Bu toy ki, var çox qəliz məsələdir. Həm qəlizdir, həm
maraqlı... Elimizin ən qədim adət-ənənəsidir. Əvvəlki formasından çox fərqlənsə
də, öz mahiyyətini heç vaxt itirmir. İki sevən qəlb birləşir, hər birinin həyatında
yeni mərhələ başlanır. Lakin tarixin bütün dövrlərində gənclər və yaşlılar
bir-birinin fikirləri ilə ayaqlaşmayıblar. Keçmiş adət-ənənələri saxlamaq istəyən
nənə-babalarımız, daim gənclərin yeni "icadları” ilə rastlaşıblar. Toy adətləri
də belədir. Müasirləşmək eşqinə müasirləşdik. Toylarımız da zamanla ayaqlaşdı.
Hətta toyun ən vacib şəxslərindən sayılan, toyda gəlin, bəy qədər "hörməti”
olan, sağdış, soldış, toybəyi belə müasirliyin girdabında itib, batdı.
Gəlin, bu dəfə uşaq vaxtı zövq aldığımız bu gün bizə
qəribə, bəzən də etiraf edək ki, gülməli gələn adətlərimizdən danışaq.
Məlumdur ki, toyun ilk mərhələsi elçilikdir.
Elçilik mərasimi ailə böyüklərinin, valideynlərin, ağsaqqal, ağbirçəklərin
xeyir-duası, razılığı ilə başa çatdırılır.
"Qız əgər razıdırsa
,"atam bilən məsləhətdir” deyər”
Filologiya üzrə fəlsəfə
doktoru, folklorşünas Əpoş Vəliyev deyir ki, bu gün elçilik mərasimi artıq öz mahiyyətini
itirmək üzrədir. Müasir elçilik mərasiminə xeyli əlavələr edilib,
bayağılaşdırılıb: "Ailənin təməlinin düzgün qoyulması mərhələsini təşkil edən
elçilik adəti unudulduqca boşanmaların
sayı da tədricən artır. Təcrübələr göstərir ki, ailə başçısı, ağsaqqal, ağbirçək,
valideynlərin razılığı, məsləhəti olmadan qurulan ailələr davamlı, uzun ömürlü,
sağlam olmur, həmin ailələrdə problemlər çox olur. Adətlərimiz milli dəyərlərimizdir.
Onlar unudulmamalı, yaşadılıb gələcək nəsillərə ötürülməlidir”.
Folklorşünas deyir ki, müasir gənclər keçmiş
elçilik adətlərini bəyənmirlər: "Elçilik mərasimi özü də bir neçə mərhələdən
ibarətdir: "qızbəyənmə”, "qızgördü”, "xəbərgöndərmə”, "kiçik elçilik”,
"elçilik”. Müasir dövrümüzdə keçmişdəki elçiliyin belə uzun mərhələlərdən keçməsi
gənclərdə bəzən təəccüb, bəzənsə istehza doğurur. Amma dərindən araşdırıb
düşündükdə, gələcək ailədə problemlərin olmaması, qohumların bir-birini yaxşı
tanıması, gənclərin bir-birini başa düşməsi, yeni qurulan ailənin təməlinin
sağlam olması, gələcəkdə dünyaya gələcək uşaqların düzgün tərbiyələndirilməsi
üçün bu mərhələlərin nə qədər vacib olduğu aydın olur. Oğlan atası ağsaqqal,
ağbirçək, tayfa böyüklərini, ən yaxın qohumlarını elçi getmək üçün dəvət edir.
Birlikdə qız evinə yola düşürlər. Qız evində onları qızın ata-anası, baba-nənəsi,
əmi-dayısı, xala-bibisi, ailənin yaxın qohumları qarşılayır. Bir az hal-əhval
tutduqdan, gələcək qohumların bir-biri ilə tanışlığından sonra ağsaqqallardan
biri gəlişlərinin məqsədini açıqlayır. Bu zaman oğlan evinin söz sahibi olan
ağsaqqalı adətən "biz sizin qapınıza xeyir iş üçün gəlmişik, qapınızda həmişə xeyir
işlər olsun, günləriniz həmişə şadyanalıqla keçsin. Əl bizdən ətək sizdən, ətəyinizi
kəsin, əlimizi kəsməyin. Qızınızı oğlumuza istəyirik” deyər. Qız evinin söz
sahibi ağsaqqalı "qızın anasını çağıraq, görək qız razıdırmı?” deyə cavab verər.
Qız anası qıza yaxınlaşaraq "atan səndən cavab gözləyir” xəbərini verər. Qız əgər
razıdırsa susar, ya da "atam bilən məsləhətdir” deyərək razı olduğuna işarə edər.
Qızın anası xəbər verər ki, "qız deyir ki, atam, böyüklərimiz bilən məsləhətdir”
(Bu sözlər qədər qızın valideyn, böyük sözündən çıxmamasının, tərbiyəli
böyüdülməsinin göstəricisidir). Bundan sonra qız evinin söz sahibi "Allah xoşbəxt
eləsin” deyə razı olduqlarını bildirər. Bəzi bölgələrdə olan adətə görə
elçiliyin sonunda oğlan evinin ağsaqqalı başındakı papağını üç dəfə öz başına və qızın başına qoyar. Bu hərəkət
qızın onların namusu sayıldığını bəyan edər. Elçilik mərhələsinin uğurla başa
çatmasından sonra nişan mərasimi və toya hazırlıq başlayar”.
"Ağsaqqal və ağbirçəklər
bütün proseslərdən uzaqlaşdırılıb”
Keçmiş adətlər deyəndə, nənə-babalarımızın fikrini
öyrənməsək olmaz.
Masallı rayon sakini
85 yaşlı Ramiz Piriyev də
indiki adətlərdən narazıdır. Ramiz babaya toy adəti deyəndə, ah çəkir. Deyir
ki, qızım, indiki gənclərə bizim dövrümüzdəki kimi toy görmədikləri üçün bəzən
yazığım gəlir: "Bizim dövrümüzdə oturuşmuş toy adətləri var idi. Hər kəs
çalışırdı ki, mədəniyyətimizə, ənənələrimizə, adətlərimizə uyğun toy etsin.
Mentalitet sözü onda heç leksikonumuzda yox idi. Toylarımız gözəlliyi və sadəliyi
ilə seçilirdi. İzdivaclar dəbdəbədən uzaq, ağsaqqal, ağbirçək xeyir-duaları ilə
baş tuturdu. Amma indi tamam başqa mənzərənin şahidi oluruq. Bütün proseslərdən
ağsaqqal və ağbirçəklər uzaqlaşdırılıb. İndi əsas söz sahibi qız və oğlandır, hər
şeyə özləri qərar verirlər. Bəzən olur ki, valideynlərlə belə məsləhətləşmirlər.
Sanki, öz həmyaşıdları ilə yarış qurublar. Kimin toyu kimdən yaxşı olacaq?
Bir-birlərinin bəhsinə toya müğənni çağırırlar, bal ayına min manatlarla pul
tökürlər, yeməklərdən danışmıram. Hər şey maddiləşib. Toy adətlərimiz getdikcə
unudulur, mən buna təəssüf edirəm”.
"Gəlin oğlan toyunda
iştirak etməzdi”
Xədicə nənə oğlanla qızın toydan öncə tez-tez görüşməyinə
qarşıdır: "Bizim zəmanəmizdə gəlin oğlan toyunda iştirak etməzdi. Qız ismətli şəkildə
öz otağında gələcək qohumları ilə oturub söhbət edərdi. Oğlanla qız bir-birinin
üzünü elə toy günü görürdü. Gəlini gətirib, evə qoyardılar. Sonra gecə yarısına
qədər həyətdə qurulan toy çadırında şadlıq edərdilər. İndi gəlinlər məclisin
ortasında süzürlər. Elə mən özüm də ərə o adətlə getmişəm. Anamgil gəldi ki,
qızım bəs səni filankəsin oğluna ərə veririk. Atamın sözündən çıxmaq yox idi. O
vaxtın ailələri də çox möhkəm təməl üzərində qurulurdu”.
"Toya qara rəngdə də
paltar geyinməzdilər”
Qızxanım Quliyevanı narahat edən isə toyda gəlinin qohumlarının qara
geyinməsidir: "Qız toyunda gəlin özü istədiyi formada və rəngdə paltar tikdirib
geyinə bilərdi. Bu geyimlər içərisində qırmızı rəngə daha çox üstünlük
verilirdi. Göy rəngə isə yox. Çünki yaşlı insanların dediyinə görə, göy rəngli
paltar qarğış hesab olunurdu. "Səni görüm qara geyinib, göy örtəsən” kimi
qarğış da var idi. Odur ki, başa göy rəngli yaylıq örtməzdilər. Qara rəngdə də
paltar geyinməzdilər. Təkcə gəlin yox, eləcə də toya gələn digər iştirakçılar
da qara geyinə bilməzdilər. Toy sahibi də belə geyinənlər olsaydı narazı
qalardı. İndi isə gəlinin anası, gəlinin rəfiqəsi də qara geyinir. Toylarda
şabaş olardı. Toya gedənlər mütləq şabaş verərdilər, həm gəlinin başına tökərdilər,
həm də oynayanların. Çalğıçılar isə toy üçün indiki kimi çox böyük məbləğ tələb
etməzdirlər”.
Toyun sağ və sol mələkləri...
Bu gün unudulan ən önəmli adətlərdən biri də sağdış
və soldışdır.
Folklorşünas Əpoş Vəliyev deyir ki, bu gün ehtiyac görülməyən sağdış-soldışlar
toyu maraqlı edən ən önəmli adamlardan idi: "Xalqımızın qədim adət-ənənəsinə
görə, oğlan və qız evlərindəki toy məclislərində canla-başla iştirak edərək,
toyun şən və intizamlı keçməsi üçün çalışan, ayrı-ayrılıqda şənliklərdə həm gəlinin,
həm bəyin sağ və sol tərəflərində əyləşən şəxslərə sağdış və soldış deyilirdi.
Sağdış evli, soldış subay olardı. Onlar toy başlayandan toy qurtarana qədər, bəy
hamamı zamanı, toy çadırında, gəlin gətirdi zamanı davamlı olaraq bəyin yanında
olurlar. Eynilə də gəlinin iki yaxın rəfiqəsi onun sağdışı və soldışı kimi
toyun başlamasından sonuna kimi yanında olur. Sağdış sağ tərəfdə dayanar,
soldış isə sol tərəfdə. Sağdış bəyin yoldaşları arasından seçilib götürülən və
ona evlilik, ailəlin özəllikləri barədə məlumatlar verən adamdır. Ona görə də, əsasən,
evli dostlar arasından seçilir ki, müəyyən təcrübəsi olsun. Xüsusilə gənc yaşda
evlənən bəy üçün sağdış ən böyük köməkçidir. Dış sözü Kitabi Dədə Qorqudda da
işlənir və çöl, bayır, yan mənalarını verir. Orada İç Oğuz və Dış Oğuz adlarına
rast gəlinir. Belə bir mülahizə də var ki, sağdış və soldış insanın sağ və sol
çiynində əyləşmiş iki gözəgörünməz qoruyucu mələyin canlı təcəssümüdürlər. Həm
gəlinin, həm də bəyin sağdış və soldışın əsas işi bəy və gəlini qorumaq, onun
"oğurlanma”sının qarşısını almaqdan ibarətdir. Onlar çəkdikləri təmənnasız zəhmətin
müqabilində heç bir qarşılıq gözləmirlər. Buna baxmayaraq, toydan sonra oğlan və
qız evləri onlara xələt verməklə öz razılıq və minnətdarlığını bildirir”.
Toyda bir çox adət-ənənələr dəyişsə də, yerini
başqası ilə əvəzləsə də, bu mərasimin əsas qəhrəmanları hər zaman gəlinlə bəy
olur. Arzu edərdik ki, ənənələr dəyişsə də, sevgilər əbədi qalsın. Təki həmişə
toy olsun...