Əcnəbi gənclər Azərbaycan dilini sevə-sevə öyrənirlər - Reportaj

Şakla
bak, keyir, aylaşın, əy qiz, aziz qunak, mohdaram, azizdarım. Bu sözlərin əslində,
dilimizdə nə yazılışı, nə səslənməsi belədir. Şəkilə bax, xeyir, əyləşin, ay
qız, əziz qonaq, möhtərəm, əzizlərim – deyə yazılır, səslənmə qaydası da hər
birimizə məlumdur. Bizə məlum olsa da, onlar Azərbaycan dilini hələ indi öyrənirlər,
zarafatla desək, qolunu-qıçını sındıra-sındıra, amma böyük zövqlə deyib, gülə-gülə...
Qeyd
edim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əcnəbi gənclərin Azərbaycan
dili öyrəndiyi dərsdə iştirak edirik. Biz olduğumuz qrup yeni idi, ötən aydan
dilimizi öyrənməyə başlayıblar. Amma özlərini təqdim edə bilirlər, "salam-sağ
ol” səviyyəsində danışırlar, yaxşı sözünü "yakşi” deməkləri də ki öz yerində.
Gülə-gülə yoldaşlarının səhvini düzəldirlər.
Elə ilk
təəssüratdan da hiss olunur ki, dili daha tez mənimsəyənlər də var, bir az zəif
olanlar da. Amma ümumilikdə, artıq ilkin danışıq üçün lazım olan səviyyəyə
çatıblar.
İlkin
söhbətdən sonra dərsə keçirlər. Feilləri şəxsləndirirlər, bu əslində kənardan
bir az qəliz görünsə də, şəxsləndirmə cəhətdən elə bir problem yaşadıqlarını
görmədim. Lövhəyə çıxan nə isə tərəddüdlü olanda, yerdəkilər ona kömək edirdilər.
Sonra saylara keçdilər. Sadəcə saymağı yox, artıq riyaziyyatda istifadə, danışa
bilinəcək səviyyədə öyrənirlər. Toplama, çıxma zamanı rəqəmlərdən istifadədə də
zəif görünmürlər.
Sonra ev
tapşırıqlarına keçirlər, əsas tapşırıq ingilis dilində yazılan bəzi sözlərin Azərbaycan
dilində tərcüməsi və düzgün səsləndirilməsi idi. Bax burda dərsə əlavə bir əhval
gəlir. Oxuyan adam səhv dediyi üçün bir az pis olur, digərləri də gülə-gülə
yoldaşlarının səhvini düzəldir. Aura o qədər gözəldir ki, adam dərsdən çıxmaq
istəmir, hətta deyərdim ki, bu dərsdə
iştirak edən qocalmaz.

Xoşuna gələn söz
Dərsin
bitməyini gözləyirik, çünki həm də onlarla söhbət edib təəssüratlarını öyrənəcəyik.
Dərs sona çatır, onlar ev tapşırıqlarını götürüb, müəllimlərinə müəyyən suallar
verirlər. İlk həmsöhbətimiz qrupda ən aktiv tələbələrdən olan Səriş Patresdir. Pakistan vətəndaşı
olan Sərişin 17 yaşı var, o bacısı ilə birlikdə Azərbaycan dilini öyrənir. Bacısı
danışmağı sevməsə də, özü fikirlərini bizimlə bölüşdü. Deyir ki, Azərbaycan
dilini öyrənmək heç də asan deyil: "Bəzən asan gəlir, bəzən çətin. Nəticədə
xarici dildir, çətinlik olması da normaldır. Bunları da dərsdə öyrənirik”.
Sərişin ən
çox işlətdiyi və belə desək, xoşuna gələn söz "Hardasan”dır. Müsahibə və dərs
prosesində bu sözü tez-tez təkrarladı. Ən qəribə gələn söz isə "təyyarə”dir.
Bunun izahını tam verə bilməsə də, bildirdi ki, bu sözü eşidəndə ona çox
maraqlı gəlib.

"Yakşi, qardaş”
Əmir Şəfiq də pakistanlıdır, 22 yaşı var. İki aya yaxındır ölkəmizə gəlib.
"Azərbaycan dilini öyrənə bilirsiz” sualımıza "Maşallah” cavabı verdi: "Az-az
öyrənirəm, çətin nəsə görmürəm. Çətin olan bircə evimin uzaqda olmasıdır
(Gülü). Günəşlidə qalıram, ordan şəhərin mərkəzinə yol uzaqdır, əsas çətinliyim
odur, çünki yolda çox vaxt keçir. Dili öyrənmək problem deyil”.
Əmirin
Azərbaycan dilində deyəsən, ən çox "yaxşı, qardaş”ı sevib, o bu sözü "yakşi,
qardaş” kimi səsləndirir: "Bu sözlərin səslənməsi xoşuma gəlir. Azərbaycanlılar
özü də yaxşıdır. İlkin olaraq bizə elə sözlər öyrədilib ki, burda özümüzü idarə
edə bilək. Mağazalarda alış-veriş edəcəyimiz səviyyədə fikrimizi ifadə edirik”.

Dərsdə keçdiklərimizi azərbaycanlılarla danışdıqca
təkmilləşdirəcəm
Amid Aşanti Şri-Lankadan gəlib. Ona ilk sualımız "neçə yaşın var oldu”.
Sualı Azərbaycan dilində verdik, o isə cavabında yaxşı olduğunu bildirdi. Hiss
olundu ki, öyrənməyə təzə başlayıb, ona görə sözləri qarışdırır. 29 yaşlı Amid
tələbədir, deyir ki, qrupdakılardan bir az gec gəlib, ona görə müəyyən qədər zəif
ola bilər: "Amma artıq öyrənməyə başlamışam, yavaş-yavaş nəticə də olacaq. Azərbaycanlı
tanışlar da var, burda dərsdə keçdiklərimizi onlarla danışdıqca təkmilləşdirəcəm”.
Tejpal Sinq hindistanlıdır. O, Azərbaycana idman karyerasını davam etdirmək
üçün gəlib, buna görə də dilimizi öyrənməyə başlayıb. Lakin sonra məşğul olduğu
idman növünün bizdə olmadığını görüb: "Kriket idmanı burda məşhur deyil. Amma hələ
ki burdayam, işləmirəm, dili öyrənirəm. Burda azərbaycanlı dostlarım da var,
bir az ingilis, bir az Azərbaycan dilində danışıb, bir-birimizi başa düşürük.
Yeməklərinizi də elə, bir az sizdən, bir az bizdən uyğunlaşdırıb yeyirəm”.

Bir tapşırıq verirəm, bir neçəsini hazırlayıb gətirirlər
Tələbələrlə
söhbətimizi bitiririk, dərsləri də qurtardığı üçün kollektiv şəkillərini çəkdikdən
sonra gedirlər. Sonra müəllimləri Könül
Abdullayeva ilə söhbətləşdik. Könül xanım deyir ki, əcnəbi tələbələr
dilimizi çox həvəslə öyrənirlər: "Onlarla işləməkdən zövq alıram. Dərs çox
pozitiv keçir. Dərsdə xoş aura olmasa, mən dərs keçə bilmirəm, onlarda da bu
var. Həm də çox mədənidirlər. Qəribdirlər, adama ana gözü ilə baxırlar, nə
tapşırsam, "baş üstə” deyirlər. Bir tapşırıq verirəm, bir neçəsini hazırlayıb gətirirlər.
Həvəsli olmaqları adama stimul verir”.
K.Abdullayevanın
sözlərinə görə, əcnəbi tələbələr "ı”, "ğ”, "x”, kimi Azərbaycan dilindəki
spesifik səsləri öyrənməkdə çətinlik çəkirlər: "Bəzən "ı” səsinin düzgün səsləndirmələri
üçün 5 dəqiqə vaxt sərf edirəm. "Ü”nü deyə bilmirlər. Belə çətinlikləri olur. Doğma
dilləri olmadığı üçün bir az çətinlikləri olacaq. Amma mən onların məcbur yox,
sevə-sevə dilimizi öyrənmələrini istəyirəm. Məqsədim bu dili onlara sevdirməkdir.
Özləri də həvəslidir, hələ dərsi buraxan olmayıb. Şri-Lankadan olan tələbə
hamamda yıxılmışdı, axsaya-axsaya dərsə gəlmişdi”.

"Hamısında ingilis ləhcəsi fərqlidir”
Müəllim
deyir ki, əcnəbi tələbələrə dil öyrətmək heç də asan deyil: "Onlara yazılı
formada öyrətmək asandır, çünki şifahidə çətin olur. Yazılıda hər şey görünür.
Hərəsi bir ölkədən gəlib, hamısında da ingilis ləhcəsi fərqlidir. Eyni dildə
danışsalar, da bəzən bir-birlərini başa düşmürlər. Ona görə yazaraq izah edirəm”.
K.Abdullayeva
qeyd etdi ki, ilk dərslərdə əcnəbi gənclərə onlara burda lazım olacaq danışıq
sözlərini öyrədir, sonra ümumi dili öyrənməyə keçirlər: "Görünüşlərindən
çoxunun əcnəbi olduğu bilinir, yolda adi adamlar soruşa, polis saxlaya bilər.
Buna görə özlərini təqdim etməyi öyrədirəm. Yolu aza, yaxud çətin duruma düşə
bilərlər. Buna görə müraciət formasını, kömək istəmək üçün lazım olan bilikləri
izah edirəm. Bu qrup yenidir, amma kiçik dialoqlar qururlar, özlərini tanıda
bilirlər. Bir də alış-veriş üçün ərzaqların filan adlarını, qiymətini soruşmağı
da əvvəldən öyrənirlər. Sonra artıq ümumi dilini öyrənməyə başlayırıq”.
Müəllim
kimi, biz də dərsdən müsbət enerji aldıq.
Aygün
Asimqızı





