• şənbə, 20 Aprel, 01:07
  • Baku Bakı 15°C

Döyüş meydanından yaşıl meydana - Portret

22.06.19 10:00 5669
Döyüş meydanından yaşıl meydana - Portret
"Ayağımı itirmişəm" deyə bilmirəm. Vətən uğrunda fəda edilən heç nə itki sayılmamalıdır".

Rubrikamız üçün müsahib seçimində Olimpiya Oyunları, dünya, Avropa çempionatlarının mükafatçılarına üstünlük versək də, bu və digər mötəbər beynəlxalq yarışlarda sadəcə, iştirak təcrübəsi olan idmançılara da diqqət ayırmışıq. Budəfəki qəhrəmanımızın isə ümumiyyətlə, qitə miqyaslı turnirlərə qatılmaq fürsəti olmayıb. Lakin o, heç bir mükafatla müqayisə olunmayan, istənilən çempionluqdan daha ucada dayanan ada sahibdir. Beləliklə, II qrup müharibə əlili, ehtiyatda olan gizir,"Qarabağ qaziləri" amputant futbol komandasının üzvü Eşqin Hüseynovdan bəhs edirik.

Nümunəvi kəşfiyyatçı

Hüseynov Eşqin Seyfəddin oğlu 10 oktyabr 1984-cü ildə Lerikdə anadan olub. Orta təhsilini rayonunun Günəşli kənd orta məktəbində alan qəhrəmanımız, fiziki tərbiyə və hərbi hazırlıq dərslərini əla, digər fənləri isə orta və kafi qiymətlərlə oxuyub. Fiziki göstəriciləri ilə yaşıdlarından seçilən Eşqin, uşaqlıqdan elə hərbçi olmağı qarşısına məqsəd qoyduğundan, təhsilini bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib. Lakin arzuolunmaz vəziyyətlə üzləşib. Belə ki, qabiliyyət imtahanından uğurla keçsə də, sənədlərini itirdiyinə görə, test imtahanında iştirak edə bilməyib. 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılan Hüseynov, növbəti il Xüsusi Təyinatlı Qüvvələrin kursunu uğurla bitirərək, burada gizir kimi xidmətə başlayıb. XTQ-nin sıralarında qulluq etdiyi 12 il ərzində o, bir çox uğurlu əməliyyatların iştirakçısı olub. Xidmətlərinə görə, 2008 və 2013-cü illərdə, müvafiq olaraq, "Silahlı Qüvvələrin 90 və 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2013-cü il onun üçün həm də "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla əlamətdar olub.


2015-ci il, aprel ayının 6-da, gecə saat 3 radələrində düşmən arxasında döyüş tapşırığını yerinə yetirərkən, baş verən mina partlayışı nəticəsində, qəhrəman gizirimiz ağır yaralanır. Nəticədə, sağ ayağını itirən Hüseynov, bu hadisədən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III və II dərəcəli medal ilə təltif edilir. 2017-ci ilin iyununda isə "Vətən naminə" medalına layiq görülür. Təfərrüatlarını və bərpa prosesini öz dilindən oxuyaq: "Məsafə uzaq olduğundan, həyatım təhlükədə idi. Qrup yoldaşlarım ağrıkəsici vurdular, birtəhər qanaxmanı dayandırdılar. İki saat sonra məni Əhmədbəylidə yerləşən hospitala çatdırdılar. Axşam orada ilk əməliyyatım baş tutdu. Sabahı gün vertolyotla Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldım. On gün reanimasiyada qaldım. Hadisədən 43 gün keçəndən sonra isə məni evə buraxdılar. Protezləşmə 7-8 ay çəkdi. Bu arada ruh düşkünlüyü yaşadım, özümə qapandım. 13 ilə yaxın XTQ-də xidmət edən, dağda-daşda ömür keçirən biri üçün bu, belə davam edə bilməzdi. Amerikada və dünyanın müxtəlif yerlərində yaşayan amputasiya olunmuş əsgərlərin sonrakı həyat fəaliyyəti, əlilliyi olan idmançılarla maraqlandım. Bu hekayələr həyat eşqimi yenidən alovlandırdı. Qərara gəldim ki, gec olmadan aktiv həyata dönüm. Beləcə, üz tutdum Milli Paralimpiya Komitəsinə".


Yarımçıq ağırlıqqaldırma karyerası

Pauerliftinq (ağırlıqqaldırma) üzrə hazırlıqlara başlayan Hüseynov, qısa vaxtda göstəricilərini xeyli yaxşılaşdırır. 140 kiloqramadək çəkini ram edir ki, bu, ona respublika çempionatında fərqlənmək imkanı yaradır - gümüş medal. Bu arada o, Türkiyədə keçirilən təlim-məşq toplanışına da göndərilir. Lakin növbəti respublika çempionatında çiynindən aldığı zədə Eşqinin pauerliftinq karyerasının üstündən xətt çəkir.

Para-paerliftinq komandamızın baş məşqçisi İlqar İbişov: "Desəm ki, "hər şey əla cərəyan edirdi", yalan olar. Çünki yaşı başlanğıc üçün bir az çox idi. Amma çalışqanlığı ilə müəyyən bir səviyyəyə gəlib çatmışdı. Qalsaydı, Tokiodan sonrakı oyunlara lisenziya uğrunda mübarizə apara bilərdi".


"İnanmazdım ki, bir insan əsa ilə gözəl futbol oynayar"

Daha əvvəl pauerliftinqlə məşğul olub, oxşar halı yaşayan digər fiziki məhdudiyyətli idmançılarımız kimi, Eşqin də ruhdan düşmür. Şansını digər növdə sınamaq qərarına gəlir. Lakin həmkarlarından fərqli olaraq, yay paralimpiya növlərindən birinə deyil, Azərbaycanda yeni yaranan amputant futbola üz tutur. Əslində, bu barədə o, hələ iki il əvvəl düşünürdü: "Pauerliftinq komandası ilə Türkiyədə təlim-məşq toplanışında olanda yerli futbolçuların çalışmalarını görüb, heyrətlənmişdim. Onadək inanmazdım ki, bir insan əsa ilə gözəl futbol oynamağı bacarar. Düşündüm, bizdə olsa, mən də özümü sınayardım. Qayıdandan bir müddət sonra eşitdim ki, Türkiyə Avropa çempionu olub. Oyunlarını izlədim, daha da həvəsləndim. Lakin mənə deyəndə ki, bizdə də komanda yığılır, pauerliftinqi yarımçıq qoyub, gedə bilmədim. Üstəlik, çəkim də çox idi".

Eşqin altı aydır ki, futbolla məşğul olur. Həftədə üç-dörd dəfə olmaqla, Abşeron Olimpiya İdman Kompleksinin stadionunda hazırlıq keçir. 104 kq çəki ilə məşqlərə başlayan Qarabağ qazisi, hazırda 90 kiloqrama düşüb. Əvvəl stadionda bir dövrə qaçmaqda çətinlik çəkirdisə, indi altı-yeddi dövrəni rahatlıqla qət edir. Bu vaxtadək Türkiyə və Gürcüstanla beynəlxalq yoldaşlıq görüşləri keçirən "Qarabağ qaziləri"nin heyətində yer alan Hüseynov, hazırda müdafiəçi mövqeyində oynayır. Futbolçu karyerasına bir qədər gec başlasa da, yaşıl meydanla tezliklə vidalaşmaq istəmir. "Nə qədər canımda qüvvət var, vətənə xidmətimi bir ayaqla da davam etdirəcəyəm" deyir.


Avropa çempionatına doğru

Yeni yaradılmasına baxmayaraq, komandamızın yaxın illər ərzində qarşıya qoyduğu məqsədlər böyükdür. Bu barədə Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyasının vitse-prezidenti Elmar Hüseynovla söhbətləşdik. Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Hüseynov bildirdi ki, bu gün üçün əsas hədəf Avropa çempionatında uğurlu çıxış etməkdir: "Çox maraqlıdır ki, komandamızda daha təcrübəli oyunçular olsa da, Eşqin diqqət mərkəzindədir (gülür). Görünür, fərqlilikləri sizlərin də diqqətindən qaçmır. O, bizə qoşulan ərəfədə Türkiyə ilə oyuna hazırlaşırdıq. Cəmi bir ay vaxtımız vardı. Dedim, Eşqin, bu müddətdə sənin komandaya düşməyin mümkünsüzdür, hazırlaş, inşallah, gələn oyunlarda iştirak edərsən. Lakin bütün proqnozları alt-üst edib, qısa vaxtda elə bir irəliləyişə nail oldu ki, biz onu da özümüzlə Türkiyəyə apardıq. Əsas heyətdə yer aldı, oyunun ən yaxşılarından oldu. Komanda ilə işləmək bacarığına görə, hər kəsə nümunədir. Ən kritik məqamlarda belə, əhval-ruhiyyəsini dəyişmir. Eşqinə "dinamik bombardmançı" ləqəbini əbəs yerə verməmişəm.

Qarabağ qazisi Rövşən Quliyevin təsis etdiyi federasiyamız "Aprel döyüşləri"nin ikinci ildönümündə yaradılıb. Dövlətin də dəstəyi ilə qısa vaxtda əhəmiyyətli işlər görmüşük. Ən əsası, beynəlxalq federasiyalara üzvlüyümüz təsdiqlənib. İndi bütün diqqətimizi Avropa çempionatına yönəltmişik. İlk iştirakımız olsa da, minimum nəticə ilə kifayətlənmək niyyətində deyilik. Seçmə mərhələdə Türkiyə, Rusiya kimi güclü yığmalarla bir qrupda yer almağımıza rəğmən, uğurlu çıxışa ümid edirik".


"O, heyətdə olmayanda..."

Futbol Eşqin üçün yad idman növü deyil. Uşaqlıqdan futbola böyük həvəsi olub, məktəb-məhəllədə daim top qovub, üstəlik, hərbi hissənin komandasında aparıcı oyunçulardan biri kimi ad çıxarıb. Bəs maraqlıdır, hansı klublara azarkeşlik edir, kumir seçdiyi futbolçu kimdir?

- Komandamızın əksər üzvləri kimi, mən də "Qarabağ"a azarkeşlik edirəm. Rəşad Sadıqov və Qara Qarayevlə yaxın münasibətlərimiz var. Tez-tez hal-əhval tuturuq. "Real Madrid" isə uşaqlıqdan sevib-seçdiyim klubdur. Lakin hamı kimi Kriştiano Ronaldonu deyil, Benzemanı daha çox bəyənmişəm. Çünki əsl komanda oyunçusudur. O, heyətdə olmayanda oyuna marağım itir. Küsürəm, hətta "Barselona" ilə oynasalar belə, baxmıram".

Portret

Göründüyü kimi, son dərəcə pozitiv, məqsədyönlü insandır qazimiz. Başına gələn bədbəxt hadisədən sarsılmayan, vətənə xidmətini davam etdirmək üçün daim yeni yollar axtaran Eşqin, döyüş meydanından yaşıl meydana doğru uzanan həyat hekayəsi ilə "Azərbaycan hərbçisi necə olmalıdır" sualına ən mükəmməl cavabdır. Bizə isə qürur duymaq, atdığı addımların izini itirməmək düşür.

Sahib



banner

Oxşar Xəbərlər