Ədəbiyyatda virus
Və ya pandemiya eramızdan əvvəl və sonra
Bu gün bütün dünya COVID-19 pandemiyasından əziyyət çəkir. Və bunun yeni bir şey olduğunu düşünənlər, əlbəttə ki, yanılırlar. Dünya yaranandan müxtəlif viruslar, xəstəliklər səbəbindən indiyə qədər milyonlarla insan dünyasını dəyişib. Bu cür viruslar zamanla ədəbiyyatda təzahürünü tapıb, əsərlər yazılıb, onlardan hətta bir çoxu bu gün dünya klassikasının ən gözəl nümunələrindən hesab olunurlar.
Eramızdan əvvəl
Hələ eramızdan əvvəl IX–VIII əsrlərdə Homer "İlliada”sında epidemiyadan söz açır. Əsər Troya müharibəsinin son onilliyində gedən konfliktlərdən bəhs edir. Və həmin zaman taun xəstəliyi dəhşətli dərəcədə yayılıb. Bu xəstəliyi işıq tanrısı Apollon kahinin qızını oğurlayan Arqos hökmdarı Aqamemnonu cəzalandırmaq üçün göndərib. Əsərin ana xətti qarşısıalınmaz bir bəla, böyük miqyaslı ölümlə nəticələnən xəstəlik, fəlakətlə bağlıdır. Sanki burada bəşəriyyətə bir mesaj ötürülür ki, bu cür xəstəliklər insanların bir-birinə qarşı pis münasibəti, etinasızlığı, soyuqqanlılığı, etibarsızlığı və ən əsası da, düşmənçiliyinin nəticəsində yaranır. Düşünürəm ki, süjet xəttində epidemiya olan, bizə qədər gəlib çatan ilk əsər elə "İlliada”dır. Amma bu o demək deyil ki, ona qədər də belə əsər yazılmayıb.
Kilsədə ölüm
İtalyan yazıçısı Covanni Bokkaççonun 1348-1351-ci illərdə yazıb ərsəyə gətirdiyi, dünya klassikasının ən gözəl nümunələrindən biri sayılan "Dekameron”da da yayılan xəstəlik xətti var. Əsərdə hadisələr 1348-ci ildə yayılan, "qara ölüm” pandemiyası adlandırılan taun xəstəliyi vaxtı cərəyan edir. İki həftə ərzində davam edən izolyasiyada qəhrəmanlar mənəviyyat, sevgi, dostluq və ümumiyyətlə, həyat haqqında düşüncələri barədə danışırlar. Burada sanki oxuculara pandemiyaya başqa bir baxış bucağı təqdim olunur. Tibbi biliklərin az olması insanları kilsəyə üz tutmağa vadar edir. Bununla da, həm bir-birləri ilə yaxından təmasda olmaqla, həm də müxtəlif ayinləri yerinə yetirməklə xəstəliyin daha da sürətlə yayılmasına zəmin yaradırlar. İllər boyu qəbul olunmayan, hətta yandırılan bu əsərdə, əslində, müəllif dərk olunmayana, anlaşılmayana görməzə-bilməzə etiqadın, inamın cəfəngiyat və mənasızlığını bildirməyə çalışırdı.
Ölüm qorxusu-qoxusu
Aleksandr
Sergeyeviç Puşkin də pandemiya mövzusundan yan keçməyib. O, 1830-cü ildə "Taun
zamanı ziyafət” birpərdəli pyesini yazır. Pyesin əsas məğzi ölüm qorxusudur. Ölüm qorxusunu obrazların hər
biri müxtəlif cür yaşayır. Kimisi sevir, əylənir, yeyir-içir, kefindən qalmır,
həyatını əvvəlki kimi davam etdirir, kimisi isə həyəcan və narahatlıq keçirir.
Kimisi də kilsələrə üz tutur, gününü Allaha dua etməklə tamamlayır. Allahdan nə
gəlsə, ona şükür edirlər. Bir dəstə adam isə dərdini-sərini şeirlər, nəğmələrlə
tərənnüm edir. Sanki təsəllini bunda görürlər. Digərləri isə ölümlə barışmır. Mənəvi
gücün, inamın sayəsində ölüm qorxusuna qalib gəlirlər. Keşiş isə onları bundan
çəkindirməyə çalışır.
İnsanların
ölümə qarşı münasibətinin fərqliliyinə baxmayaraq, küçədən meyit dolu arabanı keçən
görəndə insanlar əməlli-başlı qorxuya düşürlər və ölümə inanmayanlar da, sanki
ölüm qoxusunu duyur, xəstəliyin mövcudluğuna inanırlar. Maskalı ölüm
Amerika
yazıçısı Edqar Allan Po 1842-ci ildə "Qırmızı ölümün maskası” adlı əsərini qələmə
alır. Əsər daha çox simvolizm üzərində qurulub. Ətrafda tüğyan edən
epidemiyadan – "Qırmızı ölüm”dən qorunmaq üçün şahzadə Prospero saray xadimləri
ilə birlikdə sarayda gizlənir. Orada
müxtəlif rənglərdə bəzədilmiş yeddi zalda maskaradlı ziyafət təşkil
edir. Adi insanlar saray divarları xaricində xəstəlikdən qırıldıqları halda,
bunlar kefindən qalmır, əylənir, xoş gün keçirirlər. Beləcə, sanki pandemiyanın
səngiməsini gözləyir, bu bəladan sağ çıxmaq istəyirlər. Lakin sonda "Qırmızı
ölüm”ə yoluxub dünyasını dəyişənin maskasında içəri daxil olan kəs əvvəlcə
şahzadəni, sonra da bütün saray əhlinin ölümünə səbəb olur. Məlum olur ki, əslində
maskanın altındakı heç də canlı insan deyil. Uşaq qatili
Albert
Kamünün 1947-ci ildə qələmə aldığı "Taun” əsərini qeyd etməmək mümkün deyil. Bəlkə
də, bu mövzuda ən məşhur əsərdir. Əsərin qəhrəmanları – həkim, cinayətkar, məmur,
gənc yazıçı-qrafoman, jurnalist şəhəri qəflətən bürüyən taun xəstəliyinin əsirinə
çevrilirlər. Bu xəstəliyin bir dərmanı, çarəsi olmadığından, yoluxanları izolyasiya
etməkdən və ölənlərin statistikasını aparmaqdan başqa əldən bir şey gəlmir.
Yeni hazırlanmış dərmanınsa heç bir
xeyri olmur, əksinə, üzərində yoxlanılan adamlara daha da çox əzab verir.
Romanda ürək parçalayan bir epizod var: yeni vasitə ilə sağaltmağa çalışdıqları
uşağın əzablı ölüm səhnəsi. Bu, dünya tarixində təsvir olunmuş ən dəhşətli səhnələrdəndir. Qarşıdurma
Epidemiya
ilə bağlı əsərlərin içində Amerika yazıçısı Stiven Kinqin 1978-ci ildə qələmə
aldığı "Qarşıdurma” romanı da özünəməxsusluğu ilə fərqlənir. Əsərdə ABŞ-ın məxfi
laboratoriyasından təsadüf nəticəsində çox təhlükəli virus kənara çıxır. Bu,
böyük bir faciəyə səbəb olur. Belə ki, bioloji silah kimi hazırlanan ölüm saçan
qrip ştammı sürətlə yayılır. Və qısa müddətdə dünya, az qala, bomboş qalır.
Qalan insanlar da iki qrupa bölünür. Bir qrup insanlar əvvəlki ideyalarına
sadiq qalır və o cür də yaşayır. Digər qrup insanlarsa dünyaya hökmranlıq etmək
niyyətində olan "Qara Adam”ın tərəfinə keçirlər. Və beləliklə, qarşıdurma başlayır.Koronavirusun yayılması bu əsəri insanlara xatırladaraq sanki daha da məşhurlaşdırdı. İnsanlar əsərdə təsvir olunan hadisələrlə həyatda baş verənləri tutuşdurmağa başladılar və müəyyən oxşarlıqlardan vahiməyə düşdülər. Çoxsaylı suallara və müraciətlərə cavab olaraq Stiven Kinq şəxsi "Tvitter” hesabında bununla bağlı açıqlama vermək məcburiyyətində qalaraq bildirdi ki, COVID-19, əlbəttə ki, çox təhlükəlidir, amma onun əsərindəki virus qədər ağır deyil. Və hər kəsi ehtiyat tədbirləri görməyə dəvət etdi. Bununla da, insanlar arasında yaranan təşvişi müəyyən qədər sakitləşdirməyə çalışdı.
İspan epidemiyası
Tarixdə ən
kütləvi və ən dəhşətli epidemiyalardan biri I Dünya müharibəsindən sonra
yayılıb. "İspan qripi” adlanan bu virusa dünyada 550 milyondan çox adam yoluxub,
onlardan 100 milyona yaxını vəfat edib. Lakin bu epidemiyadan, vəba və taun
kimi, ədəbiyyatda elə də çox yazılmayıb. Bunun təzahürləri Amerika ədəbiyyatında Avropa ədəbiyyatından
daha çox görünür. Uill Keserin "Bizlərdən biri”, Tomas Vulfun "Evinə bax, mələk”
və s. kimi əsərlərində bu epidemiya haqda məlumatlara rast gəlinir. Vərəmli ədəbiyyat
İspan
epidemiyasına çox diqqət göstərilməsə də, vərəm, ədəbiyyatda böyük marağa səbəb
olub. F.Dostoyevski, L.Tolstoy, M.Lermontov, A.Çexov, İ.Turgenyev və s.
yazıçıların qəhrəmanları vərəmdən əziyyət çəkib. Bunlardan başqa, Balzakın
"Şaqren dərisi”, Dümanın "Kameliyalı qadın”, Çexovun "Saxalin adası”, Moemin
"Sanatoriya”, Tomas Mannın "Sehrli dağ” və s. əsərlərini də misal çəkmək
olar. Vəba epidemiyası da dünya ədəbiyyatında
mövzu olaraq çox işlənib. İvan Turgenevin "Atalar və oğullar”, Fyodor Dostoyevskinin
"Şeytanlar”, Nikolay Qoqolun "Ölü canlar”, Maksim Qorkinin "Orlovlar ailəsi”
buna misal ola bilər. Yalançı virus
Yazıçılar
hər zaman mövcud xəstəliklərdən deyil, bəzən də özlərinin uydurduğu viruslardan
gözəl əsərlər yazıblar. Yuxarıda qeyd etdiyim kimi, Stiven Kinqin "Qarşıdurma” əsəri buna parlaq misaldır. Amma
bundan başqa da ədəbi nümunələr var. Məsələn, məşhur ispan yazıçısı Jose
Saramaqo 1995-ci ildə qələmə aldığı "Korluq” əsərində insan təbiətinin həssaslığını
uydurduğu korluq pandemiyası vasitəsilə ortaya qoyub. Amma bunu müasir dövr
üçün "uydurma” saya bilərik. Sabah nə olacağını isə... Bu günün virusu
Dünya
yaranan vaxtdan bu günə qədər, lap elə əvvəldə də qeyd etdiyim kimi, adını bilib-bilmədiyimiz
saysız-hesabsız viruslar, xəstəliklər yayılıb, milyonlarla insan dünyasını dəyişib.
Bu gün də COVID-19, üstəgəl də, müxtəlif adda və ladda tüğyan edən virusların
insan həyatına təcavüz etdiyi bir dövrdür. Yəni bu cür epidemiya bəşəriyyətdə
ilk hadisə deyil. Və dünyanın buna da qalib gələcəyinə, xilas olacağına
inanıram. Təbii ki, bununla bağlı da dünya ədəbiyyatında yeni əsərlər yaranır və
yaranacaq da. Lakin onların hansılarının klassikaya çevriləcəyi məsələsinə gəlincə,
əlbəttə ki, buna müəyyən qədər vaxt, zaman lazımdır. Xanım Aydın