• cümə axşamı, 25 aprel, 21:29
  • Baku Bakı 21°C

Diqqət Brüsselədir - TƏHLİL

23.11.21 12:08 244
Diqqət Brüsselədir - TƏHLİL
Paşinyan yekun sülh sazişini imzalamaqdan yayına bilməyəcək. Ona görə də, hakimiyyəti üçün həm Rusiyadan, həm də Avropadan təminat almaq istəyir”.
Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli razılaşmadan irəli gələn öhdəliklərdən qaçmaq üçün sərhəddə genişmiqyaslı təxribatlar törətdi. Bu təxribatlardan sonra Avropa İttifaqı təşəbbüslə çıxış edib. Belə ki, Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşməyə razılıq veriblər. Bu görüşdə nələr müzakirə ediləcək? Gözləntilər nədir?
"Ermənistan Rusiya görüşündən yayındı”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, artıq Brüssel görüşündə müzakirə olunacaq məsələlərin anonsu verilib: "Son dövrlər sərhəddə baş verən gərginlik müzakirə olacaq. Bu görüşün bizim üçün nəticəsi ondan ibarət olacaq ki, bu dəfə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan özünün haqlı mövqeyini ortaya qoyacaq. Ermənistanın onsuz da məqsədi o idi ki, bu cür təxribatlar törətsin, münaqişənin mövcudluğu təəssüratını yaratsın. Bununla da, yaranmış gərginlik yenidən müzakirə olunsun. Azərbaycan tərəfi isə Ermənistanın bu təxribatlarının nəyə xidmət etdiyini məhz Avropa məkanından bir daha səsləndirilmiş olacaq. Bilirik ki, bundan öncə Rusiyada görüşün keçiriləcəyi haqqında xəbərlər yayılmışdı. Noyabrın əvvəlində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət noyabrın 14-ü və 16-dan xeyli fərqlənirdi. Yəni Ermənistan bu dərəcədə geniş miqyaslı təxribatlar törətmirdi. Amma noyabrın 14-dən başlayaraq Ermənistan həm Kəlbəcər, Laçın, həm də Tovuz istiqamətində sərhəd boyunca genişmiqyaslı təxribatlar törətdi və həmişə olduğu kimi layiqli cavabını aldı. Bununla da Ermənistan Rusiya görüşündən yayındı. Çünki Rusiya görüşündə müzakirə olunacaq məsələlər fərqli idi. Fikrimcə, postmünaqişə mərhələsinin gerçəkliyinə uyğun olaraq sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması və yekun sülh sazişinin əsaslarının yaradılması istiqamətində addımların atılması gözlənilirdi. Amma Ermənistan ağır məğlubiyyətə uğramış dövlət olaraq bu müzakirələrə hazır deyildi”.

"Paşinyan Avropanın təhdidi altındadır”
Deputat vurğuladı ki, təcavüzkar Ermənistan özünün yaratmış olduğu vəziyyətin girovluğunda çıxa bilmir: "Paşinyan çox gözəl anlayır ki, Ermənistanın hazırkı məğlub durumunda veriləcək istənilən qərar ölkənin və birbaşa özünün zərərinə olacaq. Dünya təcrübəsi göstərir ki, məğlub tərəf ağır şərtlərlə yekun sənədi imzalamalı olur və bu da çox normaldır. Məğlubiyyəti qəbul etməmək, təbii ki, xəstə erməni məntiqinin nəticəsidir. Ermənistan cəmiyyəti də məhz bu hisslər üzərində köklənib. Azərbaycanın qələbəsinin öz ifadəsini tapacağı istənilən sənədə Paşinyanın imza atması onun siyasi karyerasının sonunu gətirəcək. Amma Paşinyan yekun sülh sazişini imzalamaqdan da yayına bilməyəcək. Ona görə də, hakimiyyəti üçün həm Rusiyadan, həm də Avropadan təminat almaq istəyir. Təbii ki, Paşinyan həm də Avropanın təhdidi altındadır. Çünki Avropa da münaqişənin gündəmdən çıxmasının tərəfdarı deyil və bununla da bəlli siyasi dairələr regionda özlərinin mövcudluqlarını təmin etməyə çalışırlar”.
Paşinyanın qarşısında ağır vəzifələr qoyulub
Politoloq deyir ki, məhz Rusiyanın həlledici rolu çərçivəsində bu münaqişənin gündəmdən çıxması Avropanın geosiyasi maraqlarına ziddir: "Ona görə də, Paşinyanın qarşısında ağır vəzifələr qoyulub. Birincisi, münaqişənin hələ də mövcudluğu təəssüratını yaratsın, ikincisi, Rusiyanın rolunu arxa plana keçirsin. Təbii ki, Paşinyan qərb təfəkkürü ilə bütün bunları etmək iqtidarında deyil. Hesab edirəm ki, təxribatlar da Qərbin təlimatları əsasında törədilir ki, məhz müzakirə predmeti postmünaqişə mərhələsinin deyil, münaqişə vəziyyətinin reallıqlarına uyğun olsun. Fikrimcə, Brüsseldən sonra daha ciddi görüşlər olacaq və Ermənistan Azərbaycanın diktəsi altında lazım olan addımları atmaq məcburiyyətində qalacaq. Buna da dünya təcrübəsində sülhə məcburetmə deyilir. Yəni Azərbaycan Ermənistanı sülhə məcbur edəcək.

"Ən azı ona görə ki...”
Politoloq İlqar Vəlizadə bildirdi ki, iki dövlət başçısının Brüssel görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir: "Fikirlər var ki, bu görüşdən heç nə gözləmək olmaz. Kimlərsə də deyir ki, orada ciddi qərar qəbul olunacaq. Açığını desəm, hər iki fikirdən kənaram. Belə deyək, əgər dövlət başçıları görüşürlərsə, bunu əhəmiyyətsiz görüş kimi qəbul etmək düzgün olmazdı. Əlbəttə ki, bu, əhəmiyyətli görüşdü. Ən azı ona görə ki, tərəflər öz mövqelərini vasitəçilər olmadan, açıq şəkildə müzakirə edə bilərlər və gələcək addımların müəyyənləşdirilməsi üçün bu, çox vacibdir. Hesab edirəm ki, bu görüşdə cari məsələlər müzakirə ediləcək. Misal üçün, sərhəddə olan gərginlik, kommunikasiyaların açılmasının rolu kimi məsələlər diqqətdə saxlanılacaq. Yəni sənəd imzalanmasına gedən yolda qeyd edilən məsələlərin reallaşması üçün bu görüş çox əhəmiyyətli ola bilər”.
"Bunlar praktiki məsələlərdir”
İ.Vəlizadə vurğuladı ki, sərhədlərin delmitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılması ilə bağlı tərəflərin prinsipləri var: "Məsələn, erməni tərəfi Zəngəzur dəhlizində nəzarət- keçid məntəqələrini tətbiq etmək niyyətindədir. Azərbaycan bununla bağlı bir qədər fərqli fikir səsləndirir. Biz qeyd edirik ki, üçtərəfli razılaşmada belə bir müddəa yoxdur. Buna görə də, Azərbaycan da başqa istiqamətdə nəzarət-keçid məntəqələri yaratmaq məcburiyyətində qaldı. Əslində, göründüyü kimi, bunlar praktiki məsələlərdir və hər halda, görüşdə müzakirə olunacaq”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər