Bir müddət məhəbbətimizi məsafəli yaşayaq... - Gənclərə məsləhət
Psixoloq Gülnar Orucova "Əllərimizi sinəmizə
sıxmaqla, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik”
Sosial məsafə
və özünütəcrid koronavirusa yoluxmağın qarşısını almağın ən təsirli yolları kimi
göstərilir. Lakin cəmiyyətimizdə hələ də bu qaydaları ciddiyə almayan insanlar
var. Ən çətini isə odur ki, sən məsafəni saxlasan da, qarşı tərəf səninlə
qucaqlaşmaqda, təmasda olmaqda israrlı olur. Buna etiraz etməyin isə inciklik
yaradır. Bəs nə etməli? Sosial məsafə qoruyarkən qızıl ortanı necə tapmalı?
Psixoloq Gülnar Orucova deyir ki, sosial məsafəni qorumaq üçün insanlar
ilk olaraq koronavirusu qəbul etməli, bunun ciddiliyini, təhlükəli olmasını
anlamalıdır. Psixoloqun sözlərinə görə, təmas etməkdə israrlı olanlar xəstəliyin
ciddiliyini dərk etməyənlərdir. Əgər onlar da anlasa ki, bu həyati məsələdir, o
zaman özləri də məsafə saxlayar: "Bunun yoluxucu xəstəlik olduğunu anlamayan
insan, məsafə də saxlamaz. Düzdür, bəzi ictimai nəqliyyat vasitələrində o qədər
insan olur ki, burada məsafənin saxlanması mümkünsüzdür. Amma uzun müddət sonra
rastlaşan insanlar təmasdan qaça, özlərini izolyasiya edə bilərlər. Dünya ölkələri
ilə müqayisədə bizim insanlarımız daha diqqətcil, qayğıkeş, sevgi doludurlar.
Elə bu xüsusiyyətlərimiz də bizə problemlər yaradır. İnsanlar xoş münasibəti
bildirmək üçün özlərini görüşmək məcburiyyətində hiss edirlər. Bunun həll yolu odur
ki, karantin rejiminin hələ də davam etməsini insanlar anlamalı, qaydalara riayət
etməlidir. Hazırda SMS icazənin götürülməsi
insanlara sərbəstlik verib və bu sərbəstliyi sanki karantin rejiminin bitməsi
kimi başa düşürlər. İnsan olaraq hər birimizi karantində olduğumuzu anlayaq, bu
xəstəliyin ciddi, yoluxucu olduğunu qəbul edək, bundan qorunmaq üçün də sosial
məsafəni saxlayaq”.
Psixoloq
deyir ki, sosial məsafəni qorumaq üçün xoş münasibəti sözlərlə də bildirə bilərik:
"Sosial məsafə, yoluxucu xəstəliklərin yayılmasını dayandırmağa və ya
yavaşlatmağa istiqamətli nəzarət aktdır. Sosial məsafənin məqsədi, xəstəliyin
ötürülməsi və ölüm hallarının minimuma endirilməsi üçün yoluxmuş insanlarla
yoluxmayanlar arasında əlaqə ehtimalını azaltmaqdır. Gəlin bir müddət, imkan
daxilində, görüşərkən profilaktik tədbirlərə riayət edək. Bir müddət əllə
görüşməkdən, qucaqlaşmaqla məhəbbətimizi bildirməkdən uzaqlaşaq. Əllərimizi sinəmizə
sıxmaqla, yüngül təzim etməklə ədəb və ehtiram göstərək, mehriban təbəssümlə
bir-birimizə sayğımızı bildirə bilərik. Yaxınlarımızı və insanları qorumaq üçün
bir müddət məhəbbətimizi məsafəli yaşayaq!”
Aygün
ƏZİZ