• cümə, 19 Aprel, 01:22
  • Baku Bakı 18°C

BP-nin London ofisində direktor olan azərbaycanlı xanım – Gör-götür

28.03.19 13:01 3237
BP-nin London ofisində direktor olan azərbaycanlı xanım – Gör-götür
Deyir ki, hər yeni gün, hər bir şey əslində, bir fürsətdir. Qarşımıza çıxan imkanların hansının mühüm olduğuna, nələri dəyərləndirəcəyimizə gəlincə, bildirdi ki, həmin fürsətlərdən istifadə etməyənədək onların həqiqətən də yaxşı olub-olmadığını heç vaxt bilməyəcəksiniz. "Hətta nəticəsi gözlədiyiniz kimi olmayan fürsətlər belə, insana nəsə öyrədə və faydalı ola bilər” deyən müsahibimiz BP şirkətinin London ofisinin qlobal biznes xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzovadır.
- İlk işiniz 5-ci kursda oxuyarkən Milli Məclisdə tərcüməçi kimi olub. Maraqlıdır, bu, tələbə vaxtı müraciət etdiyiniz ilk iş olub?
- Mən 1988-ci ildə Azərbaycan Dillər Universitetinin tərcüməçilik fakültəsinə qəbul olmuşam. Həmin illərdə hələ də Sovet İttifaqında yaşayırdıq, lakin baş verən hadisələrdən anlayırdıq ki, artıq əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq proseslər başlayıb. Hiss edirdik ki, böyük dəyişikliklərin astanasındayıq və yeni Azərbaycanda ingilis dilini bilmək mühüm əhəmiyyət daşıya bilər. Tələbə olarkən müxtəlif tədbirlərdə şifahi tərcümələrin aparılması, xəbər agentliklərində məqalələrin tərcümə edilməsi, xarici nümayəndə heyətləri ilə görüşlərdə hökumət nümayəndələrinə tərcüməçi qismində dəstək göstərilməsi üçün mənə və qrup yoldaşlarıma tələbat var idi. Bu işlərin bəzilərinə görə ödəniş olurdu, əksər hallarda isə bu işləri ödənişsiz edirdik, lakin bununla belə, bizim üçün yaxşı təcrübə qazanmaq imkanı yaranırdı.

5-ci kursda oxuyarkən qrup yoldaşım mənə dedi ki, Milli Məclisin (o vaxt Ali Sovet adlanırdı) yeni yaradılmış beynəlxalq əlaqələr şöbəsində əsasən yazışmaların aparılması və hökumət nümayəndələrinin görüşlərinin tərcümə edilməsi üçün tərcüməçi axtarılır. Mən oraya zəng edərək qeydiyyata düşdüm və müsahibəyə çağırıldıqdan sonra isə iş təklifi aldım. Yeganə "problem” ondan ibarət idi ki, onların ştat cədvəlində "tərcüməçi” vəzifəsi yox idi və buna görə də, məni "makinaçı” kimi işə götürdülər və bu, mənim əmək kitabçamda ilk qeyd edilmiş vəzifədir (gülür).

- İlk iş yerində insan sıfırdan başlamalı olduğu üçün bir çox şeyləri həmin dövrdə öyrənir. Ən böyük çətinliklər də məncə, o vaxt olur. O dövrünüzdən danışanda, əsas nələr yadınıza düşür?
- Düz deyirsiniz, ilk iş yerində öyrəndikləriniz çox vacibdir və mən həmin ildə çox şey öyrəndim və öyrəndiklərimin yarısı mənə sonrakı illərdə çox faydalı oldu. Əsas yadımda qalan məsuliyyət hissidir. Məsələn, gördüyünüz işin nəticəsini yoxlayan və ona düzəliş verən bir şəxs olmaya bilər, amma bu işin müxtəlif insanlara göndərildiyini nəzərə alsaq, onun keyfiyyəti yaxşı olmadıqda, bu, təkcə sizin deyil, bütün təşkilatın nüfuzuna təsir göstərə bilər. Bundan əlavə, yadımda qalan digər iki mühüm amil isə yaxşı iş intizamı və protokoldur. Məsələn, davranışlarınız və geyim tərziniz necə qarşılanacaq və bu, sizin təsirgöstərmə bacarıqlarınıza necə təsir edə bilər? Öyrəndiyim digər bir təcrübə də ondan ibarətdir ki, hətta kiçik vəzifədə olsanız belə, fərqlənə bilərsiniz. Söhbət sizin hansı vəzifədə işləməyinizdən deyil, sizi motivasiya edəcək və düzgün münasibətə sövq edəcək əhəmiyyətli bir rolun icrasından gedir.

- Sonrakı iş yeriniz AMOCO şirkəti olub. "Bu, mənim 25 illik yolumun başlanğıcı idi” deyibsiniz. Yəni çıxmaq istədiyiniz yol artıq burda açılırdı?
- Düzü, həmin vaxt hansı yolu seçdiyimi və bu yolun məni hara aparacağını bilmirdim. Yalnız indi mən bunu neft-qaz sənayesindəki 25 illik yolumun başlanğıcı adlandıra bilirəm. AMOCO mənim rastlaşdığım tamamilə fərqli mühit idi. Burada mən ilk dəfə idi ki, iş və ofis texnologiyası, kompüterlər, surətçıxaran və faks aparatları ilə tanış olurdum. O qədər yeniliklər görürdüm və öyrənirdim ki, başım ağrıyırdı. İş mühiti çox mehriban idi və eyni zamanda da kifayət qədər iyerarxiya strukturu var idi, ciddi subordinasiya, ofis qaydalarına əməl etmək lazım idi. Mən bu yeni bilikləri, təcrübəni, iş mədəniyyətini böyük həvəslə öyrənirdim. "Öz yolum” haqqında düşünmək hələ çox tez idi.
- Orda hansı vəzifə ilə başlamışdınız?
- Mənim ilk vəzifəm yerli menecerin köməkçisinin assistenti idi. Yəni köməkçinin köməkçisi (gülür). Mənimlə 6 ayadək uzadılma imkanı olan 1 aylıq müqavilə imzalandı və buna görə də, mən bu 6 aylıq müddətdən maksimum faydalanmağa çalışırdım. Lakin təbiətən öyrənmək həvəsi tükənməyən və çalışqan bir insan olduğuma görə, həmişə üzərimə düşən vəzifələri gözləniləndən artıq yerinə yetirirdim, buna görə də, onlar məni sonrakı müddətdə də işdə saxladılar.

- İR mütəxəssisi kimi işləməyə nə vaxt başladınız?
- 1999-cu ildə AMOCO və BP şirkətləri birləşəndə mən İnsan Resursları (İR) departamentində işə başladım. İR departamentində ilk ciddi layihəm 2000-ci ildə, yəni BP 10 xarici şirkətdən ibarət olan ABƏŞ konsorsiumuna operatorluq etdikdən sonra başladı.
- AMOCO ilə artıq neft sektoruna keçmişdiniz. Neft sektoru sizin məqsədli yönəldiyiniz sahə idi, yoxsa karyerada bu cür seçimlər heç də adamın özündən asılı olmur?
- Bu, hər kəsdə fərqli olur. Bəziləri harada işləmək, inkişaf etmək, böyümək və əsaslı qərarlar vermək istədiklərini aydın şəkildə bilir. Məni isə bu şirkətə cəlb edən neft-qaz sektorunun özü deyil, iş mühiti, etik normalar, mədəniyyət və şirkətin yaratdığı imkanlar oldu. Buna baxmayaraq, həyatımda ilk dəfə dəniz platformasını gördüyüm zaman bu sektor məni valeh etdi və ona vuruldum.

- Adından göründüyü kimi, insan resursları mütəxəssisisiniz. El dili ilə desək, işiniz sizdən bir az insan sərrafı olmağı da tələb edir. Yəni CV ilə yanaşı, bir də insanı analiz etmək qabiliyyəti də olmalıdır. Bu xüsusiyyətlər sizdə var idi, yoxsa təcrübə bunları qazandırdı?
- İnsanları analiz etmək üçün xüsusi bacarığa sahib olduğumu hesab etmirəm, lakin həmişə çox müşahidəçi bir insan olmuşam və təcrübəm artdıqca, bu səriştəm daha da inkişaf edib. Mən insanların davranışlarında, hərəkətlərində, bədən dilində bir çoxlarının nəzərindən qaça biləcək kiçik nüanslara xüsusi diqqət yetirirəm. Bu incəliklər mənə insan haqqında müəyyən qədər məlumat verir. Lakin heç vaxt sadəcə hisslərimə, intuisiyama söykənərək ciddi qərarlar vermirəm. Məsələn, işə qəbulla bağlı seçim edərkən həmişə namizədlərin müsahibə zamanı sualları cavablandırarkən verdiyi misallardan istifadə edərdim.
- İşə qəbul etməmək, müraciət edən şəxsə "yox” demək anlamına gəlir. Bu "yox”u demək peşəkar nöqteyi-nəzərdən bəlkə də, rahatdır. Bəs heç insani hisslər burda işə qarışırmı?
- Həmişə "pis xəbəri” də pozitiv şəkildə bildirmək olar. Eyni şəkildə, həm də "yaxşı xəbəri” neqativ tərzdə demək mümkündür. Mən həmişə hesab edirəm ki, əgər bir iş baş tutmursa, o zaman yəqin ki, mənim üçün daha yaxşı olan başqa fürsətlər var. Buna görə də, kimsə nədəsə uğursuz olduqda, mən çalışıram ki, həmin şəxs qarşıda duran digər imkanları görsün: uğursuzluqdan dərs çıxarsın və irəliləsin!

- "Yeni fürsətlər üçün daima ayıq olun” deyə fikrinizi oxudum. Fürsətləri dəyərləndirmək lazım olması ilə bağlı fikirləri çox insandan eşidirik. Və bizim qarşımıza çox seçim çıxır. Onun hansını fürsət adlandıra bilərik?
- Mənim üçün hər bir şey fürsətdir, hər bir gün yeni bir imkan deməkdir. Bu fürsətlər kiçik, yaxud böyük ola bilər. Əlbəttə ki, "fürsətlərə daim açıq olun” deyərkən mən daha mühüm olan fürsətləri nəzərdə tuturam və siz həmin fürsətlərdən istifadə etməyənədək, onların həqiqətən də yaxşı olub-olmadığını heç vaxt dəyərləndirə bilməyəcəksiniz.

- Fürsət bilib dəyərləndirdiyiniz, amma heç də gözlədiyiniz kimi olmayan hallar olubmu?
- Bəli, olub, lakin inanın ki, hətta nəticəsi gözlədiyiniz kimi olmayan fürsətlər belə, insana nəsə öyrədə və faydalı ola bilər. Henri Fordun məşhur bir ifadəsi var, səhv etmirəmsə belədir: "Uğursuzluq - sadəcə, yenidən daha ağıllı şəkildə başlamaq üçün bir fürsətdir”.

- Şirkət eyni olsa da, fərqli ölkələrdə çalışıbsınız. Ölkələrə görə iş mühitində hər hansı fərq olurmu?
- Əlbəttə. Baxmayaraq ki, BP-nin korporativ mədəniyyəti eyni dəyərlərə söykəndiyinə görə, hər yerdə oxşardır, bir çox digər amillər var ki, iş mühitinin bir-birindən fərqlənməsinə səbəb olur. Məsələn, təşkilatın miqyası, fəaliyyətlərin xarakteri, ölkənin mədəniyyəti və reallıqları. İşlədiyiniz regionu dəyişərkən nəzərə almalı olduğunuz bir çox nüanslar mövcuddur. Məsələn, Rusiyada və Azərbaycanda bir çox əməkdaşlar iş saatlarından sonra evə getməzdən əvvəl işdən kənarda görüşüb ünsiyyət qurmağı xoşlayırlar, belə ki, adətən kollektiviniz sizin onları ofis yaxınlığında hər hansı bir yerdə çay masası ətrafında toplamağınıza və gün, həftə haqqında baş verənləri müzakirə etməyi xoş qarşılayır. Hyustonda və Londonda işə gedib-gəlmək üçün yola daha çox vaxt sərf edilir, buna görə də, işdən sonra evə tələsən həmkarlarınızı yolundan saxlamaq xoş qarşılanmaya bilər. Bu, sadəcə, çox kiçik bir misal idi.
- İR mütəxəssisi olsanız da, siz də bir çalışansınız. Kadrlarda görmək istədiyiniz bütün xüsusiyyətləri özünüzdə yaratmağa cəhd edirsinizmi? Edirsinizsə, alınırmı?
- Birmənalı olaraq belədir və buna cəhd edirəm, çünki hesab edirəm ki, insan daha çox özü nümunə olmaqla, digərlərinə təsir göstərə bilər. Əgər iclaslara gecikərəmsə və əməkdaşlara bildirməyi yaddan çıxararamsa, digərlərindən intizamlı və qayğıkeş olmağı necə tələb edə bilərəm? Hesab edirəm ki, özünün məhəl qoymadığın keyfiyyətləri başqalarından tələb etmək riyakar bir davranışdır. Mən ilk növbədə özümə və sonra isə digərlərinə qarşı çox sərt və tələbkaram.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər