“Bütün çətinliklər üzərinə getdikcə adiləşir” - Uğur hekayəsi
25 yaşı var. Məqsədi, əzmi, çalışqanlığı onu
karyerasında istədiyi pilləyə qədər qaldırıb. "Əgər çalışaraq istədiyimi əldə
edə bilərəmsə, niyə də etməyim?” prinsipi ilə hərəkət edir. Uğurun sirrini məqsədli
olmaqda görür. Düşünür ki, insan əgər uğur qazanmağı həqiqətən istəyirsə və
sona kimi getməyi bacarırsa, mütləq qalib gələcək.Müsahibimiz Dubayda Zaya Living və Al Barari şirkətlərində PR və
marketinq meneceri kimi çalışan Ayan Əliyevadır.
Ayan 1994-cü ildə Moskvada anadan olub. 13 yaşında
Bakıya köçüblər. 6 nömrəli məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən
sonra Azərbaycan Turizm Universitetinə qəbul olub. Təhsil aldığı müddətdə ikili
proqramdan istifadə edib. Avstriyada Krems şəhərində IMC Universitetində (IMC
University of Applies sciences) təhsilini davam etdirib: "Universitetdə oxuyarkən
1il İELTS imtahanına hazırlaşdım və qəbul oldum. Bizim ildə seçilən iki tələbədən
biri idim və təhsil almaq üçün Avstriyaya getdim. Bu, çox gözəl təcrübə oldu.
Orada iş təklifi də aldım, lakin həmin vaxt ailəm xaricdə qalıb işləməyimə icazə
vermədi. Bakıya qayıtdıqdan sonra Abşeron Marriot Baku otelində 5 aylıq təcrübə
keçdim. Bitirdikdən sonra mənə iş təklif etdilər və orada 2 ildən artıq işlədim.
Sonuncu kursda həm oxuyur, həm də hər gün işə gedirdim. Həftə sonları daha çox
işləyirdim. Universiteti bitirən kimi məni satış şöbəsinə keçirdilər. 1 il işlədikdən
sonra Park İnn Otel-də menecer vəzifəsinə dəvət aldım. 22 yaşımda artıq otelin
meneceri idim və bütün işi sıfırdan qurmaq tapşırılmışdı. 10 aydan sonra onlayn
şəkildə Dubayda iş axtarmağa başladım. 12 günlük iş görüşmələrinə getdim. Bir
müddət Dubayda Kempinski oteldə işləməyə başladım. Daha sonra hazırda işlədiyim
şirkətdən təklif gəldi və karyerama burada davam edirəm”.
- Ayan xanım,
22 yaşınızda məşhur oteldə menecer kimi çalışmısınız. Sizi əcnəbi ölkəyə getməyə
nə vadar etdi?
- Bakıda Marketinq, PR sahəsində nə qədər işləmək
istəsəm də, bu sahədə gələcək görmədim. Öz sənətimi, karyeramı inkişaf etdirmək
üçün mütləq xaricə getməli idim. Burada hansı vəzifədə olsan da, eyni işi
görürsən və ətraf çox balacadır. Planlarımı, layihələrimi həyata keçirmək üçün
imkanlar çox zəif idi. Ona görə də mən yerimdə saymaq istəmədim və özümü
inkişaf etdirmək üçün xaricə gəldim. Həmişə Dubayı marketinq və PR üçün çox
yaxşı yer hesab etmişəm. Çünki orada həqiqətən bu sahəni öyrənmək olur. Heç
özüm də düşünməzdim ki, 2 il ərzində karyera baxımından bu qədər öyrənəcəm.
Düzünü desəm, heç vaxt gəlirə fikir verməmişəm. 19 yaşımdan işləyirəm.
Valideynlərim mənə hər zaman dəstək olub. Amma daim öyrənmək istədim. Oxumaqla bərabər təcrübəni
də sevirdim.
- 19 yaşınızda ehtiyacınız olmadığı halda həm
işləyib, həm təhsil almısınız. Üstəlik, rəqsə də getməyə vaxt tapmısınız. İki
universitet, rəqs, iş... Çətin deyildi ki?
- Düzdür, çox yorulurdum. Gecə saat 4-də yatıb səhər
dərsə gedirdim. Dərsləri gecə oxumağı çatdırmadığım üçün səhər çox erkən
oyanırdım. Dərslərim heç də asan
deyildi. İntensiv proqram idi. Bəzən müəllimlər xaricdən gəlirdilər, bir həftə
axşam da daxil olmaqla dərs keçirdilər və həftəsonu imtahan edirdilər. Hər şeyi
qaçaqaçla edirdim. Mən gərgin rejimdə işləməyi sevirəm. İşdə boşluq hiss edən
kimi layihə hazırlayıb təqdim edirəm. İş olmasa belə, özüm özümə iş axtarıb
tapıram. Zaman mənim üçün çox dəyərlidir, onu boş keçirmək istəmirəm. Əgər
haradansa nəisə öyənə bilirəmsə, gördüyüm iş faydalıdırsa, yorulmaq, çətinlik mənim
üçün əhəmiyyətli deyil. Hər gün öyrənmək istəyirəm.
- Abu Dabidə
özünüzün hazırladığınız fərqli və böyük layihə üzərində işləyirsiniz...
- Hazırda işlədiyim otel Abu Dabi də adanın içindədir.
İdeya verdim ki, oteldə böyük musiqi festivalı təşkil edək. Abu Dabi üçün çox
böyük layihə idi. Turizm Nazirliyinə getdim və ideyanı böyük büdcəylə təqdim
etdim ki, Abu Dabini dünyada dəniz gecələri partiləri olan yer kimi reklam edək.
1-2 ay üzərində işlədim, sonra layihəni təsdiqlədilər və biz artıq noyabrdan
başlayırıq. Böyük layihədir. Özüm fikirləşdim və özüm də yerinə yetirirəm. Tədbir
təşkilatçılığı ilə bağlı təcrübəm yoxdur. Amma çox istəyirəm ki, öyrənim. Bu da
böyük şansdır. Hazırda 2500 nəfərlik qonağı olan təbirin təşkilatçılığı ilə məşğulam.
Adada olduğu üçün infrastrukturu da gəmiylə gətirmək çətin olur. Bu səbəbdən
işlərimiz asan deyil.
- Vaxtınızı
necə bölüşdürürsünüz. Bəzən insanlar vaxt azlığından şikayətlənirlər?
- Planlamağı sevirəm. Düzünü desəm, hər vaxt hər
şey plana uyğun olmur. Son anda plan dəyişə bilir. Amma çox xoşbəxtəm ki, iş,
özünüinkişaf məni yormur. Plandan kənar
olsa belə, işimi görürəm. Hansısa işi görmək və bitirmək mənə zövq verir.
- Həm Azərbaycanda,
həm də xaricdə turizm sahəsində işləmisiniz. Fərqlər nədir?
- Fərqlər çoxdur. Ən böyük fərqlilik iş tempidir.
Bakıda Marriotda işləmək mənim üçün gözəl təcrübə oldu. Başlanğıc üçün yaxşı idi.
Amma inkişaf etmirdim. İstəyirdim işlər çox olsun, sürətli getsin. Düzünü desəm,
Bakıda iş daha gec görülür. Bu, mənə darıxdırıcı gəlirdi. Mənə maraqlıdır ki,
bizim gənclər iş çoxluğundan narazılıq edirlər. Halbuki bizdə xaricə nisbətən
iş çox zəif gedir. Sakit, monoton işlər mənə darıxdırıcı gəlir.
- Risk etməyi
sevmirsiniz.
- Bəli, riskləri sevmirəm. Risk etməyin deyil, məntiqlə
hərəkət etməyin tərəfdarıyam. Hər bir yeni layihəyə başlayanda yaxud hansısa
addım atanda çox fikirləşir, axtarış aparıram. Gördüyüm işlərin riski çox
aşağıdır. Amma gələcəkdə böyük biznes qurmaq istəsəm təbii ki, risk edəcəm.
Risksiz biznes olmaz. Amma bizim sahədə risk əhəmiyyətli deyil.
- Uğur üçün
insana nə lazımdır. Ağıl, şans, "tanışlıq”?
- Ailəm ən böyük şansımdır. Mənim bütün qərarlarımı
dəstəklədilər. Bəzi insanlara, xüsusilə xanımlara ən böyük qadağanı ailələri
qoyur. Nə qədər dəstək olsalar da, təhsilini bitirdikdən sonra ailədən yardım
gözləmək düzgün deyil. İnsan nə qədər ki, gəncdir vaxtının qədrini bilməli və
özünü müəyyən işlərdə sınamalıdır. Bir işin qulpundan yapışmaq olmaz. İnsan az
yaşından işləməlidir ki, müəyyən müddət sonra nədən həzz aldığını, həyatda nə
etmək istədiyini, hansı sferada işləmək istədiyini bilsin. Çox olub ki,
tanışlardan kimsə tanışlıqla işə düzəlir, amma işini sevmir. Bunlara ümid etmək
olmaz. Nə şansa, nə də tanışlığa bel bağlamaq olar. Mənə görə, uğur üçün ən önəmli
nüans çalışqanlıqdır.
- Xanımların
karyerada qadağalarını vurğuladınız. Bir xanım arzularına çatmaq üçün nə etməlidir?
- Əlbəttə ki, xanımların çətinlikləri çoxdur. Ailən
yanında olmasa, ən adi ev tapmaq belə qadına çətin gəlir. Amma mən inanıram ki,
insan beynində bütün istəklərini, hisslərini kontrol edə bilər. Hansısa işə
pozitiv düşüncə ilə başlamısınızsa, uğursuzluqla az rastlaşacaqsınız. Hər
atdığınız addım sizin üçün xoş olacaq, darıxdırıcı olmayacaq. Məsələn, bəzi
xanımlara xaricdə yaşamaq çətin gəlir. Xanımlara demək istəyirəm ki, xaricə
köçmək çətin deyil. İngilis dilini öyrənib hər yerə gedə bilərsiniz, yeniliklər
öyrənər, müxtəlif insanlarla tanış ola bilərsiniz. Yaşadıqca heç nə çətin
olmur. Bütün çətinliklər üzərinə getdikcə adiləşir.
- Yaşla bağlı
probleminiz olubmu? Çünki azyaşlı rəhbəri adətən yaşlı nəsil ciddi qəbul etmir?
- Azərbaycanda belə nüansla daha çox rastlaşmışam.
Yaşıma görə, mənə ciddi yanaşmırdılar. Həmişə hansısa şöbəyə keçəndə sıfırdan
özümü sübut etmək məcburiyyətində qalırdım. Məsələn, deyirlər ki, 21 yaşlı qız
bu şirkətə nə gətirə bilər ki... Abu Dabidə də mənə qəribə baxırdılar, amma
sonra alışdılar. Mənim işə yanaşmam dost tərzində olur. Müdirim də elədir. Ən
sağlam iş mühiti budur. Rəhbər-müdir münasibətləri olmadığı üçün iş daha tez
görülür və əsas odur ki, hamı xoşbəxtdir. İş yerinizdə xoşbəxt deyilsinizsə,
mütləq işinizi dəyişib sizi xoşbəxt edən yerdə işləməlisiniz. İnkişaf etməkdən
qorxmaq lazım deyil.
- Ənənəvi
sualımız. Uğurun sirri nədir?
- Uğurun ən böyük sirri özünə inam, etibardır. Heç
kim sizə inanmasa da, özünüzə inanmalısınız. Nə istədiyinizi bilməli və üzərində
dayanmalısınız. Heç vaxt geri addım atmayın. Nəticəyə çatana kimi mübarizə
aparın, heç bir işi yarımçıq qoymayın. 500 insan da sizə desə ki, bacarmayacaqsınız,
alınmayacaq, inanmayın. Onlara inad bacarın. O zaman hər şey gözəl olacaq.
Aygün ƏZİZ