Dərsi mənimsəməyin yeni metodunu yaradan müəllim- Startap
12.04.19 14:00
2639
"Tarix elə
bir fəndir ki, bunun üçün kitaba baxmağa ehtiyac yoxdur. Yəni bu riyaziyyat
deyil ki, uşaq mütləq misalı görməlidir. Məncə, dinləyərək də tarixi öyrənmək
olar. Həmçinin, kitab oxumaq üçün mütləq sakit bir mühit olmalıdır. Hətta ən
kiçik səs belə, insanın fikrini dağıda bilir. Ona görə də uşaqlara evdə, yolda,
parkda, istədiyi vaxt dərsini təkrarlamaq şansı yaratdıq” - Bu sözləri bizimlə
söhbətində yenicə istifadəyə verilən "Tarapp”
layihəsinin ideya müəllifi və rəhbəri Günel Əhmədova söylədi.
Pedaqoji
Universitetin tarix fakültəsini bitirən həmsöhbətim deyir ki, iki il əvvələ
qədər Bakıdakı məktəblərin birində tarix müəlliməsi işləyib: "Eyni zamanda,
repetitorluqla da məşğul idim. İşlədiyim dövrdə müşahidə edirdim ki, uşaqlar
dərsi dinləməyə daha çox üstünlük verirlər, nəinki oxumağa. Bəzi uşaqların
valideynləri də mənə deyirdi ki, biz dərsi oxuyuruq, onlar dinləyir. Bir neçə
dəfə universitetə hazırlaşan uşaqların, səsimi diktofona yazdığını gördüm. Bunun
səbəbini soruşduqda dedilər ki, belə daha yaxşı yadımızda qalır. Hazırlığa
gəlməzdən əvvəl yolda dərsi dinləyərək təkrar edirik. Başa düşdüm ki, belə bir
şeyə tələbat var. Həm də indiki dövrdə tələbələr və şagirdlər dinamik həyata
meyllidir. Texnoloji yenilikləri onlar üçün bir fürsətə çevirmək lazımdır.
Həmin vaxt bu layihənin ideyası yarandı. Fikirləşdim ki, əgər alınsa, bu layihə
uğurlu olacaq”.
Günel
deyir ki, layihənin tam olaraq hazırlanması iki il çəkib: "Əvvəlcə daha uğurlu
və keyfiyyətli bir iş ərsəyə gətirmək üçün öz istəyimlə ərizə yazaraq işdən
çıxdım. Həmçinin, repetitorluq fəaliyyətimi də dayandırmalı oldum. Buna görə
məni qınayan az olmadı. Hamı deyirdi ki, hazır dövlət işindən çıxmaqla
ağılsızlıq edirsən. Layihəm haqda heç kimə deməmişdim. İşdən çıxdığıma görə,
ailə büdcəsinin bir hissəsi də kəsildi. Həmin vaxt müəyyən maddi sıxıntılarımız
oldu.
Demək olar
ki, bu mərhələdə təkbaşına idim. Ən böyük dəstəkçim isə həyat yoldaşım oldu.
Yalnız o işdən çıxanda məni qınamadı, əksinə, anlayışla qarşıladı. Təkcə bu
layihədə deyil, həmişə mənə dəstək olmağı bacarıb. Məncə, onun dəstəyi
olmasaydı, bu qədər qınaqlara və tənqidlərə dözə bilməzdim”.
Daha sonra
səsyazma prosesinə başlayan müsahibim ev şəraitində hazırladığı konspektləri
audio versiyaya çevirib: "Lazımi materialları toplayaraq səsyazmaya başladım.
Təzə başlayanda bu işin belə çətin olacağını düşünməmişdim. Adi bir səsə görə
dəfələrlə pozub yenidən yazmalı olurdum, çünki studiya şəraitim yox idi. Məcbur
olub qapıları, pəncərələri sıx örtürdüm. Hərdən nahar vaxtı küçədə o qədər
səs-küy olurdu ki, saatlarla oturub gözləməli olurdum. Həmçinin, əsas
məqamlardan biri də düzgün səsləndirmədir. Səsin tonuna da diqqət etmək lazımdır.
Çünki deyiliş tərzindən çox şey asılıdır. Dərsi uşağa elə formada izah
etməlisən ki, tam aydın olsun”.
Həmsöhbətim
deyir ki, yerli platformalarla əməkdaşlıq baş tutmadığına görə, xarici
platformaya müraciət edib: "Səsyazma mərhələsindən sonra layihəni hər hansı bir
platformada yerləşdirməli idim. Əvvəlcə yerli platformalara, ilk olaraq
"Applab” İnnovasiya Mərkəzinə müraciət etdik. Biz layihəni təqdim etdiyimiz
zaman çox müsbət qarşılandı. Amma onlar layihəni komanda şəklində qəbul
etdiyinə görə, əməkdaşlığımız alınmadı. Başqa bir platformaya müraciət etdikdə
isə layihəni əvvəlcə mobil tətbiqetməyə yükləyib sonra müraciət etməli
olduğumuzu bildirdilər. Amma bunun üçün isə bizim komandada proqramçı yox idi.
Proqramçı ilə işləmək isə böyük məbləğ tələb edirdi və buna imkanımız çatmırdı.
Beləcə, beynəlxalq platformalar haqda araşdırmalar etdik. "Audible”
platformasına müraciət etdik. Amma bu platformanın ödəniş qaydası çətin olduğuna
görə, fikirləşdik ki, istifadəçilərə çətinlik yarada bilər. Nəhayət "Udemy” platformasına
müraciət etdik. Bu platforma isə video formatı tələb edirdi. Biz də məcbur olub
görüntü olsun deyə, səsləri montaj etdik. Təqribən 300-ə yaxın video-material
hazırlandı. Nəhayət, bu mərhələ başa çatdıqdan sonra platforma, layihəmizi qəbul
etdi”.
Daha əvvəl
belə bir layihə olmadığını deyən Günel qeyd etdi ki, fənlərlə bağlı qısa videomateriallar
var. Amma dərsliklərim vahid formada səs yazı versiyası yoxdur: "Video
materiallara baxmaq üçün kompüterə və ya telefona köklənməli olursan. Bizim əsas məqsədimiz odur ki, uşaqlar
yorulmadan, daima bir yerə bağlı şəkildə qalmadan dərsi mənimsəyə bilsinlər.
Hal-hazırda uşaqların əksəriyyəti eynəkdən istifadə edir. Fikirləşdim ki, bu
üsulla onlara kömək edə bilərəm. Uşaqlar indi bu tətbiqetməni yükləyərək istədikləri
vaxt dərsi dinləyə bilir. Ucqar bölgələrdə yaşayan insanlarda belə mobil
telefon var. Hər kəs sosial şəbəkə istifadəçisidir. Ona görə də, layihəni daha
çox sosial şəbəkə üzərindən tanıtmağa çalışırıq ki, hər kəs xəbərdar olsun.
Ödəmə sistemini elə qurmuşuq ki, istənilən kart üzərindən etmək mümkün olsun.
Pensiya, tələbə, təqaüd, maaş, yəni istənilən kartla ödəniş etmək mümkündür.
İstifadəni asanlaşdırmaq üçün video-çəkiliş edib öz "facebook” səhifəmizə
yerləşdirdik. İndi hər kəs istədiyi vaxt bu dərsliyi əldə edə bilər. İOS və
Android əməliyyat sistemlərindən rahatlıqla endirmək olar. İstifadəçilər kupondan istifadə edərək
endirimlər qazana bilər. Bunun üçün sosial mediada nümunələr yerləşdirmişik ki,
əvvəlcə dinləyə bilsinlər. Azərbaycan və dünya tarixi üzrə dərsliklər vahid
formaya salınıb. Ayrı-ayrılıqda hər birinin
qiyməti 20 manatdır”.
Layihə
üzərində işləyərkən bir sıra çətinliklərlə qarşılaşan müsahibim deyir ki, hər şey insanın özündən asılıdır: "Nəyisə əldə
etmək üçün qarşıdakı maneələri keçməyi bacarmalısan. "Edə bilmərəm” ifadəsini
işlətmək olmaz. Məncə, qarşısına məqsəd qoyan hər kəs öz istəyinə çata bilər.
Layihənin uğurlu olacağına inanıram. Çünki biz onu təqdim etdikdən qısa müddət sonra
artıq bir neçə nəfər alıb. Hazırda maraqlananların sayı da çoxdur. Çünki tarix
elə bir fəndir ki, bunun üçün kitaba baxmağa ehtiyac yoxdur. Yəni bu riyaziyyat
deyil ki, uşaq mütləq misalı görsün. Dinləyərək tarixi öyrənmək olar. Həmçinin,
kitab oxumaq üçün mütləq sakit bir mühit olmalıdır. Kiçik səs belə, insanın
fikrini dağıda bilir. Amma belə olan halda uşaq qulaqcıq taxaraq dərsi rahat
dinləyə bilir. Evdə, yolda, parkda istədiyi vaxt dərsi təkrarlamaq olar. Bu
layihə həm də müəllimlərin istifadəsi üçün faydalıdır. Çünki tarix elə bir fəndir
ki, daim təkrarlamaq lazımdır. Həmçinin, əksər universitetlərdə birinci kurs
tələbələri Azərbaycan tarixindən imtahan verir. Tələbələr üçün də istifadəsi
əlverişlidir. Üstəlik, xarici ölkədə yaşayan vətəndaşlarımız da bundan
yaralanmaqla dilimizi və tariximizi unutmayacaq. Onların öz övladlarına
Azərbaycan tarixini ana dilimizdə öyrətmək şansı var. Digər tərəfdən, görmə
məhdudiyyəti olan şəxslər üçün istifadəsi məqsədə uyğundur”.
Sonda
müsahibimə uğurlar arzulayıb gələcək planları haqda soruşduq: "Özüm ingilis və
rus dillərini bilirəm. Layihəni gələcəkdə genişləndirərək bu iki dildə
səsləndirməyi fikirləşirəm. Həmçinin, təkcə tarix yox, digər humanitar fənləri
səsləndirmək haqda da düşünürəm. Bu fənlər üzrə kitabların audio versiyasını
hazırlamaq niyyətim var. Amma bu işə başlamazdan əvvəl araşdırmalar edəcəyəm.
Tələbat olub-olmadığını öyrənəcəyəm. Hələlik layihənin formatına dəyişiklik
etmək niyyətim yoxdur. Gələcəkdə tələbat olarsa, bunu edə bilərəm”. Şəbnəm Mehdizadə