Evlilik verilişində tanış olan cütlük: “Xoşbəxtik” – Ailə
Fəridlə Nagehan deyirlər ki, münasibətlərini
proqram çərçivəsində qurmaq fikrində olmayıblar, amma...
"Bir
kişidə baxış və gülüşə önəm verirəm. Fəridin də çox şirin gülüşü var”
"Oturuşunu,
duruşunu bilən, gözəl bir qızdır. Bəyəndim, yəni”
Bu
fikirləri haqqında söz açacağımız cütlük vaxtilə qatıldıqları evlilik
proqramında bir-birləri haqqında səsləndiriblər.
"Ailə”
rubrikamızın budəfəki qonaqları tanışlıqları "Zuhal
Topalla izdivac” proqramından başlayan Fərid Abdullayev və Nagehan Abdullayeva
cütlüyüdür.
Tanışlıqları evlilik proqramı vasitəsilə olsa da, hər ikisi proqrama
qatılanda, qətiyyən evlənmək fikrində olmadıqlarını deyirlər. Nagehan butik
açmaq istəyirmiş, buna görə də? məşhur olmaq fikri ilə proqramda iştirak
edirmiş: "Butik açmaq
istəyirdim, düşündüm ki, bir az tanınsam, butik işlədə bilərəm. Çünki bu işdə
tanınmaq, reklam önəmlidir. Ona görə? verilişə çıxırdım. Mən proqrama
qatılandan hardasa 8 ay sonra Fərid gəldi. İlk dəfə gördüyümdə? baxışlarımız
toqquşdu, diqqətimi çəkdi, yanımda verilişdə işləyən Əli adlı dostumuz var idi,
ondan Fərid haqqında soruşdum. Dedi ki, azərbaycanlı dostumdur. Söhbəti
uzatmadım. 2 gün keçdi, Əli mən’ z’ng edib dedi ki, Fərid Azərbaycana dönür,
amma səninlə görüşmək istəyir. Dedim ki, niyə dönür, getməsin (gülür) Dedi ki,
qayıdacaq. Beləcə, görüşdük və sevgili olduq. Qarşılaşdığımızdan 3 gün sonra
sevgili olduq. Münasibətimizi proqram çərçivəsində etmək fikrində deyildik,
amma sonra proqramı hazırlayanlar bunu eşidib məsələni gündəmə gətirdilər. Bizi
bir növ ekran qarşısında da sevgili olmağa məcbur etdilər. Ona görə, münasibətimizin
əvvəli bir az yalanla başladı. Elə oldu ki, sevgili olmağımız verilişə yaxşı
reytinq gətirdi. Buna görə, proqramı hazırlayanlar bizdən pul qarşılığında
nişan istədilər. İki həftə sonra nişan etdik və nişanlı rolunu oynamağa
başladıq. Nişanlı rolu oynadığımız müddətdə isə bir-birimizə daha çox aşiq
olduq. Proqram bitdi, amma biz davam etdik və 6 ay sonra evləndik”.
Fəridin
də evlilik proqramına qatılarkən məqsədi məşhurlaşmaq olub: "Uşaqlıqdan məşhurluq
arzum var idi və onu reallaşdırmaq istəyirdim. Həmin vaxt Türkiyədə işləyirdim.
Bekarçılıq idi, dedim nə edim ki, məşhurlaşım? Beləcə verilişə qatıldım. Qətiyyən
evlənmək fikrim yox idi, ancaq elə gedəndən 2 gün sonra Nagehanla tanış olduq.
İki gündə məni necə tovladısa, axırda evləndim. Evlilik verilişlərində dedikləri
kimi, bir-birimizdən elektrik aldıq (gülür)”.
Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur
Evləniblər,
amma toy etməyiblər. Nagehan deyir ki, bunun səbəbi isə hər iki tərəfin
valideynlərinin toy ərəfəsində ölkə xaricində yaşaması və ortaq bir vaxt təyin
edə bilməmələri olub: "Mənim valideynlərim icazə ala biləndə, onunkularda
alınmadı, onlarda alınanda da bizimkilərdə. Türkiyədə isə nikah tarixinin bir
vaxtı var, istədiyin vaxt gedib evlənə bilmirsən. Ona görə, gözləyə bilmədik.
Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur”.
Bir çox
qızlar ağ gəlinlik geyinmək kimi xəyal qurur. Nagehanın bununla bağlı da fikirlərini
öyrəndik: "Çəkilişlərlə bağlı o qədər gəlinlik geyinmişəm ki, gəlinlik də bir
az mənim üçün adiləşmişdi. Toyda daha çox maraqlı gələn "Love story”dir ki, Fəridlə
bunu da çox etmişik. Evlilik proqramında nişan, xına mərasimimiz olmuşdu.
Nikahımızda isə bütün dostlarımız yanımızda idi. Ailələrimiz yanımızda olmadığı
üçün toy etmədik, pul xərcləmədik, borca girmədik”.
Ailəm əvvəl bu evliliyə razı deyildi
Valideynlərin
bu izdivaca razılıq verməsinə gəlincə, Fəridin elə bir problemi olmayıb: "Anam
həmişə deyib ki, təki sən xoşbəxt ol. Evləndiyin xanımla sən yaşayacaqsan.
Deyir ki, evinə gələndə mənə hörmət qoysun, bəsimdir. Ona görə, narazılıq etmədi”.
Nagehanın
valideynləri isə Fəridi yaxından tanıyana qədər bu nikahla bağlı tərəddüdlü
olurlar: "Mən Sevda ana ilə (Fəridin anası) nikahımdan iki həftə əvvəl realda
tanış oldum. O vaxta qədər isə telefonda görüntülü danışırdıq. O, məni realda
görmədən belə, gəlini kimi qəbul etmişdi. Ancaq mənim ailəm əvvəl bu evliliyə
razı deyildi. Düşünürdülər ki, Fərid Türkiyə vətəndaşlığı almaq üçün mənimlə
evlənmək istəyir. Fəridi tanıdıqdan sonra o fikir aradan qalxdı”.
Azərbaycan gəlini
Nagehan
"Instagram” profilində "Azərbaycan gəlini” yazması ilə bağlı da fikirlərini
bölüşdü: "Bir azərbaycanlı gəlini olmaq gözəl duyğudur. Elə olmasaydı, onu
profilimdə yazmazdım. Çünki o qeydi yazdığımdan yoldaşımın xəbəri yox idi”.
Nagehan
ev işlərində Fəriddən çox dəstək gördüyünü də dilə gətirdi: "Mən yemək bişirirəmsə,
o süfrəni hazırlayır. Bunu problem etmir. Uşaq dünyaya gələndən sonra isə daha
çox kömək etməyə başladı. Bəzən o qədər yorğun olurdum ki, gecə uşaq ağlayanda,
səsinə oyanmırdım, Fərid məni oyadırdı, süd verirdim. Hazır yeməklərə keçədən
sonra isə növbələşmişdik, iki gün gecə Fərid oyanıb yemək verirdi, iki gün mən”.
Fərid
"ev işlərini qadın görməlidir” kimi bir yanaşmaya sahib olmadığını bildirdi:
"Evdə hər işi xanım görməlidir” deyə bir şey yoxdur. Vaxtım varsa, niyə də kömək
etməyim? Kimsə xanımına kömək etmirsə, mən onlarla bağlı nə isə bir pis fikir də
demirəm, hər kəsin öz düşüncəsi, öz yanaşması var. Amma mən kömək edirəm”.
Fərid
Nagehanın yeməklərinin dadlı olduğunu desə də, anası ilə xanımın yeməklərini
müqayisə etməməyi üstün tutdu: "Düzdür, çox vaxt türk mətbəxindən yeməklər
hazırlayır. Amma bizim mətbəxlə bağlı yeməkləri də yavaş-yavaş öyrənir,
bişirir. O sualı verməyin ki, anan yaxşı bişirir, yoxsa Nagehan? Çünki o suala
cavab versəm, ikisindən biri inciyəcək (gülür)”.
Nagehan
isə Fəridin bişirdiyi kartof qızartmasını daha çox sevir: "Mənim vaxtım, həvəsim
olmursa, yaxud xəstələnirəmsə, onda Fərid yemək bişirməkdən çəkinmir. Özü də
bişirdikləri dadlı alınır. Xüsusilə, kartof qızartması onda bir başqa olur. Hətta
kotlet bişirəndə, yanında kartof qızartmaq lazım gələndə, deyirəm ki, kartofu sən
bişir”.
Qısqananda, cinlənirəm
Nagehan
qısqanc olduğunu etiraf edir: "Keçən dəfə yolda bir hadisə yanaşdı. Fərid öndə
gedirdi, mən arxada uşaq və dayə ilə. Hiss etdim ki, qarşıdan gələn qız Fəridi
tanıdı. Bizim evli olduğumuzu da çox adam bilir. Çünki proqramdan dolayı Bakıda
bizi tanımayan az adam olar. Arxadan gəlirəm, gördüm ki, qız Fəridin gözlərinin
içinə baxaraq güldü. Normalda kimsə baxanda reaksiya vermirəm, amma dedim ki, ərimin
ağzına girsəydin. Ümumiyyətlə, dünyada belədir ki, barmağında üzük olan kişilər
daha tez diqqət çəkir. Fəridin niyə bu qədər diqqət çəkdiyini də deyim. Biz üzdəyik,
onun ailəyə, mənə diqqəti, köməyi də çox adamlara tanışdır, ona görə, digər
xanımların diqqətini çəkir. Bütün dünyada belədir ki, ailəcanlı kişilər daha
tez digər xanımların diqqətini çəkir. Ona görə, qısqanclıqlarım da olur (gülür).
Onu
deyim ki, bəlkə də Fərid məndən başqası ilə evlənsəydi, bu cür olmayacaqdı. Fərid
mənimlə boşanıb başqası ilə evlənsə, mənimlə olduğu kimi olmayacaq. Çünki bu, mənim
əməyimdir. Fəridin məndə, mənim də onda əməyim var. Bir-birimizi yaxı mənada dəyişdirmişik.
Ailə insanı dəyişdirir. Başqa biri ilə evlənsə, ailə münasibətləri mənimlə
olduğu kimi deyil, tamam başqa cür olardı, mən buna əminəm”.
Fərid
deyir ki, qısqanıldığından ləzzət alan bəylərdən deyil: "Qısqananda, cinlənirəm. Bəzən elə birilərinə qısqanır ki, onda
ümumiyyətlə, dəli oluram (gülür)”.
Yazırlar ki, qız çirkindir, oğlan yaraşıqlı
Bloggerlərin,
məşhur, üzdə olan adamların paylaşımlarından dolayı ailələrinin daha xoşbəxt olduğu
kimi bir təəssürat yaranır. Nagehan bildirir ki, fərqlilik, sadəcə tanınmaqla
bağlıdır: "Proqrama çıxdım deyə tanındım. Fəridi nə qədər çox sevdiyimi görən
azərbaycanlılar məni özlərinə yaxın bildilər və belə-belə, izləyicim artdı.
Lakin özümə blogger demirəm. Məni heç tanımadan sevən insan çoxdur, buna görə hər
birinə təşəkkür edirəm. Fərqliliyi yoxdur, tanınmaqlığı var. Amma əmin olun ki,
tanınmaq da o qədər də yaxşı şey deyil. Bütün dərdləri gətirən tanınmaqlıqıdr.
Sevənlər qədər olmasa da, sevməyənlər, könül bulandıran rəy yazanlar da olur.
Yazırlar ki, bu niyə türk qızı aldı? Azərbaycanlı qızlar bundan min dəfə
yaxşıdır və s. Yaxud yazırlar ki, qız çirkindir, oğlan yaraşıqlı. Amma mən
tanınan çox az insanlardanam ki, makiyajsız gəzirəm”.
Davaları
da olur. Bu cür hallarda Fərid su olmağa çalışdığını deyir: "Ailədə ümumiyyətlə,
dava olmursa, deməli, orda nəsə problem var. Nagehanın qab-qacağı göyə
fırlatmağı da, mənim qışqırmağım da baş verir. Yalandan deyə bilmərik ki, hər
şey möhtəşəmdir, heç dalaşmırıq və s. Adətən, mən su olmağa çalışıram. Çünki
Nagehan tez əsəbiləşir, tez də əsəbi
soyuyur. Mən səbirliyəm, sakit dururam. Ümumiyyətlə, hər xırda şeydən ötrü
özümü stressə salan deyiləm. Bilirəm ki, bir azdan düzələcək. O əsəbi olanda nəsə
deyirsə, mən də davamını gətirəndə söhbət böyüyür. Amma reaksiya verməyəndə,
onun da əsəbi soyuyur. Qabları qıranda deyirəm ki, bizi xərcə saldın, gərək
yeni qab alaq (gülür)”.
Bir-birlərində
bəyənmədikləri xüsusiyyətlər də var. Nagehan Fəridin çox arxayın olmağını
sevmir: "Çox rahat adamdır. Bəzən elə iş olur ki, deyirəm ki, indi et. Deyir
ki, bir azdan edəcəyəm. O "bir azdan”ı da bir-iki saat çəkir”.
Fəridin
də qarşı tərəfdə bəyənmədiyi xüsusiyyət var: "Nagehan çox tez partlayır, anında
reaksiya verir”.
Yalançı ailə qursaydım, niyə...
5 aylıq
bir qızları var. Nagehan deyir ki, dayəsi olsa da, uşağa özləri çox vaxt
ayırmağa çalışırlar: "Dayə var deyə, uşağı evdə qoyub getmirik. Getdiyim çox
yerə uşağımı aparıram, dayə evdə olanda belə, uşaqla özüm maraqlanıram. İstəmirəm
ki uşağım başqa bir insana bağlansın. Evdə dayə olsa da, dayəsi yoxmuş kimi
özüm vaxt ayırıram”.
Təməli
evlilik proqramında olan bir münasibətlə bağlı "müvəqqəti ailədir” deyib
qeyri-ciddi yanaşanlar da olur. Onlar bununla bağlı da fikirlərini bildirdilər.
Nagehan deyir ki, müvəqqəti ailə qursaydı, heç vaxt uşaq dünyaya gətirməzdi:
"Yalançı ailə qursaydım, niyə uşaq dünyaya gətirirdim ki? Hələ 26 yaşım var.
Uşağa baxmaq isə çətindir, üzərinə məsuliyyət götürürsən. Bu adamdan boşanmaq
fikrim varsa, sonra həyatımı yaşamalıyam. Müvəqqəti bir ailə qursaydım, həyatda
uşaq dünyaya gətirməzdim. "Ailəniz yalandır” kimi fikirlərə qulaq asmadığım çox
oldu. Kimsə elə deyəndə, deyirəm ki, hə, yalançı ailədir, rahatladın? Fikir
vermirəm”.
Fərid
deyir ki, hətta uşaq olandan sonra da belə fikirlər səsləndirirlər: "İnsanları
qınamaq olmur, bəlkə də özləri üçün müəyyən əsasları var. Amma biz normal ailə
qurmuşuq, övladımız var. O fikirləri niyə hələ də yazırlar, başa düşmürəm”.
Nagehan
deyir ki, ailənin möhkəm olması qadından asılıdır: "Kişi hər dəqiqə çölə çıxmaq
istəyəndə, qadın "eşqim, get” deyərsə, həyat yoldaşına bir şeyləri öyrətməyə
çalışmazsa, orda ailə olmaq çətin məsələdir. Kişi çox şeyi bilməyə bilər, qadın
onu öyrətməlidir. Ailə məsuliyyəti ilə bağlı kişilər qadınlar kimi düşünməyə
bilər, qadın bunu kişiyə öyrətməlidir. Boşuna deməyiblər ki, yuvanı dişi quş
qurar”.
Fərid də
düşünür ki, qadından çox şey asılıdır: "Nagehanla razıyam. Ailəni qoruyub
saxlamaqda qadının rolu böyükdür. Hər şeyi dediyi üçün mənə söz qalmadı (gülür)”.
Sonda
cütlüyümüz "xoşbəxtik” dedilər.
Aygün Asimqızı