• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

“Bu qalibiyyət bir qədər tez oldu” - Fotolar

15.11.18 09:00 9857
“Bu qalibiyyət bir qədər tez oldu” - Fotolar
9 noyabrda Nyu York şəhərində "Warner Bros”, "HBO” ve "Cinemax” tərəfindən təşkil olunan "Urban Action Showcase international” film festivalının qalibləri açıqlanıb. Festivalın "Ən yaxşı döyüş filmi” nominasiyasının qalibi ABŞ-da yaşayan həmyerlimiz, Kapoeyra idmanı üzrə mütəxəssis, "Black Garden Company”nin rəhbəri, rejissor Elmar Bayramov olub. Onun çəkdiyi film festivala təqdim olunan 1500-dən artıq filmin içərisindən seçilib.Azərbaycanda da kifayət qədər tanınan Elmar Bayramov qalibiyyət sonrası təəssüratlarını bizimlə bölüşdü. Onunla kino sahəsində əldə etdiyi nailiyyətlərdən və Amerika filmlərinin uğurunun sirlərindən danışdıq.
- Elmar bəy, sizi təbrik edirik. İstərdik, təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- "Urban Action Showcase international” film festivalı məhz döyüş filmlərindən ibarət bir layihədir. "Warner Bros”, "HBO” ve "Cinemax” tərəfindən təşkil olunub. 3 ay bundan öncə öz filmimizlə bu festivala qatıldıq, filmimiz qəbul olundu. 1500 film içərisindən 16 film seçildi və biz seçilənlər sırasında idik. Artıq rəsmi iştirak icazəsi də almışdıq. 9 noyabrda filmlərin mükafatlandırılması keçirildi. "Ən yaxşı aktyor oyunu”, "Ən yaxşı ssenari” və başqa müxtəlif nominasiyalar üzrə filmlər mükafatlandırıldı. Biz də həmin mükafatlandırılma gecəsində iştirak etdik.

- Gözləyirdinizmi ki, sizin filminiz qalib olar?
- Açığını desək. böyük göstəricilərə ümidim yox idi. Festivalda iştirakçıların və iştirak edən ölkələrin siyahısını görəndə ümidim olduqca azalmışdı. Hansı ki, buraya kino sahəsində olduqca inkişaf edən Yaponiya, Çin, İndoneziya, Cənubi Amerika dövlətləri və bir çox ölkələrdən iştirakçılar qatılmışdılar. Biz qısametrajlı filmlər nominasiyasına daxil idik. Mükafatlandırılma gecəsi bizim nominasiyada qalib filmlərin adları çəkildi və ekranda göstərildi. İlk bizim adımız çıxanda isə, çox həyəcanlı idim və nə baş verdiyini anlaya bilmirdim. Biz "Ən yaxşı döyüş filmi” nominasiyasının qalibi olduq. Bu məni təəccübləndirdi. Hesab edirdim ki, yad bir məmləkətdən gəlmişəm və mənim filmimi seçməyəcəklər. Buna görə də gözləntilərim az idi. Şüuraltıma yeritmişdim ki, heç nə əldə edə bilməyəcəyəm, sadəcə iştirak edirəm. Qalib olduqdan sonra Amerikanın yerli mediası məndən müsahibə aldı. Onlar Azərbaycanın kino industriyası ilə bağlı suallar ünvanladılar. "Black Garden Company” haqqında soruşdular. Mən də təşkilatımızın adının mənasının "Qarabağ” olduğunu və Azərbaycanın üzləşdiyi hadisələrdən danışdım.
- Amerika sizə uğur gətirdi deyə bilərikmi?
- Amerikada ilk uğurumuz elə bu festivalda oldu. Amerikaya köçməkdə başqa məqsədlərimiz var idi. Bu qalibiyyət bir qədər tez oldu. Bu məni olduqca təəccübləndirdi.
- "Urban Action Showcase international” festivalının beynəlxalq film festivalları arasında çəkisi və nüfuzu nə qədərdir?
- Dünyada 10 minə yaxın film festivalı var və onların içərisində ilk yüzlükdəki ən yaxşı festivaldan biri məhz "Urban Action Showcase international”-dır. Reytinqinə görə dünyanın ən yaxşı film festivallarından biridir. Kifayət qədər nüfuzlu festivaldır və nüfuzlu təşkilatlar tərəfindən dəstək alır. Festivalın dəstəkçiləri olan "Warner Bros”, "HBO” və "Cinemax” dünyanın çox böyük multimedia şirkətləridir. Bu kifayət qədər nüfuzlu və dünyaca tanınmış bir festivaldır.

- Müsahibələrinizin birində "Don Marleone” filmindən sonra Bakıda mənə çox sayda film sifarişləri gəldi, amma hər şeyə "stop” deyib ailəm ilə ABŞ-a gəldik” - demisiniz. Səbəbini bizə izah edə bilərsinizmi? Amerikada sizi bu qədər özünə çəkən nə idi?
- "Don Marleone” filminin təqdimatı günü 4 film sifarişi aldım. Sifariş aldığım filmlər komediya filmləri idi. Bilirsiniz ki, Azərbaycanda kifayət qədər komediya filmləri çəkilir. Mən də Azərbaycanda qalıb komediya janrında film çəkmək fikrində deyildim. Çəkmək istədiyimiz film action janrında idi. Amerikaya gəlməyimin səbəbi isə öz gücümüzü sadəcə Azərbaycanda reallaşdırmaq istəmədiyimiz idi. Təcrübəmizi inkişaf etdirmək, kino biliyimizi artırmaq, daha böyük auditoriyaya çıxmaq üçün Amerikaya getdik.
- Amerikada "Black Garden Company” təşkilatını yaratdınız. Niyə məhz "Black Garden”?
- 2012-ci ildə ilk çəkdiyimiz "Eşq səfəri” bədii filmi İranda festivalda 3-cü yeri tutmuşdu. Biz səfərdən dönəndə "Black Garden Company” adını fikirləşdik. Bu adın tərcüməsi "Qarabağ” mənasını verir. Azərbaycanı gələcəkdə dünya kino aləmində bu kompaniya ilə təqdim etmək istədik. Biz dünya ictimaiyyətinə Qarabağ haqqında informasiyalar çatdırmağa səy göstərdik. Ən azından bu, vətəndaşlıq borcumuzdur. Məqsədimiz isə daim Qarabağı yada salmaq, gənclərin hafizəsindən unutmağa qoymamaqdır.
- Kino sahəsi Amerikada daha çox inkişaf etdiyi üçünmü ora üz tutdunuz?
- Amerika böyük ölkədir və imkanlarla dolu bir məmləkətdir. Burada yaşamaq və inkişaf etmək çox çətindir. Ancaq ehtimallar çoxdur. Azərbaycanda normal səviyyədə yaşayırdıq, ancaq bu qədər ehtimallarımız yox idi. Amerikada film sahəsində özünü göstərmək üçün olduqca çox inkişaf etməlisən. Azərbaycanda bir-iki film çəksən, səni öz ölkəndə tanıyacaqlar. Ancaq Amerikada o qədər rəqib var ki, burda film adamı olmaq çox çətindir. Mən sadəcə, bu çətinlikdən həzz alıram. Artıq çətinlik həyat tərzimə çevrilib. Ona görə Amerikaya üz tutdum. Amerika dünyada olduqca inkişaf etmiş bir nömrəli ölkədir. Bütün sahələr burda çox inkişaf edib.Kino sahəsinin baha olmasına baxmayaraq, burda nəsə əldə etmək üçün imkanlar yaradılır. Məsələn, yaxşı istedadın varsa, universitet tərəfindən maliyyələşdirilə bilərsən. Yanvardan tələbə olaraq Bruklin Kollec film department-də təhsil alacağam.
- Deyirlər, Amerikada təhsil almaq çox bahadır, hələ bu incəsənət sahəsidirsə, üç qat bahadır. Orda təhsil almağa və belə bahalı bir ölkədə yaşamağa necə risk etdiniz?
- Ona görə oxuyuruq ki, universitetin vasitəsilə çəkilişlərimiz üçün rəsmi icazəni daha asan alaq. Tələbə olduqdan sonra film çəkmək üçün sənə daha böyük imkanlar yaradılır. Ancaq tələbə olmayanda, başqa bir ölkədən gəlmisənsə, sənin üçün çox çətin olur. Mən Amerikada 10 aylıq film təşkilatçılığı kursu keçmişəm. Müəllimim Janet Urban Hollivudda səs rejissorudur. O, mənə kino təşkilatçılığının praktikasını A-dan Z-yə qədər öyrədib. Məhz bu kursdan sonra festivallara film çəkməyə başladım. Sonradan təhsil haqqında ona görə düşündüm ki, universitetin verdiyi üstünlüklər daha çoxdur. Texnika arenasında endirimlər olunur, rəsmi yerlərdən icazə almaq daha asan olur və s.
- Sizcə, kino çəkən insanın daxili zövqü necə, olmalıdırmı?
- Keyfiyyətli bir iş ortaya qoymaq üçün zövq mütləqdir. Zövqü olmayan kino sahəsində heç bir iş görə bilməz. İstəyir yüz universitet bitirsin, dünyanın ən savadlı rejissorlarından dərs alsın, mümkün deyil. İnsan heç bir kino biliyi olmadan da gözəl bir film çəkə bilər. Kino biliyinin olması filmi daha düzgün şəkildə çəkməyə kömək edəcək. Universitet təhsili bu işləri daha düzgün və məntiqli qaydalara riayət edərək ortaya çıxarmağımız üçün çox önəmlidir.

- Amerikalıların bu qədər keyfiyyətli film çəkmələrinin sirrini necə, öyrənə bilmisinizmi? Onlar necə ediblər ki, bu sahədə böyük uğur qazanıblar?
- Amerikada hər bir sahədə əmək bölgüsü var və insanlar yalnız öz işi ilə məşğuldur. Kino komanda işidir, burada işıqçı sırf işıqla məşğul olmalıdır, kameraman, operator öz işinin peşəkarı olmalıdır. Sistem illərdir ki, belə qurulub, bu da Amerika kinosuna uğur gətirir. Amerika kinosunun uğurlu olmasının başlıca səbəblərindən biri odur ki, onlar da bir neçə işi görmür, hər kəs öz peşəsinin peşəkarı olur. Avropa və Amerika insanı öz işi ilə məşğul olur. Rejissor operator və montaj işi ilə məşğul olmur. Uzaqbaşı rejissor ssenari yaza bilər. Bizdə operator həm montajor, həm operator, həm də kaskadyordur. Operator kamerası ilə məşğul olmalıdır. Amerikada kino ilə məşğul olan insanlar işlərini bu rejimlə qururlar.
- Siz eyni zamanda Kapoeyra idman növü üzrə peşəkar idmançı və müəllimsiniz. Bu sənətin daşını atdınızmı?
- 15 ilə yaxın Kapoeyra ilə məşğul olmuşam və mənim Lənkəranda tələbələrim olub. Orada 1 ilə yaxın məºq etmiºəm. Sonra Bakıya dəvət aldım və təhsilimlə də bağlı paytaxta gəldim. Burada bir müddət Kapoeyra Federasiyasında məşqçi olaraq çalışdım. Federasiyada texniki direktor və vitse-prezident oldum. İki ildən çox federasiyanın prezidenti kimi fəaliyyət göstərdim. Bunların hamısı həyatımın keçid mərhələləridir və insan həyatda özünü tapmalıdır. Mən özümü kinoda tapdım. Mən Kapoeyra ilə məşğul olduğum ərəfələrdə düşünməzdim ki, həftənin 3 günü bu idman növü ilə məşğul olmayacağam. Ağlımın ucundan belə keçmirdi. Artıq 7 ilə yaxındır ki, kino aləmindəyəm. İlk olaraq qısa filmlər çəkməyə başladım və get-gedə bu sahəni daha da inkişaf etdirdim. Bu işin beynimə, düşüncəmə nə qədər yaxın olduğumu hiss edirdim deyə, yavaş-yavaş Kapoeyradan kino sahəsinə keçid etdim. Kapoeyra ilə isə sağlamlığıma görə hərdən məşğul oluram. Peşəkar idmançı kimi hələ məşğul ola bilmirəm. İdmanda elədir ki, gərək hər şeyi kənara atıb sırf onunla məşğul olasan. Söhbət incəsənətdən gedirsə, düşünməlisən. Ancaq idman sənə düşünməyə icazə verməyəcək. İşimiz düşünməkdən keçir. Film sahəsi ilə məşğul olan insan mütləq düşünməyi bacarmalı, özünə zaman ayırmalıdır ki, buna psixoloji olaraq hazır olsun və ciddi bir şey ortaya çıxarsın. Peşəkar idmanla incəsənət bir-birlərinə ziddiyyət təşkil edir. İstisnalar ola bilər. Ancaq normalda peşəkar idmanla məşğul olan insanın incəsənətlə məşğul olması bir az arzu kimi görünür.
- Bundan sonrakı hədəfiniz nələrdir?
- Əsas məqsədimiz növbəti filmlərimizlə dünyada onluqda olan məşhur festivallarda iştirak etməkdir. İlk addımımız bizə stimul verdi. Bundan sonra ən yüksək kateqoriyalı film festivallarında iştiraka hazırlaşırıq. Hazırda bir ssenarimiz var, onun üzərində çalışırıq. Dünya onluğunda olan film festivallarına üz tutacağıq. 2019-cu ilin sonuna kimi 3 və ya 4, ola bilər qısametrajlı və yaxud da iki film və serialın pilotunu çəkmək niyyətindəyik. Amerikada türk filmləri festival təşkil etmək istəyirik. Burda Amerika film festivallarının rəhbəri Diana Vargasla əməkdaşlıq edirik. Amerikada türkdilli ölkələrin nümayəndələri kifayət qədərdir. Bütün bunlar 2-3 ilə nəzərdə tutulub. Bundan başqa, Amerikada film kursları təşkil olunacaq. Xüsusi müəllimlər və təlimatçılar dəvət olunacaq. İlin 4 fəslində həmin mütəxəssislər xarici tələbələrə hər fəslə uyğun təlimlər keçəcək.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər