• çərşənbə axşamı, 16 aprel, 13:26
  • Baku Bakı 19°C

“Biz “ay ana” deyəndə, anamız yanımıza gəlmirdi” - Debüt

05.06.20 15:00 4096
“Biz “ay ana” deyəndə, anamız yanımıza gəlmirdi” - Debüt
Vaxtilə uşaq evinin sakini olmuş aktyor Ramiz Qəmbərov: Təhsil aldıqdan sonra anladım ki, hər səhnəyə çıxan aktyor deyilmiş
25 yaşı var. Həyatının ən gözəl və seçim etmək üçün həssas dönəmini yaşayır. Həyatla arasında bir ədavəti olduğu gözlərindən sezilir. Həyata 1:0 geridə başlayıb. Ancaq məqsədi, hədəfi və seçdiyi yol onu önə çəkməyi bacarıb. Missiyaları, amalı və niyyəti uğrunda dayanmadan çalışır. 25 illik ömrünə bir çox xatirələr sığdırıb. Elə xatirələr ki, uşaq yaşlarından onu tərk etmir. 5 yaşında uşaq nə xatırlaya bilər ki? O isə elə bu yaşından Nizami rayonu 1 nömrəli uşaq evinin sakininə çevrilib. Ta müstəqil həyata atılana qədər.

Bu gün Ramiz Qəmbərov Abdulla Şaiq adına Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Peşəsi isə uşaqlara gülüş bəxş etmək, onlara mənəvi zənginlik aşıqlamaqdır. Uşaqların dünyasında o, nağıllardan çıxıb gələn bir qəhrəmandır. Teatrın səhnəsində irili-xırdalı bir çox tamaşalarda rol alıb. "7 nar çubuğu”nda aparıcı, "Piter Pen”də hindu, "Cırtdan”da div, "Qırmızı papaq”da ovçu, "Zınqırovlu pişik”də pişik, "Cippolino”da Kral Limon, "Karlson”da və "Ələddin” tamaşalarında epizodik obrazları canlandırır.
- Uşaqlıq illəriniz yaddaşınızda necə qalıb?
- Uşaqlığımla bağlı yaxşı və pis xatirələrim var. Belə ki, o illərdən özümə yaxşı dost qazanmışam. 19 ildir ki, teatrımızın aktyoru Yasin Abbasovla dostluq edirəm. Böyüdüyüm 1 nömrəli uşaq evində bir neçə sənətə yiyələnmişəm. Orada rəqs, rəsm, heykəltəraşlıq, xalçaçılıq dərnəklərinə getmişəm. Bu dərnəklərdə bir çox sənətlərə yiyələnirdik. Uşaq evində elələri vardı ki, həvəsi olmadan dərnəklərə qatılırdılar. Mən isə çox həvəsli idim.

- Sizə başa salmayıblar?
- Bizə də izah ediblər, amma... Hərdən başqa cür də olur. Uşaqlar zahirən gec, daxilən isə tez böyüsələr, daha düzgün seçimlər edərlər. Bu dünyada uşaqlara qarşı o qədər də ədalət yoxdur. Çox şükür ki, biz əmin-amanlıq içində yaşayırıq. Ancaq müharibə olan ölkələrdə uşaqlar güllələrin altında qalırlar.
- Nələri unutmursunuz?
- Uşaq evinə düşəndən bu yana hər şey yadımdadır. Məni incidən çox şey olub. Uşaq evinə düşməyim özündən başlayaraq. Ondan sonra yaşadıqlarım isə bunun törəmələri olub. Bu da ki, ilahinin təqdiridir. Yəqin ki, bu yolu keçməliydim. Bəlkə də bu yolu keçməsəydim, burda olmazdım.
- Və siz bu teatrın bir parçası oldunuz. Səhnədə obraz canlandıranda, uşaqların sevgisini hiss edirsinizmi?
- Əlbəttə. Bu, sözlə ifadə edilə bilməyəcək qədər gözəl hissdir. Biz zaldan reaksiya görməyəndə, istər-istəməz pis oluruq. Onda aktyor düşünür ki, görəsən harda səhv edirəm, niyə mənə reaksiya verilmir. Uşaqlar bir-birilərinə baxıb hərəkət edirlər. Onların içində diribaşı nə edirsə, digərləri də ona baxıb hərəkət edir. Ən diribaşı gülməyəcəksə, digərləri də gülməyəcək.
- Uşaq vaxtı mərhum olduğunuz sevgi və sevinci uşaqlara aşılamaq da yəqin ki, fərqli bir hiss olar.
- Təbii ki, uşaqlarla təmasda olmaq gözəl duyğudur. Hərdən fürsət olduqca, səhnədən düşüb uşaqlarla görüşürük. Uşaqlar ən həssas tamaşaçılardır və biz bu məsuliyyəti dərk edirik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər