• cümə axşamı, 28 mart, 21:39
  • Baku Bakı 13°C

“Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var” - Səhhət

21.02.20 14:00 6669
“Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var” - Səhhət
Onkoginekoloq Günay Məmmədbəyli: "İnsanlar özlərini nədən qoruyacaqlarını bilməsələr, bizim müalicələrimizin, əməliyyatlarımızın rolu azalır”
"Bir xəstəm var idi, uşaqlıq boynunun xərçəngi ilə müraciət etmişdi. Əməliyyat oldu, qısa müddət sonra problem yarandı, bir də əməliyyat etdik. Təkrar müalicə aldı. Çox ağır dönəm keçirdi, amma sağaldı. Bu yaxınlarda zəng vurub dedi ki, əməliyyatından 10 il keçir, sağ-salamatdır, bu münasibətlə özünü də təbrik etdi, məni də.

Başqa bir xəstəm var idi, qeysəriyyə əməliyyatı zamanı onda xərçəng olduğu aşkarlanmışdı. Cavan qız idi, kimyaterapia aldı, saçsız qaldı, böyük ruh düşkiünlüyü yaşadı, amma sağaldı. O gün yanıma bir xanımı müayinə üçün göndərmişdi. Dedi ki, o xanım sizə salam göndərdi, sağlam olduğunu saçlarının çıxdığını, hazırda məktəbdə işlədiyini sizə çatdırmağımı istədi. Üstündən 3 il keçib, uşağı böyüyüb”.

Bu sözləri bizimlə söhbətində onkoginekoloq, cərrah Günay Məmmədbəyli bildirdi. G.Məmmədbəyli deyir ki, onkoginekoloji problemlərdən əziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismi sonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.

Həkim bildirir ki, problemin həllində həkimlər qədər pasientlərin də rolu var.

- Evlənməyənə, ya da problem olmayana qədər qızları ginekoloqa aparmaq təcrübəsi bizdə yoxdur. "Niyə aparım, hələ evlənməyib, onun nə problemi olacaq ki?” deyirlər. Nə problemi ola bilir?
- Hər ay qız uşaqlarını ginekoloqa aparmaq lazım olduğunu demirəm, ancaq sağlamlığı nəzarətdə saxlamaq önəmlidir. Çünki bir çox problemlərin kökü məhz uşaqlıqdan başlayır. Axı xərçəng birdən-birə yaranmır. Nəyinsə fonunda baş verir. Ona görə, kiçik yaşlardan sağlamlığın qeydinə qalınmalıdır. Məsələn, hər ölkənin iqliminə görə, qızların aybaşı olma dövrü var. İsti ölkələrdə bir cürdür, soyuq iqlimi olanlarda başqa. Bizim ölkədə qızlar 12-13 yaşlarında aybaşı olmalıdırlar. Bəzən 16 yaşında aybaşı olmur, ana ginekoloqa müraciət etmir ki, ayıbdır, qız uşağıdır, niyə getsin ki? Ən yaxşı məsləhətçi qonşudur, deyir ki, narahat olma, məndə də elə olmuşdu. Biz də rahatlaşırıq, vaxt keçir və bir də görürük ki, qızın yumurtalığında böyük törəmə, yaxud polikistoz var, tüklənmə, kökəlmə gedir. Onda həkimə aparırlar.


- Fərqli yaş qrupunda olan xanımlarla ünsiyyətdə olursunuz. Maraqlıdır, xanımlar ginekoloji cəhətdən sağlamlıqları ilə bağlı nə dərəcədə məlumatlıdırlar?
- Deyərdim ki, böyük qismi heç də məlumatlı deyil. Düzdür, indi internet dövrüdür, oxuyub öyrənməyə çalışanlar çoxdur. İnternetdə nə qədər düzgün məlumat varsa, o qədər də səhv məlumatlarla qarşılaşırlar. Ancaq illər öncə ilə müqayisə edəndə, indi məlumatlı olanların sayı artır. Çoxlu maarifləndirilmə işinə ehtiyac var. Bir müddət öncə Xəzər Rayonu İcra Hakimiyyəti məni dəvət etdi, xanımlar üçün ginekologiya ilə bağlı maarifləndirici bir görüş təşkil etmişdilər. Zal dolu idi, o qədər adam gözləmirdim. Belə görüşlərin hər yerdə keçirilməsinə ehtiyac var, çünki məlumatsızlıq səviyyəsi çoxdur.
- Xanımlar, əsasən nədən məlumatsız olurlar?
- Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çox xanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə, həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaks dövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonra doğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyə gedim?” deyənlər də olur. Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərin çoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45 yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərinin xərçəngi daha yaşlı qadınlarda olur. Qadınlar məlumatsızdırlar ki, klimaks dövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqim qalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadın kəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir” demək də olmaz, çünki müxtəlif səbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğu dəqiq bilinsin.

- Qadınlarda onkoloji xəstəliklər arasında rastgəlmə tezliyinə görə ilk yerlərdə olan uşaqlıq boynunun xərçəngindən danışaq. Xəstəliyin bu qədər çox olmasının səbəbi nədir?
- Ədəbiyyatlarda yazılır ki, uşaqlıq boynu xərçəngi rahibələrdə olmur. Bu, alimləri bu istiqamətdə araşdırma aparmağa vadar etdi. Təsdiq olundu ki, cinsi əlaqədə olmayan qadınlarda bu növ xərçəng demək olar ki, yaranmır. 2007-ci ildə isə isbat edildi ki, bu xəstəlik virus vasitəsilə - insandan-insana keçə bilir. Dolayısı ilə uşaqlıq boynu xərçəngi papiloma virusu vasitəsilə kişilərdən qadınlara keçir. Ona görə, bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var.
Daha çox nəzarətsiz cinsi əlaqələr, bir həftə, bir ay ərzində seksual partnyorların dəyişməsi uşaqlıq boynu xərçənginə gətirib çıxara bilir.
- Bu problemlə üzləşən xanımların həyat yoldaşlarının sağlamlığında heç bir problem olmur axı...
- Kişilər daşıyıcı olurlar, adətən onların sağlamlığına mənfi təsir göstərmir. Nadir hallarda onlarda da problem ola bilir.
- Onkoginekoloji xəstəliklərin yaranmasına səbəb olaraq həm də pəhrizləri göstərirlər.
- Uşaqlıq boynu xərçənginə inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Çünki maddi vəziyyət, məlumatlılıq aşağı səviyyədə olur. İnkişaf etmiş ölkələrdə isə uşaqlıq cisminin xərçənginə daha çox təsadüf edilir. Uşaqlıq cismi xərçənginin səbəbi tam aydın deyil. Lakin bu növ xərçəngə piylənmə, şəkərli diabet olan, reproduktiv funksiyasını icra etməkdə problemlə üzləşən və s. qadınlarda daha çox rast gəlinir. Burda artıq qida söhbətinə gəlirik. Piylənmə olan xanımlarda da bu xəstəliyə tutulma ehtimalı çoxdur. Bəzi növ xərçənglərin virus mənşəli olduğu təsdiqlənib. Virus nə zaman orqanizmdə baş qaldırır? İnsanın immun sistemi qəfildən düşdükdə. İmmun sistemi uzun müddət stressli vəziyyətdə olan şəxslərdə, qeyri-sağlam dieta saxlayıb bir ay ərzində 20-30 çəki verəndə düşə bilir.
- Doğum nəzarət həbi də səbəb kimi göstərilir.
- Bunlar mübahisəli məsələlərdir. "Bu həbi qəbul etdinsə, sabah xərçəng olacaqsan” deyə, bir şey yoxdur. Ancaq o həbi həkim təyin etdiyi müddətdən artıq qəbul etmələri məsləhət deyil. Bəzən xəstəyə deyirik ki, 3 ay qəbul et. Effektini görür və davamlı istifadə edir. 3-6 il istifadə etdiyini deyənlər olur. 6 il o həbləri istifadə etmək qətiyyən olmaz. Belə bir şeylər xəstəliyi sürətləndirən faktorlardandır, amma konkret səbəb kimi demək olmaz.

Unutmayaq ki, çox növ xərçəngin yaranma səbəbi dəqiq bilinmir. Uzun müddət doğum nəzarəti həbi qəbul edən, uşaq dünyaya gətirməyən, süd verməyən və s. qrup qadınlarda xərçəng yaranması riski digərləri ilə müqayisədə çoxdur, ancaq bunlar da yüz faiz qəti qərar vermək üçün yetərli deyil. Yaxud genetikanı deyirlər. Genetikanın da rolu var. Amma bütün xərçəng növlərinin genetik fonda yarandığını deyə bilmərik.

- Bundan sığortalanmaq mümkün deyil?
- Hazırda bir neçə Avropa ölkəsində və Amerikada bu xəstəliklə bağlı vaksin tətbiq edilir. Mütləq qaydada dövlət proqramına daxil olunub. Hər bir qadın cinsi əlaqəyə başlamamış vurulur. İsraildə hətta kişilərə də vurulur. Çünki onlar problemi kökündən həll etmək üçün belə edirlər. "Kişidə yoxdursa, qadın da xəstələnməz” kimi düşünürlər. Papiloma virusu kişilərdə də cinsiyyət orqanında xərçəng yarada bilir. Çox nadir hallarda olur, amma səbəb faktorlarındandır. Vaksinlə, bu ehtimalın da qarşısını alırlar. Azərbaycanda da bu vaksinlər var, amma təəssüf ki dövlət proqramına daxil olmayıb. Fərdi olaraq xanımlar vurdura bilərlər. Bu vaksin vurulmamışdan əvvəl qadın cinsi əlaqədə olmamalıdır. Olubsa, yoxlanmalıdır ki, o virusa yoluxub, yoxsa yox.
Belə bir imkanı olmayanlar isə cinsi əlaqə zamanı qorunsalar və nəzarətsiz seksual münasibətlərini nəzarətə alsalar, gigiyenik olsalar, problemin qarşısını almış olarlar. Bu xəstəliyin yayılmasında, müalicəsində həkimlər qədər, sadə insanların da rolu var. İnsanlar özlərini nədən qoruyacaqlarını bilməsələr, bizim müalicələrimizin, əməliyyatlarımızın rolu azalır.
- Xərçəngdən dünyasını dəyişən bir xanımın qızı deyirdi ki, anam ətrafdakılara deməyə, həkimə getməyə utanırdı. Son məqamda getdi, onda da xeyri olmadı. Bu problemdən dolayı utandığı üçün ətrafdakılara bildirməyən qadınlar çox olur?
- Belə hallar çox olur. Daha çox yaşlı qadınlar belə yanaşırlar. Mən artıq nənəyəm, ginekoloqda nə işim var? Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınlar da ginekoloqa getməkdən qorxurlar. Düşünürlər ki, həkimə gedərəm, nə isə problem çıxar, axı ərim yoxdur, deməyəcəklər ki, bu, nədən yaranıb? Amma problem bu gün üzə çıxıbsa, o demək deyil ki, elə indi münasibət qurduğun üçündür. Bu xəstəliklər uzun müddət orqanizmdə olur, ancaq ağırlaşanda gözlə görünəcək səviyyə gəlir. Uşaqlıq boynu xərçənginin yoluxmadan sonra inkubasion dövrü 25 il çəkə bilər. Xanım o virusa bu gün yoluxubsa, xəstəlik 15 il sonra da baş qaldıra bilər. Erkən addımlarda balaca bir müayinə, müalicə, yaxud xırda biz kəsiklə biz onun qarşısını ala bilərdik. Amma elə həddə gəlirlər ki.
- Uşaqlıqdaxili poliplərdən də danışaq. Bir çox xanımda bunlara rast gəlinir. Bunların xərçəngə çevrilmə ehtimalı nə dərəcədədir?
- Poliplər uşaqlıq daxilində səhv bölünmüş hüceyrələrdir. İndi bir qədər səhv bölünən hüceyrə gələcəkdə daha da sərt bölünə bilər. Hüceyrə bir qədər dəyişir, polip olur, dəyişib atipiyalaşır və xərçəng də ola bilir. Polip çox vaxt qanaxmalar verir. Polip götürülüb əkilməyə verilməlidir. Bilinməlidir ki, xərçəngdir, yoxsa yox. Xərçəng çıxmırsa, müalicə olunur, nəzarətdə saxlanılır. Varsa da, müalicəsi davam etdirilir. Elə qadın olub ki, polipdə xərçəng olub, onu götürmüşük. Həmin xanım müalicə olunub, sağalıb, sonra hamilə qalıb, övlad dünyaya gətirib.


- Sağalma deyəndə, nəyi nəzərdə tutursunuz? Sonra bir də yaranmır?
- İkinci mərhələdə uşaqlıq boynu xərçəngi olan xəstəm var ki, 5 ildir yaşayır. 5 il ərzində xərçəng xəstəsində heç bir törəmə əmələ gəlməyibsə, biz ona sağlam insan deyə bilərik. Amma onlar nəzarətdə olmalı, ehtiyac olarsa, müalicə almalıdır. Problem ondadır ki, sağalandan sonra çox qadın həkimə gəlmir. Deyirik ki, 6 aydan bir müayinə olunmalısan, deyir ki, şikayətim yox idi, gəlmirdim. Sən artıq risk qrupundasan, gəlməlisən. Hər 6 aydan bir sağlam qadın həkimə getməlidir, qaldı ki, risk qrupunda olan.

- Bu sağalma nə zaman olur, erkən mərhələdə müraciət edəndə?
- Mərhələdən də çox, hüceyrənin növündən, onun aqressivliyindən asılıdır. Bəzən 3-cü mərhələ xərçəng xəstələri uzun müddət yaşaya bilirlər, nəinki birinci mərhələdə gələn. Bəzən birinci mərhələdə görürsən ki, hüceyrə heç bir müalicəyə tabe olmur. Amma bilsinlər ki, uşaqlıq boynu, uşaqlıq cismi xərçəngi ilə neçə illər yaşayan xanımlarımız var. Xərçəng xəstəsi olduğunu bilən kimi, vəsiyyət yazmaq olmaz. Qətiyyən elə bir şey yoxdur. Sadəcə vaxtında aşkarlamaq və doğru müalicə aparılması önəmlidir.

Xanımlarımıza demək istəyirəm, həm xoş, həm də bədxassəli şişlərin müalicəsi var. Sadəcə olaraq, həkimə müraciət etmək lazımdır. Düzgün müalicə taktikası ilə onu aradan qaldırmaq olur. Xərçəng yox, ümidsizlik ölümdür.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər