Ədəbiyyatın yaddaşı
Ekspertlər deyirlər ki, 2021-ci il ədəbiyyatımız üçün çox aktiv,
maraqlı olub. Onların fikrincə, bu il ədəbiyyat, söz adamlarına 2022-ci il üçün
yeni üfüqlər açdı.
05 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə
"Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı mədəniyyətimiz, ədəbiyyatımız,
xüsusən də mənəviyyatımız üçün çox əlamətdar oldu. "Nizami Gəncəvi İli” həm də
"Ədəbiyyat İli” demək idi. Bu il ölkəmizdə dahi ədibin həyat və yaradıcılığı
haqqında çoxsaylı tədbirlər keçirildi və görkəmli şairin ədəbi irsinin dünyanın
müxtəlif ölkələrində yayılması, kitablarının kütləvi tirajlarla çapı ilə yadda
qaldı.
Kitab sərgiləri və iki Xalq şairi itkisi
Ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi etdi. Eyni
zamanda adıçəkilən nazirlik tərəfindən I Gəncə Kitab Sərgisi təşkil olundu.
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı görkəmli söz ustadının yaradıcılığına olan
marağı daha da artırdı. Bu il həmçinin iki dəfə "Qanun” nəşriyyatının
təşkilatçılığı ilə Əl Oyunları Sarayında Milli Kitab Satış Sərgisi baş tutdu. İki
xalq şairi – Musa Yaqub və Fikrət Qocanın vəfatı isə ilin üzücü xəbərlərindən
oldu.
Gənclərin qazandığı mükafatlar
Gənc yazar Ümid Nəccari Belçikanın nüfuzlu
"Bogdani” beynəlxalq mükafatını qazandı. Həmçinin gənc şair Ramil
Əhməd Türkiyədə dünyanın
müxtəlif ölkələrindən təhsil alan 892 tələbənin iştirak etdiyi "Uluslararası
Eser Yarışması”nda "Elma sodası" şeiri ilə 2-ci yeri tutdu, həmçinin
o, Anarın "Çəpəki Yağış" əsərinin tərcüməsinə görə 3-cü yerə layiq
görüldü.
"Yeni dəb”in 6 kitabı,
"Bayraqdar” toplusu
Azərbaycan Dövlət Tərcümə
Mərkəzi 150 cildlik"Dünya
Ədəbiyyatı İnciləri”seriyasını təsis etdi. Beynəlxalq ədəbi əlaqələr
baxımından əlamətdar olan 2021-ci ili Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq
Əlaqələr üzrə katibi, Qəbul komissiyasının sədri, tanınmış şair, tərcüməçi Səlim
Babullaoğlu belə xarakterizə etdi: "Bu il "Yeni dəb” (Dünya Ədəbiyyatı
Kitabxanası) seriyasından 6 kitab çap edildi: Luici Pirandello, Luiza Qlük,
Nikolae Spetaru, Tumas Tranströmer, Nizar Qəbbani, Maqsud İbrahimovun
kitabları. Ukraynanın
Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin
şeirlərinin toplandığı "Vüqarlı Dneprin suları axsın” şeir antologiyası nəşr
olunub. Ukraynada isə azərbaycanlı
nasirlərin Qarabağ haqqındakı nəşr əsərlərindən ibarət "Bayraqdar” adlı proza
toplusu yayımlandı. Rumın şairi Mihay Emineskunun şeirlər kitabı Azərbaycan dilində
yayımlanıb. Seyfəddin
Hüseynlinin redaktorluğu ilə "Dünya Ədəbiyyatı” jurnalının "Pakistan” və "Türkiyə”
xüsusi nömrələri oxucuların ixtiyarına verilib. Türkiyədə "Təmrin” jurnalının
sayları görkəmli alim Şirməmməd Hüseynov
və şair Nurəngiz Günə həsr olundu. 40-dan çox dünya şairlərinin şeirlərini tərcümə
etdim, həmin nümunələr "Ədəbiyyat qəzeti”ndə dərc olundu. N.Gəncəvinin müasiri
olan 10 avropalı şairin şeirlərini də dilimizə çevirdim”.
"Qarabağ dastanı”nın
təqdimatı
AYB-nin Mətbuat Xidmətinin
rəhbəri Xəyal Rza isə baş tutan tədbirlərdən söz açdı: "Bu il Şuşada Vaqif
Poeziya Günləri keçirildi. Biz yazarlar cənab Prezident İlham Əliyevin və
Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə
keçirilən həmin poeziya bayramında iştirak etdik. Bu il həm də Yazıçılar
Birliyinin növbəti qurultayının elan olunması ilə yadda qaldı. Birliyin sədri
Anar müəllim cənab Prezidentdən AYB-nin növbəti qurultayının Şuşada keçirilməsini
xahiş etdi. Cənab Prezident də bu təklifi müsbət qarşıladı. İlin sonuna doğru
pandemiya ilə bağlı qapanmalar qismən yumşalandan sonra bəzi yazarlarımızın
yubileyini AYB-nin Natavan klubunda keçirdik və "Qarabağ dastanı” və Vaqif
Poeziya günləri haqqındakı "Bütün yollar Şuşaya aparır” kitablarının təqdimat mərasimlərini
keçirdik. Cənab prezident bir qrup mədəniyyət adamlarını fəxri adla təltif
etdi”.
"Molla Nəsrəddin” jurnalının
ensiklopediyası
Ədəbiyyat elmindəki yeniliklər barədə isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülnar Səmabəhs etdi: "Bu il institutumuzun "Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi
nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "ASOS indeks” sisteminə daxil
edildi.İlk dəfə olaraq "Molla Nəsrəddin” jurnalının ensiklopediyası
hazırlanıb çap olundu. İnstitut tərəfindən "Azərbaycan ədəbiyyatı tarixi” on
cildliyinin dördüncü cildi nəşr edildi. "Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli
Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz” jurnalı
ilə birlikdə hazırladığı "Nizami Gəncəvi İli” Xüsusi buraxılışlarının təqdimatı
keçirildi. İnstitutda "Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyətə başladı. Akademik
İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı, eyni
zamanda "Nizami Gəncəvi almanaxı”nın ikinci cildi nəşr edildi. "Arı” və "Mirat”
satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında
nəşr edildi. Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının
yeni üzvləri və sədri seçildi”.
Görülən işlərdən də məlum olur ki, 2021-ci il ədəbiyyatımız üçün çox
aktiv, maraqlı olub. Bu il ədəbiyyat, söz adamlarına növbəti il üçün yeni
üfüqlər açdı… Əlbəttə sadalanan işlər üç ədəbiyyat adamının xatırladığı ədəbi
işlər, fəaliyyətlər idi. Nə qədər çox söz adamı danışsa, görülən işlərin
siyahısı da o qədər uzanar...
Hazırladı: Fərid Hüseyn