
Əfsanəvi idmançılar şəhərinin yeni ulduzu - Portret
Gənclik qəzeti
20 İyun 2020, 10:00
10023
Xanoğlan Kərimov: "O
vaxt məşhur taekvondoçularla görüşüb şəkil çəkdirmək istəyəndə, düşünmürdüm
ki..."
Böyük idman tədbirlərində ölkələrin ümumi göstəricisindən əlavə,
bəzən onların müxtəlif miqyaslar üzrə sıralamada hansı pilləni tutması da maraq
doğurur. Necə ki, bizim üçün bir qayda olaraq, keçmiş ittifaq və İslam ölkələri
ilə ayrıca rəqabətin nəticəsi önəm kəsb edib. Planetin ən böyük idman yarışı
olan Yay Olimpiya Oyunlarının yekunlarına əsasən, adətən, hər iki çevrə üzrə
yuxarı mövqelərdə qərarlaşmışıq. Bəs, görəsən, lider olduğumuz hansısa məqam
mövcuddurmu?
Bəli! Ələlxüsus, Rusiya kimi nəhəng idman ölkəsi ilə müqayisədə
fərqlənmək nə qədər mürəkkəb olsa da, biz bunu bacarmışıq. Belə ki, taekvondo
üzrə keçmiş Sovet respublikaları arasında ilk dünya və yeganə olimpiya
"qızıl"ı Azərbaycanın aktivindədir. Üstəlik, mundiallar tarixində ən
çox sayda baş mükafatı məhz bizim taekvondoçular qazanıb. Hərçənd, taekvondo
ölkəmizdə uzun illərdir ən populyar idman növlərindən biri sayılsa da, dayanq
ustalarımız 2004-cü ildən 2012-ci ilədək ardıcıl iştirak etdikləri
olimpiadalarda medal hesabını aça bilmirdilər. Ölkə idmanının parlaq səhifəsi
kimi yaddaşlara yazılan "Rio 2016”-da, nəhayət, "taekvondo
tilsimi"ni də qıra bildik. Təcrübəli azarkeşlərin adını yaxşı xatırladığı
veteran taekvondoçu Rəşad Əhmədovun sayəsində iki dəfə lap yaxınlığınadək
gəlib, son anda həsrət qaldığımız olimpiya mükafatını, birdən-birə üç
təmsilçimiz qazandı. Radik İsayevin olimpiya çempionluğu isə qeyd etdiyimiz
kimi, böyük bir ilk olaraq tarixə yazıldı. Ancaq necə deyərlər, zirvəyə ucalmaq
çətin, onu qoruyub saxlamaq qat-qat çətindir. Əslində, cari olimpiya dövrü
taekvondoçularımız üçün pis keçmədi. Dünya çempionluqları da oldu, digər irili-xırdalı
nəticələr də. Riodan sonrakı illər ərzində yığmanın titullu üzvləri ilə yanaşı,
yeni nəsil taekvondoçular da istər yaş qrupları üzrə, istərsə də böyüklər
arasında iddia ortaya qoyaraq, beynəlxalq miqyasda özlərini doğrultmağa
çalışdılar. Dünya birinciliyinin gümüş medalçısı Xanoğlan Kərimov da belə
idmançılardandır.

"...boy-buxunuma baxıb
dedi ki, elə düz gəlibsən"
2001-ci ilin yanvar ayında Tovuz rayonunda dünyaya gələn Kərimov
Xanoğlan Rafiq oğlu, taekvondo ilə 12 yaşından, Sumqayıt Olimpiya-İdman
Kompleksində, əməkdar məşqçi Vurğun Cəfərovun yanında məşğul olmağa başlayıb.
Sumqayıt şəhər 11 nömrəli məktəbin məzunu olan Xanoğlan, "Taekvondonu
uşaqlıqda izlədiyim döyüş filmlərinin təsiri ilə seçmişəm" deyir:
"Atam cavanlığında boksla məşğul olub. Mənim isə daha əvvəl üzgüçülüyə
həvəsim var idi. Bir müddət gedib-gəlmişəm də. Ancaq bu, ötəri maraq idi. Əsas
arzum döyüş növləri ilə bağlı olub. Karate ilə taekvondo arasında qalmışdım.
Sadəcə, karatedə tam kontakt olmadığı üçün fikirləşdim ki, mənə rahat
olmayacaq. Taekvondo zalına daxil olanda Vurğun müəllim boy-buxunuma baxıb dedi
ki, elə düz gəlibsən.
Mən təzə-təzə nəticə qazanmağa başlamışdım ki, böyük bacım da
həvəslənib taekvondoya yazıldı. Bir ilə yaxın davam gətirdi, bu arada
respublika birinciliyinin gümüş mükafatçısı oldu".

Tunisdə fərqli
əhval-ruhiyyə
Azərbaycan birincilik və çempionatlarında bu vaxtadək qızıl medal
qazana bilməyən Xanoğlan, peşəkar taekvondo məşqlərinə start verməsindən cəmi
bir neçə ay sonra respublika birinciliyinin bürünc mükafatçısı, Nalçikdə
keçirilən ənənəvi "Elbrus kuboku" beynəlxalq turnirin ikincisi
olmuşdu. 2015-ci ildə yeniyetmələr arasında Rostovda təşkil edilən "Qran
Master" yarışının qalibi, gənclər arasında isə 2017-ci ildə Hollandiya və
Avstriyada keçirilən "Open" seriyalı turnirlərinin müvafiq olaraq
qızıl və bürünc mükafatçısı olan Xanoğlan, habelə, Türkiyənin Antalya şəhərində
baş tutan klublararası Avropa çempionatının 45 kiloqramda finalçısıdır. Növbəti
ildə isə o, Tunisdə təşkil olunan gənclər arasında dünya birinciliyindəki
ikincilikdən (51 kq) əlavə, "Sofiya Open"də qızıl, İstanbulun ev
sahibliyi etdiyi klublararası AÇ-də gümüş medala yiyələnib (48 kq). Bundan
başqa, mundialdan az əvvəl elə Tunisdə keçirilən "Buenos-Ayres 2018"
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda da
iştirak edən Kərimov (55 kq), Cənubi Koreya təmsilçisinə son saniyələrdə
uduzaraq, olimpiadaya vəsiqənin bir addımlığında dayanmışdı.

"Onlardan möhtəşəm
motivasiya alıram"
İki ilə yaxındır böyüklərdən ibarət komandaya cəlb olunan 19 yaşlı
taekvondoçu, bu arada Avropa çempionatı və bir neçə "G1" seriyalı
turnirdə sınaqdan keçirilib. Habelə, iki dəfə ölkə çempionatının mükafatçısı
olub. Xanoğlan, Kazanda keçirilən AÇ-də ilk mərhələdəcə uduzmuşdusa, növbəti
yarışlarda bir neçə rəqibini sıradan çıxarmağı bacarıb. "Özünəinamım
sürətlə artır" deyən Kərimov, 2024-cü ildə baş tutacaq Paris
olimpiadasınadək çəkisinin "1 nömrəsi" olmağı hədəf seçib: "Gənclərlə
böyüklərin yarışı arasındakı fərq müqayisəedilməzdir. Öncə çox çətinlik
çəkirdim. İndi isə öyrəşmişəm. Təcrübə böyük faktordur. Mən "Bakı
2015" ilk Avropa Oyunlarında könüllü idim, arenaya dəvət olunan
idmançıların önündə gedib, bayraq lövhəsi aparırdım. O vaxtadək ekran
qarşısından izlədiyim məşhur taekvondoçularla görüşüb şəkil çəkdirəndə
düşünmürdüm ki, yaxın gələcəkdə onlarla döyüşə çıxacağam, bir zalda məşq
edəcəyəm. İndi uşaqlar mənə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər.
Radik, Milad, Ramin Əzizov kimi taekvondoçularla bir yığmada yer
almaq xoşbəxtlikdir. Onlardan möhtəşəm motivasiya alıram".

"Səkkiz ay məşq
olmaz" deyilmişdi, o isə...
Əslində, 7 ilə dayanan karyerası ərzində, yoxuşlu olduğu qədər enişli
yollardan da keçib istedadlı qəhrəmanımız. Hazırda çəkisini 63 kq-dək artıran
Xanoğlan, yaxın illərədək mütəmadi zədələrə yaxalanırmış. Hətta o dərəcədə ki,
həkimlər ona aylarla nəinki döyüşə çıxmağı, məşqlərə qatılmağı belə, tövsiyə
etməyiblər. Ancaq hər dəfə çox qısa vaxtda toparlanmağı bacaran taekvondoçu,
dayanqa dönüşünü medalla əlamətdar edib. Bakıda təşkil olunan ənənəvi
"Koreya səfiri" kuboku da belə nümunələrdəndir: "Ayağım
sınmışdı. Həkimlər ən azı 8 ay məşq etməməli olduğumu demişdi. Amma mən iki aya
məşqlərə başladım. Bir neçə gün sonra yarışa çıxıb, qızıl medal qazandım".
Rəqibin çağırışlarına uymamaq; düşünülmüş həmlələr, taekvondoçuların
diliylə desək, "davadan uzaq" döyüş tərzi. Xanoğlanın dayanq
üzərindəki əsas məziyyətləri bunlardan ibarətdir. "Taktikanı dəyişdiyim
istisna hallarda, bir qayda olaraq uduzmuşam" deyir: "Uşaqlıqdan belə
formalaşmışam deyə, fərqli döyüşə uyğunlaşa bilmirəm. Yadımdadır ki,
Avstriyadakı turnirdə tərzi dəyişməyin acısını çəkmişdim. Ətrafımdakılar da o
fikirdədir ki, bu döyüş tərzi mənə qarşıdakı zamanda da uğur gətirəcək".

Ən yaddaqalan an:
"0-11 geri düşsəm də..."
Bu arada, o, yarışlar vaxtı başına gələn ən maraqlı hadisəni də
bizimlə bölüşdü: "Rostovda yerləşən məşhur "Qran Master"
klubunun açıq birinciliyində iştirak edirdik. Elə oldu ki, avtobusumuz yolda
ləngidi. Yarışın başlamasına çox az qalmış özümüzü arenaya yetirə bildik.
İsinmə hərəkətləri etmədən, bir-iki dəqiqə ərzində tez-tələsik geyinib dayanqa
çıxdım. Nəticədə, rusiyalı rəqiblə görüşün ilk hissəsində 0-11 geri düşsəm də,
sonradan əlavə bir xal belə verməyib, onu məğlub etdim. Yekunda da yarışın
qalibi oldum. Üstəlik, ən texnikalı iştirakçı seçildim. Bəhs etdiyim o rus
idmançı hazırda kifayət qədər titulludur. İkiqat Rusiya çempionu, dünya
mükafatçısı olub".
Portret
Onun böyüyüb boya-başa çatdığı Sumqayıt, ölkə idmanına
saysız-hesabsız məşhur simalar bəxş edib. Qrossmeyster Şəhriyar Məmmədyarov,
"karatenin brilyantı" Rafael Ağayev, paralimpiya əfsanəsi İlham
Zəkiyevin adını çəkmək kifayətdir ki, "gənclik" şəhərinin idman
əzəməti bütün gerçəkliyi ilə göz önündə canlansın. Habelə, keçmiş SSRİ ölkələri
arasında taekvondo üzrə ilk dünya çempionu Niyaməddin Paşayev də elə Sumqayıtın
yetirməsidir. Belə bir nəhəng siyahıya qoşulmaq çətindir, amma əlçatmaz deyil.
Bu, karyerasının başlanğıcında olan, "İndiyəqədərki uğurlarım sadəcə,
stimul əhəmiyyəti daşıyır" deyən qəhrəmanımızın öz əlindədir. Dürüstlük,
təvazökarlıq, ruhun dönməzliyi kimi taekvondonun təməl prinsiplərini özündə
daşıyan Xanoğlan, Azərbaycanın olimpiya qəhrəmanlarından biri kimi adını idman
tarixinə əbədi həkk etdirə bilər.
Sahib
Digər xəbərlər