Əməkdaşlarını sevgi ilə bəsləyən şirkət rəhbəri-Biznes
16.11.18 12:30
3536
Əsas
stimul mənbəyi qızıdır. Düşünür ki, yaradıcı işdə məcburiyyətlər, çərçivələr
olmamalıdır. İşçilərə sərbəstlik verməyin tərəfdarıdır. Müsahibimiz
"Markaman” brendinq şirkətinin rəhbəri Rəşad Baxışovdur.
Həmsöhbətim
1984-cü ildə Beyləqan şəhərində anadan olub. Orta təhsilini türk liseylərindən
birində, ali təhsilini isə keçmiş Qafqaz Universitetinin şərqşünaslıq fakültəsində
alıb. Xarici dillərə və ədəbiyyata böyük marağı olub. Deyir ki, ən böyük arzusu
Heydər Əliyevin tərcüməçisi olmaq idi. Lakin ulu öndər dünyasını dəyişdikdən
sonra bu sahəni davam etdirmək istəyi olmayıb və tamam başqa peşəyə yönəlib.
2003-2004-cü illərdə universitet dövrünün daha aktiv və əyləncəli keçməsi üçün
dostları ilə birlikdə gənclər üçün "Şərq-Qərb” (East-West) adında bir dərnək
yaradırlar. Dərnəyi yaratmaqda məqsəd tələbələrin fərdi inkişafına dəstək olmaq
və auditoriya qarşısında çəkinmədən, sıxılmadan danışmağa stimullaşdırmaq idi.
Dərnəyin təqdimatı üçün loqo lazım olur. Rəşad bəy bu işi öz üzərinə götürür və
beləcə, dizaynerlik sahəsində ilk addımlarını atır: "Universitet illərindən
cızma-qara etməyə marağım olub. Dərs maraqsız keçəndə, özüm üçün şəkillər çəkib
deyirdim ki, bu, gələcək şirkətimin emblemidir (gülür). Açığı o dönəmlər
loqodan, dizayn sözlərindən anlayışım yox idi. Dərnəyimiz üçün loqo tələb ediləndə
dedim ki, problem yoxdur, mən çəkərəm. Loqonu ilk olaraq kağız üzərində çəkdim,
amma bildirdilər ki, elektron versiyada lazımdır. Bu barədə məlumatım olmadığı
üçün məni dizaynerlərə yönləndirdilər. Həmin ərəfədə bir çox dizaynerlə söhbət
etdik, iş mexanizmlərinə yaxından bələd oldum. Belə-belə, dizayn sahəsinə
marağım yarandı. Bu sahəyə hələ ki, tam iş olaraq baxmırdım, hobbi olaraq
yanaşırdım. Amma bir də gördüm ki, dizayn sahəsinə daxil olmuşam. Hətta,
universitet illərində iş təklifləri alırdım, tələbəlik bitən kimi də bir şirkətdə
dizayner olaraq çalışmağa başladım. Amma əsas olaraq idarəetmə, təşkilatçılıq,
koordinasiya sahəsində olmaq istəyirdim. Düşünürdüm ki, dizayn bir işin sadəcə,
vizual olaraq çatdırılmasıdır. Daha sonra bir türk reklam şirkətində "art direktor” kimi işimi davam etdirdim. Təbii
ki, öz şirkətimi yaratmaq istəyi hələ də qalırdı. Bu istəyimi də 2016-cı ildə
"Markaman” şirkətinin əsasını qoyaraq həyata keçirdim”.
500 səhifəlik "CorelDRAW” kitabı
Dizayn
sahəsində heç bir təhsili olmayan müsahibim, bildiklərinin hamısını internetdən
və kitablardan öyrəndiyini deyir: "Dizayn sahəsində biliklərimi əsasən internetdən
və kitablardan öyrənmişəm. Dizayn proqramlarından "CorelDRAW” ən çox istifadə
edilən idi. Qərara gəldim ki, onu öyrənim. Mən 500 səhifəlik kitabı oxuyub
bitirənə qədər proqramın da istifadə dövrü bitdi (gülür). Yeni proqram çıxdı.
İndi onu oxuyuram, hələ ki, bu kitabın dövrü bitməyib”.
"Markaman” ruhu olan bir şirkətdir
Şirkət
yaratmaq elə də asan iş deyil. İlk olaraq müəyyən araşdırmalar aparmaq və
bazarda mövcud olan digər şirkətlərin iş mexanizminə əvvəldən bələd olmaq vacib
şərtdir. Rəşad bəydən bu haqda nə düşündüyünü soruşduq: "Əslində biz bu gün
müştərilərimiz üçün iş görərkən, mütləq şəkildə bazarı araşdırırıq. Amma öz
şirkətimizi yaradarkən bunu etmədik. Öz auditoriyamızın olduğunu bilirdim. Ona
görə də bazarda olan rəqib şirkətlərə görə narahat deyildim. "Markaman” ruhu
olan bir şirkətdir. Məsələn, bəzən elə işlərimiz olur ki, orada nəzəri
qayda-qanunlara riayət etmirik. Nəyi necə duyuruqsa, elə də edirik.
"Markaman”ın əsas fərqi minimum resursla maksimum effekti əldə etməkdir. Bəlkə də ən böyük fərqimiz budur.
İşimizi görərkən daha effektiv və optimal variantlar axtarırıq”.
"Biz” demək, "mən” deyə bilməməkdən qaynaqlanır
"Markaman” şirkətini yaradarkən o qədər də çox
vəsait sərf etmədiyini deyir: "Əslində bütün bizneslərin başında investisiya
durur. Təbii ki, istisnalar olur və "Markaman” da elə o istisnalardandır. Şirkət
yaratmamışdan əvvəl də bu işləri görürdük. Yəni əvvəllər "freelance” olaraq işləyirdik,
amma sonra qərara gəldik ki, bunu hüququ müstəviyə daşıyaq və korporativləşək,
şirkət kimi fəaliyyətimizi davam etdirək. Elə böyük bir vəsaitə ehtiyac
olmadı”.
Həmsöhbətim
işlərindən danışarkən hər dəfə "biz” kəlməsindən istifadə edir. Ona görə qərara
gəldik ki, bir az "Markaman”nın kollektivindən danışaq: "Əslində "biz” demək,
"mən” deyə bilməməkdən qaynaqlanır. Sevmirəm "mən” kəlməsini çox işlətməyi. Nədənsə,
bu kəlmə məni narahat edir. "Mən” sözünü bacardığım qədər özümə yaxın
buraxmamağa çalışıram. Sadəcə işin rəsmi tərəflərini görən bir dostum var.
Dostum şirkətimizin mühasibatlıq və digər rəsmi işlərini görür. Mənə də belə
biri lazım idi. Çünki işin yaradıcı tərəfi ilə məşğul olurdum, digər işlərə
vaxt ayıra bilmirdim. "Markaman” supervayzinq şirkətidir, hər işi özü görməlidir,
ştatlı işçiləri olmalıdır deyə, bir məcburiyyət yoxdur. Məsələn, tutaq ki, bir
müştərimiz yaxşı bir reklam çarxı çəkdirmək istəyir. Biz işlərin koordinasiyası
ilə məşğul oluruq. Yaxşı bir reklam agentliyi ilə danışıb həmin işi təşkil
edirik. Kollektivimizin işçi sayı heç
vaxt stabil olmayıb. Bəzən 10, daha çox və ya az olub say, bəzən isə tək
olmuşam. Amma indi şirkətimiz böyüməyə doğru gedir”.
Biz
əməkdaşlarımızı sevgi ilə bəsləyirik
Şirkətdəki iş prosesindən, əməkdaşlarından
danışan həmsöhbətim qeyd edir ki, işçilər üçün maksimum dərəcədə sərbəst şərait
yaratmağa çalışırlar: "İstəmirəm ki, özümün yaşadığım problemləri işçilər də
yaşasın. Bizimki robot işi deyil, hansısa şərtlərlə və çərçivələrlə məhdudlaşdırılmır.
İşin içində ideya, yaradıcılıq varsa, digər işlərdən fərqli olaraq, səhər
9-dan, axşam 6-ya kimi ofisdə olmaq məcburiyyəti yoxdur. İş insanın ağlında
olmalıdır. Tutaq ki, bir işçi toya gedib, ofisdə deyil. Amma o, yenə də beynində
hansısa ideya haqqında düşünür, onun ilkin cizgilərini çəkir. Yaradıcı işlə
kommersiya işini ortaq məxrəcə gətirmək lazımdır. Bu baxımdan, işçilərə
maksimum rahatlıq verməyə çalışmışıq. İşə gecikmə, hər hansısa bir problem baş
verə bilər. Həmin anda qan-qaraçılıq yaratmaq, həm işçinin, həm özünün əhvalını
korlamaq iş prosesinə mənfi təsir göstərir. Ən əsası isə "Bu cür münasibət şirkətə
nə qazandıra bilər” sualı ətrafında düşünmək lazımdır. Yəni bizim şirkətdə əməkdaşlarımıza
münasibət, işə yanaşma tərzimiz fərqlidir. Bu baxımdan işdəki ab-havamız həmişə pozitiv olub. Hətta müştərilərimizə də
deyirik ki, biz əməkdaşlarımızı sevgi ilə bəsləyirik. Gördükləri işdən zövq
almaları üçün daim motivasiya edirik”.
Stimul
qaynağım qızımdır
Motivasiyadan söz düşmüşkən,
qeyd edək ki, Rəşad bəyin ən böyük stimul mənbəyi qızıdır: "Bəzən hər şey
qaydasında getmir. Gün içərisində əhvalımız tez-tez dəyişir. Mənfi nələrsə baş
verir, ümidsizliyə düşürsən, davam etməyə gücün çatmır. Amma konkret olaraq sənə
stimul verən qüvvə varsa, bunların öhdəsindən çox rahatlıqla gəlirsən. Mənim
motivasiya mənbəyim, stimul qaynağım qızımdır. Hər bir valideyn övladı üçün
çalışır”.
Rahatlıqla
özümə "markaman” deyə bilərəm
Gələk şirkətin ad seçiminə.
Açığı birinci dəfə "Markaman” adını eşidəndə mən də çaşmışdım. Bəli, əksər
insan ilk səslənişdə "Markaman” adını "narkoman” kimi anlayır. Həmsöhbətim gülərək
artıq bu çaşqınlıqlara öyrəşdiklərini deyir: "Şirkətə əslində başqa ad
qoymuşduq və o, ad cəmi 1 gün oldu. Hətta, möhür filan da alınmışdı, bütün rəsmi
proseslərdən keçmişdik. Xidmət üçün hər şey hazır idi. Amma nədənsə, həmin ad
ürəyimcə deyildi. Dostuma bildirdim ki, adı dəyişmək istəyirəm. Təbii ki, bu qədər
yol qət etdikdən sonra şirkətin adını dəyişmək çətin idi. Amma buna baxmayaraq,
dostum adı dəyişməkdə mənə kömək etdi. Düşündük ki, əgər markalaşma işi ilə məşğul
oluruqsa, elə şirkətin adını da "Markaman” qoyaq. Bu söz artıq uzun müddətdir
ki, dilimizə daxil olub və mən bu gün çox rahatlıqla özümə "markaman” deyə bilərəm.
Yəni əgər adımın qarşısında "brend menecer” yazsam, bəlkə də, bu işin təhsilini
alanların xətrinə dəyər, onların haqqını yemiş olaram. "Markaman” şirkətimizin
adıdır, ona görə də düşünürəm ki, bunu istifadə etməkdə heç bir problem
yoxdur”.
Markanı
"gözə soxmaqla” reklam etməmişik
Bir az da işin çətinliklərindən
danışaq. Müsahibim deyir ki, hər bir işin zövqlü tərəfi olduğu kimi, çətin tərəfləri
də var: "Artıq çətinliklər adi hal alıb. Tutaq ki, müştəri ilə görüşə
gedirsiniz. Düşünməlisiniz ki, o, sizə niyə inanıb, güvənməlidir? Bəzən elə
olub ki, 6 ay üzərimizdə şübhə ilə iş görmüşük. Zövqlər fərqli olduğu üçün
ortaya qoyulan işə də yanaşma müxtəlif olur. Elə olub ki, bir reklam filmi çəkmişik.
Bizə görə iş çox yaxşı alınıb. Amma müştəri bəyənməyib. Çünki dövrün bayağı
reklam tələblərinə uyğun olmayıb. Markanı "gözə
soxmaqla” reklam etməmişik.
Lakin zamanla müştəri də nə etmək istədiyimizi anlayıb. Yəni çətinliklərimizdən
biri müştərilərin işə şübhə ilə yanaşmasıdır. Təcrübələrimizə əsasən deyə bilərəm
ki, 6 aydan sonra müştərimizin məmnuniyyətini görmüşük. Bunların şahidi
olduğumuza görə, işimizə güvənirik və özümüzə tam əminik”.
Son olaraq
Rəşad bəydən gələcək planlarını xəbər aldıq: "Çox istərdim ki, "Markaman” dünya
miqyaslı şirkət olsun. Hər bir şirkət pul qazanmaq istəyir, həmçinin biz də.
Amma bizim üçün əsas, sosial məsuliyyətlilik tərəfidir. İşlədiyimiz şirkətləri
xüsusi olaraq seçirik. Keyfiyyətinə, xidmətinə bələd olmadığımız müştərilərlə
işləmirik”.