“Bizim üçün ailə dəyərləri hər şeydən önəmlidir” - Mənim balam
Onun həyatının əsas anlamı, yaşam
qayəsi övladlarıdır. Çünki yalnız onların əhatəsində özünü rahat, güvənli və
daha güclü hiss edir. Övladları ilə fəxr edir, onlarla nəfəs alır. Ata olmağın
şirinliyini dadarkən həyat ona sürprizlər etməyə davam edib, bu dəfə baba statusu
qazanıb. Qız övladı olmayıb, bu nisgilin yerini isə ilk qız nəvəsi Şəms
doldurub. Hər nə qədər "iki gəlinimin ikisi də mənim qızımdır” desə də, Şəmsdən
danışanda, gözlərindəki o parıltını duymamaq mümkün deyil.
Övladlarından bəhs edəndə, üzünə
xırda bir təbəssüm qonur, fərəhlə danışır. Sanki qoca bir çinarı ayaqda
saxlayan məhz onun pöhrələnən budaqları imiş kimi, onu bu qədər güclü edən,
ayaqda dayanmağının səbəbkarı da o budaqlardır.
Müsahibimiz media nümayəndələrinin
dostu, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri
Tanrıverdi Mustafayevdir. Tanrıverdi müəllimi hər zaman işıq problemi yaşayanda
axtarsaq da, bu dəfə missiyamız fərqli idi. Onu sizlərə bir ata və bir baba
kimi daha yaxından tanıtmağa çalışacağıq. Tanrıverdi müəllimin iki oğlu və üç
nəvəsi var. Kiçik oğlu Muhəmmədin 30, böyük oğlu Niyaməddinin
isə 32 yaşı var.
- Övladlarınızın həyatınızdakı
yeri hardadır?
- Mənim həyatım onlardan ibarətdir. Həyatımı övladlarımsız
təsəvvür edə bilmirəm. Ömrümün mənası, yaşam səbəbim onlardır. Övladlarım mənim
üçün müqəddəs varlıqdır. Ümumiyyətlə, mənim üçün ailədən müqəddəs ikinci bir varlıq
yoxdur.
- Oğlanlarınızı istədiyiniz
şəkildə böyüdə bilmisinizmi?
- Mən Allahımdan çox razıyam. O övladları mənə verən
Allahdır. Uşaq yaşlarından onların təlim-tərbiyəsi ilə xanımım məşğul olub. İş
adamı olmuşam, səhər evdən çıxıb axşam gəlmişəm. Evin maddi tələbatını ödəmək üçün
bütün günü işləmək məcburiyyətində qalmışam. Bunun üçün övladlarımla çox zaman
keçirmək imkanım olmayıb. Övladlarımı qarşıma qoyub, yol göstərməmişəm. Onlar
evdəki qayda-qanuna riayət edərək böyüyüblər. Bu qayda-qanunu mən də öz
ailəmdən götürmüşəm. Təməl insanın doğulduğu ocağından başlayır. Daha sonra cəmiyyətin,
məktəbin uşaqların formalaşmasında böyük rolu olur. Mən fürsətdən istifadə edib
müəllimlərimə minnətdarlığımı bildirirəm.
- Oğlanlarınızla daha
çox dost, yoxsa onlara ata olmusunuz?
- Nəinki ata, onlarla yaxın dost, sirdaş olmuşam. Elə
anlar olub ki, onların fikirlərindən yararlanmışam. Məsləhətçim oğlanlarım olub.
Bəzi məqamlarda böyük oğlumun məsləhətini dinləmişəm. Onun dediyi yolla getdikdə,
uğur qazanmışam. Baxmayaraq yaşları məndən azdır, ancaq həyata baxış,
dünyagörüşü baxımından üstünlükləri var. Övladlarıma hər zaman bir şəxsiyyət
kimi yanaşmışam və lazım olduqda onlardan məsləhət almaqdan, sözlərini
dinləməkdən çəkinməmişəm.
- Oğlanlarınızın hansı
sizə daha çox oxşayır?
- Xarici görkəmcə böyük, daxilən isə kiçik oğlum
mənə çox oxşayır.
- Övladlarınızla siz
tamam fərqli mühitlərdə böyümüsünüz. Yəqin ki, bu, xasiyyət baxımından daha çox
hiss olunar.
- Həm kənd, həm də şəhər mühitini görmüşəm. Mən
kolxozçu ailəsində anadan olmuşam. Fərqli cəmiyyət, fərqli mühitlər içərisində
böyümüşəm. Uşaqlığımız qoyun otarmaqla, ot biçməklə, dağlara köç etməklə keçib.
Uşaq yaşlarından əməyə alışmışdıq. Evə qonaq gələndə heç kim ortalıqda görünməzdi.
Qonaq oturub yeyib-içdikdən sonra süfrəyə gələrdik. Ancaq şəhər mühiti bir qədər
fərqlidir. Hər yerin bir mühiti var və buna uyğunlaşmaq lazımdır. İndiki uşaqlar
bizim uşaqlıqda çəkdiyimiz əziyyətə qatlaşa bilməzlər. Təsəvvür edin ki, günün istisində
dağlarda hərarət daha çox olur. Səhər saat 7-dən axşam saat 9-a qədər yaylaqda olurduq.
Biz bu çətinlik altında dözümlülüyü və idarəçiliyi öyrənirdik. Bu işlərin içərisində
dərslərimizi də çox yaxşı oxuyurduq. Səliqəli olmağa çalışırdıq, ayaqqabımızı təmizləyir,
yeri gələndə köynəklərimizi ütüləyirdik. Gündəlik həyatımızda, dərslərimizdə nizam-intizamlı
olmağa çalışırdıq. Belə çətin şərtlər altında böyümüşük. Bəzən deyirlər ki, məktəblərdə
uşaqları yorurlar. İndiki uşaqların işi ancaq oxumaqdır. Biz o dövrdə bütün bu işlərlə
bərabər, eyni zamanda dərslərimizi də yaxşı oxuyurduq.
- Həmin o nizam-intizamın
bu gün sizin işlərinizdə köməyi dəyirmi?
- Həyat dərsimi rəhmətlik babamdan almışam. Səhər saat
5-də durub gecə saat 12-yə qədər işləyirdi. O bizə ağsaqqal yanında özünü necə aparmaq
lazım olduğunu, böyüyə hörməti, cəmiyyət içərisində davranış qaydalarını izah edirdi.
Babam deyirdi ki, səni ağladanın yanında otur, amma güldürənin yanında oturma. O
zaman uşaq idim, ancaq babamın o sözlərini yaxşı xatırlayıram. Bir dəfə çox kiçik
idim. Oturub masa arxasında yemək yeyəndə ayaqlarımı yellədirdim. Babam sobanın
maşasını götürüb, ayaqlarıma vuraraq dedi ki, yemək yeyərkən düz oturmaq
lazımdır, ayaqlarını yellətmək olmaz. Bu günə qədər o maşanı unutmuram və hər dəfə
masada oturanda, o maşa gözümün qabağına gəlir. Yəni babam ailədə elə
nizam-intizam yaratmışdı.
- O nizam-intizamı
öz ailənizdə tətbiq edə bilirsinizmi? Yoxsa övladlarınıza azadlıq, sərbəstlik vermisiniz?
- Hər şey ocaqdan başlayır. Onlar ailədə necə görüblərsə,
elə də mənimsəyiblər. Mən də babamdan elə görmüşəm. Ailə tərbiyəsi gendən
gəlir.
- Siz ancaq babanızdan
sitatlar gətirirsiniz, atanızdan danışmırsınız.
- Atam bütün günü işləyirdi. Çalışırdıq ki, onun gözünə
görünməyək. Ciddi, sərt rəftarının altında ürəyi yumşaq bir adam vardı. Cəmi
beşinci sinfə qədər təhsil almaq imkanı olmuşdu. Birdən-birə ona bir istedad gəlmişdi, şeirlər
yazırdı. O, ali təhsil ala bilməmişdi, buna baxmayaraq, bizim ali təhsil almağımız
üçün çalışırdı və istəyirdi ki, biz oxuyaq. Kiçik yaşlarımda atam dünyasını dəyişdikdən
sonra babamın yanında böyüdüm. Ona görə babamla yoldaşlığım çox olub. Babam mənim
üçün əsl ailə başçısı nümunəsi idi. O, uzaqdan gələndə, özümüzü yığışdırırdıq və
nizam-intizam qaydalarına riayət edirdik. Bu nizam-intizam, ciddilik hələ də bizim
nəslimizdə davam edir.
- Oğlanlarınızın biri
Moldovada, digəri isə Qərbi Azərbaycanda doğulub. Harada olursa-olsun, doğulduğu
torpaq hər zaman insanı özünə çəkir. Bu baxımdan, övladlarınızın arasında hər hansı
bir fərqlilik varmı?
- Biz azərbaycanlıyıq və heç zaman bunu unutmamışıq.
18 il Qərbi Azərbaycanda, 18 il də Moldovada yaşamışam. Ancaq öz soykökümə, torpağıma,
vətənimə bağlı olmuşam. Övladlarım da mənim kimi. Harda yaşamağımızdan asılı
olmayaraq, hər zaman evimizdə azərbaycançılıq ideyası, milli-mənəvi
dəyərlərimiz, adət-ənənələrimiz hökm sürüb. Mən Moldovada yaşayanda, "Azərbaycan
adət və ənənələri mərkəzi” adlı bir Azərbaycan cəmiyyəti yaratdıq. Özüm də orada
müəllim olaraq çalışırdım. Orada azərbaycanlı uşaqlara Azərbaycan dili dərsi deyirdim.
Ulu öndərimiz Heydər Əliyev demişkən, "fəxr edirəm ki, azərbaycanlıyam”.
- Nə üçün oğlanlarınızın
sizin sənətinizi davam etdirməyini istəmədiniz?
- Onlar sərbəst seçim etdilər, seçimlərinə müdaxilə
etmədim. Böyük oğlum bank sistemində, kiçik oğlum isə ASAN xidmətdə çalışır.
- Baba olduqdan
sonra həyatınızda nələr dəyişdi?
- Onlar həyatıma yeni bir rəng qatdılar. Bir
atanın görmək istədiyi ən ali duyğulardan biri də baba olmaqdır. Mən bu hissi onlarda
daddım.
- Nəvə daha şirindi,
yoxsa övlad?
- Mənim üçün hər ikisi şirindir. Atalar həmişə deyir
ki, dövlətdə dəvə, övladda nəvə. Mənim qız övladım olmayıb. İlk qız nəvəm Şəms mənim
üçün qız övladının həsrətini doldurub. Şəms bu il birinci sinfə gedəcək. Böyük oğlumun
bir qızı, bir oğlu, kiçik oğlumun isə bir oğlu var. Nəvələrimin hamısına dini adlar
qoymuşuq. Nəvələrimin üçü də mənim üçün əzizdir və onların yerini heç nə doldura
bilməz.
- Nəvələrinizə zaman
ayıra bilirsinizmi?
- Bacardığım qədər onlarla zaman keçirməyə çalışsam
da, işlərimin çoxluğundan o qədər də çox zaman keçirə bilmirəm. Buna baxmayaraq,
biz bir-birimizə bağlı bir ailəyik. Bizim üçün ailə dəyərləri hər şeydən önəmlidir.
İnsanın həyatının xoşbəxtliyi ilk növbədə ailədən başlayır. Torpaq, ailə və peşəni
sevdikdən sonra insanın həyatında hər şey öz axarında gedir.
- Sizcə, cəmiyyətə
yararlı övlad yetişdirmək üçün hansı metoddan istifadə etmək daha faydalı olardı?
- Mən metodist deyiləm. Bizim çox gözəl adət-ənənələrimiz,
dədə-baba qaydalarımız var. Hər şey ilk növbədə oradan başlayır. Ailə bütün başlanğıcların
təməlidir. Ailə başçısı nə qədər ciddi olarsa, ailəni də öz qanunları ilə idarə
edəcək. Atalarımızın bir misalı var: "Doğru yol gedən yorulmaz”. Hər bir doğulan
gənc cəmiyyətimiz üçün lazımdır. Ailə başçısı öz üzərinə düşən öhdəliyi layiqincə
yerinə yetirməlidir.
- Sizin yetişdirdiyiniz
övladlarınız bu gün öz ailələrinin başçılarıdırlar. Onların ailələrinin idarə edilməsində
öz metodikanızı hiss edirsinizmi?
- Əlbəttə, oğlanlarım da onlara aşıladığım
tərbiyəni öz övladlarına ötürürlər. Mən onlardan çox razıyam. Mənim qızım olmayıb,
ancaq gəlinlərim Sevinc və Sona qızımı əvəz edir.
- Hansını daha çox
istəyirsiniz?
- Hər ikisini.
- Bəs hansı sizi daha
çox istəyir?
- İkisi də xətrimi çox istəyir. Onların hər ikisi mənim
üçün doğmadır. Mən onlara gəlin kimi deyil, qızım kimi baxıram.
- Jurnalistlərlə
işləmək daha yorucudur, yoxsa övlad böyütmək?
- Hər birinin mənim üçün ayrı yeri var. Çalışdığım
media nümayəndələri ilə yaxşı münasibət saxlamağa çalışıram. 2002-ci ildə
jurnalistikaya gəlmişəm. O ildən etibarən heç bir media nümayəndələrinə fərq
qoymamışam. Bu sahədə çox çətinliklərlə üzləşmişəm. Ancaq çalışmışam ki,
yaranan anlaşılmazlığı ortadan qaldıraq. Elə media nümayəndələri var ki, bizi
düzgün anlamayıb. Dəvət edib söhbət etmişik, izah etmişəm və söhbət əsnasında
hər şeyə çözüm tapmışıq. Bu iş çox məsul bir işdir.
Xəyalə Rəis