Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
4 saatdan çox, 4 dildə 35 media qurumunun 50-dək
sualını cavablandıran ölkə Prezidenti İlham Əliyev növbəti dəfə yüksək
diplomatik məharət, natiqlik nümayiş etdirərək dünyanın diqqətini Ermənistanın
Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Fevralın 26-da,
Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edən mətbuat konfransında dünya
ictimaiyyəti bir daha Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin
şahidi oldu.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə
bildirib.
Millət vəkili qeyd edib ki, dövlət Başçımız 44 günlük Vətən müharibəsində
xarici media nümayəndələrinə verdiyi 30-dan artıq müsahibə zamanı Azərbaycanın
mövqeyini dünyaya peşəkarcasına çatdırmağa, informasiya cəbhəsində ölkəmizin
mövqeyini daha da gücləndirdirməyə müvəffəq olub.
Ölkə Prezidenti yerli və xarici media nümayəndələri
üçün keçirdiyi mətbuat konfransında bir daha illərdir düşmən tapdağı altında
qalan torpaqların, şəhərlərin, rayonların, kənd və qəsəbələrin erməni
vandalları tərəfindən darmadağın edilməsinə, infrastrukturun, tarixi, mədəni,
dini abidələrin viran edilməsinə diqqəti yönəltdi: "Ağdam şəhərinin görüntüləri
hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində
donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir”.
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan
xalqının mədəni irsini məhf etməyə çalışan erməni vandalları məscidlərlə yanaşı
kilsələrə də zərər vurublar. 44 günlük müharibədə Erməni silahlı qüvvələrinin
törətdiyi vəhşiliklərin həddi-hüdudu olmadı. Münaqişə zonasından kilometrlərlə
uzaqda yerləşən, qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücum nəticəsində
nəinki dinc insanlar qətlə yetirildi, həm də tarixi tikililərə ziyan dəydi. XIX
əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr
Nevski Rus Pravoslav kilsəsi kimi tarixi-dini abidələr Ermənistanın raket
hücumları nəticəsində zərər gördü.
Maddi-mədəniyyət abidələrinin bərpası və qorunmasına
daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə qədim
tarixi abidələr yenidən qurulur, bərpa edilir.
Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən sonra "Böyük
Ermənistan” xülyasına düşən ermənilər daim torpaqlarımıza, mədəni irsimizə,
milli-mənəvi dəyərlərimizə göz dikib, özününküləşdirməyə çalışıblar. İstədiklərinə
nail ola bilməyəndə isə məhf edib, dağıdıblar. Azərbaycan xalqına məxsus
maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı
deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.
Artıq düşmənin "Böyük Ermənistan” xəyalları birdəfəlik
puç oldu və 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müzəffər Ordumuzun qazandığı qələbə ermənilərin yalan üzərində qurulan məqsədlərinin
arzu, xəyal olaraq qalacağını nümayiş etdirdi.
Böyük Britaniyadan olan jurnalistin Prezident İlham
Əliyevin rekorda imza atdığını, jurnalistika ilə məşğul olduğu 25 ildə hər
hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi
olmadığını dilə gətirməsi Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyəti
layiqincə yerinə yetirən Prezident İlham Əliyevin güclü intuitsiyasının,
mühakimə qabiliyyətinin və intellektual potensialının zənginliyinin dünya
ictimaiyyətinin gözündən qaçmadığının daha bir nümunəsi oldu.