“Ehtiyat skamya”da oturmağa məcbur olanlar
Rejissorlar
sanki məşqçi, aktyorlar isə futbolçulara bənzəyir. Futbolçu daim meydanda
olmalıdır ki, formada ola bilsin. Aktyor isə səhnəyə çıxmasa, formasını qoruya
bilməz
COVID-19 hələ
də müxtəlif sahələrə, o cümlədən, mədəniyyət sahəsinə ağır zərbə vurur. Nəfəs
almağa çətinlik çəkən mədəniyyətimizdə teatrlar, bəlkə də, reanimasiya şəraitində
yaşayan, ən çox zərər görən sahədir. Rejissorlar sanki məşqçi, aktyorlar isə
ehtiyat skamyada oturub gözləyən futbolçulara bənzəyir. Futbolçu daim meydanda
olmalıdır ki, formada ola bilsin. Aktyor isə səhnəyə çıxmasa, formasını qoruya
bilməz. Pandemiya aktyorları vadar edib ki, məcburən "ehtiyat skamya”da
otursunlar. Bəs bunun qarşısını almaq üçün aktyorlar nə edirlər, hansı önləyici
tədbirlər görürlər? Və ümumiyyətlə, görürlərmi?
Başa
düşürük ki...
Aktyor,
Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov deyir ki, teatr hər bir millətin, hər bir xalqın
üzüdür, ən öndə gedən sahəsidir: "Teatr həm mədəniyyətini, həm tarixini, həm ədəbiyyatını
göstərən bir sahədir. Başa düşürük ki, pandemiyadır, xəstəliklər artıb, amma
bunu da müxtəlif yollarla tənzimləmək olar. Məsafə saxlamaqla, maska taxmaqla,
vaksin olunmuş şəxsləri dəvət etməklə, hər halda, teatrları açmaq olar. Bizim
teatrın bütün əməkdaşları vaksin olunub. Məncə, bu halda, biz artıq məşqlərə,
teatrın açılmasına hazırlıq görməyə başlaya bilərik”.
Sənət,
yaradıcılıq ömründən gedən illər
Rejissor
deyir ki, teatrların bağlanmağı bir çox aspektlərdən ziyan vurub: "Bunun içində
formadan, ruhdan düşmək də var,
yadırğamaq da. Amma ən böyük ziyan vaxtımızın, zamanımızın getməsidir. Mən
bu iki il ərzində daha çox şey edə bilərdim. Bu iki il mənim sənət ömrümdən,
yaradıcılıq ömrümdən getdi. Akademik Milli Dram Teatrda baş rollarda Bəsti Cəfərova,
Ramiz Novruzun iştirak etdiyi və təhvil verilməsinə 10 gün qalmış qoyduğum
tamaşa təxirə düşdü. Mən pandemiya bitəndən sonra həmin tamaşanı sıfırdan işləməliyəm.
Dövlət Gənc Tamaşaçılar Teatrında Çexovun "Qağayı” əsərini qoyacaqdım.
Pandemiya zamanı boş qalmadıq, "Zoom” proqramı vasitəsilə düz iki ay əsərin
oxunuş və araşdırma məşqlərini etdik. Amma artıq səhnə məşqlərinə keçməli olduq
deyə məcburən onu da yarımçıq saxlamalı olduq”.
Psixoloji
ziyandan çıxmaq olmur
Nicat bəy vurğuladı ki, zəfərlə bitən 44
günlük müharibəyə töhfə vermək istəsələr də, bu planları da baş tutmayıb: "Mən teatrların
açılmağını həm rejissor, həm də aktyor kimi səbirsizliklə gözləyirəm. Özümüzü
formada saxlamağımız lazımdır. Bunun üçün idman və mütaliə vacibdir. Amma
psixoloji ziyandan çıxmaq olmur. Çox çətindir. Müxtəlif işlər olur, məsələn, mən
dərs deyirəm, filmlərə, seriallara çəkilirəm. Amma bu, teatr səhnəsini əvəz
etmir. Bizim tamaşaçıdan aldığımız impulsu, enerjini heç nə vermir. Mən
oyunumdan tamaşaçının nə hala düşdüyünü, nə hiss etdiyini dərhal, yerindəcə
görürəm. Bu mənə stimul, güc verir. Amma çəkilişdən sonra nə qədər xoş söz
eşitsəm də, düzdür, mənə xoş gəlir, amma həmin effekti vermir”.
Ən azı bir
ay lazımdır ki...
Rejissor xəstəlikdən
qorxduğunu etiraf edir. Deyir ki, ən vacibi sağlamlıqdır, amma teatrsız da nəfəs
almaq olmur: "Üz tuturam Operativ Qərargaha! Xahiş edirəm, teatrlarla bağlı məsələyə
yenidən baxılsın! Hələ teatr açılandan sonra dərhal tamaşa ilə də çıxış edə
bilməyəcəyik. Ən azı bir ay lazımdır ki, səhnəyə adaptasiya olunaq, köhnə
tamaşaları yada salaq. Yəni hazırlıq prosesi getməlidir”.
Teatrın tozu üçün belə darıxmışıq
Akademik
Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev teatrın tozu üçün də darıxdığını deyir: "Biz onu
udmasaq, yaşaya bilmirik. Amma qərar verilibsə ki, pandemiyadır, teatrlar
bağlanmalıdır, biz nə edə bilərik ki? Bu gün bir çox dünya ölkələrində teatrlar
açılıbsa, bizdə də, düşünürəm ki, artıq bu barədə fikirləşmək olar. İki il az
müddət deyil. Biz formadan düşmüşük, təbii ki. Necə ki idmançılar idman etməyəndə
formadan düşür, eləcə də biz tamaşa oynamayanda
formadan düşürük. İstərdim ki, teatrlar tezliklə açılsın. Həm özümüz çox
darıxmışıq, həm də tamaşaçılar sosial şəbəkələrdə yazırlar, darıxdıqlarını
bildirirlər”.
Enerji ala
bilmirik
Aktyor
deyir ki, evdə otura-otura, sanki ruhumuz da qocaldı bu iki ildə: "Teatr bu iki
ildə çox şey itirdi. Tamaşaçını itirdi, gələcəyini itirdi. Bilirsiniz, teatr həmişə
işlək olmalıdır. Teatrlar açılandan sonra, ümumiyyətlə, nə qədər vaxta özümüzə
gələcəyimiz də, yenidən həmin ab-havaya düşə biləcəyimiz də hələ sual altındadır. Amma biz aktyorlar çox
böyük səbirsizliklə teatrların açılmasını gözləyirik. Çəkilişlər var, işsiz
qalmırıq. Amma film və seriallar teatr
deyil, teatr səhnəsi deyil. Enerji ala bilmirik. Bizi yaşadan tamaşaçılardan
aldığımız impulsdur. Bu bizə çox pis təsir edir”.
Xanım
Aydın