«Dəbi sən yarat» şüarı ilə yola çıxan xanım

"Mən
hər geyimdən bir dənə olsun” prinsipi ilə yola çıxdım. Çünki xanımların belə
bir psixologiyası var: məndə olan geyimdən başqasında olmasın. Bu, onlar üçün
önəmlidir. Bəzən bir məclisdə iki xanımda geyimin rəngi belə eyni olması onların
xoşuna gəlmir. Özüm də xanım olduğuma görə o psixologiyanı yaxşı bilirdim. Ona
görə də qərara aldım ki, tək ölçü, tək dizayn, tək xanım üçün işlər hazırlayım”
– bu sözləri bizimlə söhbətində "Rozsev”in təsisçisi Aytən Xəlilzadə söylədi.
Onunla
öz geyim brendini yaratması ilə bağlı keçdiyi yoldan və işinin bugünkü
durumundan danışdıq.
- Tarix üzrə təhsil almısınız,
amma bu gün moda sahəsindəsiniz. Demək ki, əsas marağınız bu istiqamətə olub...
- Uşaqlıqdan modaya marağım olub.
Ali təhsil zamanı gələndə də məqsədim əslində, Rəssamlıq Akademiyasında oxumaq
idi, ancaq birinci turdan keçsəm də, ikincidən cüzi balla kəsildim. Ona görə tarix
fakültəsində oxudum. Amma marağım yox idi, dərslərə həvəslə getmirdim,
gecikirdim, dərsdən qaçırdım. Dərsdə hamı mühazirə yazanda, mən arxa partada
oturub eskiz çəkirdim. Təşkilata gedirdim, orada "Fashion Academy” layihəsi var
idi. İdeya müəllifi idim, orda özüm də iştirak edirdim.Universitet
bitirdikdən sonra valideynlərimi razı salıb İstanbulda "Moda Akademiyası”na
getdim, orda markanı yaratmaqla bağlı "Workshop”da iştirak etdim. Oradan
qayıdanda artıq əmin idim ki, mən bu işi görməliyəm. Və tikməyi öyrənməyə
başladım. Sonra öyrənə-öyrənə həm də pul qazanırdım. Münasib qiymətə parçalar
alıb anama paltarlar tikirdim. Anamda geyimlərimi görən iş yoldaşları mənim
müştərim olmağa başladılar. Həm öyrənirdim, həm də pul qazanırdım. İki ilə
yaxın belə öyrənmə davam etdi. Moda biznesi qurmaqla bağlı hətta treninq belə
keçmişdim. Amma bu işi biznes halına gətirməklə bağlı sanki məni itələyən qüvvə
yox idi. Kömək etmək istəyən insanlar az idi, təcrübəli də deyildim. Ona görə
yıxıla-yıxıla öyrəndim.

- Bəs bu işi artıq sistemli biznes
halına gətirmək qərarını necə verdiniz? Sizə təkan verən qüvvə oldumu?
-
Bu ilin aprel ayında real həyatdan götürülmüş nümunələr əsasında çəkilmiş "Boss
girl” filminə baxdım. Bu, motivasiya verdi ki, mən də sıfırdan başlaya bilərəm.
Orda heç nəyi olmayan qız bir gecənin içində moda aləmində işə başlamaq qərarı
verir. Onlayn ticarətlə 10 dollara aldığı geyimi 600 dollara satır. Sonra artıq
böyük bir iş qurmağa nail olur. Bu filmdən sonra dedim ki, mən də bu işə
başlayacam.
- Ancaq hər şey filmlərdəki qədər
asan olmur...
-
Təbii ki. Amma film sadəcə, mənə təkanverici qüvvə oldu. Filmi izlədiyim günün
səhərisi rəfiqəmlə görüşdüm. O vaxta qədər əlimdə bəzi tikdiklərim var idi ki,
özüm üçün evdə saxlayırdım. Məndən başqa heç kim onları görməmişdi. Bu da məni
daha çox üzürdü. Rəfiqəm mənə dedi ki, sadəcə, özünü yoxla, heç nə itirmirsən
ki. İnternetdə elan yazdım. Mənimlə ödənişsiz işləmək istəyən fotoqraflar,
modellər, vizajist tapdım. Elə oldu ki, iki həftə ərzində çəkilişimiz baş
tutdu. Bilirsiniz, sıfırdan başlamaq həmişə çətin olur. Komandanız yoxdursa,
ikiqat çətin olur. Çox soyuq havada ziyafət geyimlərində modellərin şəkillərini
çəkdik. Ödənişsiz gəlsələr də, onlar o havada işləməyə dözdülər.Səhəri
gün dedim ki, şəkillər hazırdır, loqo vurulub, amma hələ də mənim komandam
yoxdur. Modellər bir günlük gəlib çəkildilər, getdilər. Amma komanda lazımdır. Öz-özümə
dedim, Aytən, filmi göz önünə gətir, utanma, çəkinmə. Sevdiyim bir söz var.
Deyir ki, sən yeriməyə başlayanda yol görünəcək. Sosial şəbəkədə ikinci bir
paylaşımı etdim. Çətinliklərimi, nədən başladığımı, nə istədiyimi yazdım. Çünki
ən böyük silah səmimiyyətdir. Əgər səmimisənsə, insanlar sənə inanacaq, dəstəkləyəcək.
Mən isə möcüzələrə inanıram, mümkünsüz heç nə yoxdur. Ona görə də axıra qədər
mübarizə aparmağa başladım. Dəstək olanlarla yanaşı, "alınmayacaq” deyənlər də
oldu. Paylaşımdan sonra gördüm ki, mənim kimi bu sahədə çalışmaq, nələrsə etmək
arzusunda olan nə qədər xanım var. Gözləyirlər ki, kimsə onlara təkan versin.
İçində ümidsiz olanları da var idi ki, bu işi istəyirdilər, amma alınacağına
inanmırdılar. Mənsə seçimimi etdim. Hazırda komandamda 5 nəfər xanım var. Hələ
ki ilk aylardayıq deyə ödənişsiz işləyirlər və hər şeydə mənə kömək edirlər.

- Əvvəldən bu işdə var idiniz, amma
sonra fasilə verdiniz. Bu ilin aprelində yenidən başladınız. Fasiləyə səbəb
olan nə idi?
-
Yaradıcı insanam və məndə ruhən düşüb-qalxmalar çox olur. Bəzən özümü elə hiss
edərəm ki, məndə heç nə alınmaz, esksiz çəkə bilmərəm. Bəzən isə 5 dəqiqənin içərisində
5 geyim ideyası yaranır və çatdırıb çəkə bilmirəm. Bir az maddi cəhətdən
problem oldu, komanda da yox idi. Düşündüm ki, özümü toplayım, konkret nə istədiyimi
müəyyənləşdirim. Düzgün vaxt yetişməmişdi.Əvvəllər
bu sahədə fəaliyyət göstərirdim, amma kolleksiya hazırlamamışdım. Bundan bir az
çəkinirdim. Sadəcə sifarişlər qəbul edirdim, hazırlayıb öyrənirdim. Sonra sanki
məndə bir az durğunluq dövrü oldu, artıq sifariş götürmək istəmirdim. Sadəcə, çəkirdim,
düşünürdüm. Sonra yenidən bu işi qurmaq qərarı verdim. Daha sifariş əsasında
işləmədim, ancaq mənim öz geyimlərim olacaqdı. Mən markalaşmağa çox meyilliyəm.
İşim üçün bəzi prinsiplərim var və onlardan keçmirəm.
- "Rozsev” maraqlı addır. Bunun mənası
nədir?
-
Bizdə hansısa brend yaradanda, adətən hamı öz adını qoyur. Mənim adım onsuz da
brendin təsisçisi kimi qalacaq. Ancaq sevdiyim iki xanım var ki, onlar mənim həyatımda
böyük rol oynayıblar. Nənəm (Roza) və anam (Sevinc). Adlarının əvvəlini birləşdirib
bir ad düzəltdim. İstədim ki, onlar da yaddaşlarda qalsınlar. Nənəm rəhmətə
getməmişdəm 2-3 həftə öncə qərar vermişdim, onun adını verəcəyimi də bilirdi.

- Dediniz ki, ilk vaxtlar sifarişləri
götürəndə həm də bu işi öyrənirdiniz. İşinizdən narazı qalan müştərilər olurdu?
-
Qətiyyən. Çünki çox məsuliyyətli idim. Anam həmişə mənə deyirdi ki, nə iş
görürsən-gör, səliqəli gör. Mənə tikişi öyrədən xanım həmişə deyirdi ki,
"bilmirəm” sözünü demə. De ki, bilirəm, mən sənə kömək edəcəyəm. İlk vaxtlar mənə
sifariş verənlər professional olmadığımı bilirdilər, sadəcə, anama o qədər səliqəli
tikirdim ki, bunu görürdülər. Əgər paltar mənim əlimdədirsə, onu bitirməyənə
kimi əl çəkmirəm. Bəzən manyak kimi işləyirdim. Hətta mənə tikməyi öyrədən
xanımdan baha tikirdim. Məsuliyyətli idim, tez və səliqəli işləyirdim. Bəzən ad
günümə müştərilərim hədiyyə göndərir, məni təbrik edirdilər. Bu da mənə xoş gəlirdi.
- Maddi dəstək almırdız heç kimdən?
Çünki bu, bir az işi rahat edə bilərdi...
-
Bizdə adətən, belədir ki, bir gənc iş qurmaq istəyəndə valideynləri, ya ayrı
yaxınları ona dəstək olur, yaxud kimləsə iş birliyi edirlər. Amma mən heç vaxt
partnyorluğun tərəfdarı olmamışam. Bunun müəllif hüquqları mənə aiddirsə,
paylaşa bilmərəm. Valideynlərimdən də dəstək almaq istəmirdim. Çünki öz gücümə
bunu etmək istəyirdim. Çətin olacağını da bilirdim. Uğur hekayələrini oxumağı
çox sevirdim. İnsanların sıfırdan başlamaları mənə maraqlı gəlirdi. Mübarizliyi
sevirəm. Mənim üçün həyatda ən böyük həzz kiminsə «edə bilməzsən» dediyini etməkdir.
Mən ilk dəfə tikməyi öyrənəndə belə, hamı asan model götürəndə mən gedib ən çətin
modelləri götürürdüm. Soruşurdular ki, bu səndə nə xəstəlikdir? Cavab verirdim
ki, bu daha çox xoşuma gəlir.Təbii
ki, işin çətin tərəfləri çoxdur. Mənimlə işləyən xanımların hamısı işi yeni öyrənənlərdir,
ona görə məsuliyyət mənim üstümdədir. Üstəlik, bu iş üçün lazım olan digər işləri
də mən görürəm. Kənardan baxanlar mənə deyirlər ki, sən çox xoşbəxtsən, maraqlı
işin var. Hətta asan olduğunu deyənlər də var, amma heç də kənardan göründüyü
kimi deyil (Gülür).

- Geyimlərinizi özünüz
hazırlayırsınız?
-
Məndə əsas istiqamət ziyafət geyimləridir. Ona görə özümün, anamın və bacımın
ziyafət geyimlərini özüm tikirəm. Tikməyi öyrənəndən sonra paltara pul xərcləmək
istəmədim. Baxırdım, görürdüm ki, model xoşuma gəlir, gedib parça alıb özüm
tikirdim. İnsanlar da gördükdə bəyənib istəyirlər. Həmişə ziyafətlərə gedəndə
öz geyimlərimi geyinirəm. Çünki modelyer olduğunu biləndə, öncə sənin geyindiklərinə
baxırlar. Özüm tikib-tikmədiyimi soruşurlar, tikişlərinə baxırlar. Gündəlik geyimləri
isə çox vaxt alıram. Bəzən olur ki, onları da tikirəm.
- Dəbi izləyirsiniz?
-
Rənglərlə bağlı trendləri hə, amma dəblə bağlı verilişləri çox da yox. Mən «Dəbi
sən yarat» şüarı ilə yola çıxmışam. Sən yarat, qoy hamı səndə görüb təkrarlasın.
Başqalarının işlərinə baxıb eskiz cızanda adama elə gələ bilər ki, öz ideyandır,
amma başqasının olar. Yəni elə bilirsən ki, sənin ideyandır, amma əslində
başqasında görmüsən, şüuraltında qalıb.
- Bəs, dəbi yarada bilisiniz?
-
Hə, dəb cəsarət deməkdir və o hamı üçün deyil. Çünki elə insanlar var ki,
individuallığı sevmir. Mən bunu təəssüf hissi ilə deyirəm. Bəzən küçədə
gedəndə görürsən ki, bütün xanımların stili eynidir, individuallıq azdır.
İndividual tərzi olan xanım tapmaq çətindir. Cəsarətli xanımlar görəndə çox
xoşuma gəlir. Cəsarət deyəndə, dekolte nəzərdə tutmuram, yəni öz stilini
formalaşdırırsan, yaraşdırırsan və geyinirsən. Bəzən elə bir geyim, elə bir rəng
olur ki, çox adam onu geyinməyə cəsarət etmir. Ancaq onlar onu geyinir. Cəsarətli
xanımlara bütün geyimlər yaraşır.
Aygün
Asimqızı





