• cümə, 29 Mart, 16:10
  • Baku Bakı 14°C

Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir

29.07.21 17:30 294
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.
BunuAZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev bildirib.
O qeyd edib ki, həyata keçirilən çoxvektorlu xarici siyasətimizin tarixinə nəzər yetirsək Azərbaycan multikultural və tolerantlıq dəyərlərinə sadiqliyini, eyni zamanda, Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı olduğunu nümayiş etdirərək bütün dünya dövlətləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığını hərtərəfli inkişaf etdirir.
"Qoşulmama Hərəkatına Azərbaycanın daha növbəti bir il rəhbərlik etməsinə olunan etimad ölkəmizin düzgün idarəçilik modeli tətbiq edərək bu yeni platformada da özünü doğrultduğunun əyani sübutudur”, - deyən deputat qeyd edib ki, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın bütün dünya dövlətlərində əhalinin yaxşı həyata əlçatanlığının təmin olunması üçün ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi bir daha ölkəmizin ümumbəşəri dəyərlərə humanist münasibətinin bariz nümunəsidir. İstər Avropa ölkələri ilə, istərsə də İslam dünyası ilə münasibətlərdə hər zaman qarşılıqlı hörmət və davamlı inkişafa üstünlük verən Azərbaycanın xarici siyasəti bu gün dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşməsini prioritet edib.
Məzahir Əfəndiyev bildirib ki, Avropada, Balkanlarda yerləşən, müsəlmanların kompakt şəkildə yaşadığı Bosniya və Herseqovinaya bu günlər Qurban bayramı ərəfəsində 40 min doza peyvəndin yardım olaraq göstərilməsi bir daha Azərbaycanın multikultural dəyərlərə, habelə beynəlxalq təşkilatların qəbul etdiyi yekun qərarlara, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə sadiqliyin göstəricisidir.
"2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni "Dostluq parkı” salınıb, həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleksin yaradılması inkişafda olan dost ölkələrin gələcək inkişafına verilən töhfədir.
Azərbaycan Respublikasının Prezidentinin bəyan etdiyi kimi – Azərbaycana, onun ədalətli mübarizəsinə dəstək göstərmiş ölkələrin işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasında, sülhün, əmin-amanlığın bərqərar olunmasında aktiv iştiraklarının təmin olunması prioritetdir.
Cari il iyunun 8-10-da Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış olarkən regionda insanların sülh içində yaşaması, əmin-amanlığın, davamlı inkişafın təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda, Qarabağa səfər edən ilk ali qonaq olması xalqlarımız arasında dostluğun, ictimai-mədəni əlaqələrin inkişafının, yüksək səviyyəli strateji əməkdaşlığın bariz nümunəsidir”, - deyə deputat vurğulayıb.
banner

Oxşar Xəbərlər