Ən böyük sərkərdəni, ən dahi alimi yetişdirən - MÜƏLLİM!


Mənim yaşıdım olan nəsil uzun illər müəllimə qarşı belə ehtiram, hörmət görərək böyüdü. Müəllimi az qala ilahi qüvvə sandıq. Müəllimlərimiz olan məclislərdə nəinki söz söyləməyə, heç oturmağa cürət etmədik. Ədəb-ərkanla onları dinlədik, qulluğunda durduq. Və nə yaxşı da ki, belə oldu. Yoxsa belə ədəb-ərkanlı böyüməzdik...
İllər kecdi. Müəllim-şagird, müəllim-tələbə münasibətləri dəyişdi. Amma təəssüf ki, təkcə şagirdlərin, tələbələrin deyil, cəmiyyətin müəllimə münasibəti dəyişdi. Əvvəllər hörmət-izzətlə məclislərin başında otuzdurulan müəllimlər sonralar heç məclisin ayağına da layiq görülmədilər. Onların yerini “müəllim” adı ilə əksər alverçilər tutdu...
***
Azərbaycan mətbuatının banisi, “Azərbaycanın mayakı” adlandırılan Həsən bəy Zərdabi yazırdı: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: -Müəllimlik!”
Allah Sizə qəni-qəni rəhmət eləsin, Həsən bəy. Bu sözləri söyləməkdə çox haqlı idiniz. Çünki, ədəb-ərkanı olanlar üçün müəllimlik dünən də şərəfli sənət idi, bu gün də, sabah da. Onlar dərk edir ki, zamanından və məkanından asılı olmayaraq, dünyanın ən böyük sərkərdəsini də, ən dahi ailmini də müəllim yetişdirib.
Dünya şöhrərli məşhur fransız yazıçısı Balzak boşuna deməyib ki: “Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil”. Milləti millət kimi formalaşdıraraq ədəb-ərkan dərsi verməklə yanaşı, onu dünya biliklərindən hali edərək ucaldan da müəllimdir. Ona görə də “bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyac var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər”.Unutmayaq ki, “insanları aydınlığa çıxaran işığ”a bənzədilən müəllim “ana kimi şəfqətli, ata kimi güvənli” bir insandır. O insan ki, “özünü əridərək başqalarına işıq verər”. O işıq ki, cəhaləti öz qılıncı ilə yararaq milləti nura qərq edər.
“İnsan memarı” olan müəllim insanı hikmət sarayı, nizam yolu olan məktəbə səsləməklə onu haqqın yoluna, bəşəriyyətin diriliyinə, hüriyyətin varlığına istiqamətləndirir. “Millətin bel sütunu” olan məktəbdə bizlərə millət, vətən, ana, torpaq sevgisini aşılayır müəllim.
“Anadangəlmə pedaqoq” olan Firidun bəy Köçərli “Molla Nəsrəddin” jurnalının 1913-cü ildə çap olunan 22-ci sayında yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fot olar ondan bir nişan qalmaz”. O dillə müəllim bizə ANA, VƏTƏN sözlərini yazmağı öyrətdi. O dillə əxlaqımızı nurnandırdı, varlığımızı bəyan etdi dünyaya.
Dünənə kimi az qala qibləgaha cevrilən məktəb müqəddəsliyi bu gün xəyala cevrilib. Niyə? Nə üçün? “Dövlətin beyni və toplumun güc qaynağı” adlandırılan məktəbin nüfuzdan düşməsində bəlkə müəllim özü günahkardır? Yoxsa...
Yadıma dahi Üzeyir bəyin“Müəllimlər” sərlövhəli məqaləsi düşdü. Dərs boyu bir cətən külfətinin dolanacağını fikirləşən müəllimin necə “dərs kecdiyini” belə təsvir edirdi:
“Müəllim:
- Qulaq asın. Kərim atasından pul alıb yolçuya verdi... (Ürəyində) Görünür ki, onun atası ayda altmış səkkiz manat almırmış ki, nəinki yolçuya, hətta öz yeməyinə də pulu çatmasın. (Şagirdlərə) Kərim sevinə-sevinə evə qayıtdı. (Ürəyində) Ev... Ev kirəsi... Bu gün xozeyinə nə cavab verəcəyəm, bilmirəm. Daha lap abırdan getdim... Oxu görüm.
Şagird:
- Nahar vaxtı idi...
Müəllim: (Ürəyində) Nahar dedi, yadıma düşdü. Bilmirəm dükançı ət verdi, vermədi. O da pul istəyir, suçu da pul istəyir, neftçi də pul istəyir...
Şagird:
- Atalar sözü: “Yorğanına görə ayağını uzat”.
Müəllim:
- (Ürəyində) Belə atalara mən nə deyim ki, ürəyim soyusun? Mən nə qədər yorğana görə ayağımı uzadım ki, heç yorğan belimi də örtmür. Daha bundan artıq qısılmaq, bundan artıq bükülmək olmaz ki, mən edirəm. Belə, altmış səkkiz manat ilə bu bahalıqda dolanmaq olmur, olmur, bir də olmur.
- Ədə, düz otur, yoxsa gəlib, meyidini salaram. Keyfimin xarab vaxtı məni cinləndirmə. Qulaq asın, görək xozeyin necə oldu?
Şagird:
- Mirzə, hansı xozeyin?
Müəllim:
- Əşi dilim dolaşdı... Çıxardın dükançını... Yox, fikirim lap dağıldı... Qənd-çay varmı?.. Tfu! Qələm-mürəkkəb götürün, hesab yazaq, görək suçunun pulu nə qədər... Ədə, düz otur, yoxsa, vuraram ağacla başın dağılar.
Bu cürə müəllimlərə... Yox, upravaya demək lazımdır ki, bu yazıq müəllimlər nə etsinlər ki, acıqlı olmasınlar?! Dolanacaq üç qat baha olub, məvacib çatışmır, müəllim nə etsin: dərs versin, yoxsa dərd çəksin?!”
Üzeyir bəy bu sətirləri yazdığı zamandan bir əsrdən çox vaxt keçib. Bəs bu gün necədir, müəllim bu sıxıntılardan azaddırmı? Unutmayaq ki, “Müəllimlik peşələrin ən az qazanc gətirəni, ancaq insanı ən çox mükafatlandıranıdır”. “Müəllim - həqiqətin içinə varan, orada ucalan, orada yüksələn” varlıqdır. O varlıq ki, Uca Müəllim şəxsiyyətinə düz sözü, düz əməli ilə ucalıq gətirər.
Ümummilli liderimiz Heydər Əliyevin müəllimlərinə göstərdiyi qayğı, diqqət bu gün millətimizə bir örnək deyilmi?
Xalqı yolunda “hümmət və qeyrət göstərən müsəlman müəllimi”nə bu gün də, sabah da həqarət edən, ələ salan, dolanmaq üçün “məsləhət verən”lər də var. Doğrudan da “dünyada ən çətin şey özünü dərk etmək, ən asan şey isə başqasına məsləhət verməkdir”.
Qərənfil Dünyamin qızı
