Çəpər əyriliyi, yoxsa estetik əməliyyat? - Araşdırma

70-80
faiz insanda burun çəpəri əyriliyi olsa da, heç də hamıda əməliyyata ehtiyac
yoxdur
"Burun əməliyyatı
etdirənlərin 90 faizi deyir ki, məndə çəpər əyriliyi var idi, əsas ona görə əməliyyat
etdirdim. Dedim olmuşkən, estetik də olsun”.
"Burnunu
estetik əməliyyat etdirir, soruşanda, "burun çəpərim əyri idi, ona görə
etdirdim” deyir”.
Düzdür,
Azərbaycanda ən çox aparılan estetik əməliyyat burun əməliyyatıdır. Dünyada isə
ən çox müraciət edilən estetik əməliyyatlar sırasındadır. İşin estetik tərəfini
inkar etmək olmaz, ancaq burun çəpəri əyriliyi probleminə çox insanda rast gəlinir.
Hətta statistik rəqəmlərdə 70-80 faiz insanda burun çəpəri əyriliyi problemi
olduğu bildirilir. Yəni heç də hər kəs estetik məqsədlə əməliyyat etdirmir.
Maraqlıdır,
çəpər əyriliyinin çox olmasının səbəbi nədir? Travma almayan adamlarda da çəpər
əyriliyi problemi niyə olur? Bütün çəpər əyriliklərində əməliyyata da ehtiyacı
yoxdur. Bəs hansı halda əməliyyat edilməlidir? Bu istiqamətdə suallar çoxdur.

Səbəbləri
Lor-estetik-cərrah
Pərviz Aslanov burun çəpəri
əyriliyini yaradan səbəblərin müxtəlif olduğunu bildirdi: "İlk olaraq genetik
faktoru qeyd etmək istərdim. Çünki anadangəlmə də bu problem olur. Amma bunun
səbəbi tam məlum deyil. Genetik kodda olan fərqliliklər özünü büruzə verir. Bir
də doğuş zamanı doğum kanalından keçərkən uşağın burnu travma ala bilər.
Burun çəpəri əyriliyinin əsas səbəblərindən biri travmalardır. Hər
yaşda alınan travma nəticəsində burun çəpərində problem yarana bilir. Bəzən
uşaq yıxılanda valideynlərin xəbəri olmadan burunda deformasiyalar əmələ gəlir.
Burun çəpəri
sümük və qığırdaq hissələrdən ibarətdir. Boyatma və inkişaf zamanı qığırdaq və
sümük hissələrinin inkişafı qaydasında getmədiyində, bu, burun çəpərinin düzgün
formalaşmamasına səbəb olur. Bu da burun çəpəri əyriliyinin ən çox təsadüf edilən
səbəblərindən biridir.
Eyni
zamanda, burun polipləri, tez-tez təkrarlanan, uzun sürən zökəm xəstəliyi,
uşaqların burnunda yad cismin uzun müddət qalması burun çəpəri əyriliyinə səbəb
ola bilər”.
Yeni
dünyaya gəlmiş uşağın burnu enli olduğunda, "gündə bir neçə dəfə əlinlə burnunu
sıx, enli olmasın” deyirlər. Bu uşağın burnuna hər hansı zərər vura bilərmi? Lor-cərrah Məzahir Quliyev deyir ki,
uşaq anadan olanda, ola bilər ki, üzü üstə qalar, o vaxt da burun həssas olur,
kənardan bir az enlənmə ola bilər. Bunu hiss edəndə əlinə dəstək olub bir az
sıxa bilərsən. Amma uşağın burnu böyükdür, enlidir, əlinlə sıx düzəlsin, belə
bir şey yoxdur”.
Əməliyyat nə zaman zəruri olur?
Bəs
hansı halda çəpər əyriliyi zamanı əməliyyata ehtiyac yaranır? Pərviz Aslanov bildirdi ki, əməliyyata
ehtiyac olub-olmadığı müayinə zamanı müəyyənləşdirilir: "İlk olaraq burun daxilinə burun
güzgünləri ilə baxılır. Buna rinoskopiya deyilir. Endoskopik müayinələr
aparılır. Bəzən rentgen, kompüter tomoqrafiyasına da ehtiyac olur. Burunda hava
keçiriciliyini yoxlamaq üçün rinomanometriya müayinəsi də aparıla bilər”.
P.Aslanov
deyir ki, müayinə etdiyi pasientlərin 70-80 faizində burun çəpəri əyriliyi müşahidə
olunur. Ancaq onların böyük əksəriyyəti bu məsələ ilə bağlı şikayət etmirlər:
"Burun çəpərinin nisbətən orta xətdən kənarda olması, ancaq pasientə heç bir
problem yaratmaması əməliyyata əsas vermir. Burun çəpəri orta xətdən çox kənarlaşırsa,
sağlamlıq üçün problem yaradırsa, əməliyyat zəruri olur. Məsələn, tez-tez təkrarlanan
burun qanaxması ilə üzləşirlər. Burun çəpəri əyri olanda, bəzən
burunda – xüsusilə əyrilik olan tərəfdə bir gərginlik olur. Bu da qanaxmaya səbəb
ola bilər. Bu, daha çox yay aylarında özünü göstərir. Tez-tez təkrarlanan sinusit xəstəliyi, tək və ya hər iki tərəfli
burun tutulmaları, üz bölgəsində, başda ağrıların olması, burun arxası
axıntılar, xoruldama, iybilməmə və s. Eyni zamanda, yaşlı adamlarda bronxial
astmaya, daha yaşlı şəxslərdə isə ürək və ağciyər xəstəliklərinin inkişafına səbəb
ola bilər. Hətta otitlərin - qulaq xəstəliklərinin yaranmasında burun çəpəri əyriliyinin
böyük rolu var. Burun tənəffüsü çətin olduqda məcburi olaraq ağızla nəfəs
alırıq. Bu isə tez-tez təkrarlanan boğaz infeksiyalarına, boğazda qurumağa
bağlı olan şikayətlərə, yuxu apnoyesinə səbəb olur. Bu kimi şikayətlər çox
olanda, artıq əməliyyat zəruri olur. Bütün
bunların müalicəsi cərrahi yolladır”.
Çəpər əyriliyi problemində estetik əməliyyat zərurəti
Bəzən çəpər
əyriliyi problemi olanlara həkim deyir ki, həm də estetik əməliyyat olmalıdır, əks
halda nəfəsalmada problem tam aradan qalxmayacaq. Məzahir Quliyev bildirdi ki, bəzi çəpər əyriliklərində estetik
müdaxilə mütləqdir: "Bəzən burun çəpəri elə əyilir ki, estetik olaraq burunda
da əyrilik müşahidə edilir. Burnun ön tərəfində əyrilik varsa, ön tərəfdəki
burun çəpərini düzəldəndə, estetik olaraq da müəyyən qədər düzəlmə baş verə bilər.
Bəzən isə burunun xaricində elə deformasiya gedir ki, o, həm də nəfəsalmaya
mane olur. Burun çəpərini düzəltsən də, həmin o xarici burunda olan
deformasiya, əyrilik davam edirsə, onun payına düşən əyri hissə yenə də xəstəni
narahat edəcək”.
Burun balıqqulaqlarının hipertrofiyası
P.Aslanovun
sözlərinə görə, əksər hallarda pasientlərdə burun çəpəri əyriliyi ilə yanaşı,
aşağı burun balıqqulaqlarının hipertrofiyası da olur, bu
isə insanın burunla nəfəs almasını daha da çətinləşdirir: "Burunla nəfəs alma
insan üçün çox vacibdir. Burunun tənəffüslə yanaşı, müdafiə, qoxubilmə, rezenator
(səsin əmələ gəlməsində iştirakı) funksiyaları vardır. Burunun girəcəyində olan xırda tükcüklər nəfəsalma zamanı ətrafda olan
mikrobların orqanizmə daxil olmasının qarşısını alır. Eyni zamanda
balıqqulaqlarının hesabına burunun içərisində turublent axın yaranır, hava
burunda ləngiyir və balıqqulaqlarının içərisində olan qan damarları hesabına
aldığımız hava orda isinir, soyuyur, nəmlənir və ağciyərlərimizə sankifiltr
edilmiş hava göndərmiş oluruq. Beləliklə, isinmiş və nəmlənmiş ağciyərlərə gedən
havanın içərisindəki oksigen daha yaxşı şəkildə qana keçir. Burunla nəfəs almaq
vacib olduğu üçün bu cəhətdən problem olursa, biz pasientə septoplastika və
aşağı burun balıqqulaqlarının ölçüsünün radiofrekansla kiçildilməsi əməliyyatını
tövsiyə edirik. Bu əməliyyat 30 dəqiqə-1 saat ərzində keçirilir. Əməliyyat
müasir üsullarla həyata keçirildiyi zaman buruna tampon qoyulmur və xəstə həmin
gün evə göndərilə bilər”.
Adətən,
düşünürük ki, çox adam estetik əməliyyat üçün müraciət edir. Pərviz Aslanov bildirir ki, burnunu
estetik əməliyyat etdirmək üçün gələn pasientlərlə çəpər əyriliyindən dolayı
müraciət edənlərin faizi demək olar ki, eynidir: "Demək olmaz ki, hər kəs
estetik əməliyyat üçün müraciət edir. Son illər burun çəpəri əyriliyi
problemindən dolayı müraciət edən pasientlərin sayı xeyli artıb. Faiz demək
olar ki, əlli-əlliyədir”.

Burun çəpəri əyriliyi olanlara əvvəllər 17-18 yaşdan sonra əməliyyat
məsləhət görürdülər, ancaq indi daha aşağı yaşlarda bu əməliyyatı etdirənlərə
rast gəlirik. Məzahir Quliyev bildirdi ki, son zamanlar dünya alimlərinin yanaşması elədir ki,
6 yaşın üzərində uşaqda sağlamlığa problem yaradan çəpər əyriliyi varsa, əməliyyat
etmək olar: "Bəzən sınma o həddə olur ki, sınıq hissə burunun bir tərəfini
bağlayır, nəfəs almağa qoymur. Yaxud bir tərəfi bağlayır, o biri tərəfin də
yarısını sıxır. Belə olanda yaş fərq etmir, bu cür vəziyyət varsa, əməliyyat
olunmalıdır. Əks halda, uşaq inkişaf etdikcə üz skeletinin quruluşunu pozur.
Uşağın psixikasına təsir edir, yaxşı yata bilmir”.
Əməliyyatla bağlı diqqət ediləsi məqamlar da var
P.Aslanov bildirdi ki, çox vacib
olduğu halda burun çəpəri əməliyyatı uşaqlar üçün də aparılır: "Estetik burun əməliyyatı
rinoplastikadır, çəpər əyriliyi isə septoplastika. Hər iki əməliyyat eyni anda
icra oluna bilər. Hər ikisi eyni vaxtda aparılırsa, buna septo-rinoplastika əməliyyatı
deyilir. Əməliyyat adətən 16 yaşında icra olunur. Ancaq son dövrlər
texnologiyanın inkişafı səhiyyəyə də öz təsirini göstərib. Məcburi vəziyyət
olduqda əməliyyatı uşaq yaşlarda da edirik. Uşaq nəfəs ala bilmirsə, gecə
xoruldaması çox olursa, boğulursa, əməliyyat zəruri olur. Uşaq demək olar ki, nəfəs
ala bilməyəndə, ağzı uzun müddət açıq qalanda üz skeletində uzunsov formalaşma
olur, çənə uzanır, gözlər çuxura düşür, dodaq-burun şırımı dərinləşir. Bu cür
şikayətlər olanda uşaqları da əməliyyat edirik. Buna da pediatrik septoplastika
əməliyyatı deyilir”.
P.Aslanov bildirdi ki, bu əməliyyat
icra olunan zaman diqqət ediləsi iki önəmli məqam var: burun çəpərinin
proksimal və kaudaluclarında olan qığırdaqların qorunması və selikli qişanın
(mukozanın) tamlığının pozulmaması. Bununla yanaşı, burun çəpərində lazım
olandan artıq qığırdağın çıxarılması, estetik əməliyyatlar zamanı burunun yan
divarlarının çox daralması və aşağı burun balıqqulaqlarının kəsilməsi yolverilməzdir.
P.Aslanov qeyd etdi ki, hər bir cərrahın
ən önəmli vəzifəsi pozulmuş burun funksiyasını bərpa etməkdir. Estetik əməliyyat
da önəmlidir, ancaq bu, ikinci planda yer almalıdır: "Daha gözəl görünmək üçün
burun funksiyasını boş verməməliyik”.
Aygün Asimqızı
