Dünyanın ən böyük ada ölkəsindən dəvət alan məşqçi - Portret
Xaricdə
çalışacaq azsaylı mütəxəssislərimizdən olan Ziya Rəcəbov yığmaya niyə
çağırılmayıb?
Azərbaycanın idman uğurları
əsasən təkmübarizəli növlərin payına düşür. Dünyanın ən yaxşılarından hesab
edilən, olimpiadalarda daim üzümüzü güldürən güləşçilərimiz, cüdoçularımız,
boksçularımız olub, var və bundan sonra da olacağına şübhə etmirik. Komanda
növlərindəki uğurlarımızdan söz düşərkən isə ağıla, öncə voleybol gəlir. Hələ
SSRİ dönəmində bakılı, torpağımızın yetirməsi olan İnna Rıskal öz parlaq oyunu
ilə dünyaya səs salıb, dövrünün ən böyük voleybol ulduzlarından biri sayılıb.
Müstəqillikdən sonra klub səviyyəsində "Çağırış" və CEV kuboku, o
cümlədən Çempionlar Liqasında xeyli sayda ciddi nailiyyətlər qazanmışıqsa,
yığma olaraq dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələlərində
təmsil olunmuşuq. Lakin sadalananların hamısı bir qayda kimi, qadın
voleybolçularımızın sayəsində baş verib. Kişilərdən ibarət komandalarımız isə
zaman-zaman digər yarışlarda diqqətləri üzərilərinə çəkə biliblər ki, bu mənada
ilk olaraq onların 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarında ikinci yeri tutduqlarını xatırlatmalıyıq. Bu yaxınlarda kişi
voleybolu ilə bağlı bir əlamətdar hadisə də yaşandı. Belə ki, ölkənin tanınmış
voleybol mütəxəssislərindən sayılan Ziya Rəcəbov İndoneziyanın
"Cakarta" klubuna baş məşqçi təyin olundu. Bunadək qadınlardan ibarət
"Azəryol", "Lokomotiv" kimi klubların sükanı arxasında olan
gənc çalışdırıcı, ölkə xaricində fəaliyyət göstərəcək nadir voleybol
mütəxəssislərimizdəndir. Odur ki, Rəcəbovu bir qədər də yaxından tanımaq
vaxtıdır.
Ata
və əmisinin izi ilə
14 avqust 1982-ci ildə
Ağsuda, idman ənənəsi olan ailədə dünyaya göz açan Ziya Rəcəbov, orta
təhsilinin ilk altı ilini doğma rayonunda alıb, sonradan isə Bakıya köçərək, 18
saylı məktəbi bitirib. Ağsuda üç ilə yaxın sambo məşqlərinə gedən Ziya, vaxtilə
atasının və əmisinin də məşğul olduğu voleybolun sıralarına elə 18 saylı
məktəbdə qoşulub. Belə ki, o, hələ uşaqlıqdan həvəs göstərdiyi bu növlə 10-cu
sinifdən, məktəbin idman müəllimi İqor Kutukovun rəhbərliyi altında
professional məşğul olmağa başlayıb. Yeniyetmə ikən müxtəlif komandalara dəvət
alıb, nəinki öz yaş qrupu üzrə, gənclər arasında müxtəlif yarışlara qatılaraq,
bir sıra uğurlar qazanıb. Peşəkar karyerasına 2000-ci ildə, birinci liqada
çıxış edən "Şimşək" komandasında başlayan Rəcəbov, 2003-2004-cü
illərdə yüksək liqada çıxış edən "Loğman" klubunun şərəfini qoruyub.
Habelə, "Cəlilabad", "Şəki", "Masallı" kimi bölgə
klublarının da heyətində yer alıb. 2004-cü ildə "Metropoliten"
klubuna keçib. Hərbi xidməti bitirdikdən
sonra 2008-ci ildə "Neftçi" klubunda çıxış etməyə başlayıb.
Voleybolçu karyerasını da 2014-cü ildə bu klubda bitirib. "Şimşək"lə
2000/2001 mövsümündə Birinci liqanın qalibi, 2001-ci ildə "Bahar"
kubokunun bürünc mükafatçısı olubsa, 2005-ci ildə "metroçular"la,
2009-dan 2014-dək ardıcıl altı mövsüm "Neftçi"də ölkə çempionatının
baş mükafatına sahib çıxıb.
"Havayı
xərc çəkməyin, onsuz da..."
Voleybol, məşqlər, yarışlar
öz yerində, qəhrəmanımız, daşıdığı adı da doğrultmağa çalışıb. Dediyinə görə,
valideynləri həmişə təhsili daha üstün tutub, onu idmandan çəkindirməyə
çalışıblar: "Tarixi, ədəbiyyatı çox sevirdim. Bir müddət üçüncü qrupa
hazırlaşdım, amma sənədlərimi dördüncü qrupa vermək qərarına gəldim. Çünki
idmana çox bağlanmışdım. Lakin valideynlərim idmanı davam etdirməyimi
istəmirdilər. Onlar təhsilimdə daha maraqlı idi. Hətta bir gün ingilis dilindən
hazırlıq müəllimim aylıq pulu qaytarıb demişdi ki, havayı xərc çəkməyin, onsuz
da oxumur. 1999-cu ildə sənədlərimi İdman Akademiyasına verdim, amma kəsildim.
Növbəti il də alınmasaydı, hərbi xidmətə gedəcəkdim. Düşünürdüm ki, sonra çətin
olacaq, maraq qalmayacaq. Qarşıma məqsəd qoydum, nəhayət, qəbul oldum".
"Legionerlərdən zəif olmamışam"
22 ildir voleybola bağlı
olan, idmançı karyerasını 32 yaşında bitirən Ziyanın, məşqçilik təcrübəsinin
bünövrəsi bundan 4 il əvvələ dayanır. Belə ki, Rəcəbov, 2010-cu ildə "Şirvan”
komandasında baş məşqçi Adnan Küstahın köməkçisi təyin olunub. Ümumilikdə,
məşqçi assistenti kimi qadınlardan ibarət "Rabitə" klubu ilə klublararası
dünya çempionatının qalibi, Çempionlar Liqasının gümüş və bürünc, ölkə
çempionatlarının isə 4 dəfə qızıl mükafatçısı olan Ziyanın idmançı karyerasında
təzadlı məqamlar da yetərincədir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi,
oynadığı klublarda uğurlarının sayı-hesabı olmasa da, o, heç vaxt yığmaya dəvət
almayıb. Səbəbini belə izah edir: "Ölkənin əksər klublarında oynamışam.
Həmçinin çimərlik voleybolunda da nəticələrim az deyil. Amma hər dəfə boyumu və
digər səbəbləri əsas gətirib, süni əngəllərlə əsas yığmaya gedən yolumu kəsiblər.
Halbuki yığmaya gətirilən rusiyalı, ukraynalı, gürcüstanlı legionerlərdən heç
də zəif olmamışam. Deyərdim ki, onlardan üstün oynamışam”.
Verilən
qurbanlar
"Mən voleybolu çox
sevmişəm, bəzən lap həyatımın mərkəzinə qoyub, çox qurbanlar vermişəm. Ümumiyyətlə,
voleybol, ya digər idman növü, fərqi yoxdur, ilk şərt sevgidir, lazım gəlsə,
nələrdənsə keçməkdir. Bu, elə idman növüdür ki, əksəriyyətin marağını cəlb
edir. Lakin hər kəs məşğul ola bilməz. Boy, birbaşa vacib amildir. Amma hərdən
elə bəstəboy adamlar olur ki, sevgisi, əzmi sayəsində komandanın liderlərindən
birinə çevrilir. Mən belə halları çox görmüşəm. Sadəcə, inanmaq, imkan yaratmaq
lazımdır".
"Anam
sağ olsun"
Baş məşqçi kimi
"Azəryol"la CEV
kubokunun bürünc mükafatçısı olub, "Lokomotiv"lə ölkə çempionluğu
yaşayan 37 yaşlı Rəcəbov, 1 mövsümlük müqavilə bağladığı İndoneziya klubunun
sükanı arxasına dekabrda keçəcək. Əvvəlki illərdə amerikalı Loqan Tom,
braziliyalı olimpiya çempionu Marianne Şteynbreher, dominikanlı Betanya de La Kruz kimi tanınmış voleybolçuların
da formasını geyindiyi paytaxtın eyniadlı təmsilçisinin qarşısına yenə iddialı
çıxış tələbi qoyulub. Yeri gəlmişkən, klub, Rəcəbovdan sonra yığmamızın
kapitanı Odina Əliyevanı da heyətə qatıb.
"İndiyədək ölkə xaricindən bir neçə təklif gəlib, hər dəfə geri
çevirmişəm" deyən Ziya, heç idmançı kimi də legioner həyatı yaşamayıb. İlk
olduğunu nəzərə alsaq, dünyanın ən böyük ada ölkəsinə köç öncəsi üzərində
müəyyən dərəcədə həyəcanın olmasını düşünmək olar. Lakin Ziya fərqli
fikirdədir: "Bir az götür-qoy etdim və qərara aldım ki, artıq vaxtdır,
karyeramın yüksəlişi üçün bunu etməliyəm. İndoneziyaya indidən ikinci vətənim
kimi yanaşmağa başlamışam. Həm də müsəlman ölkəsidir deyə, düşünürəm, elə ciddi
fərqlər olmayacaq. Belə məqamlarda çox adamı, adətən mətbəx məsələləri
qayğılandırır. Məndə isə belə problem olmayacaq. Özüm yaxşı yeməklər bişirirəm.
Anam sağ olsun, hamısını öyrədib".
Faiq
Qarayev haqqı
Qeyd etdiyimiz kimi, ölkə
voleybol tarixində çox az sayda mütəxəssisə vətəndən kənarda çalışmaq qismət
olub. Xatırladaq ki, Ziyayadək Faiq Qarayev, mərhum Aleksandr Çervyakov kimi
tanınmış simalar, o cümlədən, Vüqar Əliyev Türkiyə və İsraildə məşqçilik
təcrübəsi yaşayıb.
Yeri gəlmişkən, 37 yaşlı qəhrəmanımız qazandığı uğurlarda Faiq Qarayevin rolunu
vurğulamağı özünə borc bilir: "Mənə dəstək olan insanlar çox olub. İlk
növbədə Faiq Qarayevin adını deyə bilərəm. Faiq müəllim həmişə mənə dəstək
olub, güvənib. Bugünkü uğurlarıma görə ona borcluyam".
Mədinənin
voleybol sevgisi
Ailəli, iki övlad atası
olan Rəcəbov, qızları Solmaz və Mədinəni də voleybola cəlb edib. Belə ki,
onların hər ikisi atalarının voleybol akademiyasında dərs alır. Bəs görəsən,
onlar ailədəki voleybol ənənəsini davam etdirəcəkmi?
Ziya, Mədinənin daha istəkli olduğunu deyir: "Böyük qızım Solmaz
vunderkinddir. Üç yaşından kitab oxumağa başlayıb. Mədinə oxumur, voleybola
daha həvəslidir. Sözün düzü, ağır dərs yükünü atmaq üçün onları voleybola
gətirmişəm. İndi nəsə demək çətindir. Hər şeyi zaman göstərəcək. Amma məncə,
kiçik qızım ardını gətirəcək".
Portret
"Tükənməz
enerji", "voleybolumuzun ən pozitiv adamı". Haqqında belə
fikirləri tez-tez eşitmək olar. Nikbinliyini itirməyən, harada olmasından asılı
olmayaraq, ətrafını şənləndirməyi bacaran Ziya, sevir, sevilir. "Həyat
gözəldir" deyimi boyuna biçilib sanki. Dediyinə görə, xanımlarla çalışmaq
daha çətindir: "Səsini bir az yüksəldən kimi küsürlər. Amma bu idmandır,
emosiyasız keçinmək mümkün deyil. Ən xırda detallara da fikir verməyə çalışıram
ki, aramızda inciklik olmasın. Kollektivdə xoş əhval-ruhiyyə, anlayış uğurun
bir nömrəli şərtidir".
Sahib