum ata-anamızın”, fikirli qardaş-bacılarımızın sükutu, dözümü, “məni yandırır” deyir”. Sovet dövründə Qulu Xəlilov təkcə şeirin poetik mənasından, uslub-məziyyətlərindən danışmırdı. O, böyük cəsarətlə şairin vətəndaşlıq amalını təqdir edirdi, rəğbətini bildirirdi. Oxucunu ayıltmağa çalışırdı. Şeir o zaman yadda qalar, qəlbə hopar ki, Vətən çiçəklərindən rəng, küləklərindən səs alsın!
Qulu Xəlilov cəsarətli və obyektiv tənqidçi kimi sevilirdi. Uğurlu əsərlər barəsindəxoş söz deməyi də bilirdi, zəiflərinitənqid atəşinə tutmağı da. Qulu Xəlilovu yaxından tanıyanlar çox yaxşı bilirlər ki, o, analoqu tapılmayan bir adam idi. Riyakarlıqdan, yaltaqlıqdan, mədhiyyədən çox uzaqda dayanırdı.
Onun yoxluğu… bu barədə düşünmək necə də çətindir. Ən azından ədəbi tənqiddəki yeri boş görünür. Bir təskinlik ürəyiməistilik gətirir. Nə yaxşı ki, mən uşaqlıqdan - ağlım kəsəndən Qulu Xəlilovu tanımışam, onun ailəsi ilə təmasda olmuşam, ən başlıcası, ondan dərs almışam. Bu gün də üzərimdə onun baxışlarını hiss edirəm, nəsihətləri, öyüdləri, tapşırıqları, öyrətdikləri həmişə mənimlədir. Səni unutduğumuz gün yoxdur, Qulu müəllim! Sənin vəfalı, qeyrətli övladların- Almaz, Rəna, Azər məni də öz sıralarına qatıblar. Mənə sənin tələbən kimi yox, özlərinin bacısı kimi yanaşırlar. Həyat yoldaşın Gözəl xanım da elə əzəlki kimidir. Dildə bir əyrilik görən kimi “kaş kişi sağ olaydı” deyir… Əslində sən bizim üçün həmişə varsan!...Əzəmət və məğrurluq sımvolumuzsan!“Görən Qulu müəllim necə edərdi” meyarı həyat tərzimizdir!
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər