“Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - Mənim balam
Onun üçün həyatın əsas mənası
ailəsi, övladlarıdır. Uşaqları ilə daha çox zaman keçirməyə, onların hər birinə
ayrı bir fərd kimi yanaşmağa çalışır. Deyir ki, insan ömrünün hər yaş dövründə
böyük məsləhətinə, dayağına ehtiyac duyur. Bunun üçün iki oğluna dayaq durmağa,
onların hər anında yanlarında olmağa çalışır.
Beləliklə, "Mənim balam”
rubrikamızın qonağı "Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıdır. Onunla övladlarının tərbiyə metodikasından, bu günündən və
sabaha arzularından danışdıq.
- Övladlarınızı yetişdirərkən
hansı üsuldan istifadə edirsiniz?
- Səmimi olaraq bildirim ki, bəzən yeni tərbiyə metodikası, nə bilim
nə deyirlər, onlardan o qədər də xəbərdar deyiləm. Daha çox özümün tərbiyə
olunduğum dədə-baba üsulu ilə tanışam. Həyat yoldaşım müəllimdir, uşaqların
tərbiyəsi ilə o daha çox məşğul olur və elə əslində də analar məşğul olmalıdır.
Öz növbəmdə mən də valideynlərimdən gördüyüm, mənə qarşı tətbiq olunanların bir
qismini tərbiyədə istifadə edirəm. Mənə görə, hər uşaq fərqlidir və onların xarakterinə
uyğun fərdi yanaşılmalıdır. Valideynlərin seçdikləri tərbiyə metodikası uşağın
xasiyyətinə uyğunlaşdırılmalıdır. Özümdən yola çıxaraq deyə bilərəm ki, mən
uşaq olanda, kim mənim üstümə qışqırır, güc tətbiq etməyə çalışırdısa, həmişə onun əksini edirdim.
- İndi də o xasiyyətə
maliksiniz?
- İnsan böyüdükcə, xarakteri oturuşur, daha doğrusu, yumşalır, özü
üçün nəyin yaxşı, nəyin pis olduğunu anlayır. Xatırlayıram ki, uşaq yaşlarımda
mənimlə şirin dillə danışan insanları dinləyir, onların dediklərinə sözsüz əməl
edirdim. Onlarla ünsiyyətə daha çox meyilliydim. Düzdür, o xarakterimdən indi
də canımda qalıb.
- Evdə iki övlad böyüdürsünüz.
Onların hər birinə ayrı-ayrı metodika ilə yanaşırsınız?
- Adətən ümumi yanaşma eynidir. Ancaq xarakterlərinə uyğun olaraq
hansısa məsələdə fərqliliklər var. Böyük uşağa deyəndə ki bunu nə üçün etmisən,
əgər haqsızıqsa, ağlamağa başlayır və fikirlərini ağlayaraq ifadə edir. Kiçik
isə gülümsəyərək vəziyyəti dəyişməyə çalışır və buna da nail ola bilər. Yəni
eyni tərbiyə ilə böyüsələr də, hadisələrə yanaşmaları tam fərqlidir.
Ümumiyyətlə, ən çətin psixologiya uşaq psixologiyasıdır. Uşağın beyni
ağ vərəqdir. Siz nə desəniz, o, uşağın beyninə həkk olunacaq. Bir məsələ də var
ki, uşaq üçün bir nömrəli nümunə onun valideynidir. Valideyn ailədə necə davransa, uşaq da onun kimi
davranmağa çalışacaq. Nümunəvi övlad böyütmək üçün ilk növbədə valideynlər
özlərini nizama salmalıdırlar. Mən demirəm ki, ideal olsunlar. Olur ki, mən də
zaman-zaman uşaqlara səsimi qaldırıb yüksək tonla nəsə deyirəm. Bir məsələni də
deyim, insan inzibatçılığa, başqa sözlə, gücə tabe olur. Ciddi nəzarət olmasa, uşaqlar
düzgün yolda addımlamaqda çətinlik çəkər.
- Övladlarınızı necə
cəzalandırırsınız?
- Bəzən onlardan küsürəm, suallarına reaksiya vermirəm, bəzən səs
tonumu qaldırıram, bəzən cəzalandırıram. Hamısı olur.
- Övladınıza məktəbdə
müəllim tərəfindən şiddət tətbiq olunsa, hansı reaksiyanı verərsiniz?
- İndi elə bir dövrdə yaşayırıq ki, müəllimlərin uşaqlara aşırı dərəcədə
şiddət tətbiq etmələrinə inanmıram. İndiki uşaqlar da sosiallaşıblar. Məktəblərdə
uşaqlar sosial şəbəkələrdə müəllimlərin videolarını çəkib paylaşırlar... Bu
məsələyə çox ciddi yanaşılır. Valideynlər vatsapda qrup yaradır, məktəbdə baş
verən hadisələrdən xəbərdar olurlar. Müəllimlərlə gündəlik əlaqə saxlayır,
vəziyyətə daim nəzarət edirlər. Müəllim şagirdin üstünə səs tonunu qaldıra
bilər, ancaq şiddət tətbiq edə bilməz. İnanmıram ki, sakit və tərbiyəli uşaq
müəllim tərəfindən şiddət görsün. Adətən müəllimlər daha çox nadinc uşaqların
üzərinə gedirlər. Bəzən şagirdin üzərinə çığırmaq və küncdə saxlamaq lazımdır
ki, məsuliyyət hiss etsin. İbtidai sinifdə uşaqların vurulmasının, şiddət
tətbiq olunmasının tam əleyhinəyəm. Biz şagird olanda, valideynlərimizə müəllimimizin bizə qışqırdığını, yaxud bizi
vurduğunu deyəndə, üstəlik evdə danlanırdıq. Deyirdilər, yəqin sən nəsə etmisən
ki, müəllim səni vurub, gərək birini də vuraydı. Mən çox nadinc uşaq olmuşam,
evdə də, məktəbdə də döyülən vaxtlarım olub. Hətta bəzən nadinclik edəndə,
valideynlərimin qorxusundan gecəni qohumlarımın evində keçirmişəm. Bir dəfə
6-cı sinifdə oxuyanda etdiyim bir səhv hərəkətə görə evə getməkdən ehtiyat
etmişəm və qorxumdan gedib tövlədə yatmışam.
- İşlərinizin çoxluğundan övladlarınızla
zaman keçirə bilirsinizmi?
- Bacardığım qədər uşaqlarımla zaman keçirməyə çalışıram. Görürsən
ki, dostlar, yoldaşlar mütəmadi olaraq işdən sonra yığılıb çay içirlər, söhbət
edirlər, ancaq mən işdən artıq qalan zamanımı övladlarımla keçirməyə üstünlük
verirəm. Gündəlik qrafikim əsasən iş və evdir. Çalışıram, şənbə-bazar
günlərində uşaqları gəzməyə aparım, onlarla zaman keçirim. Artıq həftə sonları
özləri plan cızırlar, filan yerə gedək. Onu da deyim ki, bu cür yanaşmanın
nəticəsində Əli hələ dil açmamış, həftəsonunu bilirdi.
- Övladlarınızı gələcəkdə
necə görmək istəyirsiniz?
- Bəzən gələcək bizim istəklərimizə uyğun şəkildə olmur. Mən məktəb
vaxtı fizika-riyaziyyatı çox yaxşı oxuyurdum, fizikadan olimpiadalarda iştirak
edirdim. Ancaq qismət elə gətirdi ki, Dövlət İqtisad Universitetinə qəbul
oldum, ən yaxşı oxuduğum fəndən belə imtahan verəsi olmadım. İqtisad
Universitetini bitirmişəm, ancaq jurnalistika sahəsində çalışıram. İnsanın öz
hədəflərini müəyyənləşdirməyi çox gözəldir, ancaq həyat təsadüflərlə
zəngindir.
Övladlarım hansı peşənin sahibi olmasından asılı olmayaraq, onlara
yaxşı təhsil verməyə çalışacam. Daha çox mütaliə etmələrini, dünyagörüşlərinin
geniş olmalarını istəyərəm.
- Bəs gələcəkdə valideyn
olaraq seçimlərinə müdaxilə edəcəksinizmi?
- Valideyn övladının yanında olmayanda, uşaq bir az könülsüz olur və
hər hansı bir qərar verməkdə çətinlik çəkir. Elə bir dövr gəlib çatır ki,
həyatı ilə bağlı önəmli qərar verməlidir və o an formalaşmamış uşağa mütləq şəkildə istiqamət göstərmək lazımdır.
Təhsil seçimində, ailə quranda belə valideynlərin fikirləri dinlənilməlidir.
- İnsan sevmədiyi ixtisas
üzrə təhsil aldıqdan sonra uğursuz bir karyeraya başlayır. Belə olduğu halda,
sevdiyi ixtisasa yiyələnmək də onların haqqıdır.
- Az əvvəl qeyd etdiyim kimi, hər uşağın öz xarakteri var. Əgər uşaq
iddialıdırsa, qəti qərarlıdırsa, hədəfləri varsa, onun qarşısını almaq olmaz.
16-17 yaşında olan uşağın marağı ötəri olur. Ancaq müəyyən həddi-buluğa çatmış
insanların həyata baxışı, düşüncə tərzi daha realdır. Ona görə valideynlər
övladlarının daha prestijli işlərdə çalışmağını istəyirlər. Həyatda uşağın
ayağa durmasında, özünü tapmasında valideynlərin rolu danılmazdır. Fikir
vermisinizmi, atalı övladlar daha ürəkli olurlar. Bəzən görürük ki, insanın
45-50 yaşı var, bu yaşda da atası yanında olanda ürəkli hərəkət edir.
- Bəs siz atanızın
dəstəyini üzərinizdə hiss edirsinizmi?
- Əlbəttə, mənim atam müəllim olub, bizi nizam-intizamla böyüdüb.
Atam kəndimizdə azsaylı müəllimlərdən olub və övladlarının hamısını oxudub. O
heç vaxt bizi oxumağa məcbur etməyib. Ətrafımızdakı insanları nümunə göstərərək
deyirdi ki, bu şagirdim oxumadı, indi isə fəhləlik edir. Mən bununla fəhlə
peşəsinin pis olduğunu demək istəmirəm. Elə fəhlə var ki, məclisdə çıxış edəndə
təhsillilərdən daha yaxşı danışır. Cəmiyyətdə hər hansı bir ortamda gözəl
nitqi, danışıq qabiliyyəti olan insan danışanda, düşünürsən ki, yəqin ki, o
insan professordur. Ancaq sonradan məlum olur ki, bu insanın təhsili yox imiş.
Atam həmişə deyirdi ki, "oxuyun, adam olun”. Valideynin dəstəyi olmasa, övladın
həyatda uğur qazanması çox çətin olur. Deyərdim ki, bu, aksiomadır.
- Valideynlər daha çox
övladlarının həkim, hüquqşünas, iqtisadçı olmasını istəyirlər. Ancaq valideyn
uşağının cəmiyyətə yararlı elektrik, maşın ustası və bu kimi peşələrə
yiyələnməsini arzulamır. Hər kəs hüquqşünas ola bilməz axı.
- Cəmiyyətin aparıcı qüvvəsi peşə sahibləridir. Peşə təhsili
mütləqdir. Cəmiyyətin inkişafında əsas rolu onlar oynayırlar. Sovet dövründə
məktəbdə bir az zəif oxuyanları peşə məktəbinə yönləndirirdilər. Bu ənənə
qırıldı. İndi Təhsil Nazirliyi bu yöndə işlər görür. Əksər universitetlərdə menecment,
biznesin idarə edilməsi kimi ixtisaslar var. Bu ixtisası bitirən tələbələrin
çoxu öz sahələrində çalışmırlar. Çox yaxşı oxusalar da, bu sahəyə tələbat
yoxdur. Bu gün bizim ölkədə, elə "Azərsu”nun özündə də peşəkar mexaniklərə,
energetiklərə, mühəndislərə ehtiyac daha çoxdur, nəinki hüquqşünas və ya iqtisadçılara.
- Siz kənd mühitində
böyümüsünüz, uşaqlarınız isə şəhərdə böyüyür. Bu iki mühit arasında fərq çoxmu
böyükdür?
- Uşaq torpağın üstündə oynamalı, yayda göldə çimməli, öz uşaqlığını
keçirməlidir. Kənd mühitində böyümüş uşaqlar möhkəm, sağlam, həyatda daha
mübariz olurlar. Tələbə vaxtında belə görürdüm ki, ən fəal uşaqlar kənddə
böyüyən uşaqlardır. Sonra onların həyatda tapdıqları yeri də gördüm ki, kənd
uşaqları şəhər uşaqlarından bir addım öndə oldu. Sanki onların mübarizə əzmi
daha çoxdur.
- Hansı övladınız sizə daha
çox bənzəyir?
- Bu yaxınlarda alimlərin bir araşdırmasını oxudum, orada qeyd olunur
ki, oğlan uşaqlarının 50 faizi ana babalarına oxşayırlar. Elmi cəhətdən nə
dərəcədə düzgündür, deyə bilmərəm, amma tanıdıqlarımı müqayisə edəndə görürəm
ki, həqiqət payı böyükdür. Hər iki uşaqda mənə bənzəyən xarakteri görürəm, anam
deyir, balacanın xarakterində mənə oxşarlıq böyükdən çoxdur. Uşaq vaxtı kimsə
məni etmədiyim bir şeyə görə günahlandıranda, oturub ağlayırdım. Yalanı qəbul
etmirdim. Görürəm ki, böyük oğlumda da elədir.
- Deyirlər ki, indiki
dövrdə qızlardan daha çox, oğlan uşaqlarına nəzarət lazımdır. Siz necə
düşünürsünüz?
- Bəli, xüsusən şəhər mühitində böyüyən oğlan uşaqlarına nəzarət daha
çox lazımdır. Kənd yerində heç bir qorxu yoxdur. Çünki çevrə qohum- əqrəba,
qonşulardan ibarətdir. Bu gün isə uşaqların kimlərlə dostluq etdiyinə, nə
işlərlə məşğul olduğuna nəzarət etmək vacibdir. Çünki uşaqlar onlara qadağan
olunanların arxasınca getməyə meyillidirlər. Oğlan uşaqlarını daha çox idman və
dərslərlə yükləmək lazımdır ki, sapmalar olmasın.
- Bəzən ailələrin
övladlarını həddindən artıq yüklədiyinin şahidi oluruq. Uşaqların gündəlik
qrafiki o qədər çox olur ki, uşaq öz uşaqlığını belə yaşaya bilmir...
- Elə ailələr var ki, həftənin 7 günü övladına dərs oxutdurur. Uşaq
da istirahət etməlidir. Biz özümüz həddi-buluğa çatmış insanlarıq, iki günlük
istirahət bizə bəs etmir. Ancaq biz bütün fənləri dəqiq bilməyə çalışır və
istəyirik ki, övladlarımız da belə böyüsün. Az qala Mozambikin paytaxtına qədər
əzbərlətməyə çalışırıq. Uşaqları bu qədər yükləmək olmaz. Bəli, riyaziyyat,
fizika, kimya, biologiya çox önəmli fənlərdir. Ancaq elə fənlər var ki, onu yüngül
şəkildə keçmək olar. Hər zamanın öz tələbi var. Yəqin ki, bu dövrün tələbi də
budur.
- Nədənsə valideynlər
istəmirlər ki, övladları onların sənətlərinin davamçısı olsunlar. Hər zaman
çalışdıqları peşənin çox çətin olduğunu vurğulayırlar. Siz necə düşünürsünüz?
- Çünki onlar digər sahələrin əziyyətindən xəbərsizdirlər. Düşünürlər
ki, onların çalışdığı iş çətindir. Məsələ elə deyil, hər bir iş çətindir. İndi
hesab edirsiniz ki, ən asan iş mətbuat katibinin işidir, ancaq inanın ki, ən
çətin iş elə bizim işimizdir. Əvvəllər həkim uşağının həkim, müəllim uşağının müəllim
olmasına çalışırdı. İndi isə uşaqlar nisbətən müstəqil seçim gücünə malikdirlər.
İqtisad Universitetini bitirən biri kimi, hansısa bankda işləyə bilərdim, ancaq
bu qədər tanınmazdım. Hər şey qismətdən asılıdır. Qismətdə nə yazılıbsa, o da
olacaq.
Xəyalə Rəis