• şənbə, 20 Aprel, 06:17
  • Baku Bakı 14°C

Cəfəng bəyanatlar münaqişənin tənzimlənməsinə xidmət etmir

26.06.19 12:38 673
Cəfəng bəyanatlar münaqişənin tənzimlənməsinə xidmət etmir
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan iyunun 24-də BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququndan" danışaraq, bunları "dağlıq qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "dağlıq qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib.
AZƏRTACxəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxışını şərh edərkən bildirib.
Tural Gəncəliyev deyib: "Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unudub. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapıb. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.
Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşəkarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.
Beynəlxalq humanitar hüquqla bağlı insan hüquqlarına dair Ermənistanın istinad etdiyi sənədlərə gəldikdə isə, bəyan edirik ki, universal insan hüquqları dövlətlərin konstitusion və hüquqi çərçivələrinə zidd olmayan şərtlər daxilində həyata keçirilə bilər. Məhz bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı" 2015-ci il qərarından irəli gələrək, münaqişənin beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası əleyhinə tənzimlənməsinin mümkün olmadığı bir daha qeyd olunmalıdır.
Bildiririk ki, Ermənistan rəsmi şəxsləri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və Dağlıq Qarabağ bölgəsinin erməni icmasını əsarət altında girov kimi saxlayan separatçıların cəfəng bəyanatları münaqişənin tənzimlənməsinə xidmət etmir. Ədalətli və daimi sülhün bərqərar olması yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə mövcudluğu ilə mümkündür.
banner

Oxşar Xəbərlər