“Can” və “qaqa” sözlərini çox işlədən nigeriyalı - Əcnəbi
10.03.17 12:37
2912
Azərbaycanı təhlükəsiz olduğu üçün sevir. Deyir ki,
öz ölkəsində də belə sərbəst gəzmək, gecələr istədiyin vaxt tək, qorxmadan çölə
çıxmaq imkanının olmasını istəyərdi. Ona görə,
qorxusuz yaşamaq hər şeyə dəyər.
"Əcnəbi” rubrikamızın bu dəfəki qonağı Kingsley
Kizmandır. Kingsley Nigeriya vətəndaşıdır. Hazırda Azərbaycan Memarlıq və
İnşaat Universitetinin memarlıq fakültəsində təhsil alır. Artıq 5 ildir ki, ölkəmizdə
qonaqdır. Azərbaycan dilini səlist bilən müsahibimiz deyir ki, əgər başqa ölkədə
uzun müddət yaşayırsansa, o ölkənin dilini mütləq bilməlisən: "İlk dəfə Azərbaycana
gələndə dili bilmədiyim üçün çox çətinlik çəkirdim. Xüsusilə mağazada, marketdə
heç nəyi izah edə bilmirdim. Məsələn, ən çox da yağ ala bilmirdim. Yağın növlərini
izah edə bilmirdim. Bundan əlavə, qiymət məsələsində məni aldadırdılar (gülür-
A.Ə). İlk dəfə hava limanından şəhərə gəlmək üçün taksi sürücüsü məndən 100
manat almışdı”. "Can” sözünü
sevirəm”
Müsahibimiz deyir ki, Azərbaycan dilini öyrəndikdən
sonra münasibətləri də düzəlib: "Azərbaycanlılar əcnəbi ilə tanışlıq etməyə
maraqlıdırlar. Bizimlə öz vətəndaşları kimi davranırlar. Mən onlarla söhbət edə-edə,
feysbukda dostlarla Azərbaycan dilində danışa-danışa dilimi mükəmməlləşdirdim.
Kimsə ingiliscə öyrənmək istəyəndə ingiliscə danışırıq, rus dilini də bildiyim
üçün rusca da ünsiyyət qura bilirəm. Azərbaycan dili çox şirin və səmimi
dildir. "Can” müraciətini o qədər sevirəm ki... İstifadəyə çox yararlı sözdür.
Həm dostlarla danışanda, həm uşağı nazlayanda can deyəndə insanın ürəyinə yağ
kimi yayılır. Özüm də o sözü çox işlədirəm”.
"Oğlan niyə
durub qıza yer verməlidir ki?”
Kingsleyi ölkəmizdə təəccübləndirən ictimai nəqliyyatda
oğlanların qızlara yer verməsidir. Deyir ki, xaricdə qadınlar bunu özlərinə təhqir
kimi başa düşürlər: "Xanımlar ictimai nəqliyyatın salonuna daxil olarkən
oğlanların yerlərini ona verməsini hələ də anlaya bilmirəm. Üstəlik, çox vaxt
qızlar təşəkkür belə etmirlər. Mən digər ölkələrdə də olmuşam, orada belə
deyil. Məsələn, mən Almaniyada bir xanıma durub yer verdim. Xoşuna gəlmədi və
bunu özünə təhqir kimi qəbul etdi. Amma Azərbaycanda belə deyil. Sanki oğlanlar
mütləq ayağa durub qızlara yer verməlidir. Oğlan oturub qız ayaq üstdə qalanda,
qızlar ona pis baxırlar. Oğlan niyə durub qıza yer verməlidir ki?”
"Azərbaycanlılar
qonağı hədsiz çox yedirdirlər”
Kingsley də ölkəmizdə yaşayan digər əcnəbilər kimi
qonaqpərvərliyimizə heyran olub. Deyir ki, hətta öz ölkəsində belə, qonaq gedərkən
ona bu qədər qayğıkeş davranmırlar: "Sizdə qonaqpərvərlik çox güclüdür. Məsələn,
dostumun evinə gedirəm, mütləq mənə yemək yedirdirlər. İstəmədiyini deyəndə,
etiraz edəndə belə, özünü masa ətrafında görürsən. Azərbaycanlılar qonağı hədsiz
çox yedirdirlər. "Bundan da ye”, "onun da dadına bax”, "bundan yeməmisən” kimi
sözlərlə bütün süfrəni qonağa daddırırlar. Bu, mənim üçün maraqlı və gözəldir.
Üstəlik, mətbəxiniz də çox dadlıdır. Plovu, yarpaq və badımcan dolmasını çox
sevirəm. Bizdə də plov var. Amma sizdə çox dadlıdır. Mərci supunu çox sevirəm.
Hətta özüm də bişirmək qaydasını öyrənib evdə bişirirəm”.
"Azərbaycanlı
qızı Nigeriyada çox istəyərlər”
Kingsley dadlı yemək bişirmələrinə görə
qızlarımızla da evlənmək istəyib. Lakin nakam sevgisi 2 il çəkib: "Evlənmək qərarına
gəlmişdik, amma alınmadı. Şəxsi problemlərimizə görə ayrıldıq. Azərbaycanlı
qızla sevgili olmaq, bütün ailəsi, dost-tanışı ilə sevgili olmaq deməkdir
(gülür - A.Ə). Əgər evlənsəydik, problemimiz olmazdı. Nigeriyada da normal
qarşılayardılar. Əcnəbi ilə ailə qurmaq bizim üçün normaldır. Nigeriyalılar da
çox sevərdi azərbaycanlı qızı. Çünki sizin qızların çox yaxşı yemək bişirmək
qabiliyyətləri var. Görünüş baxımından isə hər yerin yaxşısı da var, var pisi də...”.
"Sizin
xanımlar qızılı çox sevir”
Kingsley deyir ki, Nigeriya ilə Azərbaycan, adət-ənənə
baxımından tam fərqli ölkələrdir. Oxşar cəhətimiz isə Avropaya nisbətən zəngin
mədəniyyətlərimizin olmasıdır: "İlk dəfə burada mənə çox şey qəribə gəlirdi.
Çünki biz uzaqdan gəlmişdik. Tam başqa mühitə düşdük. Qonaqpərvər olmasaydınız,
yəqin ki, buraya öyrəşə bilməzdik. Məsələn, bizdə əhali küçədə milli paltarla gəzir. Amma bu, sizdə
yoxdur. Siz milli paltarı ancaq tədbirlərdə geyinirsiniz. Toy adətlərimiz də təxminən
eynidir, amma sizdə istər yemək, istər pul baxımından israfçılıq çox olur. Bizdə
toylarda da çox qonaq milli paltarda gəlir. Sadə geyinirlər. Qızıla, gümüşə çox
önəm vermirlər. Amma sizin qadınlar qızılı, gümüşü çox sevir. Nigeriyada ən
yaxşı xüsusiyyət israfçılığın olmamasıdır. İstərdim burada da elə olsun. Yeməyə
az pul xərclənsin, qızlar sadə milli paltarlar geyinsinlər”.
Həmsöhbətimizin Azərbaycanda ən çox xoşuna gələn cəhət
şəhərin təhlükəsiz olmasıdır: "Çox istərdim ki, bu təhlükəsizlik Nigeriyada da
olsun. Bizdə axşam çölə tək çıxmaq olmaz. Gecə 12 dən sonra tək gəzmək
qorxuludur. Hər vaxt oğurluq halları ilə rastlaşa bilərsiniz. Buna görə
ehtiyatlı davranırıq”. "Sizin
oğlanlar qardaşla dostu bir tuturlar”
Azərbaycanlı gənclərlə nigeriyalı gənclərin fərqinə
gəldikdə, müsahibimiz deyir ki, fərqlər
çox böyükdür: "Sizdə öncüllük qızlara verildiyi üçün əvvəlcə, qızlardan
danışaq. Azərbaycanlı qızlar kənardan çox utancaq və qapalı görünür. Tam sərbəst
deyillər. Bu, mentalitetdən irəli gəlir. Əksəriyyəti oğlanlarla danışmaq,
bir-birlərini tanımaq istəyirlər, amma qorxub çəkinirlər. Bizdə isə bu fərqlidir.
Oğlanlara gəldikdə, sizin oğlanlarda ən çox sevdiyim və qibtə etdiyim cəhət iki
dostun bir-birinə "qardaş”, "qaqa” deməsidir. Azərbaycanlı oğlanlar çox
maraqlıdır. Qardaşla dostu bir tuturlar. O qədər sıx və qardaşcasına münasibətləri
olur ki... "Qaqa” sözünü xüsusilə bəyənirəm”.
"Siz qayğıkeş
olursuz”
Kingsley deyir ki, bu mehribançılıq təkcə dostlar
arasında deyil, cəmiyyətdə insanların bir-birinə münasibətində də özünü göstərir:
"Nigeriyada insanlar çoxdur və bir-biri ilə çox ünsiyyət qurmurlar. Hərə öz işi
ilə məşğul olur. Heç kim heç kimə kömək etmir. Amma siz bizimlə müqayisədə çox
mehribansınız. Məsələn, küçədə kimsə
yıxılanda adamlar bizdə üz çevirib gedir. Siz qayğıkeşsiniz. Hətta bu, müəllim-tələbə
münasibətində də belədir. Müəllimləriniz çox yaxşıdır. Nigeriyadakı müəllimlərlə
buradakı müəllimləri müqayisə edəndə, orada müəllimlər çox ciddidir. Bizim ölkədə
müəllimlərlə danışmaq, ünsiyyət qurmaq olmur. Sözlərini deyib gedirlər. Sizdə
isə müəllimlərlə şagirdlər dost münasibətində olurlar”. "Biz gəlinlə
qaynananı bir yerdə çox qoymuruq”
Ailə mühitlərimiz arasındakı fərqdən danışan əcnəbi
müsahibimizin sözlərinə görə, onlarda uşaqlara daha çox sərbəstlik verirlər:
"Sizdə ailələr uşaqları çox sıxır. Xüsusilə sənət seçimində bu, belədir. Məsələn,
uşaq pilot olmaq istədiyini deyir, valideyn razılaşmır ki, "pilot işi təhlükəlidir,
həkim ol”. Amma bizdə belə deyil. Düzdür, məsləhət verirlər, amma qarışmırlar.
Son qərarı yenə özün verirsən. Sizdə "Qayınana” filminə baxmışam, çox bəyənmişəm.
Qaynana-gəlin problemi bütün ölkələrdə eynidir. Amma biz gəlinlə qaynananı bir
yerdə çox qoymuruq. Nə qədər uzaq olsalar, o qədər yaxşıdır. Əgər insan ailə
qurursa, özünün ayrı evi olmalıdır. Sizdə hamısı bir binada yaşaya bilir. Amma
bizdə elə deyir. Qonaq gedəndə insan daha hörmətli olur”.
Kingsley hətta milli mahnılarımızı da öyrənib səsləndirir:
"Azərbayacan dilində mahnılar da bilirəm. "Sarı gəlinə” tez-tez qulaq asıram.
Hazırlıq kursunda bizim Xəyalə adlı müəllimimiz var idi, əcnəbi tələbələrə
milli mahnılar öyrədir, köhnə filmlərə baxdırıb məlumat verirdi. Çox vətənpərvər
müəllimə idi”.
Kingsleyi Azərbaycanda incidən məqam isə ilk günlər
insanların onunla şəkil çəkdirməsi olub: "Qaradərili olduğum üçün ictimai nəqliyyatda insanların
baxışları mənə qəribə gəlirdi. Hətta yaxınlaşıb mənimlə şəkil çəkdirirdilər.
Əvvəllər bunu dərk edə bilmirdim. İndi isə öyrəşmişəm. Özümü məşhur insan kimi
hiss edirdim. Hamı mənimlə şəkil çəkdirirdi. Lakin bir gün facebookda şəklimin
altındakı təhqirləri gördükdə, pis olmuşdum. Amma indi elə deyil. Biz-birimizə
öyrəşmişik”.