• cümə axşamı, 25 aprel, 19:57
  • Baku Bakı 21°C

Ən qədim Yeni il - ARAŞDIRMA

19.03.22 10:30 818
Ən qədim Yeni il - ARAŞDIRMA
Astroloqlar Novruzun gəlişi ilə bağlı müxtəlif proqnozlar versələr də, əsas qayə budur ki, ötən il heç nəyə sərf etmədiyimiz enerjimizi bu il ümid, sevinc və əyləncə əvəz edəcək. İqtisadiyyatda da cücərtilər görəcəyik. 2022-ci ildə başlayan bu tendensiya 2025-ci ilə qədər artacaq.
Elimizə bahar gəlir. Təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi qəbul edir və təmtəraqla qarşılayırdılar.
"Təbiət astroloji olaraq da dəyişir”
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Məmmədov da təsdiqləyir ki, bizim üçün yeni ilin gəlişi məhz Novruzla bağlıdır: "Hər bir xalqın özünəməxsus təqvimləri olub. Biz Novruzu Yeni ilin gəlişi kimi qeyd edirik. Çoxları bunu fars mənşəli söz kimi qəbul edir. Amma farsların qəbul etmədiyi bir həqiqət var ki, farslarda isim əvvəldə gəlir. Əgər bayramın adı fars dilində olsaydı, Ruzinov olmalı idi. Bunu atəşpərəstliklə də bağlayırlar, amma yanlışdır, qətiyyən əlaqəsi yoxdur. Çünki atəşpərəstlikdə od müqəddəsdir. Biz isə ağırlığımızı oda tökürük. Novruz türk dünyasının bayramıdır. Türk dünyasında yeni ilin ilk günüdür. 21 martda təbiət astroloji olaraq da dəyişir, qoç bürcünə daxil oluruq. Qoçun özü də Novruzun simvollarındandır”.
Türkün ulu bayramı
Folklorşünas vurğulayır ki, Novruz türkün ulu bayramıdır: "Azərbaycan xalqının qədim ilkin qaynaqlarını özündə əks etdirən Novruz bayramı əkinçilik həyatının başlanğıcı, ölüb-dirilmə tanrısını özündə təcəssüm etdirən türkün ulu bayramıdır. Novruz bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz bayramıdır”.
Novruz ili bizə nə vəd edir?
Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Martın 21-də astronomik yaz bərabərliyi günü qeyd olunur. Dünyada 300 milyondan çox insan üçün bu gün yeni ilin başlanğıcıdır. Bəs bu il bizə nə vəd edir?
İnsanların səbir kasasının dolduğu il?
Astroloq Səbuhi Rəhimli "Kaspi”yə açıqlamasında bildirdi ki, günəşin qoç bürcünə daxil olduğu məqam yazın gəlişini göstərir. Gecə ilə gündüz bərabərləşir: "Günəş qoç bürcünə girəndən sonra ilk dan yeri söküləndə artıq yazın başlandığı gün sayılır. Bu il yeni il martın 19-da Bakı vaxtilə saat 19:33-də gəlir. Yəni ertəsi gün artıq Yeni ilin ilk günüdür”.
Astroloq vurğulayır ki, bəbir ili də pələnglə eyni xarakterə malikdir: "İnsanları riyakarlığa, yanlışlığa, şər ruhun törətdiyi məqamlara qarşı mübarizə aparmağa sövq edir. Yalana qarşı dürüstlüyü, əxlaqsızlığa qarşı etirazı təlqin edir. Ona görə də dünyada iğtişaşlar, insanların etirazı olacaq. Bəbir ili insanların səbir kasasının dolduğu ildir”.
Güc və liderlik...
Türk astroloq Lara Ceren bu təqvimin "kəndçi təqvimi” adlandırıldığını deyir. Yəni onlar üçün yeni il ağacların çiçəkləndiyi, təbiətin oyandığı ildir. Bu təqvimin 5 min illik ömrü var. Astroloq deyir ki, bəbir ili gücü və liderliyi xarakterizə edir: "Bu ilin güclüyə müsbət enerjisi var. Həmçinin, 2022-ci il odu simvolizə edir. Təxminən 3-4 ildir görmədiyimiz od ünsürü, nəhayət gəldi. Keçən il heç nəyə sərf etmədiyimiz enerjimizi bu il ümid, sevinc və əyləncə əvəz edəcək. İqtisadiyyatda da cücərtilər görəcəyik. 2022-ci ildə başlayan bu tendensiya 2025-ci ilə qədər güclü şəkildə artacaq”.
Bəs pandemiya?
Astroloqun proqnozuna görə, pandemiya mütləq bitəcək: "2022-ci ilin ilk 6 ayında virusun ölümcül təhlükələrindən qurtulmağa başlayacağıq. COVID soyuqdəymə və qrip kimi sadə bir dərmanla müalicə olunacaq xəstəliyə çevriləcək. Lakin od elementi ürəklə əlaqəli həssaslığı olan insanları narahat edə bilər. Təbii ki, bu, hamıda belə deyil. Amma xəstəlik qapımızı döyməmiş, belə problem varsa, müayinə olunmalıyıq. Bəbir sabit və liderdir. Başladığı işi başa çatdırmaq və yaşadığı mühitdə daha da güclənmək istəyir. Bu səbəbdən pəhriz saxlayıb idmana başlamaq istəyən, lakin o enerjini tapa bilməyənlər istədiklərinə nail olacaqlar”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər