Cizgi filmlər uşaqların xasiyyətinə təsir edir - Araşdırma

"Oğlum cizgi filmə baxmadan yemək yemir. Ona yeməyi
animasiyalar, cizgi filmlər vasitəsilə yedirdirəm. Ən çox izlədiyimiz film isə
"Maşa və ayı”dır. Övladım artıq onun alüdəçisidir. Nə edirəm televizordan,
telefonlardan uzaqlaşdıra bilmirəm. Uşaq çox aqressiv olub. Hər şeyə etiraz
edir, özündən kiçik bacısını vurur”.
Bu sözləri 2 uşaq anası Gülnar deyir. Gənc valideyn
oğlunun xarakterindəki dəyişiklikləri gördüyü üçün qızını multfilmlərdən uzaq
tutur.
Sosial şəbəkələrdəki məşhur qadın qruplarında da
belə statuslara tez-tez rast gəlirik. Valideynlərdən məsləhət alan gənc analar
övladlarını mavi ekran və nağıl dünyasından kənarlaşdırmaq üçün çarələr
axtarırlar.
Biz də gənc anaların çağırışını əsas tutub kiçik
araşdırma apardıq. Uşaqlar hansı cizgi filmləri izləməlidir. Cizgi filmlər həqiqətən
onların taleyinə təsir edirmi?
"Uşaqlar film
qəhrəmanlarını təqlid edirlər”
Psixoloq Orxan
Oruc bildirdi ki,
4-5 yaşdan cizgi filmlərdəki obrazlar xarakter olaraq uşaqların diqqətini çəkir:
"Təxminən 1.5 yaşdan etibarən uşaqlar ətraflarında baş verən, gördükləri hər
bir hərəkətə, rəngə, səsə xüsusi diqqət göstərməyə başlayırlar. Sözsüz ki, hərəkətli,
xüsusi rənglərlə zəngin, səs effektləri ilə bol olan cizgi filmləri də
uşaqların diqqətini çəkir. 4-5 yaşa qədər rəngarənglilik, fərqli səslər,
dinamiklik uşaqlarda maraq oyadırdısa, artıq 4 yaşından sonra cizgi film qəhrəmanları
obraz olaraq diqqətlərini çəkməyə başlayır. Daha sonrakı yaşlarda isə artıq
uşaqlar həmin qəhrəmanları təqlid etməyə başlayırlar. Qəhrəmanların cizgi filmlərində
elədiyi qəhrəmanlığı etmək imkanları olmasa da, onlar kimi davranır, onlara bənzəməyə
çalışırlar. Cizgi filmlərində isə qəhrəmanlar həmişə müsbət xarakterli olmur, tərbiyəvi
davranış nümayiş etdirmirlər. Bu baxımdan, bəzən uşaqların xoşagəlməz davranış
səbəbləri də məhz cizgi filmlərindəki qəhrəmanların mənfi davranışlarının təqlidi
ilə bağlı olur”.
Valideynlər şərait
yaradır...
Psixoloq hesab edir ki, valideynlər uşaqların
başlarını qatmaq üçün onlara əcnəbi cizgi film kanallarına baxmağa şərait
yaradırlar: "Təəssüf ki, müasir dövrdə gənc valideynlər uşaqlarının hərəkətliliyinin
qarşısını almaq, öz işlərini görmək, uşağın başını qatmaq üçün cizgi filmlərindən
istifadə edirlər, yəni uşaqları televiziya qarşısında əyləşdirib, onlarla əcnəbi
cizgi filmi kanallarına baxmağa şərait yaradırlar. Uşaqların xəyal
dünyalarının, fantaziya bacarıqlarının inkişaf edən vaxtından onlar üçün real
öyrənmə və fantaziya qurma imkanının yaradılmaması, gələcəkdə müəyyən problemlərin
yaranmasına gətirib çıxara bilir. Müstəqil düşünmə, vəziyyətlərdən məntiqi
çıxış bacarığı zəif olan uşağın özünəinam kimi vacib duyğusunun zəifləməsinə səbəb
olur. Həmçinin, süjet xəttində şiddət əlamətləri olan cizgi filmləri uşaqların
aqressiv olmasına, ətraf aləmlə əlaqələrinin kəsilməsinə, diqqət əskikliyi kimi
problemlərin yaranmasına səbəb olur”.

Həmsöhbətimizin sözlərinə görə, valideynlər çox asanlıqla
cizgi filmlərinin uşaqlara verə biləcəyi zərər və faydaları öyrənə bilərlər:
"Bunun qarşısını almaq üçün valideyn ilk növbədə cizgi filmini nəzərdə keçirməli,
məzmunu və ideyası ilə tanış olmalıdır. Müasir dövrdə bunu etmək o qədər çətin
və vaxt alan bir proses deyil. Demək olar ki, hər bir cizgi filmi haqqında mütəxəssislərin
analizləri internetdə var. Müxtəlif ölkələrdən olan bu analizləri oxumaqla
cizgi filminin uşağa verə biləcəyi zərər və faydaları öyrənmiş olar. Bundan əlavə,
uşaqların onları cizgi filmi, telefon, planşet, kompyuter oyunları kimi real həyatdan
uzaqlaşdıran vasitələrdən məhdudiyyət və limitli zamanla istifadəsi təmin edilməlidir.
Ümumi şəkildə desək, valideynlər uşaqların fiziki və psixi baxımdan sağlam
böyümələri üçün onlarla birlikdə çoxlu vaxt keçirməli, həyatı daha real və təbii
öyrənmələri üçün şərait yaratmalıdırlar”.
"Kadr dəyişikliyi
körpə beynində qarışıqlıq yaradır”
Məlumat üçün bildirək ki, Amerikada aparılan bir
araşdırmanın nəticələrinə görə, uşaqlarda televiziyaya maraq 18 aylıq olarkən
yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından
başlayaraq cizgi filmlərinə maraq başlayır. Bu yaşda olan uşaqların təqlidetmə
qabiliyyəti yavaş-yavaş yaranır. Tədqiqatlara
görə, tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa səbəb
olur. 3-6 yaş arası uşaqlar da isə bu təsirin səviyyəsi daha da artır.
6-11 yaş qrupuna aid uşaqların izlədiyi
proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq
izləmə tam inkişaf etmiş olur. Cizgi filmləri uşaqlara müxtəlif formalarda mənfi
təsir edir. Araşdırmalara görə, şiddət, qorxu məzmunlu cizgi film izləyən
uşaqlar digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olur. Belələri ətraflarına
daim zərər vermək barədə düşünür və çox aqressiv olurlar. Mütəxəssislərin
fikrincə, gündə bir neçə saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi
olur. Bundan başqa, onlarda aktivlik yaşıdlarına nisbətən 30-40 faiz az olur.
Uşağın izlədiyi animasiya filmləri hər gün onun həyatına daha çox daxil olur.
Balaca özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə
gerçək olmayan dünyada yaşayır, reallığa adaptasiya ola bilmirlər. Filmdə
gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.
Sosioloq Lalə
Mehralı isə deyir
ki, əcnəbi cizgi filmlərindəki əcaib görünüşlü, qorxulu personajlar uşaqları
idarə edir. Sosioloq vurğulayır ki, müasir cizgi filmlərin hamısında subliminal
mesaj gizlənib: "Axı bizim kifayət qədər milli cizgi filmimiz var, sovet
dövründə çəkilənlər var, hamısı yüzlərlə peşəkar mütəxəssisin əlində çıxıb,
onlara sosial, psixoloji baxışlar keçirilib, uşaqların alt şüuruna necə təsir
edəcək, nə kimi xeyri ola bilər, bu suallar ətrafında düşünülüb. Amma müasir
cizgi filmlərinin hamısında bir məqsəd, subniminal mesaj gizlənib”.

"Yad
ideologiyalar uşaqların beynini korlayır”
Müsahibimiz öz övladları üçün Azərbaycan istehsalı
cizgi filmlərinin siyahısını tərtib edib. Həmin siyahını bizimlə bölüşən
sosioloq deyir ki, uşaq ana dilində cizgi filmlərə baxanda milli ruhda böyüyür:
"Sovet illərində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası xeyli
sayda milli cizgi filmləri istehsal edib. Sadəcə, əhali onlardan yalnız bir neçəsini
izləyib. "Tıq-tıq xanım”, "Tülkü Həccə gedir”, "Cırtdan”, "Qız qalası”, "Meşəyə
insan gəlir” və s. Halbuki, bizim çox nəhəng cizgi filmi arxivimiz var. Əhali,
xalq çəkilmiş həmin cizgi filmlərini sadəcə, görməyib. Bəlkə televiziyalar da
bundan xəbərsizdir. Televiziyalara bu saat sərf edir ki, "Maşa və ayı”, yaxud
"Buz dövrü”, uzaqbaşı "Qar kraliçası”, "Kral Aslan” kimi cizgi filmlərini efirə
versinlər. Heç kəs beynini yorub düşünmək istəmir. Əl altda olandan istifadə
edir. Amma kinostudiyaya müraciət etsələr, arxivdən xeyli sayda milli cizgi
filmi əldə edərlər. AzTV-nin özünün çox zəngin arxivi var. Yəni milli cizgi
filmlərinin azlığı bəhanə edilməməlidir. Sadəcə, telekanallar onları alıb efirə
verməlidir. Bu, hərtərəfli sərfəlidir. Nə dublyaja vaxt və maliyyə sərf olunar,
nə də yad ideologiyalar uşaqlarımızın beynini korlayar. Uşaqlarımız milli ruhda
böyüyər, ana dilində cizgi filminə baxar. Hazırda bəlkə də ailələrin 90 faizində
ya Rusiya, ABŞ istehsalı, ya da Türkiyə istehsalı cizgi filmlərinə baxılır. ABŞ
istehsalı bir cizgi filmi var – "Ben 10”. Orada aşkar satanizm təbliğ edən kadrlar
mövcuddur. Mən o cizgi filmini görmüşəm, ordakı uşağın gözlərindəki ifadə şəxsən
məni qorxudub. Uşaqlar o filmə necə baxır bəs? Çoxları deyir ki, "Maşa və ayı”
cizgi filmində də zorakılıq elementləri var. Fikrimcə orada dəcəl, "yaramaz”
bir qızcığaz və onu çox sevən ayı var. Bu cizgi filmi çox güman ki, sovet illərində
çəkilmiş cizgi filminin yeni, müasir variantıdır. Sovet vaxtı oxşar bir cizgi
filmi vardı, Maşa adlı balaca qız ayının daxmasına gəlir. Yemək hazırlayır,
daxmanı silib-süpürür, yığışdırır və s. Hazırkı cizgi filmi isə müasir zamana
uyğunlaşdırılıb. Düzdür, "Maşa və ayı” da yad beynin məhsuludur. Amma unutmayaq
ki, bu yad beynin məhsulu olan cizgi filmləri ilə böyük bir nəsil yetişdi. Və
biz zorakılığa meyilli, aqressiv olmadıq. Əksinə, yaxşılıq etməyi, böyüyə hörməti,
heyvanları, canlıları sevməyi, dünyanı sevməyi öyrəndik. Sovet illərində bizim
ölkəmizdə çəkilmiş yüzlərlə cizgi
filmində uşaqlara ən müsbət keyfiyyətlər aşılanır. Üstəlik, bu işi o vaxt ən peşəkar insanlar görürdü. Şəxsən
bizim evdə uşaqlar sovet dövründə çəkilmiş milli və sovet cizgi filmlərinə
baxır. Həyat yoldaşım vaxt olduqca youtube-dan kompyuterə cizgi filmləri
endirib, sonra da SD disklərə yazıb. Evdə onlarla belə disk var. Hesablasaq
ümumilikdə 800-900 cizgi filmidir.
Övladlarım yalnız o filmləri izləyir”.
Hiylə, pis
davranış, itaətsizlik, aqressivlik...
Qeyd edək ki, Amerikada Sietl Uşaq Xəstəxanasının
Elmi-Tədqiqat İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə
görə, məktəbəqədər dövrdə şiddət mövzulu filmlər izləyən uşaqlar daha sonra
yaşıdlarına görə 3 qat daha aqressiv olur. Bu cür uşaqlarda hiylə, pis
davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların
sıx müşahidə edildiyi ortaya çıxdı. Araşdırmaya görə, uşaqlar məktəbə
başlandıqları andan məzun olduqları zamana qədər məktəbdə təxminən 13 min saat
keçirirlər. Eyni müddət ərzində televiziya qarşısında keçirdikləri vaxt isə təxminən
18 min saatdır. Bu 18 min saat isə, uşaqların zehni, fiziki və ruhi inkişafına
mənfi təsir göstərir.
Aygün ƏZİZ
