Estoniyadan iki təqaüd qazanan tələbə - Xaricdə təhsil

"Bəzi tələbələr
xaricdə təhsili əlçatmaz və çətin hal kimi düşünürlər. Hətta onu həyatın məqsədi
olaraq görənlər də var. Adi müraciət qaydalarını imkansız bilirlər. Halbuki bu,
çox asan prosedurdur. Bir universitetə müraciət etmək üçün təhsil şirkətlərinə
üz tutub, pul ödəyirlər. Axı bunu özün də edə bilərsən...”.
"Xaricdə
təhsil” rubrikamızın qonağı Estoniyada Tallin Texnologiya Universitetində təhsil
alan Qasım Xasməmmədlidir. Qasım, bakalavr təhsilini Azərbaycan Dövlət İdarəçilik
Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə alıb. Təhsil aldığı müddətdə
ictimai aktivliyi ilə seçilib. Hazırda "Avropanın gənc azərbaycanlı dostları”
ictimai birliyinin sədridir. Həmsöhbətimiz Estoniyada iki növ təqaüd alır:
"Birinci təqaüd təhsil haqqından azad olunmadır. Təqaüdüm altı min avrodur.
Bundan əlavə, Estoniyanın Xarici İşlər Nazirliyindən aylıq xərclərimi
qarşılamaq üçün də təqaüd qazanmışam. İki illik təhsil müddətində xərclərimi
qarşılamaq üçün aylıq dörd yüz avro təqaüd ayrılır”.
- Qasım, nə üçün xaricdə təhsil və məhz Estoniya?
-
İxtisaslaşmaq istədiyim sahəni dərindən öyrənmək və praktiki bacarıqlar əldə
etmək üçün xaricdə təhsil almaq qərarına gəldim. Elektron hökumətlə bağlı Azərbaycanda
təhsil imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Bundan əlavə,
qlobalizasiya prosesləri çox inkişaf edib. Əvvəl qonşu ölkədəki insanla belə,
ünsiyyətə çətinlik çəkirdiksə, hazırda işlədiyimiz yerlərdə fərqli mədəniyyətlərlə
rastlaşırıq. Xaricdə təhsil almaqla həm fərqli mədəniyyətlərlə tanış olacağam,
həm də kommunikasiya bacarıqlarımı inkişaf etdirəcəyəm. İxtisaslaşmaq istədiyim
elektron hökumət sahəsində Estoniyanın əldə etdiyi uğurlar məni burada təhsil
almağa sövq etdi. Estoniya artıq 90-cı illərdən rəqəmsal inkişaf üzrə qərar qəbul
edib və bu sahəyə böyük diqqət ayırır. Hətta bu ölkədə seçkilər belə, elektron
şəkildə həyata keçirilir. Azərbaycanda da elektron hökumətin qurulması sahəsində
Eston təcrübəsi yaxından öyrənilir. Məhz bu faktorlar məni Estoniyada təhsil
almağa yönləndirdi.

- Estoniya və Azərbaycan təhsilini necə müqayisə edərdiniz?
- Fərqlər çoxdur. Estoniya təhsilində akademik mühit daha sərbəstdir.
Məsələn, adi mövzu seçimindən tutmuş geyim tərzinə qədər, tələbələrə sərbəstlik
verilir. Eləcə də, dərslərdə iştirak etmək məcburiyyəti olmur. İkinci əsas səbəb,
ixtisasdan asılı olaraq, praktiki bacarığa önəm verilir. Bir çox fənlərdə imtahanlar layihələr üzərində
qurulur və komanda işinə qiymət verilir. Ən böyük üstünlük isə rəqəmsal
texnologiyalardan istifadədir. Estoniyada düşünə biləcəyiniz hər yerdə rəqəmsal
texnologiyalara rast gəlinir. Universitetin aplikasiyası var və siz həmin
proqrama daxil olaraq, universitet barədə hər bir məlumatı əldə edə bilərsiniz.
Burada dərs cədvəlindən tutmuş, yemək çeşidlərinə qədər məlumatlar var.
Çalışırlar ki, təhsil tamamilə rəqəmsallaşdırılsın. Ev tapşırıqları bir
platforma üzərindən verilir və onlayn formada olur.
- Bəs sözügedən ölkədə səni daha çox nə təəccübləndirib?
- Təbii ki, fərqli mədəniyyətlə qarşılaşdığıma görə, məni mədəni
aspektlər və ictimai davranış qaydaları, texnoloji inkişaf təəccübləndirdi.
Texnologiyanın yüksək səviyyədə olduğunu bilirdim, amma bu dərəcədə olmasını
gözləmirdim. Avtobuslarda bizdəki kimi kart sistemi var və yoxlamalar, demək
olar ki, olmur. Lakin buna baxmayaraq, hər kəs kartını vurur, sonra əyləşir.
Burada böyüklərə, qadınlara, uşaqlara yer vermək kimi hallar yoxdur. Bizdə isə
ictimai nəqliyyatda bunun anonsu verilir. Bir dəfə avtobusda, adətim üzrə,
qadına yer verdim. Xanım çox təəccübləndi və mənə dəfələrlə təşəkkür etdi.
Avtobusdakı digər insanlar da anlaya bilmirdilər ki, mən niyə belə etdim.
Bundan əlavə, piyada keçidlərində çox diqqətcildirlər. Yolda polis görmək
mümkün deyil. Amma hər kəs qaydalara riayət edir. Polisə, cəriməyə ehtiyac
yoxdur. İlk dəfə şəhərə çıxanda gördüm ki, mənimlə birlikdə ağ qutu hərəkət
edir. Yolda biz gedirdik, ağ qutu da bizimlə yola davam edirdi. Piyada keçidini
gözləyəndə, qutu da bizimlə birlikdə dayanıb gözləyirdi. Maraqlandıq ki, bu
qutu robot kuryerdir. Tallində yemək daşıyan robotlara rast gəlmək mümkündür.
Onlar da insan kimi yol qaydalarına riayət edir, işıqforu gözləyirdilər.
Müsahibimiz
deyir ki, tələbə başqa ölkəyə tez adaptasiya olmaq üçün ölkəni, gəlməzdən öncə,
dərindən araşdırmalıdır: "Öz təcrübəmə
əsasən deyə bilərəm ki, ilk növbədə insan, getdiyi ölkəni araşdırmalıdır. Mən
gedəcəyim ölkənin mədəniyyətləri və qanunlarını araşdırırdım. Xarici ölkədə
ictimai nəqliyyat qaydalarını bilmədiyiniz halda, ilk dəfə qaydanı poza bilərsiniz.
Burada "ilk dəfə idi nəqliyyatdan istifadə edirəm” sözü keçmir. Cərimə nədirsə,
ödəməlisən. Estoniyaya gəldikdə, rus və ingilis dili biliyi ilə rahatlıqla
burada yaşaya bilərsiniz. Mən tələbəlik illərindən çalışıram ki, iqtisadi cəhətdən
ailəmdən uzaq olum. Öz xərclərimi özüm qarşılamışam. Təhsil almağa da ailəmdən
heç bir maddi yardım almadan, öz hesabıma gəldim. Maddi sıxıntı olduğu üçün ilk
dəfə yerləşməyə ailə ilə deyil, tək gəlməli olursan. Bunun üçün ölkəni gəlməzdən
öncə araşdırmaq lazımdır. Məişət məsələləri ilə bağlı Bakıda olarkən qərar verməlidirlər.
Tələbələr əsas ehtiyaclarını qarşılamaq üçün ilk günlərdə tez xarab olmayan un
məmulatları gətirə bilərlər. Çünki ilk dəfə gələndə bilmirsən ki, nəyi haradan
və daha ucuz, keyfiyyətli əldə etmək olar. Bu, tələbə üçün çox vacibdir. Mən bu
baxımdan çətinlik çəkdim. Mağazadan nəsə alıb evə qayıdanda eston dostum
deyirdi ki, sən baha alıbsan, bunu daha ucuz ala bilərdin”.

- Estoniyada başınıza gələn maraqlı hadisəni bizimlə
bölüşün.
- Təhsil
aldığım magistr proqramının meneceri çox təcrübəli qadındır. Təxminən 10 yaş məndən
böyükdür. Ukraynada prezident administrasiyasında, nazirliklərdə, beynəlxalq təşkilatlarda
fəaliyyət göstərib. Bu qadın söhbət zamanı deyirdi ki, mənə "sən” deyə müraciət
edin. Mənə yenə də rəsmi cavab verirdim. O, bir daha sərt şəkildə mənə dedi ki,
hamımız burada yoldaşıq və mənə sadəcə "sən” deyə bilərsən. Bu, mənə maraqlı gəlmişdi.
Akademik mühit çox sərbəstdir. Rahatlıqla ünsiyyətə girirlər. Siz istənilən dərsə
daxil olub, otura bilərsiniz. Heç kim demir ki, buraya niyə gəlibsən. Yolu
professordan soruşsan belə, gedəcəyin yerə çatana qədər kömək edir.
- Xaricdə təhsil almaq istəyən tələbə nə etməlidir?
- Azərbaycanda gənclərin bəziləri xaricdə təhsili əlçatmaz və çətin
hal kimi düşünürlər. Onun həyatın məqsədi olaraq görənlər var. Adi müraciət
qaydalarını imkansız bilirlər. Halbuki bu, çox asandır. Belə olanda, ortaya
xaricdə təhsil şirkətləri çıxır. Müraciət etmək üçün hansısa şirkətə pul ödəyirlər.
Axı bunu özün də edə bilərsən. Müstəqil həyata öyrəşmək lazımdır. Şirkətlər tələbənin
əvəzinə sənəd hazırlayır. Ümumiyyətlə, məsləhət görərdim ki, xaricdə təhsilə
ölkədən çıxmaq kimi deyil, bir mərhələ kimi baxsınlar və qarşılarına konkret məqsəd
qoysunlar. İxtisaslaşmaq istədikləri sahəni dəqiq seçsinlər. Xaricdə təhsil
üçün hara gəldi müraciət etməsinlər. Xaricdə təhsili, həyatımızın məqsədi kimi
yox, məqsədə gedən yolda bir tramplin kimi görməliyik. Yəni təhsil almaqla iş
bitmir. Əks təqdirdə, ya ixtisası oxuya bilmirlər, ya da bitirib nə edəcəklərinə
qərar vermirlər. Buna görə də, müraciət prosedurlarını özlərinin keçməsini məsləhət
görərdim. İkincisi, konkret hədəf qoyub ixtisaslaşmaq istədikləri sahəni dəqiq
seçsinlər. Seçdikdən sonra hansı ölkədə bu sahə üzrə daha yaxşı təhsil ala biləcəklərini
araşdırsınlar. Məsələn, dizayn və arxitektura sahəsində İtaliya, sənaye üçün
Almaniya məşhurdur. Bunu araşdırıb daha yaxşı təhsil seçməyi məsləhət görərdim.
İT sahəsində təhsil almaq üçün Estoniyanı seçə bilərsiniz. Burada təqaüd
imkanları da çox yaxşıdır.
- Estoniyada azərbaycanlı tələbələrlə münasibətləriniz
necə tənzimlənir?
- Burada
azərbaycanlı tələbələr çoxdur və dost mühiti formalaşıb. "Facebook”da aktiv bir
qrup var, orada suallarımızı verir, fikir mübadiləsi aparırıq. Daha təcrübəli
olanlar bir-birinə kömək edirlər. Bizdən öncə gələn tələbələr burada QHT
yaradıblar və bu sahədə müəyyən fəaliyyət göstərirlər. Onlayn da olsa, hər kəs
çalışır ki, bir-birinə dəstək olsun.
Aygün ƏZİZ


