• cümə, 27 Dekabr, 05:26
  • Baku Bakı 9°C

Dünyanı biz təmin edirik, amma...

27.04.24 03:08 3776
Dünyanı biz təmin edirik, amma...

Azərbaycan fındıq istehsalı üzrə ixtisaslaşmış ölkələrdəndir. Hətta dünya ölkələrinə fındıq ixracında ilk sıralardayıq. Amma statistikaya əsasən, ölkəmizə Türkiyədən fındıq idxal olunur. 

Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana 31 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 27,5 faiz çoxdur. Ölkəmiz fındıq istehsalı və ixracı üzrə dünyada ilk sıralardadır. Hazırda da müxtəlif ölkələrə keyfiyyətli fındıq ixrac edirik. Bəs özümüz əsas ixracatçılardan olduğumuz halda, Türkiyədən fındıq idxalının səbəbi nədir?

İxrac qarşısında idxal çox cüzidir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, ölkəmizə Türkiyədən fındıq idxalının səbəbi istehsalla bağlı deyil. Çünki istehsalımız hər il artan dinamika ilə inkişaf edir: “2021-ci ildə 49 min ton, 2022-ci ildə 51 min ton, 2023-cü ildə də 75 min ton fındıq istehsal edilib. Yəni istehsalda azalma baş verməyib. İxrac ediriksə, bu o demək deyil ki, daha idxal olmayacaq. İxrac rəqəmlərimiz qarşısında idxal çox cüzi qalır”.

 

Hansısa şirkətin idxalı ajiotaj yarada bilər

İqtisadçı Rəşad Həsənov isə düşünür ki, xaricdən məhsul idxal edilməsi insanların seçimlərinə görə dəyişə bilər: “Nə istehsal etməyimizin fərqi yoxdur. Çünki bazar iqtisadiyyatıdır. İstehlakçı yerli məhsulu da, idxal edilmiş məhsulu da ala bilər. Bu, bazarın tələbidir. Hər məhsulun alıcısı müxtəlifdir. İdxal gələcəkdə də davam edə bilər. Qısamüddətli dövr üçün münasibət bildirmək doğru deyil. Dinamikanı izləmək üçün müəyyən dövr tələb olunur ki, trendlərin hansı istiqamətdə dəyişdiyini görək. Bəzən hansısa şirkətin bir ay, bir rüb üçün idxal-ixrac əməliyyatları göstəricilərdə əksini tapır və ajiotaja səbəb olur. Çünki bazarımız çox kiçikdir”. 

Qablaşdırıldıqdan sonra yenidən ölkəmizə gətirilir

Ekspertin fikrincə, buna ölkəmizdə emal sənayesinin zəif olması da təsir edir: “Yerli istehsal son istehlak halına gətirilmir. Yaxud standartlara uyğun təşkil olunmur. Əksər hallarda fındıq ixracımız da Türkiyə üzərindən həyata keçirilir. Ölkəmizdən xammal şəklində Türkiyəyə göndərilir. Orada emal olunur, təmizlənir, standartlara uyğun brendləşdirilir, sonra Türkiyə məhsulu kimi bazarlara çıxır. Ola bilər ki, orada qablaşdırıldıqdan sonra yenidən ölkəmizə gətirilsin. Bu istiqamətdə müəyyən çatışmazlıqlar var”.  

İstehsal normaldır, amma qiymət ucuzdur

15 ildir fındıq bağlarına qulluq edən fermer Eldəniz Doldolovun sözlərinə görə, fındıq idxalı heç bir sahibkara sərf etməz: “Fındıq istehsalında heç bir problem yoxdur. Sadəcə satışında problem yaşayırıq. Çünki qiyməti aşağıdır. İdxal edilməsi real görünmür. Çünki Türkiyədə fındıq daha bahadır. Həmçinin, bu məhsulu Azərbaycana gətirən şəxs 36 faiz ƏDV ödəməlidir. O məhsulu bura gətirib baha qiymətə satsa, bu zaman da alıcısı olmayacaq. Gətirən şəxs əgər on dollara bu məhsulu alırsa, burada 13 dollara satmalıdır. Amma heç biz o qiymətə sata bilmirik”. 

Türkiyə fındığı daha uyğundur

E.Doldolov bildirdi ki, Türkiyədən məhsul özü gətirilməsə də, fındıq tinglərinin gətirilməsi mümkündür: “Tinglər Türkiyədən, İtaliyadan, Gürcüstandan gətirilir. Onlar təkgövdəli fındıqlardır, xüsusi sortdur, daha yağlıdır. Bir hektar üçün nəzərdə tutulan məhsuldarlığı çoxdur. Bizim yerli ağac sortlarımızı bir hektar ərazidə 100-150 ədəd əkmək olursa, həmin sortdan 660 ağac əkmək mümkündür. Təkgövdəli sort bir ildən sonra məhsul verməyə başlayır. Bizim ağaclarımız 3-4 il sonra bar gətirir. O ağacı budamaq, məhsulu yığmaq daha rahatdır. Həmin ağacın fındıqları daha ağırdır. Məhsuldarlıq bizim fındıqlarda üç tondursa, təkgövdəlidə yeddi tondur. Hətta yerli ağacları çıxarıb bu sortu əkənlər də var”.  

Fermerlər sərmayə yatırmaqdan çəkinirlər

Fermerin fikrincə, əgər fındıq sahələri olanlar bağlarına bir az qulluq etsələr məhsuldarlığı daha da artırmaq mümkündür: “Azərbaycanda fındıq istehsalının daha da artması üçün bağlara qulluq edilməlidir. Amma fındıq bağlarımıza qulluq, demək olar ki, yoxdur. Bağların heç on faizinə lazım olan qulluq göstərilmir. Ona görə məhsuldarlıq aşağıdır. Məhsuldarlığı artırmaq üçün həm aqrotexniki tədbirlər görmək, həm də düzgün gübrələmə aparmaq lazımdır. Fermerlər bu işləri yerinə yetirmir. Ancaq şirkətlərin ixtiyarında olan bağlara xidmət göstərilir. Hər kəndlinin 1-2 hektar fındıq bağı var. Fermerlər ağacları payızdan sonra özləri budaya bilər, amma əziyyət çəkmək istəmirlər. Bazarda qiymətin ucuz olması səbəbindən də fermerlər bu sahəyə sərmayə yatırmaqdan çəkinirlər”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər