• cümə axşamı, 26 dekabr, 15:07
  • Baku Bakı 10°C

Ermənistanın işğalı nəticəsində yaranan problem

04.05.24 00:16 3406
Ermənistanın işğalı nəticəsində yaranan problem

Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin həmin ərazilərə qayıtmasına da problem yaradır.

İndiyədək Azərbaycanın işğaldan azad edilmiş 134 min hektardan çox ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu fikirlər Bakıda keçirilən “Minalardan Təmizləmə üzrə Avropa Qrupu Təşəbbüsü” tədbirində səsləndirilib. 

Zərərsizləşdirilən minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir:

“Bu günə kimi işğaldan azad edilmiş 134 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlk növbədə nəqliyyat və enerji infrastrukturunun keçdiyi ərazilərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaşayış binalarının tikintisi nəzərdə tutulan ərazilərdə minalardan təmizləmə işləri aparılıb. Ümumilikdə 119 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib”.

İşğal nəticəsində əmələ gələn problem

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə vurğulayıb ki, minalardan təmizləmə baxımından beynəlxalq əməkdaşlıq vacibdir.

O, Avropa İttifaqına Azərbaycanın mina probleminə önəm verdiyinə görə təşəkkür edib: “Həqiqətən də, ərazilərin minalanması 30 il ərzində Ermənistan işğalı nəticəsində əmələ gələn problemdir. Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin həmin ərazilərə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün öz ərazisinə qayıtması və humanitar fəaliyyət baxımından böyük problemdir”. 

H.Hacıyev qeyd edib ki, bu sahədə beynəlxalq ictimaiyyətin köməyi vacibdir: “2024-cü ilin may ayında Zəngilanda mina ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Mədəni irsimizə də mina problemi nəticəsində ciddi zərər dəyib”.

Aİ iki milyon avro ayıracaq

"Aİ minalardan təmizlənmə üçün Azərbaycana əlavə iki milyon avro ayırmağı planlaşdırır". Bu fikirlər isə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmana məxsusdur. 

“Minalardan təmizlənmə sahəsində potensialın daha da gücləndirilməsi məqsədilə əlavə texniki yardım göstərmək üçün bu il əlavə iki milyon avro qrant maliyyələşdirilməsinin ayrıldığını elan etməkdən çox məmnunam”, - deyə Qert Yan Kopman bildirib. Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır: “Mina hər kəsə, o cümlədən uşaqlara təsir edən, iqtisadi və sosial inkişafa mane olan, faciəvi nəticələrə səbəb olan və buna görə də prioritet pilləni daha qətiyyətli irəliləməyə ehtiyac olan bəladır”.

Aİ Azərbaycanda minatəmizləmə sahəsində ən böyük donorlardan biridir. 2020-ci ilə qədər Avropa İttifaqı ölkəmizdə humanitar minatəmizləmə işlərinin asanlaşdırılması üçün 10 milyon avrodan çox qrant yardımı ayırıb. Ayrılan əlavə vəsait də nəzərə alınmaqla bu rəqəmin 13 milyon avroya yaxın artacağı gözlənilir.

"Azərbaycana dəstək olmağa hazırıq"

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlindən Azərbaycan vətəndaşları mina problemindən əziyyət çəkiblər.

“Bu gün artıq minalardan təmizlənmənin Azərbaycanın prioriteti olduğunu müşahidə edirik. Avropa İttifaqı olaraq biz bu yolda Azərbaycana dəstək olmağa hazırıq”, - o qeyd edib.

P.Mixalko vurğulayıb ki, Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir. Minatəmizləmə davamlı regional inkişaf üçün vacibdir: “Bu, dinc, sabit Cənubi Qafqaz və Azərbaycan üçün vacibdir. Mən fürsətdən istifadə edərək ANAMA-ya və komandasına təşəkkür edirəm. Onlar özlərini qurban verməyi tələb edən bu işə baş vurublar. Aİ ölkələrinə də minatəmizləmədəki dəstəklərinə görə təşəkkür edirəm. Avropa komandasının mina əleyhinə təşəbbüsü bir çətir təşəbbüsüdür. Minaların təmizlənməsi insanların güzəranına mühüm təsir göstərir. Onların təbii resurslara çıxışını təmin edir”.

Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesində maraqlı olduğunu söyləyib: “Minatəmizləmə sahəsindəki dəstəyimiz də sülhə, sabitliyə sadiqliyimizi göstərir. Aİ-nin roluna uyğun olaraq minalar əleyhinə mübarizəyə qlobal miqyasda dəstək göstərməyə çalışırıq. Bu sahədə Azərbaycanın ehtiyaclarının qarşılanmasına da artıq böyük töhfə vermişik".

 

banner

Oxşar Xəbərlər