• cümə axşamı, 28 mart, 22:32
  • Baku Bakı 13°C

Cəbhə bölgəsində işləmək istəyən müəllim – Örnək

13.04.19 11:00 3364
Cəbhə bölgəsində işləmək istəyən müəllim – Örnək
Üç ildir ki, müəllim kimi çalışır. İlk olaraq magistr tələbələri ilə kursda işləsə də, bir il sonra artıq kənd məktəbində çalışmalı olur. Kənd məktəbində işləmək, xüsusilə balaca uşaqlara dərs keçmək onun üçün bir az çətin gəlsə də, dərsdən qayıdandan sonra evdə ağlasa da, zamanla bunun öhdəsindən gəlir. Hazırda əsas istəyi cəbhə bölgəsində yerləşən məktəbdə dərs keçmək olan müsahibimiz Xızı rayonYeni Yaşma kəndtamortaməktəbinin informatika müəllimi, 23 yaşlı Əfsanə Cənnətliyevadır.

Müsahibimizin müəllimliyə həvəsi elə uşaq yaşlarından olub və bu gün sevdiyi sahədə çalışdığını deyir: "Əslində, ixtisas seçimi ilə bağlı məktəb vaxtı fərqli istəklərim olub. Əvvəllər riyaziyyat müəllimliyi istəyirdim, sonra nədənsə psixologiyaya marağım daha çox yarandı. Lakin yenə müəllimlik tərəfə yönəldim, çünki bu istiqamətdə marağım daha böyük idi. Elə oldu ki riyaziyyat yox, informatika müəllimi oldum. İlk yerdə informatika müəllimliyi yazmışdım, ora da düşdüm”.


"Çox qorxurdum, ayaqlarım əsirdi”

Əfsanə bildirdi ki, kənd yerində müəllimliyə başlayanda çox həyəcan keçirirmiş: "3 ildir müəllim kimi çalışıram. Birinci il ancaq kursda işləmişəm, sonra kursla yanaşı, kənd məktəbində də dərs keçməyə başladım. Kənd məktəbinə gedəndə çox qorxurdum, ayaqlarım əsirdi ki, necə olacaq? Görəsən, bacaracağam? Çünki belə təsəvvür yaratmışdılar ki, kənd yerində şəhərdən gedən müəllimləri qəbul etmirlər, çox çətin olur və s. Etiraf edirəm ki, ilk vaxtlar çətin oldu, dərsdən sonra gəlib evdə ağlayırdım. Bunun səbəbləri isə müxtəlif idi. Rejim gərgin gəlirdi. Çünki dərsə getmək üçün səhər 5-də yuxudan oyanmalı idim ki, vaxtında çatım. Üstəlik, uşaqlarla ünsiyyət cəhətdən bəzən problemlər olurdu. Çünki mən Bakıda kursda böyüklərlə işləmişdim, uşaqlarla çalışmamışdım deyə, öyrəşmək bir az zaman aldı. İndi artıq məktəb və şagirdlər mənə çox doğmadır”.


"Əvvəllər uşaqları sevmirdim, amma...”

Gənc müəllimin sözlərinə görə, şagirdlərin sevgisi ona çətinlikləri daha tez arxada qoymağa kömək edib: "Mən 1-ci sinifdən başlayaraq yuxarı siniflərə qədər dərs keçirəm. Hər yaşda uşaqla ünsiyyətdə oluram. Uşaqların sevgisi bir başqadır. Dərsə gedəndə xüsusi qarşılayırlar, gül gətirirlər. Mən işlədiyim məktəb kənddən bir az uzaqdır, ona görə, kənddən bir yerdə avtobusla gedirik. Bir dəfə avtobusda uşaqların əlində böyük gül buketi gördüm, həyətdən yığmışdılar. Ürəyimdə "nə gözəldir” dedim. Dərsdə gətirib mənə verdilər. Sən demə, mənim üçün gətiribmişlər. Bu, məni çox sevindirmişdi. Belə jestləri tez-tez olur”.

Əfsanə deyir ki, iki illik məktəb təcrübəsində uşaqlarla ünsiyyət cəhətdən çox şey öyrənib: "Bakıda magistr imtahanlarına hazırlaşanlara dərs keçirdim. Yəni uşaqlarla işləmirdim, yuxarı yaşlarla ünsiyyətdə olurdum. Hətta 50 yaşlı tələbəm də olurdu. Ona görə, uşaqlara işləmək mənə bir az çətin gəlirdi, amma kənd məktəbində çalışarkən bu cəhətdən çox şey öyrəndim. Əvvəllər uşaqları sevmirdim, amma müəllim olduqdan sonra gördüm ki, ən gözəl sevgi məhz onların gözündə gördüyüm o sevgidir. Təmiz, saf, qarşılıq gözləməyən sevgidir”.


"Valideynlərlə ünsiyyət metodumu dəyişdim”

Gənc müəllim, balaca uşaqların nazını çəkməyin zövqlü olduğunu deyir: "Uşaqların da özünə görə kaprizləri olur. Bir də görürsən ki, durduğu yerdə ağlayır, səbəbini soruşanda "anamdan ötrü darıxmışam” deyir. Bir uşaq ümumiyyətlə, dərsdə anası ilə otururdu, anası gedən kimi ağlayırdı. Mən artıq o uşaqla xüsusi işləməyə çalışdım. Dedim ki, ananı burda mən əvəz edirəm. Bəs mən sənin üçün nəyəm? Yanımda oturtdum, yavaş-yavaş ünsiyyət qurdum, artıq uşaq dərsdə tək oturmağa öyrəşdi”.

Müəllim tək uşaqlarla deyil, valideynlərlə də ünsiyyətdə olur. Əfsanə bildirdi ki, bu cəhətdən də zamanla öyrəndikləri çox olub: "Məktəbin müəllimlərinin də mənə çox köməyi oldu, valideynlərlə ünsiyyət cəhətdən məlumat verdilər. Şagirdlərlə yanaşı, valideynlərlə də ortaq dil tapmaq, yaxşı ünsiyyət qurmaq lazımdır. Müəyyən müddət işləyəndən sonra artıq valideynlərlə ünsiyyət metodumu dəyişdim, uşaq zəif nəticə göstərəndə əvvəllər bunu sadəcə, olduğu kimi valideynə çatdırırdımsa, indi başqa metod tətbiq edirəm. Əgər uşaq çox zəif nəticə göstərirsə, onun gündəliyinə "Əziz valideyn, övladınızın potensialı çox yüksəkdir, çalışır, amma bu aralar zəifləyib, gəlin bir yerdə övladınıza dəstək olaq, daha yaxşı nəticə göstərməsinə köməklik edək” kimi müraciət ünvanlayıram. Nəticəsi çox yaxşı olur, növbəti dərsə həmin uşaq hazır gəlir, hamıdan əvvəl əlini qaldırır, "müəllim mən dərs danışmaq istəyirəm” deyir. Həm valideyni motivasiya edirsən, həm də uşağı”.


"Daha yüksək nəticə göstərmək üçün çalışırlar”

Müəllimin sözlərinə görə, uşaqlar kompüteri sevirlər deyə, o biri fənlərə nisbətən informatikaya daha çox maraq göstərirlər: "Ona görə, bu fənnə qarşı uşaqlarda maraq yaratmaq kimi çətinliyim yoxdur. Özləri maraq göstərirlər. İşlədiyim məktəbdə bu fənnin tədrisi üçün şərait də yaxşıdır. Kompüter, ağıllı lövhə, proyektor, internet və s. olduğu üçün dərsi daha maraqlı keçmək olur. Video-dərslərdən istifadə edirik, bu, uşaqlara maraqlı gəlir. Ümumiyyətlə, dərsi uşaqlara maraqlı etmək üçün gərək hər dəfə onlara yeni məlumat çatdırasan. Uşaqlar üçün maraqlı olsun deyə, debat-dərslər də edirik. Sinifdə müzakirə etməkdənsə, bunu təbiətdə, yaşıllıqda keçirəm. Bu, uşaqlar üçün maraqlı gəlir. Yaxud Bakı şəhərində seçilmiş pilot məktəblərə informatika dərsində istifadə etmək üçün robotlar verilib. Bizim məktəbə də belə robotlar verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişəm. Bilirəm ki, bu, uşaqlar üçün maraqlıdır, onları söküb-yığmaq, təcrübə cəhətdən çox şey öyrətmiş olar”.


Əfsanə uşaqları daha yaxşı motivasiya etmək üçün müxtəlif üsullar tətbiq etdiyini və bunun da nəticə verdiyini dedi: "Uşaqlar hədiyyəni-filanı çox sevirlər. Bizdə imtahanlar summativ vasitəsilə götürülür. Hər sinifdə maksimum nəticə göstərəni dəyərləndirirəm, hədiyyə verirəm. Bu zaman gözlərində sevinc yaranır. İmtahandan keçmək üçün deyil, daha yüksək nəticə göstərmək üçün çalışırlar. Qalib gələn 1-2 nəfər olur, qalanları təbii ki, hədiyyəni qazanmır, amma bu, onlara pis təsir etmir, əksinə "gələn dəfə mütləq mən qazanacağam” deyib, daha yaxşı oxumağa çalışırlar və qalib gəlirlər”.


"Boynumda yük kimi qalıb”

Bəzən valideynlər qızlarının evdən uzaqda çalışmağına razı olmurlar, amma müsahibimiz deyir ki, onun valideynləri fərqli düşünürlər: "Valideynlərim cəbhə bölgəsində müəllim kimi çalışmağımı istəyirdilər, rayon yerində müəllim olmağımı problem etməyiblər. Qarabağ bölgəsindən – Füzulidən olduğuma görə, cəbhə bölgəsini xüsusilə istəyirdim. Müəllimliyə qəbul imtahanında bir yer Xızıda yazmışdım, yeddi yer Füzulidə. Boş yerlər də çox idi, amma elə oldu ki Xızıda işləməli oldum. Yaxın yer istəmirdim, özümü borclu hiss edirdim ki, ordakı uşaqlar üçün nəsə edim, 1-2 il də olsa, orda çalışım. Boynumda yük kimi qalıb, bu arzumu gerçəkləşdirəcəyəm. Düzdür, orda evimiz yoxdur, amma atam həmişə deyirdi ki, sən orda məktəbə düşsən, ev alıb gedib ikimiz orda qalarıq. Yəni valideynlərim problem etmirlər”.


Əfsanənin şagirdləri ilə kollektiv şəkillərə baxanda, yuxarı sinif şagirdlərindən çox da seçilmir. Gənc müəllim deyir ki, bu, şagirdlərin ona münasibətinə mənfi təsir göstərmir: "Rayon yerinin uşaqları bir az daha böyük görünürlər. Düzdür, kollektiv şəkil çəkdirəndə bəzən mən onlardan seçilmirəm, amma bu, bizim ünsiyyət qurmağımıza mane olmur. Hətta şəkillərdə görüblər ki, kursda özümdən daha böyük adamlara dərs keçirəm. Deyirlər ki, biz yenə sizdən yaşca balacayıq, bəs o yaşlı adamlar sizə necə müəllim deyirlər?”

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər