Daha artıq içməyimiz günahdır
Və ya inci
saflığına incə münasibəti necə formalaşdıraq?
Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd
verir o da... Su ilə bağlı danışarkən dahi Nizaminin dediyi bu beyt yada düşür.
Artıq içiləndə dərd versə də, danılmaz həqiqətdir ki, canlı həyatın davamı üçün
ən zəruri qaynaq sudur. Zəruri olduğun dərk etsək də, bir gün tükənəcəyini
düşünə bilmirik. İstər məişətdə, istər iş həyatında sudan bolluca istifadə
edirik. Məsələn, adicə dişlərimizi fırçalayanda, yaxud isti suyun gəlməsini
gözləyəndə az su israf etmirik. İsrafçılığın qarşısını almaq üçün cəmiyyət
olaraq inci saflığına incə münasibətimizi necə formalaşdıra bilərik?
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə
də mövcuddur. Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik
32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23
mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su
düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su
ehtiyatı var. Azərbaycan, ərazinin hər km-nə və əhalinin hər nəfərinə düşən
yerüstü su ehtiyatları göstəricisinə görə, Cənubi Qafqaz dövlətləri və
Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62
faizi Gürcüstan, 28 faizi Ermənistan, yalnız 10 faizi Azərbaycanın payına
düşür.
Su
ehtiyatlarının həcminə görə 105-ci yer
Ekologiya və
Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, qlobal istiləşmə, hazırda bütün
dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun
miqdarına da təsir göstərir: "Beynəlxalq qurumların hesablamalarına görə, su
ehtiyatlarının həcminə görə, Azərbaycan 105-ci yerdədir. Azərbaycanın suya olan
tələbatının 70 faizi Kür, Araz, Samur və digər çaylar vasitəsilə xaricdə
formalaşır. Əslində ölkəmizdə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin
havaların isti keçməsi, onu həmin həddə yaxınlaşdıra bilər. On ilin proqnozları
göstərir ki, son yüz ildə planetin əhalisi 7 dəfə artıb. Təbii ki, bu da suya tələbatın
artmasına səbəb olur”.
Nazir müavininin sözlərinə görə, son on ilin
proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və
qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir: "Bu il
yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki
illərlə müqayisədə qarın səviyyəsi 17 faiz düşüb. Əlbəttə, bunlar məsələnin həddindən
artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su
ehtiyatlarına da öz təsirini göstərmiş olur. Həyatın mövcudluğu üçün su çox
mühüm faktordur və hər bir vətəndaş özündə istehlakçı məsuliyyəti hiss etməli,
hansı qurumda və harada çalışmağından asılı olmayaraq, hər yerdə sudan qənaətlə
istifadə etməlidir. Belə şəraitdə iri su istehsalçıları suyun təkrar istehsalı
haqqında düşünməlidirlər. İlkin hesablamalara görə, bir kubmetr çirkli su 40-50
kubmetr təmiz suyu çirkləndirərək yararsız hala salır. Ölkəmizdə qəbul edilən
"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun tələblərinə uyğun
olaraq, iri müəssisələr tikinti-quraşdırma işləri apararkən istismar edilən
suyun hara axıdılmasına diqqət yetirməlidirlər. Təəssüf ki, əksər hallarda,
istifadə edilən su sututarlara, göllərə, çaylara və Xəzərə axıdılaraq ətraf
mühitin çirklənməsinə səbəb olur”.
Xəzərin suyu
şirinləşdirilməlidir?
Milli Məclisin
deputatı Müşfiq Cəfərovbizimlə söhbətində bildirdi ki, şirin suya qənaət edilməsi və onun ancaq lazım
olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Həmsöhbətimizin sözlərinə
görə, Azərbaycan hazırda regionda ən az şirin su ehtiyatına malik ölkədir.
Halbuki regionun ən böyük su anbarı Ermənistanın
işğalına qədər Azərbaycanda yerləşirdi: "Tədqiqatçıların da irəli sürdüyü təkliflərə
əsaslansaq, deyə bilərəm ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsdir.
Bu sahədə yeni texnikalar, xaricdən gətirilmiş mütəxəssislər cəlb olunmalıdır.
Həmçinin kadr hazırlığı da vacibdir. Digər
vacib amil, praktiki olaraq, suyun təkrar istifadə edilməsi üçün mürəkkəb
təmizləmə texnologiyasının geniş tətbiq
olunmasıdır, bunun üçün adi çökdürmə
üsulu kifayətdir. Eyni zamanda, mərkəzləşdirilmiş
sexlər yaradılmalıdır ki, sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkün
olsun. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin
çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və ancaq lazım
olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Təsərrüfatın bəzi sahələrində
alternativ su mənbələrinin işlənməsi, dəqiq desək, şirin suyun əvəzinə kifayət
qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı sulardan istifadə
problemi olduqca böyük əhəmiyyət kəsb edir”.
Dünya su
böhranı ilə necə mübarizə aparır?
Şirin su ehtiyatlarını çoxaltmaq üçün dünya ölkələrində
müxtəlif lahiyələr irəli sürülür. Həmçinin bəzi ölkələrdə yeni və effektiv
çıxış yolu axtarılır. Məsələn, 1997-2009-cu illər arasında ən quraq dövrünü
yaşayan Avstraliya, bu zaman kəsiyində su istehlakını iki dəfə azaltmağı
bacardı. Dünya Bankı Su tətbiqləri proqramının iqtisadçısı Riçard Damaniabildirir ki, "yaşıl qitə”də buna suyu pula satmaqla nail olunur. Digər bir
nümunə göstərilən dövlət, suyu milli təhlükəsizlik məsələsi olaraq görən
İsraildir. Təl-Əviv yaxınlığındakı çirkab sutəmizləyici qurğularda 140 milyon
kubmetr su istehsal olunur və bu su kənd təsərrüfatında istifadə edilir. Bu gün
suvarma zamanı istifadə olunan suyun 40 faizi tullantı sularından təmin edilir.
Tədqiqatçılar hesab edir ki, İsrail səhrada
bir ölkə olaraq bunu lazımi texnologiya, iqtisadi qaynaqlar və siyasi qətiyyət
ilə bacara bilirsə, digər ölkələr də edə bilər. İsrail tullantı sularının 86
faizini təmizləyir və təkrar istifadə edir. Bu baxımdan dünyada liderdir.
İspaniya isə 19 faizlə ikinci yerdə dayanır . İsraildə içməli suyun yarıdan
çoxu şirinləşdirmə yolu ilə təmin olunur. Bənzər layihə Kaliforniyada da həyata
keçirilir. 2011-2016-cı illər arasında bölgədə son 1200 ilin ən quraq dövrü
yaşandı. Böyük yeraltı su hövzələri azaldı, 1900 quyu qurudu. Bu ilin ilk üç
ayında güclü yağışlar oldu. Ancaq su hövzələri dərhal dolmur. Bunun üçün dörd
il ərzində normadan çox yağıntı olmalıdır. Hətta bu vəziyyətdə də heç vaxt tam
bir dolma olmayacaq, çünki bölgədə suyun istifadəsi davam edəcək. Səudiyyə Ərəbistanı
suyun duzsuzlaşdırılması baxımından dünya lideridir. Ərəbistanın istehsal
etdiyi şirin suyun illik miqdarı dünya üzrə orta miqdarın 18 faizinə çatır.
Su ilə necə
davranmalıyıq, üzərimizə düşən nədir?
Su resursları
və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının
su məsələləri üzrə eksperti Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri,
o cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirib. Mütəxəssis bildirib ki,
bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan
bütün maraqlı tərəflərin üzərindədir. Onun sözlərinə görə, burada təkcə dövlət
qurumlarını deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət düşür: "Bu
quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə
hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini
azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun
paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata
keçirməkdir.Hökumət, həmçinin müasir suvarma, sudan təkrar istifadə və
digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir.Suyun
səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki,
müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək.Cəmiyyətin
digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə
quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var.Zəhmət olmasa, krantı
açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez bir zamanda aradan
qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, bildirin. Hər damcı suyun vacib
olduğunu bilməliyik”
Mütəxəssis vurğuladı ki, ümumiyyətlə, sudan istifadəyə
yanaşma dəyişməlidir: "Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya
bol su dövründən su azlığı dövrünə keçir.Bu da o deməkdir ki, suya
münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə
bilmərik. Bilməliyik ki, resurslar məhduddur. Buna görə, hamını su ilə bağlı
davranışlarını dəyişməyə dəvət edirəm. Məktəb uşaqlarından başlamalı və suyun əhəmiyyəti
barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və
suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media
platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları hərəkətə
çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli
olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir”.
Suyun bütün canlı orqanizmlər, təbiət üçün nə qədər
vacib amil olduğunu düşünərək, maksimum şəkildə suya qənaət etməklə yanaşı, bu
çağırışa ətrafımızdakı insanların da əməl etməsinə nail olmalıyıq.
Aygün ƏZİZ