• şənbə, 20 Aprel, 00:38
  • Baku Bakı 15°C

Dil öyrənməyin xüsusi texnikaları varmı? - Araşdırma

08.11.19 12:30 1596
Dil öyrənməyin xüsusi texnikaları varmı? - Araşdırma
Statistikaya görə, dünyada ən çox danışılan dil ingilis dilidir. Dünyada hər 5 insandan 1-i ingiliscə danışır. Beynəlxalq dil olduğu üçün artıq ölkəmizdə də onu bilmək olduqca vacib və əhəmiyyətlidir. İngilis dilini öyrənmək üçün illərlə kursa gedənlər, evdə hazırlaşanlar, vaxtının önəmli hissəsini buna sərf edənlər az deyil. Bəs dil öyrənməyin xüsusi texnikası varmı? Az vaxt və az pul xərcləməklə bu dili öyrənmək mümkündürmü? Yaxud yaş faktoru nə qədər önəmlidir?
"Dinləməyə, oxumağa, yazmağa vaxt ayırın”
İngilis dili müəllimi və sosial şəbəkələrdə Adam Hüseynli kimi tanınan blogger dil öyrənməkdə yaş faktorunu vacib sayır: "Azyaşlı uşaqlar dili yalnız dinləyərək öyrənə bilirlər. Amma orta yaş və yaşlılar üçün bu keçərli deyil. Onlar üçün bir neçə rahat üsul var. Kiçik hekayə kitabları oxumaqla öyrənmək mümkündür. Hər gün bir səhifə oxumaq və sözləri seçib həmin hissəyə dəfələrlə qulaq asaraq danışmaq insanlara çox kömək olur. Amma bəzən tələbələr dili gələcəkdə IELTS, TOEFL, SAT kimi imtahanlar vermək üçün öyrənirlər. Burada vəziyyət fərqlidir. Əgər gələcəkdə elə bir planı olan varsa, dilin bütün bacarıqlarını eyni səviyyədə öyrənməlidir. Yəni hər gün dinləməyə, yazmağa, oxumağa vaxt ayırmalıdırlar”.
Həmsöhbətimiz deyir ki, "free talk” adlı videosunda pulsuz danışıq üçün qruplar var. Dil öyrənmək istəyənlər həmin qruplara qoşularaq, diskussiyalarda iştirak edə və ingilis dilində danışığını inkişaf etdirə bilərlər”.
"6-7 dilli uşaq böyütmək mümkündür”
9 dil bilən poliqlot, xarici dillər üzrə kouç Aslan Məmmədzadə dil öyrənərkən yaş baryerinin olmadığını bildirdi. Həmsöhbətimiz yaş mövzusunu 3 hissəyə ayırır: "Körpələr, gənclər və yaşlı nəsil. Körpələr anadan olduqdan 5 yaşlarına qədər çox sürətli dil öyrənirlər. Hətta texnikaları bildikdə, 6-7 dilli uşaqlar böyütmək mümkündür. Ətrafımızda belə insanlar var və çox uğurlu nəticə əldə edə bilirlər. İnsanların əksəriyyəti düşünür ki, yaş ötdükcə dil öyrənmək çətinləşir. Əlbəttə ki, müəyyən dərəcədə elədir. Amma "50-60 yaşdan sonra dil öyrənmək mümkün deyil” fikri tamamilə yanlışdır. Düzgün düşüncə tərzi ilə başlayanda, düzgün texnikalardan istifadə etdikdə, yaşdan asılı olmayaraq, dil öyrənmək mümkündür. Mənim 45, 55, 60, hətta 60 yaşdan yuxarı tələbələrim olub ki, onlar çox uğurlu nəticə göstəriblər. Sadəcə, yaşlı nəsildə problem odur ki, universiteti bitirdikdən sonra kitablardan uzaqlaşırlar. Vaxt getdikcə, qocaldığını düşünür, daha da geriyə gedirlər. Üzərində işləmədikdə, beyin inkişafını dayandırır. Beyinləri aktiv olmadığına görə, onlara dil öyrətmək müəyyən qədər çətinləşir. Amma bu çətinləşmə 5-10 faizdir. Yaşlı nəsil özlərinə qoyduqları limitlərə görə, dil öyrənmə potensiallarını yavaşladırlar. Əgər bir insan həmişə vurğulayırsa ki bu işi bacarmayacaq, o iş nə qədər asan olsa da, bacarmaq şansı azdır. Amma əgər inanırsa ki bunu bacaracaq, o iş nə qədər çətin olursa-olsun, yolunu tapıb bacaracaq. Yəni, hər şey beynimizə qoyduğumuz limitlərdən başlayır. Doğru texnikalarla bunu bacarmaq mümkündür. Məsələn, hazırda atamın 62 yaşı var. O, ömrü boyu kitab oxuyub, indi də oxuyur. Onun beyni çox aktivdir. Hər dəfə mütaliə edir, özünü inkişaf etdirir. Ona ispan və ya başqa dillər öyrətdiyim zaman bunu çox rahatlıqla qavraya bilir. Beynimizə qoyduğumuz limitləri qaldırsaq, istənilən yaşda dil öyrənmək mümkündür”.
"Deyirdim ki, onsuz da alınan iş deyil...”
Hazırda 9 dil bilən həmsöhbətimiz deyir ki, əslində məktəb illərində dil mövzusunda uğursuz şagird olub: "Həmişə düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəyəm. O dərəcədə limitlərim olub ki, heç ingilis dilini öyrənməyə başlamamışam belə. Deyirdim ki, bu onsuz da alınan bir iş deyil və öyrənməyə cəhd də etmədim. Sonra qarşıma sual qoydum ki, niyə mən ingilis dilini öyrənə bilmirəm, digərləri öyrənir. Bu məni narahat etdi. Sadəcə dil mənimsəmə prosesini araşdırmaq niyyəti ilə dilləri öyrənməyə başladım. Başa düşmək istəyirdim ki, insanın beyni xarici dili necə mənimsəyir, doğru texnikalar hansılardır, asanlıqla, əzabsız dil öyrənmək mümkündürmü? Mən dilləri öyrəndiyim zaman fərqli mədəniyyətə, fərqli dillərlə aşiq oluram və deyirəm ki, bu mənimdir. Həm prosesdən çox zövq alıram, həm də dillərdən”.
"Bir metod hər kəs üçün işləməyə bilər”
Dil öyrənmək texnikalarına gəldikdə isə, həmsöhbətimiz deyir ki, hər insan çox fərqlidir və texnikalar da bu baxımdan dəyişir: "Bizim adətən tez-tez etdiyimiz səhvlər odur ki, bir texnikanı hamıya şamil edirik. Amma insanın beyni onu göstərir ki, hər bir fərd fərqlidir. Bir metod bir insan üçün işləyirsə, o demək deyil ki, başqa insanlar üçün də işləyəcək. Tələbələrin tez-tez etdiyi səhvlərdən biri də budur ki, onlar hər gün məşq etmirlər. Hansı texnikadan istifadə edirsinizsə-edin, burada bir nüans var ki, siz ən yaxşı kitabı qarşınıza qoysanız, Harvad Universitetindən mükəmməl bir peşəkar gətirsəniz, ən yaxşı videoya baxsanız, ən yaxşı metodu götürsəniz belə, əgər hər gün məşq etməsəniz, beyniniz o dili mənimsəməyəcək. Əlbəttə ki, öyrənmək üçün sizin 5-10 iliniz varsa, beyniniz o dili mənimsəyə bilər. Bizsə o dili öyrənmənin sürətli texnikalarından danışırıq. Sürətli dil öyrənmək üçün gərəkdir ki, hər gün məşq edək. Az məşq edin, amma hər gün edin. Çünki biz hər gün beynimizə siqnal göndərməliyik ki, bu dili öyrənirik. Dil öyrənmək riyaziyyat öyrənmək, maşın ustalığını öyrənmək kimi bir şey deyil”.
Poliqlot deyir ki, ən əsası, istifadə etdiyin texnikadan zövq almaqdır: "Hansı texnikanı istifadə ediriksə, biz o texnikadan zövq almalıyıq. Əgər o prosesdən zövq almırıqsa, beynimiz o dili çox gec mənimsəyəcək. Məsələn, kiməsə məsləhət görülür ki, gedin, film izləyin. Əgər bu insan film izləməkdən zövq almırsa, beyin o dili mənimsəmir. Ya da çox gec mənimsəyir. Əgər bir insan mahnılara qulaq asmağı sevmirsə, bu da onda alınmayacaq. Və ya əgər kimsə təzə insanlarla söhbət etməyi, tanış olmağı sevmirsə, bu metod da onda alınmayacaq”.
Həmsöhbətimiz vurğuladı ki, insan beyni xarici dilləri öyrənmir, mənimsəyir: "Necə ki, uşaqlar valideynlərini, ətrafdakı insanları dinləyərək, yaşayaraq dili mənimsəyir, böyüklər də eləcə, dinləyərək, oxuyaraq, yaşayaraq dilləri mənimsəməlidirlər”.
Dil öyrənməyə kömək edən filmlər
Əcnəbi mütəxəssislər deyir ki, yeni dil öyrənməyin ən yaxşı yollarından biri maraqlı film izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Mütəxəssislərin məsləhəti ilə dil öyrənməyi asanlaşdıran 8 maraqlı filmi nəzərinizə çatdırırıq:
1. Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da təzə dil öyrənməyə başlayanlar üçün rahat imkanlar yaradır.
2. The Lake House
Yazılı ingilis dilinizi inkişaf etdirmək üçün ən yaxşı filmlərdəndir. İki qəhrəman, iki vaxt və bir poçt qutusu. Onlar sizə əsl romantik məktub yazmağın qaydasını öyrədəcək.
3. Beauty and the Beast
Başlanğıc üçün uşaqlıqdan bəri hamının sevdiyi bu möhtəşəm filmi seçmək ən yaxşısıdır. Cizgi filminin qəhrəmanlarının başa düşülən və aydın tələffüzləri var. Onlar danışıqları əsnasında çətin sözlərdən istifadə etmirlər. Buna görə də bu cizgi filminə hətta ingilis dili səviyyələri aşağı olanlar belə baxa bilərlər.
4. Coffee and Cigarettes
Dil biliklərini genişləndirmək üçün dəyərli filmdir. Film boyunca xeyli söhbətlər, mübahisələr və zarafatlar dövr edir.
5. Shrek
Bu cizgi filmini izləyərək, həm böyüklər, həm də uşaqlar ingilis dilindən nəsə öyrənə bilərlər. Aktyorların tələffüzü çox dəqiqdir, ifadələr qısa və asandır. Ən əsası isə, burada istifadə olunan zarafatlar və mahnılar sizi izləyərkən darıxmağa qoymayacaq.
6. Bridget Joneschr("39")s Diary
İngilis dilini öyrənmək üçün yararlı olan filmlərdən biri də budur. Film həyatını dəyişməyə çalışan 32 yaşlı Bridgetdən bəhs edir. Filmdəki dialoqlar çətin deyil, Rene Zelvegerin tələffüzü isə möhtəşəmdir.
7. The Iron Lady
Tarixi bilmək hər zaman yararlıdır, öyrəndiyin dilin tarixini bilmək isə bir ikiqat yararlıdır. Buna görə də Margaret Tetçerin həyatından bəhs edən və Meryl Stripin çəkildiyi bu mövzuda film çox vacibdir. Bu filmlə düzgün akademik ingiliscədən də bəzi məqamlar öyrənə bilərsiniz.
8. Jerry Maguire
Böyük şirkətdə işləmək istəyirsiz? Filmdə qəhrəman sizə həm danışmaq, həm də düzgün fikirlər hazırlamaq mövzusunda kömək edəcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər