Dünya cüdosunun azərbaycanlı mirvarisi - Portret
9 avqust 2008-ci il, Pekin Yay Olimpiya Oyunlarının
ilk yarış günü. Keçirdiyi beş görüşün hamısında "ippon"la qalib gələn
cənubi koreyalı Çoy Min-ho, Pekin Elm və Texnologiya Universitetinin idman
salonuna toplaşan və mavi ekran qarşısında əyləşən yüz minlərlə tamaşaçıya əsl
cüdo təntənəsi bəxş edir. Dördilliyin ən möhtəşəm yarışında belə çempionluqlara
nadir hallarda rast gəlindiyindən, 28 yaşlı Çoyun müstəsna performansının hələ
uzun müddət effektini itirməyəcəyi gözlənilir. Bu məqamda kimə desəydin ki, iki
gün sonra mübarizəyə qoşulan 20 yaşlı Azərbaycan təmsilçisi ondan da mükəmməl
çıxış sərgiləyəcək, inanmazdı...
Çox güman, söhbətin kimdən getdiyini anladınız.
Beləliklə, "Portret" rubrikasının ənənəsindən kənara çıxaraq, veteran
idmançımızdan - əfsanəvi Maykl Felps və Useyn Boltla birgə
"Pekin-2008"-in əsas qəhrəmanlarından biri kimi xatırlanan Elnur
Məmmədlidən geniş söhbət açacağıq.
Yaşına
xas olmayan ambisiya
29 iyun 1988-ci ildə Bakıda dünyaya gələn olimpiya
çempionumuz, 11 illik orta təhsilinin ilk beş ilini paytaxtın Nəsimi rayonunda
yerləşən 74 saylı məktəbdə, qalanını isə Respublika Olimpiya İdman Liseyində
alıb. Cüdonun sıralarına da elə ROİL-də qoşulub. Lakin bu, hələ üçüncü sinifdə
oxuyarkən baş vermişdi. Böyük qardaşı Rövşənə baxıb, cüdoçu olmaq qərarı verən
9 yaşlı Məmmədli, ilk addımlarını Yaşar Allahverdinin yanında atıb.
Karyerasının sonuna qədər də məşqçisinə sadiq qalıb.
Sirr deyil ki, peşəsindən asılı olmayaraq, tarixdə
böyük iz qoyan insanlar, erkən yaşlarından müxtəlif fərqliliklərə sahib
olurlar. Azərbaycan cüdosunun canlı əfsanəsini də yaşıdlarından fərqləndirən
cəhət bir deyil, iki deyil. Məmmədlinin uşaqlıq illəri barədə Y. Allahverdi
danışır: "Yaşına xas olmayan ambisiyaya, dözümlülüyə sahib idi. Çalışırdı
ki, hər şeyə tez nail olsun. Məşqdə özünü elə aparırdı ki, sanki olimpiadada
güləşir. Yadımdadır, yanıma gəldiyi heç bir həftə deyildi, yarışa yazdım. İki
rəqibini udub, ikisinə uduzdu.
Boyu balaca, çəkisi yaşına görə az idi. Hamı ona
"knopka" deyirdi. Amma davranışı ləqəbinə görə deyildi. Çox
dəcəlliklər edirdi. Bir dəfə o qədər şikayət gəldi ki, axırda özümü ələ ala
bilmədim. Yaxşıca qulaqburması verdim. Küsüb getdi. Dedim, gəlməyəcək. Üç gün
sonra gülə-gülə gəldi, qucaqlayıb üzümdən öpdü.
Bir dəfə idmanı atıb, iş dalınca Rusiyaya getmək
istəyirdi. Dedim, elə bilmə ki, orada qaz vurub, qazan dolduracaqsan, sən
sadəcə, idmanla ucala bilərsən. Əslində isə o, istənilən sahədə özünə yer
edərdi. Hətta çox kasıb ola-ola, məşhur milyarderin qızı ilə ailə qura bilərdi (gülür).
Hər
şey göründüyü kimi deyil...
Olimpiya, ikiqat Avropa (2006, 2011) çempionluğu,
dünya ikinciliyi (2007) və "Dünya ustaları" (2011, 2012) turnirinin
ikiqat qalibi. Bunlar Məmmədlinin əsas, çoxlarına məlum olan titullarıdır. İlk
baxışdan düşünmək olar ki, hər şey tez, rahatlıqla qazanılıb. Lakin o, bu
məqama yüksələnədək yoxuşlu olduğu qədər də, enişli yol qət edib. Belə ki,
2003-cü ildə Bakıda baş tutan yeniyetmələr arasında Avropa birinciliyində çıxış
edəcəyi planlaşdırılsa da, son anda qərar dəyişdirilir. Əvəzində, Avropa
Gənclər Olimpiya Festivalında iştirak edəcəyi vəd edilir. Bu da baş tutmadıqda
bərk sarsılır, idmanı atmaq qərarına gəlir. Anası və məşqçisinin təkidi ilə
fikrindən daşınan Elnur, 2004-cü ilin mayında Kiyevdə keçirilən gənclər
arasında A kateqoriyalı turnirin qalibi olur, iyulda Rotterdamda baş tutan
yeniyetmələrin Avropa birinciliyində rəqiblərinin daşını daş üstə qoymur. Bu
arada Polşada təşkil olunan gənclərin A kateqoriyalı yarışında isə ikinci olur.
İlin sonunda böyüklərin ölkə çempionatına qatılan vunderkind, ilk cəhdindəcə ən
güclü olur. Beləcə, əsas yığmaya cəlb olunaraq, beynəlxalq yarışlara aparılır.
İlk olaraq Moskvada keçirilən Super Dünya Kubokunda beşinci nəticə göstərən
Elnur, heç bir ay keçməmiş, Budapeştin ev sahibliyi etdiyi Dünya Kubokunda
"bürünc"ə yiyələnir. Hər şey plan üzrə getdiyi vaxtda o, idmançının
qorxulu kabusu ilə üz-üzə gəlir. Dizindən ağır zədə alan, nəticədə, əməliyyat
masasına uzanan Məmmədli, ilin əsas yarışlarından uzaq qalır. 2005-ci ilin
sonunda tatamiyə qayıdır, dönüşünü ölkə çempionluğu ilə qeyd edir. 2006-cı ilin
əvvəlində Moskvada keçirilən Super Dünya Kubokunda üçüncü olan Elnur, ardınca
Avropa çempionatında qalibiyyət sevinci yaşayır. İlin sonlarında Dominikanda
keçirilən gənclərin dünya birinciliyində isə hakimlərin qeyri-obyektiv qərarı
ilə mükafatın bir addımlığında dayanır. Qısaca qeyd edək ki, o,
"Pekin-2008"-dəki çempionluğadək bir dəfə Dünya Kubokunun (Roma,
2007) bir dəfə isə Super Dünya Kubokunun (Hamburq, 2008) qalibi olub. Parisdə
keçirilən Super Dünya Kubokunda (2007) ikinci olan Elnur, Moskvada təşkil
olunan analoji yarışın (2008) bürünc medalını boynundan asıb.
Tarixin
"ən"ləri arasında
Pekin zəfəri haqqında dönə-dönə bəhs olunub. Əksər
təfərrüatlar yerli idmansevərlərə məlumdur. Odur ki, təkrara yol vermək
istəmirik. Lakin bəzi məqamlar var ki, geniş ictimaiyyət bunlardan xəbərsizdir.
Əvvəla, ali zirvəyə 20 yaş 43 günlüyündə ucalan Elnur, tarixin ən gənc olimpiya
çempionlarının ilk "üçlüy"ünü qapayır. Kişilərin statistikasında isə
o, yalnız əfsanəvi yunan cüdoçu İliadis İliadisdən geri qalır. Bundan başqa,
cüdoçumuz olimpiadanın finalına qədər cənubi koreyalı dünya çempionu Vanq
Ki-Çunla bir deyil, iki dəfə qarşılaşıb, uduzmuşdu. Belə ki, ilk görüş yuxarıda
vurğuladığımız Dominikanda keçirilən dünya birinciliyinə təsadüf edib. Uşaqlıq
dostu, yığmamızın hazırkı kapitanı Nicat Şıxəlizadə deyir ki, Elnur onunla
olimpiadanın finalında görüşmək arzusu ilə alışıb-yanırdı: "Əlindən çox
acıqlı idi. Həmişə deyirdi ki, o, məni iki dünya çempionluğundan məhrum edib,
kaş, olimpiadanın finalında qarşıma çıxaydı. Yalnız olimpiya çempionu olacağı
halda, təsəlli tapacağını düşünürdü".
"Bəlkə
də, infarkt olardım"
Yetirməsinin olimpiya çempionluğunu ekran
qarşısından izləyən Yaşar Allahverdi deyir ki, qalibiyyətə doğru gedən yolun
dərin stress və həyəcanı səhhətinə təsirsiz ötüşməyib: "Yarışa bir gün
qalmış, mənə zəng edib, "qızıl" söz verdi. Hər görüşdən sonra da
sevincini mənimlə bölüşürdü. Həyatımın ən həyəcanlı dəqiqələri idi. Televizorun
önündən bir an da aralana bilmirdim. Hər qalibiyyətdən sonra necə yüksək səslə
qışqırmışdımsa, sonradan qonşularım yoldaşımdan soruşmuşdu ki, kişi evdə kimi
döyürdü? O gündən sonra şəkər xəstəliyinə tutuldum. Hələ yaxşı ki, görüşlərini
tez başa vururdu. Çox uzansaydı, bəlkə də, infarkt olardım".
Son...
Məmmədli, karyerası boyu həm də öz orqanizmi ilə
"güləşib". 2008-ci ilə qədər 15-17 kilo çəki salırdı ki, bu, belə
davam edə bilməzdi. Yaş artır, hər keçən gün çəkini saxlamaq daha da
çətinləşirdi. İki illik fasilədən sonra tatamiyə dönən Elnur, 81 kq çəki
dərəcəsində mübarizə apardığı iki il ərzində dünya reytinqinin
"üçlüy"ündə möhkəmlənir. "London-2012" tsiklinin sonunda
açıqlanan reytinq siyahısında o, yalnız cənubi koreyalı ikiqat dünya çempionu
Kim Cay-bum və braziliyalı Leandro Gilyerodan geri qalırdı. Belədə, ikiqat
olimpiya çempionluğuna doğru gedən yolda əsas maneələri elə onlar qəbul olunur,
ən azından mükafata layiq yer tutacağı gözlənilirdi Lakin bayraqdarlarımızla
bağlı uğursuz tendensiya Londonda da davam edir. İlk görüşdə üz-üzə gəldiyi
kanadalı Antuan Valuye-Fortye Elnur üçün keçilməz olur. Belə ki, əsas və əlavə
vaxtında hesabı açılmayan görüşün nəticəsini hakimlərin qərarı -
"xantey" həll edir. Yeri gəlmişkən, o vaxta qədər elə bir ciddi
nailiyyəti olmayan kanadalı "London-2012"ni "bürünc"lə başa
vurur, 2014 və 2015-ci illərdə baş tutan mundiallarda, müvafiq olaraq, gümüş və
bürünc medal qazanır.
Ağır zədələr 24 yaşında karyerasını başa vurması
ilə nəticələnir. Diz qapağından dörd dəfə ağır əməliyyat keçirən Elnura, həkimi
tatamiyə çıxmağı qəti şəkildə qadağan edir. Xəbərdən nəinki yerli publika,
dünya cüdo ictimaiyyəti də dərindən sarsılmışdı.
Dəyişməyən
xarakter
Nicat Şıxəlizadə xatirələrini
"vərəqləyir": "Hansı yarışa gedirdiksə, bir yerdə qalırdıq.
Uşaqlıqdan aramızda sağlam rəqabət olub. O, beş edirdisə, mən çalışırdım, altı
edim. İkimizin də tez parlamasında bu rəqabətin rolu böyükdür. Məndən və ya
başqa bir komanda yoldaşından nəsə soruşub-öyrənməyi özünə ar bilməzdi. Çox
pozitiv idi. Uşaqlıqda necə deyib-gülən idisə, indi də elədir. Bəzən deyirdik,
ay Elnur, nə vaxtsa sənin ciddi duran vaxtın olacaq? Cavab verirdi ki, məndən
qəti elə şey gözləməyin (gülür).
Məcbur qalıb, karyerasını erkən bitirməli oldu. Mən
həmişə, hər yerdə deyirəm ki, travmalar olmasaydı, o, gec-tez ikiqat olimpiya
çempionu olacaqdı. Buna baxmayaraq, o, hələ də yaddaşlarda qalıb. Xarici
cüdoçular bizdən tez-tez onu soruşurlar. Demək olar, hər söhbətdə Elnurun adı
keçir".
İgid
oğul dayıya oxşayar
Bu gün gənc cüdoçular arasında "kumirin kimdir"
deyə, sorğu keçirsək, şübhə etmirik ki, əksəriyyət "Elnur Məmmədli"
cavabını verər. Ona baxıb, məşq zallarına qədəm qoyan uşaqlar indi dünya və
Avropa birinciliklərinin, nüfuzlu beynəlxalq turnirlərin qalibləridir. Onlardan
biri də öz bacısı oğludur. Gənclər arasında Avropa və dünya birinciliklərinin,
müvafiq olaraq, qızıl və gümüş mükafatçısı olan Kəramət Hüseynov, ilk dəfə
iştirak etdiyi dünya çempionatında beşinci nəticə göstərib. Özəlliklə
vurğulayaq ki, onun son olimpiya çempionu, rusiyalı Beslan Mudranovu
"ippon"a salması Bakı mundialına rəng qatmışdı.
Portret
Elnur Məmmədli, mübaliğəsiz-filansız, olimpiadalarda
haqqında ən çox danışılan "qızıl"ımızın müəllifidir. Dünya cüdo
ictimaiyyəti onu ən parlaq olimpiya çempionlarından biri kimi xatırlayır, xatırlayacaq.
Portretini çəkəcək rəssamın işi ilk baxışdan asan
görünsə də, əslində, çox qəlizdir. Hər halda, qısa vaxtda tarixdə bu qədər iz
qoymuş idmançının cizgiləri sadə olmamalıdır.
Sahib