AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Dərsdə yatan şagirdi alqışlarla oyatdıq”

“Dərsdə yatan şagirdi alqışlarla oyatdıq”

Gənclik qəzeti
22 May 2020, 17:48 2598
 
Azər Hüseynli: Maarifləndirmək, şagirdlərə ingilis dilini öyrətmək həyat tərzimdir
 
Dərs keçmək, maarifləndirmək onun həyat tərzidir. Müəllim deyil. Amma deyir ki, müəllimlik onun genetikasındadır. Könüllü şəkildə, işlədiyi layihələrlə şagirdlərə ingilis dilini öyrətmək üçün əlindən gələni edir. Deyir ki, gələcəkdə öz ixtisası üzrə - iqtisadiyyat sahəsində fəaliyyət göstərsə də, bu layihələrini davam etdirəcək.

Müsahibimiz "Intelligent Programs Center”in rəhbəri Azər Hüseynlidir.

Həmsöhbətimiz Gəncədə anadan olub və təhsil alıb. 2006-cı ilin yanvar ayından iyun ayına qədər ABŞ-ın Merilend ştatının Baltimor şəhərində "Lansdowne Middle School” məktəbinin 6-cı sinfində oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsinin Menecment (Alman proqramı) ixtisasının əyani şöbəsinə qəbul olunub və bakalavr dərəcəsi alıb. Daha sonra Avropa İttifaqının "Erasmus Mundus İNFİNİTİ” tələbə mübadilə proqramının qalibi olaraq Çexiya Respublikasının Ostrava Texniki Universitetinin İqtisadiyyat fakültəsində Avropa biznes elmləri ixtisası üzrə təhsil alıb. Menecment, sosial sahibkarlıq, ictimai liderlik və s. sahələrdə bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edib. 2016-cı ilin yanvar ayında "Bakı-Tbilisi-Qars Beynəlxalq Dəmir Yolu Tikintisi” layihəsində sahə meneceri olaraq əmək fəaliyyətinə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra Gəncədə "Fireland Travel” MMC-də səyahətlərin təşkili üzrə menecer, 2018-ci ilin mart ayından may ayınadək "Paşa Holdinq”in Şamaxı şəhərində yerləşən "Shamakhi Palace” hotelində qonaqlarla iş üzrə agent işləyib. 2018-ci ilin iyun ayından Bakıya gələrək xarici dil öyrətmə və xaricdə təhsil ilə məşğul olan müxtəlif şirkətlərdə könüllü və ya günəmuzd hesabla işləməklə, ingilis dili təlimçisi və təhsil məsləhətçisi kimi fəaliyyət göstərir.
 


- Azər bəy, iqtisadiyyat sahəsində təhsil alıb, menecment, turizm sahəsində işləmisiniz. Nə üçün təhsil sahəsində işləyib, şagirdlərə dil öyrətmək ehtiyacını duyursunuz?
- Təhsil sahəsində fəaliyyət göstərmək məndə genetikdir. Müəllim ailəsində dünyaya gəlmişəm. Ən böyük təhsilimi atamdan almışam. Atam Gəncədə uzun müddət maarifləndirmə sahəsi ilə məşğul idi. "Kamil” Vətəndaş İctimai Birliyi maarifləndirmə mərkəzinin rəhbəri olub. Hansı ki, gəncəli və orada təhsil alan başqa tələbələrin də maarifləndirilməsinə kömək edib, xaricdə təhsil almaları üçün yönləndirib. Mən də həmişə istəyirdim ki, gənclərə faydalı olum. Hələ universitetdə oxuyandan ingilis dilini bildiyim üçün "english fan club” layihəsini yaratdım. Bu layihə vasitəsilə, əyləncə yolu ilə ingilis dilini aşağı sinif şagirdlərinə tam təmənnasız öyrədirdik. Daha sonra universitetdə könüllü olaraq, iqtisadiyyat fakültəsində Xüsusi İstedadlar Qrupunda təhsil alan tələbələrə ingilis dilini öyrədirdim. Burada təhsil alan tələbələr ingilis dilini mükəmməl səviyyədə bilmədikləri üçün onlara dərslər keçirdim, bu da universitet tərəfindən dəstəklənirdi. Ondan sonra öz ixtisasımla bağlı bir neçə forumda iştirak etdim və işləməyə başladım.

- "Shamakhi Palace”da işinizdən öz istəyinizlə çıxıb Bakıda sıfırdan başlamısınız. "Intelligent Programs Center” nədir və iş prinsipləri nədən ibarətdir?
- Düzdür, işim və gəlirim çox yaxşı idi. Amma işimdən zövq almırdım. Özümü təhsil sahəsində görürdüm. Hətta valideynlərim də etiraz etdilər. Amma mən yaxşı iş olsa da, sevmədiyim sahədə işləyə bilmədim. Gəncədən Bakıya köçdük. Atam ADA məktəbində müəllim kimi çalışır. Yenidən təhsil sahəsinə gəldim. Amma artıq könüllü işləməklə yanaşı, gəlir də lazım idi. Öz startapım kimi "Intelligent Programs Center”i yaratdım. Konsultasiya mərkəzi olaraq, artıq xidmət haqqı müqabilində gənclərimizə, tələbələrimizə beynəlxalq layihələrdə iştirakla bağlı kömək edirik. Buraya qısamüddətli layihələr daxildir. Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada olan layihələrdə iştirak etmələrinə şərait yaradır, sertifikat əldə etmək, liderlik, idman, gənc sahibkarlıq mövzularında olan layihələrdə konsultasiya veririk.  Fəaliyyətimizdə Avropa universitetlərinə qəbul proqramları var. Xüsusilə, Çexiyanın universitetlərinə qəbulda köməklik edirik. Həmçinin çox geniş fəaliyyət olaraq, Türkiyədə 15 universitet üzrə tələbələrimizin təhsil almasına dəstək oluruq.
 


- Bununla yanaşı, məcburi köçkünlər üçün olan məktəblərdə şagirdlərə ingilis dilini öyrədirsiniz...
- Bəli, bu sahə ilə məşğul olduqdan sonra mənə yenidən müəllimlik fəaliyyəti ilə bağlı təklif gəldi. Amerika səfirliyinin Azərbaycan daxilində maliyyələşdirdiyi bir neçə layihə var idi ki, bu, xüsusilə məcbur köçkün və qaçqın statusu daşıyan şagirdlər üçün nəzərdə tutulmuşdu. Müşviqabad qəsəbəsində yerləşən məcburi köçkün məktəblərində bu layihəni icra etdik. Orada həm ingilis dilini, həm də liderlik bacarıqlarını öyrədirdik. Mən layihə koordinatoru olaraq fəaliyyət göstərməyə başladım. 2019-cu ildə bu layihəyə başladıq. Layihənin məqsədi ingilis dilində danışıq və dinləmə bacarıqlarının inkişaf etdirilməsi idi. 7-8-9-cu sinif şagirdlərinə tədris olunmalı idi. Yuxarıda da qeyd etdiyim kimi, biz liderlik bacarıqları, özünüinkişafla bağlı da dərslər keçməyə başladıq. İngilis dilində olan məlumatları ingilisdilli müəllimlər öyrədirdi. Liderlik, komanda işi, sağlam düşüncə, sağlam mübarizə ilə bağlı dərsləri də mən keçməyə başladım. Hər bir dərsə hazırlaşmazdan öncə Youtube-dan yeni dərs keçmə videolarına baxıram ki, tam fərqli metodlarla öyrədim. Tələbələrimə də demişəm ki, sinifdə müəllim-şagird münasibətləri olsa da, sinifdən kənarda dost olmalıyıq. Hər bir şagirdlə çox yaxşı münasibətlərimiz var. Dərsin bitməsinə 10 dəqiqə qalmış şagirdlərə imkan yaradıram ki, dərsdən kənar nə sual istəsələr, versinlər. Tam sərbəst 10 dəqiqəlik müzakirələrimiz olur. Dərs keçmək, maarifləndirmək, şagirdlərə ingilis dilini öyrətmək artıq həyat tərzimdir. Gələcəkdə iqtisadiyyat sahəsində fəaliyyət göstərəcəm, amma bu layihələrimi də davam etdirəcəyəm.

- Şagirdlərinizlə fərqli münasibət qurursunuz. Hətta deyirlər, şagirdləriniz siz xaricdə olanda, zəng edib darıxdıqlarını bildirirlər. Buna necə nail olmusunuz?
- Şagird məni sevməsə və hörmət etməsə, öyrətdiyimi də qavramaq istəməyəcək. Məsələn, bir dəfə şagirdim yorğun idi və yatmışdı. Özüm təhsil aldığım müddətdə də sevmədiyim hallardan biri odur ki, yatan şagirdlər sərt reaksiya ilə oyadılırdı. Mən dərs metodlarımı Youtube-dan araşdırmalar edərək öyrənirdim. Bir dəfə yatan şagirdi əyləncəli şəkildə oyatmaq videosunu izləmişdim və bunu tətbiq etdim. Yorğunluqdan yatan şagirdi alqışlarla, əyləncəli şəkildə oyatdıq. Çünki düşündüm ki, bəlkə də mən uşağı yormuşam, yaxud dərsim maraqsız gəlib deyə, yatıb. Arada 5 dəqiqəlik əyləncə qatmaq lazımdır ki, uşaqlar dərsə maraqla qulaq assınlar. Şagirdlərimlə özümüzə məxsus salamlaşma üsulumuz var. Mənim bütün layihələrdə ilk dərsim motivasiya olur. İlk olaraq, onlara deyirəm ki, bu dünyada heç nə mümkünsüz deyil. Məqsədlərini, niyyətlərini öyrənirəm. Ən son dərsim də bizim layihədən nə öyrəndiklərimiz olur. Həmişə istəyirəm ki, tələbələrə inşa yazmaq bacarıqlarını öyrədim. Mənim üçün bu ona görə önəmlidir ki, özüm də xaricə təhsil almağa gedəndə, əsas mərhələ inşa yazmaq idi. Bunu yazmaq bizim şagirdlər üçün həddindən artıq çətin olur. Çünki biz məktəb sistemində hər dəfə yay tətilindən qayıtdıqda, "yay tətilini  necə keçirdiniz” haqqında inşa yazırdıq. Sinifdə olan 25 şagirddən ən azı 20-miz "ildə 4 fəsil var: yaz, yay, payız, qış”la inşaya başlayırdıq. Hamımızda da oxşar, absurd cümlələr olur. Amma Amerika sistemində bu çox yaxşı idi. Onlar bizdən daha çox kreativ yanaşırlar. Mən də çalışıram ki, onlara bunu indidən öyrədim. Xaricdə təhsillə bağlı proqramlar haqqında məlumatlar verirəm. Burada ilk önəmli tələb inşa yazmaq xüsusiyyətidir. Çalışıram ki, uşaqlar indidən bunu öyrənsinlər. Ən azı Amerikada 11-ci sinifdə təhsil ala bilsinlər.
 


- 6-ci sinfi Amerikada oxumusunuz. Bir məktəbli üçün bu nə dərəcədə çətin idi? Təhsil prosesi bizdəkindən nə ilə fərqlənirdi? 
- Orta məktəbdə 1 il idi ki, ingilis dili təhsili alırdım. Amerikaya getməzdən əvvəl ingilis dilini təkmilləşdirmək üçün hazırlığa getdim. Mənim üçün bu başqa bir dünyaya düşmək idi. İlk bir ayı həddən artıq çətinlik çəkdim. Hazırlıqda yazılı şəkildə dili öyrənmişdim. Şifahi dili bilmirdim. Məcbur olub, bəzən müəllimlərlə əl-qol hərəkətləri ilə ünsiyyət qururdum. Bu məktəb Amerikada yaşayan xaricilər üçün idi və şagirdlərin də ingilis dili aşağı səviyyədə idi. Orada mənə ən maraqlı gələn o idi ki, Azərbaycandakı təhsil sistemi ilə müqayisədə riyaziyyat fənni bir il geridə idi. Bu mənim üçün xoşbəxtlik idi. Riyaziyyat üzrə sinfin ən yaxşı oxuyanı idim. Ən yaxın dostlarım çinlilər idi. Bütün dostlarımdan yaxşı bilirdim. Halbuki Azərbaycanda riyaziyyatdan güclü deyildim. Azərbaycandakı təhsilim məni orada qabağa atmışdı. Dərslərimdən mənfi nəticələr göstərməyim deyə, atamın əməyi çox oldu. Mən dərs keçməyin ən maraqlı üsullarını atamdan öyrənmişəm. Bu üsullarla geriləməyimə heç bir səbəb olmurdu. Amma qayıtdıqdan sonra yenidən öz sistemimiz məni sıxırdı. Çünki orada dərs prosesi əyləncəli olurdu. Riyaziyyatı loto oynayaraq keçirdik. Qalib olanlara müəllim hədiyyələr verirdi. Bir dərsimiz də "Makdonalds”da olmuşdu. Müəllim bizi aparmışdı ki, bu yaşdan ödənişi etməyi, pulla rəftarı bilməli, özümüzə xidmət etməyi öyrənməliyik. Bunlar mənim üçün gözəl təcrübə idi. Geri döndükdən sonra müəllimlərə bacardığım qədər danışırdım. Amma bizim müəllimlərimizin marağında deyildi. Mənə uşaq kimi baxırdılar ki, sənin sözünlə oturub-durmayacağıq. Bu mənə pis təsir edirdi. Əyləncəli təhsil üsulundan darıxdırıcı təhsil üsuluna keçdim. Özüm bu üsulu gördüyüm üçün indi çalışıram ki, şagirdlərim üzərində tətbiq edim və onlar da dərsi sevsinlər.

Aygün ƏZİZ