Peyvənddən qorxma, COVİD-dən qorx - REPORTAJ
Və ya vaksinasiya prosesindən reportaj
Növbədir. Yaşlı, cavan nömrə götürüb sırasını gözləyir.
Maraqlıdır, ən çox narahatlıq keçirən, həyəcanlanan gənclərdir. Yaşlı nəsil
onlara tövsiyə verir:
- Qızım, sən peyvənddən qorxma, COVID-dən qorx. Peyvənd virusun cəlladıdır.
Vaksinasiya səni virusa qarşı qüvvətləndirir, güclü edir. Güclü olmaqdan
qorxma.
Gənc qız gülümsəyir və ona ürək-dirək verdiyi üçün
növbə yoldaşına təşəkkür edir.
5 543 311 nəfər
peyvənd olunub
Ölkəmizdə yanvarın 18-dən etibarən start verilən
COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Avqustun 12-nə olan məlumata
görə, ölkədə 5 543 311 nəfər peyvənd olunub. Vaksinasiya
prosesini izləmək üçün S. M. Əfəndiyev
adına 2 saylı Şəhər Poliklinikasına yollandıq. Maskamızı taxıb, spirtlənib tibb
ocağına daxil oluruq. Əvvəlcə binanın girişində vətəndaşların hərarəti ölçülür,
sonra onların içəri daxil olmasına icazə verilir. Peyvənd vurdurmaq üçün gələn
sakinlər poliklinikanın birinci mərtəbəsində yerləşən qeydiyyat şöbəsinə
yaxınlaşıb müraciət edirlər.
Yoluxma pik həddə
çatdıqdan sonra...
Poliklinikanın
baş həkimi Sevda Aslanova
deyir ki, bu günə qədər tibb müəssisəsində 25 597 nəfərə peyvənd vurulub: "İlk
2-3 həftə çox az sakin müraciət edirdi. Yoluxma pik həddə çatdıqdan sonra
insanlar narahat olmağa başladı və növbələr yarandı”.
Həkim deyir ki, sakinləri peyvəndlə bağlı maarifləndirirlər:
"Nə qədər çox insan vaksinasiya olunsa, bu xəstəliyə o qədər tez qalib gələ bilərik.
Virusa qalib gəlmək üçün mütləq vaksinasiya olmalıdır. Bu, bütün dünyada belədir.
Heç kim şayiələrə inanmasın. Artıq sübut olunub ki, xəstəliyi ağır keçirənlərin
əksəriyyəti vaksin olunmayanlardır. Ağırlaşmaların olmaması, xəstəliyi yüngül keçirmək
üçün hər birimiz peyvənd olunmalıyıq”.
Klinikada peyvənd
zamanı ağırlaşmalar olubmu?
- Heç bir ağırlaşma olmayıb. Artıq 26 minə yaxın
insan peyvənd olunub. İnsanlar ilk vaxtlar qorxurdular. İlk günlər peyvəndin
içində "çip”in olub-olmadığı ilə maraqlanırdılar. Biz hər dəfə insanlara izah edirdik ki, şayiələrə
inanmasınlar. Vaksin xəstəlikdən çıxış yoludur. Normal həyata qayıtmaq üçün
vaksinasiya vacibdir. Bir həkim kimi hər kəsdən xahiş edirəm ki, peyvənd
olunsunlar.
2 saylı klinikada hər gün ən azı 200 nəfər
vaksinasiya olunur. Məsələn, avqustun 12-si saat 4-ə qədər artıq 160 nəfər peyvənd
olunub. Hətta bu rəqəmin 500-600 nəfəri keçdiyi də müşahidə olunur.
"Allergiyası
olmayan insan varmı?”
Həkim deyir ki, xroniki xəstəliyi olanlar, piylənmədən
əziyyət çəkənlər xəstəliyi ağır keçirirlər: "Xroniki xəstəliyin kəskinləşmə
dövründə peyvənd vurulmur. Hər gün bir neçə adam gəlib müraciət edir ki, məndə
allergiya var. Elə bir insan varmı ki, heç olmasa, bir dəfə allergiyası olmasın?
Çox ciddi allergik reaksiyası olanlara vaksinasiya tövsiyə olunmur. Hansı ki,
bundan öncə hər hansı iynədən ciddi anofilaktik şok keçirib. Yaxud əvvəllər
vaksin vurdurub, allergik reaksiya olubsa, bu zaman vurdurmaq olmaz. Ola bilər
ki, vaksinin hansısa komponentinə qarşı ciddi reaksiya var. Amma kimsə deyirsə
ki, məndə dəridə səpkilər olur, toza qarşı, hansısa qidaya qarşı allergiyam var,
bu, vaksin vurdurmaq üçün əks göstəriş hesab olunmur”.
Ümumi göstərişlər
normaldırsa...
Vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq
istədiyi xəstəxanadan növbə götürür, poliklinikada qeydiyyata düşəndən sonra həkim
müayinəsindən keçirlər. Burada qan təzyiqi ölçülür, saturasiya yoxlanılır, əgər
ümumi göstərişlər normaldırsa, peyvənd
otağına yollanır. Tibb bacısı peyvəndi vurduqdan sonra vaksinasiya olunan vətəndaş
10 dəqiqə gözləyir, vəziyyətinə baxılır, hər şey normaldırsa, evə yollanır.
Stress, həyəcan,
isti...
Xəstələri
müayinə edən Həsənova Gülnarə deyir ki, bəzi hallarda vətəndaşın qan təzyiqi yüksək olur və
müdaxilə edirlər: "Xəstəni müayinə edirəm. Hər şey normaldırsa, xəstə portaldan
keçir və peyvənd otağına yollanır. Yüksək təzyiq olanda, müdaxilə edirik. Əgər
təzyiq normala qayıdarsa, peyvənd vururuq. Belə hallar, adətən stressdən, həyəcandan,
istidən olur”.
"İynəni hiss
etmədim”
Abbasova Aytac peyvənd otağındadır. Üzündəki təlaşı hiss etmək
olur. İynədən qorxduğunu deyir. Həkim isə onunla maarifləndirici söhbət aparır.
Peyvənd olunduqdan sonra Aytaca yaxınlaşırıq: "Çox rahat oldu. Əslində iynəyə
qarşı fobiyam var. Vaksinin vurulma anından qorxurdum. Həkimlər mənə izah etdilər
və qorxuma qalib gəldim. Heç bir ağrı, narahatlıq hiss etmirəm. Bütün həmyaşıdlarıma
vaksinasiya olunmağı tövsiyə edirəm. Əgər mənim kimi iynədən qorxan varsa,
narahat olmasınlar, iynə vurularkən, demək olar ki, ağrı hiss etmədim”.
Proses
ağrılıdırmı?
Tibb bacısı Şəfa Hüseynova deyir ki, indiyə qədər ciddi problemlə
rastlaşmayıb: "Gənclərin əksəriyyəti iynədən qorxur. "İncidirmi? Ağrılıdırmı?”
kimi suallar verirlər. Bəziləri vaksinasiya prosesini çəkmək istəyir. Bizimlə şəkil
çəkdirib gedirlər”.
"Buna da qalib gələcəyik”
55 yaşlı Gülalə
Məmmədova daha cəsarətlidir:
"Yoluxmamaq, yoluxdurmamaq, ağır keçirməmək üçün vaksin vurdururam. Bunu hər
birimiz etməliyik. Bu bəladan xilas olmağın tək yolu peyvənddir. Peyvənd, əslində,
hər dövrdə olub. Hələ heç kim ziyanını görməyib. Dünyadan çox xəstəlik gəlib keçib.
Buna da qalib gələcəyik”.
"Xəstələnmək
istəmirəm”
70 yaşlı Rafiq Əliyev də virusa məğlub
olmamaq üçün vaksinasiyaya müraciət edib: "Mən peyvənd olunmaq istəməyənlərə
çox təəccüblənirəm. Canlı düşməndən qorxmurlar, amma dərmanından qorxurlar. Xəstələnmək,
ağır keçirmək istəmirəm. Ona görə də peyvənd olunuram. 70 yaşım var. Hələ ki, koronavirusa
yoluxmamışam. Çünki bütün qaydalara riayət edirdim. Əməliyyat olunmuşam. Yoluxsam
belə, yüngül keçirmək üçün vaksinasiya olunuram. Hər kəsi də vaksinasiya
olunmağa çağırıram. Bu, lazımdır. Hamımız vaksinasiya olunmalıyıq”.
"Tək xilaskar
peyvənddir”
Lalə Məmmədova ikinci dozanı vurdurub. Özünü yaxşı hiss etdiyini
vurğulayır və insanları peyvənd olunmağa çağırır: "Özümü yaxşı hiss edirəm.
İnsanlara tövsiyə edirəm ki, hər kəs gəlib peyvənd olunsun. Çünki biz təkcə
özümüzə yox, yaxınlarımıza, valideynlərimizə görə də məsuliyyət daşıyırıq. Hamımızın tək xilaskarı peyvənddir”.
Gəncə ürək-dirək verən dayının dediyi kimi, gəlin,
peyvəndin "cəlladı” ilə dostlaşıb "əzrailə” meydan oxuyaq. Güclü olmaqdan
qorxmayaq. Unutmayaq, biz birlikdə güclüyük...
Aygün ƏZİZ
FOTOTapdıq Abdullayev/ Global
Media Group