• şənbə, 27 Iyul, 03:33
  • Baku Bakı 27°C

Döyüşə marağımız artır 

12.08.23 06:00 4771
Döyüşə marağımız artır 

Azərbaycanda qarışıq döyüş növlərinin böyük potensialı var. Ən azı ona görə ki, döyüş idman növlərində ölkəmiz beynəlxalq yarışlarda, adətən, uğurlu nəticələr əldə edib.

Son zamanlar Azərbaycanda qarışıq döyüş növləri (MMA) üzrə yarışlara maraq artıb. Ümumən, belə turnirlər dünyada çox populyardır və kifayət qədər gəlirli hesab olunurlar. Azərbaycanda artan marağın səbəbi isə artıq ölkəmizin də bu yarışlarda təmsil olunmasıdır.

UFC sıralamasında altıncı

Qarışıq döyüş növləri üzrə ən böyük təşkilat UFC-dir. ABŞ təşkilatı bu sahə üzrə bir nömrədir. Ölkəmizin ilk UFC təmsilçisi Nəriman Abbasov olub. 2022-ci ilin sentyabrında braziliyalı İsmael Bonfimlə üz-üzə gələn döyüşçümüz debüt görüşündə məğlubiyyətlə üzləşib. İddiaçılar seriyası döyüşündə yenilgi onun UFC-də davam etməsinə mane olub. Ümumilikdə Nəriman peşəkar karyerası ərzində 28 qələbə qazanıb, dörd dəfə məğlub olub.

Hazırda aktiv olaraq UFC turnirlərində Azərbaycan bayrağı altında çıxış edən yeganə idmançı Rafael Fiziyevdir. Yüngül çəkidə çıxış edən döyüşçü  sıralamada 6-cıdır. Əvvəllər Qırğızıstanı təmsil edən Fiziyev 2022-ci ildən Azərbaycan adına yarışır. İlk dəfə ölkəmizin bayrağı altında keçən il döyüşən Rafael braziliyalı adaşı Rafael dos Anyosla qarşılaşıb və qələbə qazanıb. Lakin o, son döyüşündə ABŞ idmançısı Castin Geyci ilə qarşılaşmadan məğlub ayrılıb. Ümumiyyətlə, Rafaelin UFC-də 12 qələbəsi və iki məğlubiyyəti var.

“Bellator” və “Rizin”də uğurlar

Azərbaycan “Bellator” və “Rizin”də də uğurla təmsil olunur. Müvafiq olaraq ABŞ və Yaponiya mərkəzli şirkətlərin hər ikisində MMA qaydaları əsas götürülür. Bu şirkətlər bir-birinə yaxındırlar və əməkdaşlıq edirlər. Bəzən “Bellator”la müqaviləsi olan idmançılar “Rizin” yarışlarında döyüşürlər və ya əksinə. “Bellator”da Azərbaycan təmsilçisi Tofiq Musayevdir. Karyerası ərzində onun 20 qələbəsi və beş məğlubiyyəti var. Martda Aleksandr Şabli ilə döyüşdə zədələnib texniki nokautla uduzan idmançı özünü toparlamağı bacarıb. Bu yaxınlarda o, “Super Rizin 2” turnirində yaponiyalı Akira Okadanı məğlub etməyi bacarıb.
“Rizin”də isə iki döyüşçümüz gücünü göstərməyə çalışır. Bunlar Vüqar Kərəmov və Mehman Məmmədovdur. Vüqar Kərəmov da Tofiq Musayev kimi “Super Rizin 2” turnirində uğurlu nəticə əldə edib. O, kəmər döyüşündə yaponiyalı Mikuru Asakuranı boğucu fəndlə məğlubiyyətə uğradıb. Bu qələbə üçün Vüqara cəmi iki dəqiqə 40 saniyə kifayət edib. Beləliklə, V.Kərəmov “Rizin”in yüngül çəkidə çempionu adını qazanıb. Ümumilikdə o, peşəkar karyerası ərzində 23 döyüşün 19-da qalib gəlib, dörd dəfə məğlubiyyətlə üzləşib.
Mehman Məmmədov isə nisbətən az döyüş keçirib və nəticələri digərləri ilə müqayisədə daha aşağıdır. O, ümumilikdə 12 peşəkar döyüşünün yarısını qələbə ilə başa vurub, yarısını məğlubiyyətlə bitirib. 
Qarışıq döyüş növlərinə daxil olmasa da, Çingiz Əlləzovun “One Championship”də çıxışını da qeyd etmək lazımdır. Kikboksçu bu turnirdə keçirdiyi altı döyüşün beşində qələbə qazanıb və yalnız bir dəfə məğlubiyyətlə üzləşib. “One Championship”in yüngül çəkidə mütləq çempionu bir neçə gün əvvəl “ONE Fight Night 13”də ermənistanlı Marat Qriqoryana qalib gəlib.

“Rizin” Bakıda yarış keçirəcək

Artıq Azərbaycanda da döyüş gecələrinin təşkil olunması mütəmadi xarakter alır. Mayda Bakıda “New Generation Fighting 2” Peşəkar MMA Kikboksing gecəsi keçirildi və orada bir sıra gənc idmançılar gücünü göstərmək fürsəti əldə etdilər. Avqustun 18-də Qazaxıstanın bir nömrəli liqası “Octagon” Bakıda turnir keçirəcək. 
Noyabrın 4-də isə “Rizin” təşkilatının Bakıda turnir təşkil edəcəyi bildirilir. Düzdür, hələlik bununla bağlı rəsmi açıqlama yoxdur. Lakin müxtəlif mənbələr təşkilatın prezidenti Nobuyuki Sakakibaraya istinadən bununla bağlı məlumat yayıblar.

Qarışıq döyüş növləri üçün böyük potensial

Ümumən, Azərbaycanda qarışıq döyüş növlərinin böyük potensialı var. Ən azı ona görə ki, döyüş idman növlərində ölkəmiz beynəlxalq yarışlarda, adətən, uğurlu nəticələr əldə edib. Maraq böyükdür, tez-tez peşəkar döyüş gecələrinin təşkili, xaricdən idmançıların cəlbi ilə yerli idmançıların ustalıq səviyyəsini artırmaq olar. 

banner

Oxşar Xəbərlər