AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beli qırılan düşmən - Fotolar

Beli qırılan düşmən - Fotolar

Cəmiyyət
23 Oktyabr 2020, 13:37 3219
Silahlı Qüvvələrimizin Ermənistan ordusuna vurduğu ziyan milyardlarla dollar həcmindədir
 
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 20-də Azərbaycan Xalqına növbəti müraciətində Ordumuzun uğurlu əks-hücum əməliyyatları, əldə edilən uğurlar, işğaldan yeni azad edilən ərazilər barədə geniş məlumat verib. Ölkə rəhbəri düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə son məlumatı da xalqa çatdırıb. Bildirib ki, sentyabrın 27-dən bütün cəbhəboyu davam etdirilən əks-hücum əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinə məxsus 241 tank məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını (BMP) məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib, 12 minaatan, 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 70 "Qrad” qurğusu, 2 "Uraqan”, 2 "YARS”, 1 TOS, 4 "S-300”, 3 TOR, 40 OSA, 5 KUB və KRUQ zenit-raket kompleksləri məhv edilib. Bununla yanaşı, düşmənin 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus”, 1 ballistik raket, 1 "Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib ki, onlardan 15-i sursatlarla dolu nəqliyyat vasitəsi olub. Eyni zamanda, 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. 
 

 
Əsl gerçəkliyi üzə çıxarmaq
 
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 20-dən indiyə qədər yaydığı gündəlik məlumatlardan da aydın olur ki, hər gün davam edən döyüşlər zamanı düşmənin canlı qüvvəsi, hərbi texnikası, artilleriya qurğuları, minaatanları, həmçinin şəxsi heyətlə birlikdə yük avtomobilləri məhv edilir və ya sıradan çıxarılır, yeni qənimətlər ələ keçirilir. Təbii ki, Ermənistan siyasi rəhbərliyi bütün bunları xalqından gizlədir, daxili auditoriyanı ələ almaq üçün müxtəlif yalanlar uydurur, reallıqdan uzaq bəyanatlar səsləndirir. Ermənistan hökuməti məhv edilən silah-sursat, hərbi texnikası ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının sayını da xalqından gizlədir. Erməni hərbçilər arasında itkilər bir neçə mini ötsə də hökumətin sərt nəzarət etdiyi erməni kütləvi informasiya vasitələri hər gün az sayda siyahı açıqlayır. Onların bu saxta məlumatlarına inansaq, indiyə qədər Ermənistan tərəfi döyüşlərdə cəmi 900 nəfər itki verib. Gün kimi aydındır ki, düşmən tərəf kifayət qədər çox olan itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir. Bunu məhv edilən hərbi texnikaların sayına uyğun olaraq, riyazi üsulla hesablamaq, əsl gerçəkliyi üzə çıxarmaq o qədər də çətin deyil.
 

 
Erməni ordusuna vurulan ziyan
 
Başlayaq tankdan. Əsas vəzifəsi birbaşa atəş gücü istifadəsi ilə hərbi qüvvələrə hücum olan, palitralı və zirehli bir döyüş vasitəsi sayılan tanklardan, xüsusən də SSRİ dövründən istehsal olunan T-72 tanklarından Ermənistan ordusunda geniş istifadə olunur. Sentyabrın 27-dən indiyə qədər davam edən döyüşlərdə düşmənin 241 tankı məhv edilib. Hər bir tankın ekipajı minimum 3 nəfərdən ibarətdir. Bunlar tank komandiri, sürücü mexanik, tuşlayıcı-atıcıdır. Beləliklə, təkcə vurulan tanklarda ermənilərin ümumilikdə 723 hərbçisi məhv edilib. Piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulan piyadanın döyüş maşınının (BMP) ekipajı da 3 nəfərdən ibarətdir – komandir, atıcı, sürücü. Amma bu hərbi texnika piyadaları döyüş mövqeyinə, yaxud hansısa əraziyə təhlükəsiz çatdırmağa hesablandığından, ekipajdan əlavə 7 döyüşçünü – piyadanı da daşımaq qabiliyyətinə məxsusdur. Yəni 1 BMP-də maksimum 10 nəfər döyüşçü ola bilər. Biz bu rəqəmi minimum 5 nəfərdən götürsək, Ermənistanın indiyə qədər döyüşlərdə məhv edilən 50 BMP-sində 250 erməni hərbi qulluqçunun da həyatını itirdiyini aydınlaşdıra bilərik.
 

 
İtkilərin sayı minlərlədir
 
Özüyeriyən artilleriya qurğuları (ÖAQ) təkərli və ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir. Bir sözlə, qoşqu vasitəsilə daşınan toplardan fərqli olaraq, ÖAQ-lar özü hərəkət edir, özünü döyüş mövqeyinə çatdıra bilir. Bu artilleriya qurğularının da ekipajını minimum 3 nəfərdən hesablasaq, düşmənin məhv edilən 17 ÖAQ-ında 51 hərbçisinin də öldüyünü müəyyənləşdirə bilərik. Məhv edilən 198 top və 58 minaatanın hər birinin minimum bir hərbi qulluqçu tərəfindən idarə olunduğunu təsəvvür etsək, bu zaman 256 düşmən əsgərinin də bu yolla öldüyünü yəqinləşdirmək olar. Halbuki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə minaatan və topların yan-yörəsində bir deyil, bir neçə erməni əsgərinin olduğunu aydın görmək olur. Düşmənin məhv edilən 198 yük avtomobilində də daşınan şəxsi heyəti bir kənara qoyub, təkcə sürücü və onun yanında oturan hərbçini nəzərə alsaq, ən azı 400 itkisi var. Məhv edilən 70 "Qrad” qurğusu, 40 OSA və digər zenit-raket komplekslərinin hər birində də minimum bir-iki hərbi qulluqçu tərəfindən idarə olunduğunu nəzərə alsaq, burada da düşmənin itkiləri ən azı 200 nəfərdir.
 

 
Xalqına yalan satan diletant rəhbər
 
Beləliklə, ən sadə yolla, riyazi hesablama ilə indiyə qədər düşmənin ən azı 1880 hərbi qulluqçusunun məhv edildiyini aydınlaşdıra bilərik. Xüsusilə qeyd edək ki, bu hesablama təxminidir və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdən də məlum olur ki, düşmənin canlı qüvvə itkiləri dəfələrlə çoxdur. Döyüş meydanında rəşadətli ordumuz tərəfindən məhv edilən yüzlərlə, minlərlə erməni hərbçisinin cəsədi var. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu günlərdə Ermənistana Dağlıq Qarabağda ölən hərbçilər üçün 1500 patoloji kisə (meyit kisəsi) təqdim etməsi də, düşmən itkilərinin (özləri açıqladığı) 900-dən qat-qat çox olduğunu göstərir. Bu kisələr vasitəsilə ölən erməni hərbçilərin meyitləri cəbhənin müxtəlif istiqamətlərində toplanaraq oradan çıxarılacaq. Bu fakt bir daha təsdiq edir ki, əslində işğalçı ordu minlərlə itki verib və real rəqəmlər Ermənistan ictimaiyyətində qorxu yaratmaması üçün baş nazir Nikol Paşinyan və komandası tərəfindən gizlədilir. 
 

 
5 milyard dollarlıq zərər
 
Sentyabrın 27-dən başlayan müharibə nəticəsində Ermənistan silahlı qüvvələri nəinki minlərlə canlı qüvvəsini və yüzlərlə hərbi texnikasını itirib, ümumilikdə düşmən ölkənin hərbi büdcəsinə, iqtisadiyyatına da ciddi ziyan dəyib. Hərbi ekspert Ramil Məmmədli bu barədə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, indiyə qədər düşmənin 50 faiz hərbi texnika və silahı məhv edilib. O, düşmənin məhv edilən və ya qənimət kimi götürülən texnikalarını minimum qiymətlə hesablayaraq qeyd edib ki, Ermənistanın hərbi arsenalına Azərbaycan Ordusu tərəfindən 5 milyard dollara yaxın zərər vurulub: "Məhv edilən 198 ədəd topun hər birinin qiyməti 200 min dollardan başlayır, ümumi məbləğ 39 milyon 600 min dollardır. 58 ədəd minatan məhv edilib, 12-si qənimət kimi götürülüb. Bunların ümumi dəyəri 3 milyon 500 min dollar təşkil edir. 4 ədəd "'Smerç”' məhv edilib ki, nəticədə Ermənistan ordusuna 80 milyon dollar məbləğində zərər dəyib. Məhv edilənlər arasında 25 ədəd qumbaraatan və 53 ədəd tank əleyhinə vasitələr də var ki, onların da ümumilikdə qiyməti 1 milyon 665 min dollar edir. Düşmənə məxsus 2 ədəd "Elburus” raket kompleksi də məhv edilib və bunların qiyməti 1 milyon 600 min dollar edir. "'Toçka-U”' raketinin 1 ədədinin qiyməti 600 min dollar, 8 ədəd radioelektron mübarizə vasitəsinin qiyməti 4 milyon dollar məbləğindədir. Düşmənə ən çox vurulan maddi zərər sıradan çıxarılan 4 ədəd "S-300” zenit-raket kompleksidir ki, bunların da bir ədədinin qiyməti 1 milyard dollar civarındadır. Beləliklə, indiyə qədər düşmən ordusuna dəymiş zərərin 4 milyard 701 milyon 565 min dollardan çoxdur. Hər ötən gün bu məbləğ bir qədər də artır”.
 

 
"Olan-qalan da məhv ediləcək”
 
Onu da vurğulamaq yerinə düşər ki, məhv edilən və ya qənimət kimi götürülən texnikaların dəyəri kifayət qədər böyükdür. Bu rəqəm kasıb və büdcəsi az olan Ermənistan ordusu üçün böyük zərərdir. Eyni zamanda, digər bir vacib məsələ kasıb Ermənistanın bu qədər silah-sursatı necə, hansı yolla əldə etməsidir. Bunu Prezident İlham Əliyev də xalqa müraciətində xüsusi diqqətə çatdırıb: "Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir”.
 

 
Qaçaq silahların dövriyyəsi
 
Ekspert Qulu Nuriyev mövzu ilə bağlı bildirib ki, Qarabağ cəbhəsindəki hərbi əməliyyatlar nəticəsində həm də Ermənistanın atəşkəs dövrü ərzində işğal etdikləri torpaqlarda törətdikləri saysız-hesabsız qaranlıq əməllər beynəlxalq gündəliyə çıxarılıb. Onun sözlərinə görə, artıq konkret dəlil-sübutlar vasitəsilə işğalçı ölkəni beynəlxalq hüquq müstəvisində də cəzalandırmaq üçün şərait yetişir: "Ermənistan, hətta bütün illik büdcəsini silah almaq üçün sərf etsə belə, bu qədər hərbi texnika əldə edə bilməzdi. Ermənistan istifadə etdiyi silah və hərbi texnikasının böyük hissəsini qaçaq yolla, gömrük sənədləri tərtib olunmadan əldə edərək dərhal da işğal etdikləri Qarabağ ərazisinə ötürüb. Azərbaycan rəsmilərinin də dəfələrlə qeyd etdikləri kimi həmin silahlar işğal olunmuş ərazidə, sadəcə saxlanmır, bir çoxu qara bazarda xırd edilirdi. Qaçaq silahların rəsmi bazardakı qiymətindən qat-qat ucuz satıldığı nəzərə alınsa, Ermənistanın nə qədər qazanc götürdüyünü təsəvvür etmək çətin deyil. O da məlumdur ki, Ermənistan əlində olan silah və hərbi texnikanın böyük hissəsini qeyri-rəsmi "yardım”lar şəklində, yaxud müddətsiz kreditlər vasitəsilə alır. Əlbəttə, həmin silahların əksər hissəsi köhnəlib, amma müxtəlif terrorçu təşkilatlar, döyüş qrupları tərəfindən ona da böyük tələbat var. Belə terrorçu dəstələr üçün işğal altındakı ərazilərdə hərbi təlimlər təşkil edilirdi, özü də təbii ki, ödənişli əsasla”.
 

 
Hər dörd nəfərdən biri yoxsuldur
 
Ekspert deyib ki, bütün bu qanunsuz fəaliyyətlərdən əldə edilən külli miqdarda vəsaitlər Ermənistanın rəsmi büdcəsindən yan keçərək, yüksək rütbəli rəsmilərin xəbərdar olduqları, bəzi hallarda isə iştirak etdikləri müxtəlif korrupsiya yolları ilə xaricə ötürülüb: "Cəbhədə hərbi əməliyyatlar başlayandan bu yana döyüş bölgəsinə qaçaq yolla silah ötürülməsi daha geniş vüsət aldı. Azərbaycan buna dair ən yüksək səviyyələrdə bəyanatlar verib. Təbii ki, kasıb ölkə olan Ermənistan bütün bunları öz büdcəsindən ödəmək iqtidarında deyil. Ona görə erməni diasporunun qanunsuz "səxavət”ini güman etməkdən başqa əlac yoxdur. Çünki rəsmi rəqəmlərə görə, Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddində yaşayır”.
 

 
"Düşmən bizim qarşımızda acizdir”

Sonda qeyd edək ki, işğalçı Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdükdən sonra başlatdığı müharibədə azərbaycanlılara qarşı soyqırımı aktları, kütləvi qırğınlar törədib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 30 minə yaxın insan həlak olub, Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Bütün bunlar beynəlxalq aləmin gözü qarşısında baş verib. Zamanında Azərbaycanın harayına, haqlı tələbinə heç kim hay verməyib. Beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, dünya siyasətini formalaşdıran nəhəng dövlətlər 30 ilə yaxın bir müddətdə bütün bu baş verənlərə münasibətdə, sadəcə, seyrçi mövqe tutublar. Ona görə də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı əks-hücum, Ermənistanı sülhəməcburetmə əməliyyatlarına başlayıb, kəndbəkənd, qarış-qarış torpaqlarımızı işğaldan azad edir. İndiyə qədər 150-yə yaxın yaşayış məntəqəmizin, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, Murovdağ və onun kimi strateji yüksəkliklərin düşmən tapdağından azad edilməsi buna əyani sübutdur. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü silah gücünə təmin etməklə, həm də tarixi ədaləti bərpa edir. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi: "...düşmənə layiqli cavab veririk, onu cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
 
Rufik İSMAYILOV