“Əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə öyrənmirsən” - Örnək

Peşəsini
sevir. Deyir ki, müəllim atdığı hər addımda işinə vicdanla yanaşmalıdır: "Hər
bir sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda bütün
şagirdlərə nələrisə öyrətmək mümkündür. Məncə, pis şagird yoxdur, sinfi ələ ala
bilməyən müəllim var”.
Müsahibimiz
ucqar kənd müəllimi Mürsəl Behbudludur.
Mürsəl
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının filologiya, Azərbaycan
dili və Ədəbiyyatı fakültəsini bitirib. Öz ixtisasını təkmilləşdirmək üçün
könüllü olaraq müxtəlif layihələrdə, proqramlarda aparıcı layihə koordinatoru
və digər vəzifələrdə çalışıb. 2014-cü ildə imtahan verərək Xocavənd rayon 4
saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub.
Burada iki il işlədikdən sonra 2016-cı ildə yenidən müəllimlərin işə qəbulunda
yerdəyişmə imtahanı verərək Beyləqan şəhər Salman Salmanov adına Tatarlar kənd
orta məktəbində müəllim kimi çalışır.

Mürsəl
deyir ki, əvvəllər özünü müəllim kimi təsəvvür etməyib: "Özümü o sahədə görə
bilmirdim. Uşaqları öyrətmək mənə ağır gəlirdi. Çünki bu zaman yol verilən
boşluq gələcəkdə böyük fəsadlar törədə bilər. Bu məsuliyyəti dərk edirdim və bu,
məni narahat edirdi. Ancaq biliklərimi paylaşmaq, kimlərisə düzgün istiqamətə
yönləndirmək kimi arzularım olub. Bu arzular məni bu sahəyə gətirdi.
Müəllimlərin işə qəbulu imtahanında nəticə göstərərək Xocavənd rayon 4 saylı
tam orta məktəbə düşdüm. Burada daha da uyğunlaşmağa, müəllimliyi sevməyə
başladım”.
"Gənclər ucqar kəndlərdə işləməyə hazırdırlar”
Həmsöhbətimiz
deyir ki, onu bu sahəyə həvəsləndirən təhsil sahəsindəki islahatlardır: "Təhsil
Nazirliyin apardığı xeyli islahatlar oldu və onlardan ən önəmlisi müəllimlərin
işə qəbulu imtahanı idi. İşə qəbul imtahanına biz elektron sayt vasitəsi ilə
sənəd verirdik. Bu imtahandan topladığımız nəticə əsasında da məktəbə müəllim
təyin olunurdu. Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər hazırda
müəllimliyə yüksək səviyyədə həvəs yaradıb. Gənclər hətta ucqar kəndlərdə belə
sevə-sevə işləməyə hazırdırlar. Bu, həm müəllimliyə olan həvəs, həm də
müəllimlik peşəsinin imicinin yüksəlməsi ilə bağlıdır. Mən hazırda rayon
mərkəzindən 25 km
məsafədə olan kənddə işləyirəm. Daha sonra diaqnostik imtahanda Təhsil
Nazirliyi proporsional qaydada maaş sisteminə keçid elan etdi ki, biz artıq
müəllimlərə öz biliyinə görə qiymət verəcəyik. Əvvəllər burada staj, yaş,
hörmət söhbəti var idi. Müəllimlərin "sən hələ çox gəncsən, sənin çox saat
təcrübən yoxdur” söhbətlərinə bununla son qoyuldu. Diaqnostik imtahanda çox bal
toplamış müəllimlər daha çox dərs keçmə hüququna malikdir. Mən də bu imtahandan
50 bal topladım, 37 ixtisas yazdım. Bu hazırkı cədvəl üzrə ən yüksək pillədir”.

Yuxarıda
da qeyd etdiyimiz kimi Mürsəlin öyrətmək arzusu hər zaman olub. Deyir ki,
danışmağın, öyrətməyin ən yaxşı yolu müəllimlikdən keçir: "İnstitutda oxuyarkən
biz tez-tez intellektual yarışlarda iştirak edirdik. Həmin vaxtlar komanda
şəklində oynayırdıq. Belə bir qayda var idi ki, birinci yeri tutan komanda
gələn turun suallarını hazırlayır və aparıcı olurdu. Mən də komandada
oynayırdım və aparıcılıq məqamı mənə çatdı. Aparıcı olanda hiss etdim ki,
nəyisə izah etmək, danışmaq, kütlə qarşısında çıxış etmək həvəsim var.
Öyrətməyin ən yaxşı yolu müəllimlikdən keçdiyi üçün bu sahəyə gəldim. Daha
sonra bu fikirlər daha da möhkəmləndi”.
"Müəllim nümunə olmalıdır”
Müəllimlik
peşəsinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, müəllim dərs dediyi
sinifdə ilk olaraq şagirdlərə, daha sonra əhatəsində olan bütün insanlara
nümunə olmalıdır: "Biz dərsdə şagirdlərə yalnız dərsi öyrətməməliyik. Onlara
dünyagörüşü aşılamalıyıq. Bizim kənd elə bir yerdə yerləşir ki, mərkəzlə əlaqə
o qədər də yoxdur. Gediş-gəliş yolunun üzərində deyil. Yol da sentyabr ayından
salınıb. Əvvəl yollar bərbad vəziyyətdə olduğundan insanlar rayon mərkəzinə çox
gec-gec gəlirdilər. Bu da dünyagörüşündə müəyyən problemlər yaradırdı.
Mövhumatçı fikirlər daha çox olurdu. İndi şagirdlərin ailədən aldıqları
tərbiyəni biz məktəbdə cilalayırıq. Həm dərslər ətrafında aparılan
müzakirələrdə, həm ümumi söhbətlərdə şagirdlər alternativ fikirlər görürlər.
Kəndə hamı bir-birinə qohumdur. Ucqar kəndlərə şəhərdən gələn müəllimlərin
təyin edilməsi çox yaxşıdır. Fərqli fikirli, dünyagörüşlü müəllim məktəbə
müsbət mənada təsir edir. Əsl müəllim ilk növbədə vicdanlı olmalıdır. Hər bir
sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda hamıya
nələrisə öyrətmək mümkündür”.
Mürsəl
deyir ki, məktəblərdə müəllimlə direktorun fikirləri üst-üstə düşməlidir ki,
orada uyğunluq olsun: "Yəni, işçi ilə müdriyyətin fikirləri, dünyagörüşü,
ideyaları üst-üstə düşməlidir ki, orada hansısa bir inkişafdan söhbət getsin.
Biz xeyli sayda tədbirlər etdik, sosial şəbəkədə səhifə yaratdıq. Mütəmadi
olaraq dərsləri, tədbirləri, uğurlarımızı çəkib paylaşırdıq. Bu da məktəbin
imicinin yüksəlməsində önəmli faktordur”.

"Sakit dur”, "danışma”, "oxumursan”
Gənc
müəllimin öz fənnini sevdirmək üçün fərqli üsulları var. Deyir ki, müəllim
sinfi ələ almağı bacarmalıdır: "Şagird psixologiyasını bilmək lazımdır. Müəllim
şagirdin fikrini sona qədər dinləməlidir. Əgər şagird fikirləşirsə ki, onu
dinləyən bir insan var, fikirlərini komplekssiz deyə bilir. Elə şagirdlər var
ki, onlar yaxşı oxumur, tədris nəticələri zəifdir, amma bəzən yaxşı fikir irəli
sürürlər və o fikri dinləyən adam axtarırlar. Adətən "sən sakit dur”,
"danışma”, "oxumursan” kimi sözlərlə şagirdlərə təzyiq göstərilir və onlar da
danışmaqdan çəkinirlər. Çalışıram ki, şagirdlər öz fikirlərini ifadə edə
bilsinlər. Çünki öz fikrini ifadə edən şagirddə səhv və ya düz olsa belə,
müəyyən analizetmə bacarıqları formalaşır. Analizetmə bacarıqları da gələcəkdə
onun müəyyən məntiqi yanaşmasını, özünə inam hissini formalaşdırır. Şagird
düşünür ki, heç də hər zaman səhv danışmır. Bizim sinifdə "Dəniz”, "Xəmsə” kimi
müəyyən qruplarımız var. Şagirdlər arasında sağlam rəqabət var. Bütün qrupla ən
yaxşı nəticəni göstərmək üçün bir-birləri ilə yarışırlar”.
Prokuror, polis, həkim, traktorçu...
Mürsəl
müəllim dərsdə unutmadığıvə başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü:
"Birinci dərs günüm idi. Siniflə tanış olurdum. Onlara hansı peşənin sahibi
olmaq istədiklərini soruşdum. Altıncı sinif şagirdləri idi. Polis, prokuror,
hüquqşünas, həkim kimi fikirlər səsləndirdilər. Bir nəfərə gəlib çatanda dedi
ki, müəllim mən traktorçu olmaq istəyirəm. Dedim niyə? Dedi ki, mən bayaqdan
görürəm hamı polis, prokuror olmaq istəyir. Biz də kənddə yaşayırıq. Hamı
prokuror, polis olsa, bəs bizim bu torpaqları kim şumlayacaq? Traktor mütləq
lazımdır. Mən də traktorçu olacağam. Bu cavab məni təəccübləndirdi. Ondan sonra
fikirləşdim ki, məqsəd tək oxumaq deyil, şagird həyatda düzgün istiqamət almağı
bacarmalıdır. O vaxtdan indiyə qədər həmin şagirdi izləyirəm. Düzdür, dərsə
davamiyyəti yaxşıdır, hər şey qaydasındadır, amma ali məktəbə qəbul olmaq kimi
bir fikri yoxdur. Ona görə də onu peşəyə yönəltmək daha yaxşı olardı. Məncə,
təhsildə də əsas budur ki, şagird düzgün peşə seçməyi də bacarmalıdır”.

"Onlar bizi öz uğurları ilə varlı edəcəklər”
Gənc
müəllim imkansız şagirdlərin universitetə hazırlanması üçün intellektual klub
yaradıb: "2007-ci ildən Mil İntellektual Klubu adlı bir könüllü təşəbbüs qrupu
yaratmışdıq. Bu klubla müxtəlif intellektual yarışlarda iştirak edib,
rayonumuzu təmsil etmişik. İş elə gətirdi ki. bu klubun üzvlərinin böyük
əksəriyyəti müəllim adını qazanaraq müxtəlif orta məktəblərdə əmək fəaliyyətinə
başladılar. Dərs keçən zaman da ürəyimizi ağrıdan bəzi problemlər var idi.
İnsanların təhsilə yanaşması bizi incidirdi. Finlandiya təhsil sistemində belə
bir deviz var ki, əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə
öyrənmirsən. İnsanlarımız da bu cür düşünür, orta məktəbə tramplin kimi baxır,
vaxtı gələndə isə repetitorlara müraciət edirlər. Bu, acı bir faktdır. Ancaq
imkansız ailələr var idi ki, onlar oxumağa həvəsli idilər lakin repetitor tuta
bilmirdilər. Özümüz işlədiyimiz məktəblərdə hər zaman bu cür şagirdlərə dəstək
olmağa çalışmışıq. Ancaq rayon səviyyəsində bu cür insanlara kömək etmək, gənc
müəllimləri bir yerə cəm etmək, təhsilimizə xidmət etmək üçün Mil Tədris
Mərkəzi adlı bir qurumun əsasını qoyduq. Bina kirayələdik, müəllimlər cəlb
etdik və təbliğata başladıq. Bu il bizim mərkəzin ilk fəaliyyət ilidir.
Məsuliyyətli və ciddi kollektivimiz var. 100 nəfərə yaxın şagird mərkəzdə
təhsil alır. Müxtəlif kateqoriyalı ailələr müraciət edirdilər. 2-ci sinifdən
11-ci sinfə qədər hər bir şagirdin təlim keyfiyyətinin yüksəldilməsi üçün
tədris şəraitimiz var. Mərkəzimizdə 10 nəfərə yaxın şagird pulsuz təhsil alır.
İnanırıq ki, onlar gələcəkdə bizi öz uğurları ilə varlı edəcəklər”.
Aygün ƏZİZ
