Birləşdirilən ideyaların gətirdiyi uğur - Startap
Beş oğlan
startap layihəsinə başlayıblar. Onlar alternativ enerji ilə işləyən dron ixtira
ediblər. Komandalarında xanım yoxdur, amma buna təəssüflənirlər. Gələcəkdə hansısa
xanım onlarla işləmək istəsə, onu komandalarına daxil edə biləcəklərini dilə
gətirdilər.
Gənclərin
startapı ilə "Bakutel” sərgisində tanış olmuşduq. Qərara gəldik ki, onlar və
startapları haqqında daha geniş məlumat əldə edək. Fərid Məhərrəmov, Turan Rəhimli,
Vüsal Həsənli və Şahin Şamxalov Azərbaycan Texniki Universitetinin maşınqayırma
fakültəsinin mexanika mühəndisliyi ixtisasının 1-ci kurs, Ayxan Qurbanov isə
eyni universitetin avtomatika və kompüter fakültəsinin proseslərin avtomatlaşdırılması
ixtisasının 2-ci kurs tələbəsidir. Gənclərin hamısı ilə həmsöhbət ola bilməsək
də, Ayxan, Fərid və Turan redaksiyamızda qonaq oldular.
Universitetlər arasında birincilik
Gənclər, universitetlərində
keçirilən "İ2B” startap proqramı vasitəsilə bir-birini tanıyıblar. 1-ci kursda
oxuyanlar qrup şəkilində, Ayxan isə proqrama tək qoşulub. Ayxan deyir ki,
ideyaları oxşar olduğundan mentorları onları bir araya gətirib: "Bizim
universitetdə fərqli ixtisaslardan olan tələbələr bir çox startap layihələrində
iştirak edir. "İ2B” proqramında iştirak etmək üçün məni Sübhan müəllim
yönləndirdi və öz ideyamla qoşuldum. Dostlar isə 4-ü qrup şəklində qatılmışdı,
təxmini, 15 komanda vardı. Bir neçə komandaya bir mentor verilirdi. Necə
oldusa, bizə eyni mentor düşdü və o, ideyalarımızın oxşar olduğunu görüb, mənə
də onların komandasına qoşulmağı təklif etdi. Məsələn, onlar dronun uzun müddət
havada qalması ilə məşğul idi, mən isə alternativ enerjini işlətmək, onun
avtomatikası haqqında düşünürdüm. Qərara gəldik ki, ideyalarımızı birləşdirək.
Beləcə, bizim komanda universitetlər arasında birinci yerə çıxdı. Sonra Heydər
Əliyev Mərkəzində keçirilən startapların təqdimat layihəsində yarımfinaldan da
uğurla keçib, finalda iştirak hüququ qazandıq”.
Fərid
Məhərrəmov da bu layihəyə necə qoşulduğundan danışdı: "Uşaq vaxtından nə isə düzəltməyə, texniki avadanlıqlarla
işləməyə həvəsim vardı. Universitetə daxil olmamışdan əvvəl də texniki sahədə
işləyirdim. Yəni az-çox təcrübə toplamışdım. Universitetdə belə layihənin
keçirildiyini biləndə qoşulmaq qərarına gəldim və qrup yoldaşlarıma da təklif
etdim. Beləcə, 4 nəfər bir ideya üzərində işləməyə başladıq. Daha sonra isə
Ayxan bizə qoşuldu”.
Turan Rəhimli
isə deyir ki, həmişə nə isə öyrənməyə, yeni bir şey yaratmağa marağı olub:
"Fərid ideyası haqqında mənə yazanda çox sevindim. Həmçinin, dron haqqında da
məlumatım vardı. Çünki dronlar indi çox aktiv istifadə olunan texnikadır.
Düşündük ki, enerjini dron üzərində tətbiq etmək olar və bu fikirlə də startap
layihəsinə qoşulduq”.
Komanda ruhu
Komanda
şəklində işə başlayarkən, güvən ən vacib elementlərdən biridir. Maraqlıdır,
gənclər bir-birinə necə güvəndilər? Fərid deyir ki, bu işdə əsas,
psixologiyadır: "Əslində, güvən məsələsində elə də çətinlik çəkmədik. Dördümüz,
onsuz da, bir qrup idik, Ayxan sonradan qoşuldu. Eyni universitetdə oxumağımız,
fikirlərin üst-üstə düşməsi bir-birimizə güvən hiss yaratdı. Bizdə komanda ruhu
var idi. Birimiz yorulanda, digərimiz onun əlindən tutub qaldırırdı ki, burada
dayanmaq olmaz, irəliləmək lazımdır, hələ gedəcəyimiz çox yol var”.
Turan
Rəhimli qeyd etdi ki, işin çətinliyindən və ya asanlığından asılı olmayaraq,
hər şey güvəndən keçir. Uğurlu iş ortaya qoymaq üçün güvən əsas amildir.
Bir-birimizi tam anladıqdan
sonra...
Ayxan
deyir ki, çətinlikləri nə qədər çox olsa da, işlərini yarımçıq qoymayıblar:
"Elə də ciddi çətinliyimiz olmadı, amma bəzi məqamlarda yorulduğumuz olurdu.
Məsələn, Yüksək Texnologiyalar Parkının yolu çox uzaqdır. Ora gedib-gəlmək, hər
dəfə uşaqları bir yerə yığmaq, xüsusilə də "qayıb” məsələlərində bir az
çətinlik yaşayırdıq (gülürlər)”.
Ayxan
deyir ki, bəzən iş bölgüsündə çətinlikləri yaranıb: "İşə təzə başladığımız
dönəmlərdə kimin hansı işi görəcəyi ilə bağlı problem olurdu. Biri sxem
çəkirdi, biri aerodinamika ilə məşğul olurdu. Səhəri gün baxırdıq ki, ortada
konkret görülmüş iş yoxdur. Bir-birimizi tam anladıqdan, işi bölgüsünü düzgün
etdikdən sonra problem aradan qalxdı. Hazırda "whatsapp” qrupumuz var, müzakirələrimizi
daha çox orada aparırıq. Bir-birimizi tanımağımız iş bölgüsündə bizə kömək
edir. Məsələn, götürək Şahini, onun dizaynla bağlı biliklərinə bələd olduğumuz
üçün bu tipli işləri ona həvalə edirik”.
Gənclərin marağına səbəb olmaq
istəyirik
Gənclərlə
bu startapı yaratmaq məqsədlərindən də danışdıq. Ayxan bildirir ki, əsas
istəkləri bu layihə ilə birinci yerə çıxıb, avtomatikanı daha da yüksəklərə
qaldırmaqdır: "Mən bir gənc kimi hazırda ölkəmizdə avtomatika, yeni
texnologiyalarla bağlı bəzi problemlərin olduğunu görürəm. Bizdə yeni
texnologiyaların inkişafı dünya ölkələrində olan səviyyədə deyil. Çox istərdik
ki, bu sahəni daha inkişaf etdirə bilək”.
Fərid
deyir ki, Azərbaycanda dron sektoruna olan marağı artırmaq istəyirlər: "Bu
sahəni inkişaf etdirmək üçün ilk olaraq gəncləri cəlb etmək lazımdır. Təəssüf ki,
hazırda ailələrin bir çoxunda gənclər polis, həkim, hüquqşünas ixtisasları üzrə
yönəldilir. Halbuki, ölkəmizdə yetərincə polis və həkim var. Çalışmaq lazımdır
ki, mütəxəssisin az olduğu, xüsusilə də texnologiya sahəsinə istiqamətlənmə
olsun. Gənclərdə həvəs olsa belə, valideynləri icazə vermir. Ona görə, biz də
çalışırıq ki, bu sahəni inkişaf etdirərək gənclərin marağına səbəb olaq”.
Turan da
dostlarının fikirlərinə əlavə olaraq qeyd etdi ki, ölkəmizdə avtomatika,
mexanika ixtisası üzrə mütəxəssis azdır, olan isə xaricdə işləməyə gedir. Yəni
texnoloji biliklər baxımından yetərli səviyyədə gənclərimiz yoxdur.
Dronlar özü enerji yığır
Gənclər
bildirir ki, layihə alternativ enerji ilə işləyən, havada uzun müddət qalan
dronlardan ibarətdir: "Bir çox sahələrdə bu dronlardan istifadə etmək olar.
Məsələn, aqromoniyada, yük daşımalarda istifadəsi mümkündür. İndiki dronlar
batareya ilə işləyir, amma bizim layihədə isə o özü enerji yığır. Günəş olan
zaman dron əlavə enerji alır. Bundan əlavə, 8 pəri olan dronlarda pərlər yaxşı
fırlanmayanda, onları külək fırladır. Bizim dronların havada qalma müddəti
təxminən 12 saata yaxındır. Amma çalışacağıq ki, bu müddəti bir neçə günə və
aya qaldıra bilək. Bu yaxınlarda universitetin köməkliyi ilə müxtəlif
eksperimentlər keçiriləcək. Əslində, bu işdə bizə kömək olduğu üçün
universitetimizə böyük təşəkkür düşür. Bu işdə bizə hər cür dəstəyi göstərdilər.
Müəllimlərimizə yaxınlaşıb ideyamız haqqında məlumat verdiyimiz zaman birmənalı
şəkildə kömək etməyə hazır olduqlarını dedilər”.
Ölkə bazarına çıxmağı hədəfi
İnvestor
məsələsinə gəlincə isə gənclərin ən böyük istəyi onlara beynəlxalq bazara çıxmağa
kömək edəcək birinin olmasıdır. Ayxan deyir ki, hazırda bir neçə investisiya
kompaniyaları onların startapı ilə maraqlanıb: "Hələ ki, bəzi investorlarla
danışıqlar gedir. Amma güman ki, bu yaxınlarda müqavilə imzalayıb
investisiyamızı alacağıq. İlk olaraq ölkə bazarına çıxmağı hədəfləyirik” .
Xanım komanda yoldaşı
Gənclərdən
növbəti mərhələdə xanım komanda yoldaşlarının olub-olmayacağını soruşanda,
bildirdilər ki, əgər hansısa xanım onlarla işləmək istəyərsə və bu layihə ona
maraqlı gələrsə, mümkündür: "Əlbəttə, qoşula bilərlər. Biz xanımlara "olmaz”
deməmişik. Sadəcə bu günə qədər bizimlə komanda yoldaşı olmaq üçün müraciət
edən xanım olmayıb. Bu işdə əsas psixoloji uyğunluqdur. Əgər belə bir uyğunluq
olarsa və xanımın da bu sahədə işləmək istəyi olarsa, biz məmnuniyyətlə onu
komandamıza qəbul edərik.”
Gələcək planlarından
danışan gənclər dronla bağlı məsələləri həll etdikdən sonra başqa texnoloji
layihələr üzərində işləyəcəklərini qeyd etdilər.
Günel
Azadə